Azərbaycan Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri

Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksi istifadəyə verilmişdir
Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak etmişdir.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Nəqliyyat Nazirliyinin sifarişi ilə Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun tikintisinə 2008-ci ilin martında başlanılmışdır. İnşaat işlərinə 7 min işçi qüvvəsi və 3 minədək xüsusi texnika cəlb olunmuşdur. Tikinti işləri mərhələlərlə aparılmışdır.
Körpünün ümumi uzunluğu 540 metr, eni də, hündürlüyü də 23 metrdir. Hərəkət hissəsi 4 zolaqdan ibarət olan körpünün hər iki tərəfində piyadalar üçün 1,5 metr enində səki salınmışdır. Körpünün üzərindəki ayırıcı zolaqda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi üçün körpünün üzərində iki qoruyucu sədd düzəldilmişdir. Üçmərtəbəli dayaqlar üzərində tikilmiş körpü 16 aşırımdan ibarətdir. Hər aşırımın uzunluğu 32 metrdir.
Körpü 8-9 ballıq seysmik təsirlərə davam gətirməyə hesablanmışdır. Baş verə biləcək sel və daşqınlarla bağlı etibarlı mühafizə sistemi yaradılmışdır.
Prezident İlham Əliyevə məlumat verilmişdir ki, körpünün inşa edildiyi ərazi sürüşmə zonası hesab edilir. Xarici mütəxəssislərin də yaxından iştirakı ilə aparılan müzakirələrdən sonra dairəvi yolun bir hissəsini təşkil edən 2 kilometrlik sürüşmə ərazisindən 4 milyon kubmetr torpaq daşınmış və digər tədbirlər görülmüşdür. Beynəlxalq əhəmiyyətli Bakı-Rusiya Federasiyası dövlət sərhədi yolunun üzərində yeni körpü kompleksinin inşa edilməsi ilə Şabran şəhərinin mərkəzində yaranan tıxac problemi həllini tapmışdır.
Dövlətimizin başçısına respublikanın avtomobil yollarının yenidən qurulması ilə bağlı yeni layihələr barədə də məlumat verildi.
Prezident İlham Əliyev Şabran dairəvi yolu və körpü kompleksinin açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı İlham ƏLİYEV inşaatçıları təbrik edərək dedi:
- Salam. Sizi körpünün açılışı münasibətilə təbrik edirəm. Gözəl, nadir körpüdür. Bu, Azərbaycanda son illər ərzində tikilən körpülərin içərisində ən uzun körpüdür. Yəni bu, onu göstərir ki, Azərbaycan şirkətləri belə böyük layihələri icra etməyə qadirdir. Çox şadam ki, yerli şirkət bu işi böyük keyfiyyətlə görübdür. İndi yol həm rahatlıq gətirəcək, həm də bunun təhlükəsizlik baxımından böyük əhəmiyyəti vardır. Artıq Şabranın içindən yol keçməyəcək və təhlükəsizlik baxımından da bunun böyük əhəmiyyəti vardır.
Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır. Bu, çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir və yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma bizim üçün əsas odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın. Yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləndirən amillərdən biridir. Mən əminəm ki, bu yolun istismarı nəticəsində bütün bu bölgədə, şimal bölgəsində iqtisadi inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Nəzərə alsaq ki, Quba-Qusar bölgəsində turizm potensialımız çox böyükdür, orada böyük işlər görülür, Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır - bu yolun yüksək səviyyədə olması əlbəttə ki, turizmin inkişafına da kömək göstərəcəkdir.
Bütövlükdə Azərbaycanda son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan bütün qurumlar - dövlət qurumları, özəl şirkətlər bütün işləri çox yüksək peşəkarlıqla görürlər. Bu işlər göz qabağındadır. Bunları danmaq, görməmək mümkün deyildir. Azərbaycan vətəndaşları hər gün görülən bu işləri görürlər və ondan istifadə edirlər.
Bütün bu işlərə görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm, uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə Azərbaycanda yol tikintisi sahəsində hələ çox işlər görüləcəkdir. Bizdə bütün proqramlar, planlar, maliyyə resursları vardır. Bir şey qalır ki, bütün bu işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində görülsün. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bir daha demək istəyirəm, məni ən çox sevindirən odur ki, bütün bu işləri yerli şirkətlər, yerli fəhlələr, mühəndislər, işçilər görüblər. Əminəm ki, siz bundan sonra da bütün işləri yüksək keyfiyyətlə görəcəksiniz. Sağ olun.
* * *
Sonra dövlətimizin başçısı sükan arxasına əyləşib avtomobili özü idarə edərək Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 131-165-ci kilometrlik hissəsinin açılış mərasiminə gəldi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında