Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak etmişdir

Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmanla yaranan Azərbaycan Milli Konservatoriyası müstəqillik dövründə fəaliyyətə başlayan ilk ali məktəblərdən biridir. Milli Konservatoriya milli mədəniyyətin öyrənilməsi, tədrisi və ixtisaslaşması kimi məsələlərin ölkəmizin ictimai-mədəni həyatında aktuallıq kəsb etdiyi bir vaxtda meydana gəldi. Elə həmin dövrdə muğam, milli alət ifaçılığı üzrə ali təhsilli kadrlara, muğamların nəzəri tədqiqinə və tətbiqinə yeni yanaşma zərurətinin ortaya çıxması Milli Konservatoriya ideyası ilə vəhdət təşkil etdi. ulu öndərin 2001-ci il 10 avqust tarixli “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında” sərəncamı ilə Bakı Musiqi Kolleci və respublika İncəsənət Gimnaziyası Milli Konservatoriyanın tərkibinə daxil edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğı yeni tarixi dövrdə xalqımıza daha bir təhsil ocağını–Milli Konservatoriyanı bəxş etdi.

Sonrakı dövrdə Milli Konservatoriyanın fəaliyyəti dövlətimizin başçısı İlham Əliyevin diqqətindən kənarda qalmadı. 2006-cı ildən Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksinin tikintisinə başlandı. 2012-ci ildə Prezident İlham Əliyev bu təhsil ocağının inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı və müvafiq maliyyə vəsaiti ayrıldı. Bütün bunlar da ondan irəli gəldi ki, dövlətimizin başçısı ölkədə mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşır, son illərdə bu sahənin tərəqqisi istiqamətində həyata keçirilən tədbirlər mühüm uğurlarla müşayiət olunur. Bütün ölkə miqyasında mədəniyyət ocaqları yenidən qurulur, qədim tarixi abidələrimizə yeni həyat verilir, mədəniyyət xadimlərinin, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əhəmiyyətli addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu işlərə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da öz layihələri ilə dəstək verir. Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği, milli muğam sənətinin yaşadılması ilə bağlı görülən işlər indi ölkəmizin beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır.

Dövlətimizin başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi bildirdi ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılmışdır. Muzeydə həm ulu öndərin, həm də dövlətimizin başçısının müxtəlif mədəniyyət tədbirlərində iştirakından və incəsənət xadimləri ilə görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer verilmişdir.

Milli Konservatoriyanın kitabxanası da zəruri ədəbiyyatla təchiz olunaraq tələbələrin istifadəsinə verilmişdir. Lazımi avadanlıqla təmin edilən sinif otaqlarında tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Tələbələrin ixtiyarında olacaq idman zalında da müxtəlif yarışların keçirilməsi üçün hər cür imkan vardır.

Azərbaycan Milli Konservatoriyası ifaçılıq və tarix-nəzəriyyə fakültələrindən ibarətdir. Bu fakültələrin nəzdində dekanlıq və 8 kafedra fəaliyyət göstərir. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir. Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyətinin tərkibi xalq çalğı alətləri üzrə görkəmli ifaçılar, peşəkar dirijor, xanəndə, tanınmış musiqişünas, bəstəkar və ictimai fənlər sahəsində bir çox alimlərdən ibarətdir. Milli Konservatoriyada təhsil və elmin əlaqələndirilməsi məqsədilə “Milli musiqinin tətbiqi” və “Milli musiqi alətlərinin araşdırılması” elmi laboratoriyaları yaradılmışdır. Bu laboratoriyalarda qədim xalq çalğı alətlərimizin bərpası, təkmilləşdirilməsi, onların ifaçılıq və tədrisdə tətbiqinə xüsusi diqqət göstərilir. Elmi-praktik fəaliyyətin çox ciddi istiqamətlərindən biri xalq musiqisi nümunələrinin toplanılması, sənədləşdirilməsi, nota yazılması və tədrisdə istifadə edilməsidir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşdülər.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Bu gün çox gözəl bir gündür, əlamətdar bir gündür. Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni binası açılır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Artıq konservatoriyanın da öz gözəl binası vardır. Mənə indi göstərdilər əvvəlki vəziyyəti necə idi. Əlbəttə ki, indiki vəziyyətlə onu müqayisə etmək mümkün deyildir. Bu şərait ən yüksək səviyyədədir. Gözəl sinif otaqları, konsert salonları, idman kompleksi də vardır. Mənə dedilər ki, burada səsyazma studiyası, muğam klubu vardır. Yəni, bütün şərait var və əminəm ki, bundan sonra konservatoriyanın fəaliyyəti daha da uğurlu olacaqdır. Çünki daha da çox tələbə qəbul etmək üçün imkan olacaqdır. Məncə, burada tələbələrin sayını bəlkə də iki dəfə artırmaq olar. Ancaq əlbəttə ki, burada seçim düzgün aparılmalıdır. Bunu da siz hamıdan yaxşı bilirsiniz.

Bütövlükdə Azərbaycanda son illərdə tikilmiş ali məktəblərin səviyyəsi bax bu cürdür. Orta məktəblər, ali məktəblər təmir olunur, tikilir və bu, artıq Azərbaycan standartlarıdır. Bu gün ölkəmizdə gedən quruculuq işləri bu sahəyə də öz təsirini göstərmişdir. Bizim tikilən, təmir edilən bütün ali məktəblərimiz gözəl səviyyədədir. Əlbəttə ki, burada tədris prosesi də yüksək səviyyədə təşkil edilməlidir. Mən buna şübhə etmirəm. Bir halda ki, sizin kimi məşhur sənət adamları konservatoriyanın fəaliyyətinə öz dəstəyinizi verirsiniz, əminəm, burada oxuyan tələbələr gələcəkdə sizin yerinizi tutacaqlar. Buna ehtiyac vardır. Çünki Azərbaycan musiqi sənəti çox zəngindir, dünya miqyasında tanınır və bizim musiqi sənətimizin əsası milli musiqimizdir. Milli musiqi Azərbaycan xalqının istedadını göstərir, nə qədər istedadlı xalq olduğumuzu dünyaya nümayiş etdirir. Milli ənənələrimizin qorunması üçün milli musiqimizin çox böyük yeri vardır. Milli musiqimizi ifaçılar, sənətkarlar, bəstəkarlar yaşadırlar. Ona görə əminəm ki, bundan sonra da bu gözəl ənənələr davam edəcəkdir.

Nəzərə almalıyıq ki, gənclərin milli musiqiyə çox böyük marağı vardır. Ölkəmizdə keçirilən müsabiqələr, festivallar bu marağı daha da artırır. Canlı efirdə göstərilən muğam festivalları, muğam müsabiqələri cavanları da, gəncləri də bu istiqamətə sövq edir. Bizim böyük bəstəkarlarımızın da yaradıcılığında milli musiqimizin sədaları eşidilir və böyük klassik əsərlərimiz də milli musiqi zəminində yaradılıbdır.

Bizdə veteran ifaçılara da diqqət göstərilir. Bizim dahi bəstəkarlarımızın xatirəsi böyük hörmətlə qorunur. Bakıda Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, son illərdə Fikrət Əmirovun, Bülbülün, Qara Qarayevin abidələri ucaldılmışdır. Bu, dövlətin və xalqın dahi bəstəkarlarımızın, ifaçılarımızın xatirəsinə olan hörmətin əlamətidir.

Bütövlükdə Azərbaycanın musiqi həyatı çox zəngindir, çoxsaylı tədbirlər - festivallar, beynəlxalq muğam müsabiqələri məhz Azərbaycanda keçirilir. Bu, bir daha onu göstərir ki, muğamın vətəni Azərbaycandır. Artıq bu müsabiqədə iştirak edənlər də bunu etiraf edirlər. Bu, çox vacibdir, çünki biz ilk növbədə çalışmalıyıq ki, bu nadir sənətimiz daim yaşasın, digər tərəfdən dünya da bunu bilsin. Çünki muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir və Bakıda tikilmiş Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanda keçirilən muğam müsabiqələri, Qəbələ musiqi festivalı, digər festivallar bizim musiqi həyatımızı daha da zənginləşdirir və Azərbaycanı bu bölgənin mədəniyyət mərkəzinə çevirir. Bu gün sirr deyil ki, Azərbaycan bölgənin iqtisadi və siyasi mərkəzidir. Artıq bu, reallıqdır və eyni zamanda, Azərbaycan humanitar sahədə, mədəniyyət sahəsində öz liderlik rolunu nümayiş etdirir. Ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlar, musiqi festivalları diqqəti cəlb edir və bizə imkan verir ki, özümüzü dünyada daha da dolğun şəkildə təmsil edək.

Eyni zamanda, başqa sahələrdə də ifaçılarımız böyük uğurlar qazanırlar. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan ifaçıları qısa müddət ərzində birinci yeri tutmuşlar. Beynəlxalq caz festivallarında ifaçılarımız ən qabaqcıl yerlərdədir. Milli musiqi ilə bağlı keçirilən müsabiqələrdə də biz ön yerlərdəyik. Bu, nəyi göstərir? Onu göstərir ki, xalqımız istedadlı xalqdır. Çox şadam ki, milli musiqimiz digər sahələrə də - klassik musiqiyə, estrada musiqisinə də müsbət təsir göstərir. Xüsusilə indi dünyada qloballaşma prosesi gedir və bu proses istər-istəməz müxtəlif sahələri əhatə edir. Son zamanlar qloballaşmanın daha çox mənfi cəhətləri haqqında diskussiyalar gedir, bu da təbiidir. Çünki bu proses istər-istəməz milli əsasları bir növ sarsıdır. Ona görə biz elə etməliyik ki, gənc nəsil milli ruhda böyüsün, vətənpərvər, Vətənə sadiq olsun, Vətən üçün işləsin, çalışsın. Bunu etmək üçün güclü vətənpərvərlik hissi və milli ruh lazımdır. Milli ruhun da təməlində milli ənənələr, musiqi, ədəbiyyat, ana dili dayanır. Ona görə bu sahə ümumiyyətlə, ölkəmizin gələcək inkişafı üçün çox önəmlidir.

Biz hamımız çalışmalıyıq ki, milli musiqimiz yaşasın, inkişaf etsin, zənginləşsin. Sizin kimi ifaçılar bu gün milli musiqimizi tərənnüm edirsiniz, qoruyursunuz, gənclərə də yol göstərirsiniz. Bax, televiziyada yüz minlərlə tamaşaçı muğam müsabiqələrini seyr edir, həm gənc ifaçıların ifasını dinləyir, mənim üçün də maraqlıdır, əlbəttə ki, eyni zamanda, sizin təhliliniz maraqlıdır. Çünki o təhlildə bilmədiyimiz məqamlar üzə çıxır və bir növ hamımız üçün bir dərs keçirilir.

Ona görə sizin bu sahədəki fəaliyyətinizi mən bir daha qeyd etmək istəyirəm. Sizə böyük hörmətim vardır. Əminəm ki, siz bundan sonra da bu gözəl şəraitdə gənclərə öz təcrübənizi çatdıracaqsınız.

Bir daha sizi təbrik edirəm.

* * *

Xalq artisti Əlibaba MƏMMƏDOV çıxış edərək dedi:

– Əzizimiz və çox hörmətli cənab Prezidentimiz, icazənizlə ağsaqqal musiqiçi olaraq mən bizim Milli Konservatoriyanın bütün əməkdaşları adından, öz adımdan Sizə böyük təşəkkürümü, minnətdarlığımı bildirim ki, Siz bizim üçün belə bir  möhtəşəm bina yaratmısınız.

Bizi çox sevindirdiniz. Bu saat bizim musiqiçilərin, konservatoriyada çalışanların sevincinin  həddi-hüdudu yoxdur. Mən buna görə Sizə “Çox sağ olun!” deyirəm. Var olun, Allah-təala Sizi qorusun.

Bir az da muğamatımızdan danışmaq istəyirəm. Muğamatımız keçmişdə də var idi, amma  sağ olsun Mehriban xanım ki, – Siz qeyd etdiniz, – onu yenidən bütün dünyaya tanıtdırdı, bütün musiqilərin tacı etdi. Bu saat Fransadan, başqa  ölkələrdən Milli Konservatoriyaya da, mənim yanıma da gəlirlər. Məndən soruşurlar, muğamları kim yaradıb? Deyirəm ki, xalq. Xalq deyəndə inanmırlar. Deyirlər xalq bunu yarada bilməz, bunu bəstəkar yarada bilər. Amma xalq yaradıb. Bu, Azərbaycanındır.

Mehriban xanım bizim muğamatımıza elə bir möhür vurdu və bütün dünya bildi ki, muğam Azərbaycanındır. Qarabağ xanəndələrinin disklərini dünyaya yaydı. Dünya bildi ki, Qarabağ bizimdir, muğam da bizimdir. Buna görə Mehriban xanım, Sizə də çox böyük minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çox sağ olun ki, varsınız. Ürəyinizdə nə arzunuz varsa, Allah yerinə yetirsin.

* * *

Xalq artisti, professor Arif BABAYEV çıxış edərək dedi:

– Cənab Prezident, qısaca da olsa mən də öz fikrimi söyləyəcəyəm. Çox sağ olun, Allah Sizi qorusun.

Bu, tarixi bir gündür. Yəni, bu binanın tikilməsi, bizim ixtiyarımıza verilməsi tarixi bir gündür, böyük bir gündür. Biz sənət adamları bunu heç vaxt yadımızdan çıxarmayacağıq, öz əməllərimizlə, işimizlə bu etimadı doğruldacağıq.

Sizin göstərişinizlə nəinki bu bina, neçə-neçə belə binalar tikilib sənət adamlarının ixtiyarına verilibdir. Köhnə binalarımızda dərs keçmək çox çətin idi. Çox sağ olun ki, milli musiqimiz üçün belə şərait yaratmısınız.

Mən Mehriban xanıma da öz minnətdarlığımı bildirirəm, “Sağ olun!” deyirəm. Ona görə ki, əgər respublika müsabiqələri,  beynəlxalq müsabiqələr olmasa idi bizim sənətə bu qədər axın olmazdı. Çox böyük axın vardır. Milli musiqimizə heç vaxt bu qədər axın olmayıb. Allah Sizi qorusun. Cavanlarımızın çoxu bu müsabiqələrdə mükafata layiq yerləri tutublar, Qran-pri alıblar. Təyyar, Babək, Ehtiram və digər cavanlarımız vardır ki, onlar öz ifaları ilə muğamımızı yaşadır, inkişaf etdirirlər. Bu, kimin zəhmətinin nəticəsidir? Bu işlər Sizin böyük zəhmətinizin əsnasında görülüb. Biz çalışacağıq ki, bu etimadı doğruldaq. Çox sağ olun, Allah Sizdən razı olsun. Allah Sizi Azərbaycan üçün qorusun. Allah Sizi ona görə qorusun ki, Siz xalqın sevimlisisiniz. Mən prezident seçkilərində camaatın necə gülə-gülə, ürəklə, canla-başla səs verdiyinin şahidi oldum. Onlar səs verib ki, Siz bizim Prezidentimiz olasınız və biz də bu xoş günləri, gözəl günləri görək. 

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

* * *

Xalq artisti Ağaxan ABDULLAYEV çıxış edərək dedi:

– Əgər icazə versəniz, mən də ürək sözlərimi deyərdim.

Cənab Prezident, ağsaqqallar qeyd etdilər, bu gözəl, möhtəşəm binanı Siz bizə bəxş etdiniz. Ona görə Sizə minnətdarıq, “Çox sağ olun!” deyirik. Allah-təala Sizə, Mehriban xanıma cansağlığı versin.

Mən bu gün burada, bizə bəxş etdiyiniz bu gözəl binada, Sizinlə üzbəüz olmağıma görə çox şadam. Mən üç il bundan əvvəl ağır xəstələndim. Bunu bütün dostlar bilir. Göydə Allah, yerdə Mehriban xanım mənə kömək oldu, üç dəfə məni Almaniyaya göndərdi. Bütün məni tanıyanlar, ailəm, dostlarım adından Sizə “Çox sağ olun!” deyirəm, Sizə minnətdaram.

Siz məni həyata qaytardınız. Şükür Allaha yaxşıyam, səsim də yerinə gəlib, yavaş-yavaş oxuya bilirəm, oxuyuram. Bunlara görə də Sizə minnətdaram. Yəni, bütün  bu işlərə görə Sizə minnətdaram.

O ki, qaldı muğam müsabiqələrimizə, gəncləri biz seçirik, çox istedadlı gənclər gəlir. Bölgələrə, rayonlara gedib seçirik. Çünki o gənclər orada dərs almırlar. Onlar Bakıya gəlirlər, biz onların yaxşı səsi olanını, istedadlılarını seçirik. Sonra onlar Milli Konservatoriyaya daxil olmaqda çox əziyyət  çəkirlər. Xahiş edirəm, nəzərə alasınız ki, istedadı olanlara güzəşt edilsin ki, o uşaqlar kənarda qalmasınlar.

Prezident İlham ƏLİYEV dedi: Sağ olun. Bu təklif də nəzərə alınacaqdır. Düz deyirsiniz, burada istedad ön planda olmalıdır. Ona görə siz də təklif hazırlayın, biz bunu hansı yollarla tənzimləyə bilək ki, istedadlı uşaqlar kənarda qalmasınlar. Bir də ki, bildiyimə görə indi konservatoriyada yataqxana da vardır.

Səyavuş KƏRİMİ: Bəli, biz “E” korpusunda 70 yerlik yataqxana hazırlayırıq. İndi orada komplektləşmə gedir.

Prezident İlham ƏLİYEV: Yəni olacaqdır.

Səyavuş KƏRİMİ: Bəli olacaqdır. Bizim fikrimiz odur ki, buraya xarici tələbələri cəlb edək. Ən vacibi budur.

Prezident İlham ƏLİYEV: O da yaxşı olar. Eyni zamanda, bölgələrdən uşaqlar da gəlib burada qala bilərlər. Əlbəttə ki, xaricdən tələbələri cəlb etmək də düzgün fikirdir. Beləliklə, Azərbaycan bir musiqi mərkəzi kimi özünü daha da çox göstərəcəkdir. Əlbəttə ki, xaricdən gələnlər də burada yüksək təhsil, bilik alacaqlar.

O ki qaldı Ağaxan müəllimin sözlərinə, əlbəttə, burada olan və olmayan böyük sənətkarlarımız bizim milli sərvətimizsiniz. Bu, həqiqətdir, bu, sadəcə söz deyildir. Doğrudan da siz milli musiqimizi yaşadırsınız, təbliğ edirsiniz. Gənclərə öz təcrübənizi çatdırırsınız. Ona görə, təbiidir ki, əgər Allah eləməsin hər hansı bir xoşagəlməz hal baş verərsə, dövlət və ictimai qurum olan Heydər Əliyev Fondu mütləq öz sözünü deməlidir. Mehriban xanım elə insandır ki, o, hər kəsə kömək etməyə hazırdır. Xüsusilə, xalq üçün, Vətən üçün çox böyük xidmətlər göstərmiş insanların sağlamlığı ilə bağlı bütün lazımi tədbirlər görülür. Biz çox şadıq ki, müalicə də yaxşı nəticə verdi. Allah sizin hamınıza cansağlığı, uzun ömür versin. Siz dövlətə, xalqa, gənclərə lazımsınız. Əminəm ki, uzun illər bundan sonra da siz müəllim, ifaçı, münsiflər heyətinin üzvü kimi fəal işləyəcəksiniz və cəmiyyətdə bu istiqamətdə daha da çox maarifləndirmə işləri aparılacaqdır. Buna da böyük  ehtiyac vardır. Çünki əgər indi Azərbaycanda muğam müsabiqələri keçirilməsəydi, burada oturan laureatları heç kim tanımazdı. Bizdə daha çox estrada müğənniləri tanınır. Mən etiraz etmirəm tanınsın, ancaq milli musiqimizi yaşadanlar da kənarda qalmasınlar.  Onlar da əsl ulduz olmalıdırlar. Çünki milli sənət budur.

 Mən təsadüfi demədim ki, qloballaşma gedir və sərhədlər silinir. O cümlədən mədəniyyət, incəsənət sahəsində bir eyniləşmə prosesi gedir. Əlbəttə, biz bilirik ki, bu proses kimin xeyrinədir. Ancaq özünə hörmət edən hər bir dövlət və xalq öz milli xüsusiyyətlərini qorumalıdır. Qorumasa onda müəyyən müddətdən sonra bir xalq kimi yaşaya da bilməyəcəkdir. Biz ən çətin illərdə öz milli musiqimizi, adətlərimizi, həyat tərzimizi qoruya bilmişik. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Başqa dövlətlərin təsiri altında olmuşuq, müstəqil olmamışıq.  Mən dəfələrlə bunu demişəm, bir daha demək istəyirəm, tam əminəm ki, bizi bir xalq kimi qoruyan mədəniyyətimiz olubdur. Əgər o da əlimizdən alınsaydı, bu gün heç müstəqilliyimiz də olmayacaqdı. Biz bir xalq kimi də qalmayacaqdıq. Assimilyasiyaya uğraya bilərdik. Mədəniyyət, ana dili, musiqi, poeziya - bizi bunlar qorudu. Yəni, əgər müstəqil olmadığımız bir dövrdə bunu qorumuşuqsa, müstəqillik dövründə biz bunu necə itirə bilərik?! Amma belə təhlükə var? Əlbəttə ki, var. Hər bir ölkə üçün, xüsusilə o qədər də böyük olmayan ölkələr üçün belə bir təhlükə vardır. Bu təhlükədən özümüzü qorumaq üçün   milli mənəvi dəyərlər möhkəm olmalıdır. Mənəvi dəyərlərin də tərkib hissəsi bizim milli musiqidir. Ona görə, biz həm öz keçmişimizə hörmətlə yanaşmalıyıq, eyni zamanda, gələcəyə baxaraq, bu müsbət meyilləri cəmiyyətdə gücləndirməliyik ki, Azərbaycan dəyərləri sarsılmasın, əriməsin, bizim həyat tərzimiz daim ənənəvi olsun və milli musiqimiz yaşasın.

Mən görürəm ki, indi bəzi ölkələrdə artıq bu proseslər mənfi istiqamətdə gedir. Bəzi ölkələrdə milli musiqi anlayışı artıq yoxdur. Bütün efiri ancaq ümumi, ya klassik, ya estrada musiqisi zəbt edibdir. Yəni, milli musiqi sadəcə olaraq folklor, yəni ekzotika kimi haradasa qalıbdır, müxtəlif festivallarda nümayiş etdirilir. Amma cəmiyyətdə milli musiqi anlayışı yoxdur. Biz indi dünyada, ölkələrdə gedən prosesləri, işləri bilirik. Amma bizim üstünlüyümüz ondadır ki, musiqi mədəniyyətimizin böyük hissəsi milli musiqidir. Elə də olmalıdır. Biz milli musiqimizin ümumi musiqi mədəniyyətimizdə faiz dərəcəsini qaldırmalıyıq. Azalmamalıdır, qalxmalıdır. Belə olan halda, necə deyərlər, biz öz yolumuzu da qoruyacağıq, ənənələrimizi də yaşadacağıq və gənclər də milli ruhda yaşayacaqlar, çalışacaqlar. Azərbaycan gələcəkdə daim müstəqillik yolu ilə gedəcəkdir.

* * *

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA çıxış edərək dedi:

– İlk növbədə, mən Sizin hamınızı bu Milli Konservatoriyanın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əlbəttə, böyük bir hadisədir. Əminəm ki, ölkəmizin milli mədəniyyətinin inkişafına böyük bir təkan verəcəkdir. Əlbəttə, belə bir şəraitdə gənc nəsil böyüyəcək, siz ustadların təcrübəsindən bəhrələnəcəkdir.

Amma mən bu gün üzümü sizlərə – bizim ustadlara tutub ilk növbədə, sizə olan dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Sizinlə bizim hər görüşümüz, ünsiyyətimiz mənim üçün çox dəyərlidir. Bu gün biz çox sözlər eşitdik. Bütün bunların hamısı həqiqətdir. Amma mən bir şeyi də qeyd etmək istərdim ki, siz hamınız əlbəttə, böyük incəsənət xadimisiniz. Amma bununla yanaşı, siz böyük şəxsiyyətsiniz. Sizin məhz Prezident dediyi kimi, sizin Azərbaycan xalqının ən gözəl ənənələrinə sadiq olmağınız, həyat tərziniz, təvazökarlığınız həm gənclər, həm də, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə bizim cəmiyyətdə ümumbəşəri dəyərlərin yaşaması, - çünki bu, doğrudan da bu gün çox vacibdir, - humanizm dəyərlərinin yaşaması üçün mən sizə cansağlığı və uzun ömür arzulayıram. Mən də hər zaman əlimdən gələni etməyə hazıram. Sizə cansağlığı diləyirəm.

Səyavuş KƏRİMİ: Cənab Prezident, Bakıda və Şuşada milli musiqi alətləri istehsal edən kiçik fabriklər var idi.

Prezident İlham ƏLİYEV: Olubdur, bəli.

Səyavuş KƏRİMİ: İndi nə Bakıda var, nə də təbii ki, Şuşada. Biz bunu nəzərə aldıq. Bu konservatoriyanın zirzəmisində çox böyük – təqribən 600 kvadratmetrdən böyük olan bir sahəni ayırdıq ki, gələcəkdə bunu kiçik bir fabrikə çevirək. Çünki bilirsiniz, tar bahalı alətdir. Hər bir ailənin bunu almağa imkanı yoxdur. Ya da bilmir ki, uşağı gələcəkdə ifa edəcək, yoxsa yox. Eləcə də kamança və digər alətlər. Ona görə əvvəllər, yadıma gəlir, xüsusən sovet vaxtı mağazalarda, univermaqlarda öyrənmək üçün 18, 20 manata tar satırdılar ki, alsınlar, öyrənsinlər. Əgər öyrənə bilirdilərsə, artıq gedib sifariş edirdilər. Yəni, biz bunu nəzərə alaraq belə bir laboratoriya yaratmışıq. İndi istəyirik ki, müxtəlif bölgələrdən ustaları cəlb edək və ümumiyyətlə, bu prosesi burada qura bilək.

Bundan başqa yeni alətlər istehsalı barədə də fikirləşirik. Yeni alətlər də olmalıdır. Yəni, biz bunu da fikirləşirik: yeni alətlər, milli musiqidə yeni rənglər, yeni tembrlər, tembr xüsusiyyətlərinə cavab verə biləcək alətlər. Çünki bizim milli musiqimiz zil səslidir. Bunu harmoniyalaşdırmaq mümkün deyildir. Ona görə müxtəlif tembrlər lazımdır ki, bunu harmoniya edə bilək. Niyə bizim xalq çalğı alətləri orkestri Motsartın və yaxud Sviridovun, Şostakoviçin əsərlərini çalmasın? Çalsın. Yaxud da ki, tarı, kamançanı Avropaya çıxarmaq lazımdır. Bizdə simfonik əsərlər vardır ki, orada məsələn, solonu tar aləti ifa edir. Yəni, tar bizim alətimizdir. Gitara ispan alətidir. Bu aləti bütün dünya çalır. Niyə tar aləti sabah ümumdünyəvi alət ola bilməsin. Yəni, bunun üçün belə fikirlərimiz, addımlarımız vardır.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Emalatxananın fəaliyyəti çox vacibdir. Əlbəttə ki, burada istehsal təşkil ediləcəkdir. İndi alətlər harada istehsal olunur? Fərdi qaydada?

Səyavuş KƏRİMİ: Bəli, fərdi qaydada istehsal olunur.

Prezident İlham ƏLİYEV: Bəlkə də qədimdən qalan, indi istifadə olunmayan alətləri də bərpa etmək olar. Çünki bölgələrdə tarix-diyarşünaslıq muzeylərində qədim alətlər nümayiş etdirilir. O alətlərdən indi heç kim istifadə etmir. Bəlkə onlara da bir nəzər salmaq, onları, necə deyərlər, dövriyyəyə qaytarmaq olar ki, həmin alətlərdən də istifadə edilsin.

Səyavuş KƏRİMİ: Bu sahədə bizim milli musiqi alətlərinin təkmilləşdirmə laboratoriyası fəaliyyət göstərir, eyni vaxtda iş gedir. Biz balaban alətinin müxtəlif modifikasiyalarını, kamançanın dəm variantını yaratdıq. İndi yeni alət, burada qoyulub, Azərbaycan santurunu yaratmışıq, gələcəkdə bunun digər modifikasiyaları yaradıla bilər. Sadəcə bunların ifaçılarını yetişdirmək məsələsi vardır. Bəzi alətlərdən artıq bizim xalq çalğı alətləri orkestrində istifadə edilir. İndi biz çox arzu edirik ki, Siz bizim konservatoriyaya, buradakı konsertlərə tez-tez gələsiniz. Əlbəttə, biz çalışacağıq ki, Sizi təəccübləndirə bilək.

Bizim tələbələrimiz, Arif müəllimin bir tələbəsi var. Çox maraqlıdır. Dünyanın çox maraqlı regionlarından – Koreyadan gəlib bizdə muğam öyrənir.

Arif BABAYEV: Biz onu öyrənə bilmədik, o, muğamı necə öyrədəcək, məəttəl qaldıq. 

Prezident İlham ƏLİYEV: Öyrəndi?

Səyavuş KƏRİMİ: Mən ona dedim ki, muğamı öyrənmək sənin nəyinə lazımdır? O dedi ki, mən gedib öz vətənimdə məktəb açacağam. Mən bir az fantaziya etdim. Mən təəccüb etmərəm ki, 20-25 ildən sonra hansısa bir koreyalı muğam ifaçısı buraya qastrola gəlib konsert versin. Təbii ki, o, gedəndə özü ilə Alim Qasımovun, Ağaxan müəllimin, Arif müəllimin disklərini aparacaq, orada təbliğ edəcək, öyrədəcəkdir. O, buraya ödənişli qaydalarla gəlib və istəyəcək ki, öz vəsaitini geri götürsün. İrandan, Türkiyədən gəlirlər.

Ağaxan ABDULLAYEV: Səyavuş müəllim, hətta birinci beynəlxalq müsabiqədən sonra bir isveçrəli gəldi və o zamanlar mənim sinfimdə muğam öyrənirdi.

Səyavuş KƏRİMİ: Çox gəlirlər. Maraq çox böyükdür.

Prezident İlham ƏLİYEV: Çox maraqlıdır. Maraq böyükdür. Ona görə yaxşı fikirdir ki, gəlin belə edək. Həm ənənəvi, yəni qonşu ölkələrdən, həm də Avropadan maraq böyükdürsə, qoy gəlsinlər öyrənsinlər. Yəni, onda muğam Azərbaycan ifaçılıq sənəti kimi dünyada daha da geniş şəkildə tanınacaqdır.

Səyavuş KƏRİMİ: Bir qədər əvvəl mən bizim emalatxana haqqında Sizə məlumat verdim. Hörmətli Mehriban xanımın çox böyük səyi nəticəsində tar ifaçılığı təxminən bir il bundan əvvəl UNESCO-nun bəşəriyyətin qeyri-mədəni irs siyahısına daxil edilmişdir. Bu gün musiqi alətlərindən tar ən güclü silahımızdır. Ona görə bizim ustalar,– çox yaxşı ustalarımız vardır,– bizim iki milli alətimizi Sizin üçün hədiyyə kimi düzəldiblər, tar və kamança alətlərini. İcazə versəydiniz, biz onları Sizə təqdim edərdik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olundu.

Mərasimdə muğam səsləndi. Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olundu, gələcəkdə burada görüləcək işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı yeməkxanada yaradılan şəraitlə də tanış oldu. Qeyd edildi ki, binanın daxilində yüksək zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulmuşdur. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında