Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir.
Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi respublika iqtisadiyyatının gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətədavamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır.
Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir. Digər tərəfdən bu cür müəssisələr ölkənin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cu il ölkədə “Sənaye ili” elan edilmişdir. Belə müəssisələrin məhz bu il istifadəyə verilməsi isə “Sənaye ili”nin uğurlu olacağının daha bir göstəricisidir. Bu müəssisə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur.
Kombinatın foyesində ümummilli
lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” MMC-nin müxtəlif müəssisələrinin açılışlarında iştiraklarını əks etdirən fotostend qurulmuşdur.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına kombinatın iş strukturu barədə məlumat verdi. Qeyd edildi ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən kombinatda yeni və müasir texnologiyalar tətbiq olunmuşdur.
Prezident İlham Əliyev kombinatı işə saldı.
Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur. Bu layihənin Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Kombinatda 150 nəfər işlə təmin edilmişdir.
Məlumat verildi ki, müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır. Müəssisənin xammala tələbatının 90 faizi tullantı kağızın tədarükü hesabına ödəniləcəkdir. Bu məqsədlə respublikanın regionlarında tədarük məntəqələrinin yaradılması nəzərdə tutulur. Layihənin reallaşdırılması bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Belə ki, bu sahədə 1000 nəfərin işlə təmin edilməsi mümkün olacaqdır. “Azərsun Holdinq” MMC-nin Xırdalanda da karton fabriki vardır.
Dövlətimizin başçısı həmin fabrikdə və gələcəkdə kombinatda istehsal olunacaq məhsullara baxdı. “Azərsun Sənaye Parkı”nın nəzdində logistika mərkəzi, plastik kütlə və xüsusi karton məmulatlarının istehsal müəssisələri də qurulacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.