Türkiyə Prezidenti Abdullah Gülün nitqi

- Hörmətli Prezident, dəyərli qardaşım İlham Əliyev!
Dəyərli qonaqlar!
Bu gün Azərbaycanda olmaqdan və bu rəsmi səfəri etməkdən böyük məmnunluq duyuram. Gəldiyimiz andan bəri mənə və heyətimə göstərilən yüksək dostluq, qardaşlıq və qonaqpərvərlik üçün Sizin şəxsinizdə bütün azərbaycanlı qardaşlarıma təşəkkür edirəm.
Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri sözlə ifadə olunandan daha da yüksəkdədir. Çünki hamımız bilirik ki, biz çox böyük bir millətin parçalarıyıq. Yəni, vahid bir millətin iki ayrı dövlətiyik. Bu mənada əlaqələrimiz də bir millətə sahib olan, kökü, dili, dini, soyu bir olan iki dövlətin münasibətlərinə aid edilə biləcək şəkildə olmalıdır.
Azərbaycan müstəqilliyini bərpa etdiyi andan etibarən Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər daim bu səviyyədə, bu anlayışda və ruhda davam etməkdədir. Əvvəlki illərdə də bütün türk gəncliyinin könlündə və qəlbində Bakı və Azərbaycan olmuşdur. Bəlkə o zaman bunları açıq ifadə edə, gedib-gələ bilmirdilər. Bu gün bunu bilirik ki, hər sahədə - siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sahəsində iki ölkə böyük bir həmrəylik içərisindədir. Beynəlxalq platformalarda daim iki ölkə sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir.
Şübhəsiz ki, Azərbaycanın problemi Türkiyənin problemidir. Türkiyənin dərdi Azərbaycanın dərdi olacaqdır. Sizin uğurunuzla biz daim öyünəcəyik. Bizim uğurlarımız da sadəcə bizim üçün deyil, sizin üçün də qürur mənbəyi olacaqdır.
Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi sadəcə sizin məsələniz deyil, hamımızın məsələsidir. Bu barədə birgə müzakirələr aparır, birgə fəaliyyət göstəririk. Qafqazda sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olması, işğalın sona çatması üçün Türkiyə əlindən gələn bütün səyləri göstərməyə davam edəcəkdir.
Bakıya hər gəlişimdə şəhərin həqiqətən çox dəyişdiyini və sürətli bir yeniləşmə prosesi içərisində olduğunu görmüşəm. Bu səfər də eyni şəkildə oldu. Bu səfər çərçivəsində Sizin yay sarayında günorta toplantılar keçirdik, oradan Fəxri Xiyabana, rəhmətlik atanız Heydər Əliyevin məzarını ziyarətə və Milli Məclisə görüşə gedərkən Bakıda gördüklərimiz həqiqətən bizi çox qürurlandırdı. İnşası başa çatmış binalar, yeni salınmış yollar Azərbaycandakı, Bakıdakı tərəqqi və inkişafı açıq-aydın göstərir. Bunun üçün başda zati-aliləri olmaqla hamınızı təbrik etmək istəyirəm.
Bakının gündüzü gözəldir, amma gecəsi daha çox gözəldir. Qayıdanda təbii ki, bu gözəlliyi daha çox yaşayacağıq, hər tərəf aydınlıq olacaqdır. Bunlar sadəcə sizi deyil, təbii ki, bizi də qürurlandırır. Bütün qardaş respublikaların, böyük millətin bütün dövlətlərinin uğurları hamımız üçün qürur qaynağıdır.
Birlikdə böyük layihələr həyata keçirdik. Bunları bir zamanlar yuxu adlandıranlar, bunlar həyata keçməz deyənlər bu gün bunların iki ölkəni bir-birinə necə birləşdirdiyini heyrətlə görürlər. Enerji sahəsində neft-qaz kəmərləri, nəqliyyat sahəsində dəmir yolu, - artıq Naxçıvanla İğdırı birləşdiririk, - bütün bunlar çox böyük layihələrdir. Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə üç ölkəni bir-birinə bağlamır, əslində Orta Asiyanı, Çini İngiltərəyə bağlayır. "Mərmərə ray" xəttinin başa çatması ilə qatarlar birbaşa Bakıdan çıxacaq, La-Manş boğazını keçərək Londona yetişəcəkdir. Qazaxıstanın, Çinin bu layihəyə nə qədər böyük maraq göstərdiyini hamımız bilirik. Bunun təməlini birlikdə Qarsda atmışdıq, inşallah, 2012-ci ildə də açılışını hamımız birlikdə həyata keçirəcəyik. Avtomobil yolları, avtobanlar, bütün bunlar yenə də ölkələrimizi birləşdirməyə davam etməkdədir.
Sizin Türkiyədə, bizim burada qoyduğumuz sərmayələr hər kəsin gözünü qamaşdırır. Bütün bunlar hər kəsə bölgəni örnək göstərəcək fəaliyyətlərdir. Bunların hamısı ilə qürur duyuram. İnanıram ki, bu həmrəyliyimiz daha çox gözəl layihələrin ortaya çıxmasına səbəb olacaqdır.
Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə hər bir məsələdə həmrəy və bərabər olmağımızı nəzərdə tutur. Bu müqavilə bütün bölgə və dünya üçün çox önəmlidir. Bu müqavilədə nəzərdə tutulanlar sülh, sabitlik, əmin-amanlıq gətirəcəkdir və bunlardan da əlavə böyük iqtisadi dirçəlişə səbəb olacaqdır.
Mən bir daha türk xalqının bütün azərbaycanlı qardaşlarına sevgilərini və məhəbbətlərini ifadə edirəm. Ramazan bayramınız mübarək olsun! Bu gözəl, mübarək aylar sadəcə türk respublikalarına və islam ölkələrinə deyil, bütün insanlığa xeyir gətirsin.
Göstərdiyiniz yüksək qonaqpərvərliyə görə dostlarım və heyətim adından bir daha təşəkkür edirəm.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında