Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda iştirak etmişdir

 

Yanvarın 23-də Davosda “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbul keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak etmişdir.

Tədbiri açan Dünya İqtisadi Forumunun icraçı sədri Klaus ŞVAB dedi:

– Cənab Prezident İlham Əliyev.

Komissar Ottinger.

Xanımlar və cənablar.

Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr olunmuş xüsusi axşam təşkil edilmişdir. Sizin Davosda şəxsi iştirakınız sayəsində regiona maraq artır. Bugünkü görüşümüz zamanı Sizin baxışlarınız və siyasətinizlə bağlı ətraflı məlumat aldım. Açıqlamaq istərdim ki, bir ay bundan əvvəl Azərbaycanda olmuşam və hazırda ölkənizin inkişafı ilə bağlı bir sıra ssenarilər üzərində çalışırıq. Bunlar artıq Sizə təqdim olunub. Lakin işlər hələ də davam edir və avqust ayında  biz yenidən Sizinlə görüşüb əlavə məlumatlar təqdim edəcəyik.  Yekun təqdimat bu ilin sonunda və ya gələn ilin əvvəlində baş tutacaqdır. Müxtəlif ssenarilər nəzərdən keçirilir. Təbii ki, biz əminik, ən müsbət ssenari reallaşacaqdır. Bununla da Sizə xoş axşam və fəal müzakirə arzu edirəm.

Qəbulda çıxış edən Prezident İlham ƏLİYEV dedi:

– Sağ olun. Əvvəlcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya həsr edilmiş bu tədbirin təşkilatçılığına görə professor Şvaba minnətdarlığımı bildirirəm. Bizim region hazırda dünyanın diqqətini cəlb edir. Bu səhər təşkil edilmiş paneldə regional əməkdaşlıq mövzusu  müzakirə olundu. Bundan əlavə, ötən ilin aprel ayında Bakıda təşkil olunmuş Davos Forumu da həmin mövzuya həsr edilmişdi.  Həqiqətən, regionumuz dinamik inkişaf edir və burada iqtisadi əməkdaşlıq üçün böyük potensial vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilərəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır.

Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq  dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir. Bu layihə həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələr üçün faydalı şərait yaradıb. Bu layihə tərəfimizdən icra edilən yeni bir layihənin başlanğıcı olub. Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan “Şahdəniz-2" layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan ”XXI əsrin müqaviləsi" adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir. 

Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid  edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.

Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir.

Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində aparılan siyasət uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərmayə qoyur. Bunların hamısı olduqca qısa  zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafa və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür.

Azərbaycana gəldikdə, biz  bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft  sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olub və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir.

Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görüb. Bu, əsasən   islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan  kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes  imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olub. 

 Bir daha regionumuza göstərilən maraq və dəstəyə görə  professor Şvaba və Davos İqtisadi Forumuna təşəkkürümü  bildirirəm. Bu, mənim Davosa səkkizinci səfərimdir və bu, Azərbaycanın təbliği və təmasların qurulmasında çox faydalı olub. Ötən illər ərzində qurduğumuz təmaslar bu gün kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının və indiyədək heç ağlımıza gətirmədiyimiz sahələrin inkişafına xidmət edib. 

Bir daha Sizə təşəkkür edirəm və bu mövzunun bundan sonra da diqqət mərkəzində olacağına  ümidvaram.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında