Bakıda Dövlət Sərhəd Xidmətinin Akademiyası açılmışdır

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində nitqi
-Əziz sərhədçilər, mən sizi Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Sizə Vətən uğrunda xidmətinizdə uğurlar diləyirəm!
Akademiyanın yaradılması böyük nailiyyətdir, böyük hadisədir. Üç il bundan əvvəl akademiyanın yaradılması haqqında imzaladığım sərəncam bu gün artıq reallığa çevrilib. Bu gözəl, əzəmətli, möhtəşəm binada bizim gələcək sərhədçilər oxuyacaqlar, tərbiyə alacaqlar və öz peşəkarlıqlarını artıracaqlar. Burada oxumaq üçün bütün şərait yaradılıb. Ən müasir avadanlıq, ən gözəl, keyfiyyətlə tikilmiş korpuslar, istirahət etmək, oxumaq, yaşamaq üçün bütün şərait vardır. Bu akademiya qısa müddət ərzində və böyük keyfiyyətlə artıq tikilibdir və bu gün fəaliyyətə başlayır. Mən şübhə etmirəm ki, akademiyada oxuyan kursantlar öz gələcək fəaliyyətləri üçün lazım olan bilikləri burada alacaqlar. Bizə bütün sahələrdə bilikli, savadlı kadrlar lazımdır.
Bütövlükdə Azərbaycanda təhsil məsələlərinə böyük diqqət göstərilir. Azərbaycanda bu sahə prioritet sahələrdən biridir. Minlərlə məktəblər tikilir, ali məktəblər təmir olunur, yeni ali məktəblər, akademiyalar yaradılır. Təhsil bizim gələcəyimizdir. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı və vətənpərvər olsunlar. Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması bu məqsədləri güdür.
Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Sərhəd Xidmətinin formalaşması işində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, demək olar ki, sərhədlərimiz açıq idi. Sərhəd infrastrukturu mövcud deyildi. Əvvəlki illərdə yaradılmış sərhəd infrastrukturu isə dağıdılmışdı. Bizim demək olar ki, bütün sərhədlərdə heç bir infrastruktur yox idi. Ulu öndərin rəhbərliyi altında qısa müddət ərzində bütün sərhədlərimizdə tikinti-quruculuq işləri başlanmışdır, sərhəd mühafizə infrastrukturu yaradılmışdır və bu proses bu gün uğurla davam etdirilir. Qəbul edilmiş proqram əsasında bütün tikinti işləri demək olar ki, başa çatmaq üzrədir. Bütün sərhədlərdə lazımi səviyyədə texniki qurğular yaradılıbdır, dəstələr, qarnizonlar fəaliyyət göstərir. Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Bu məsələyə biz böyük diqqət göstəririk. Mən bütün sərhədlərdə dəfələrlə olmuşam, şəxsi heyətlə görüşmüşəm, vəziyyətlə tanış olmuşam və tam əminliklə deyə bilərəm ki, sərhədlərimiz lazımi səviyyədə qorunur.
Sərhədlərimizin qorunması təhlükəsizliyimizin təmin edilməsi deməkdir. Təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirlər görülür. Biz sərhədlərimizi böyük dərəcədə gücləndirməliyik və buna nail olmuşuq. Bu gün həm texniki vasitələr, həm mühəndis qurğuları, həm də avadanlıq baxımından Sərhəd Xidmətimiz ən yüksək səviyyədədir. Sərhəd Xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və möhkəmləndirilməsi üçün mütəmadi qaydada ardıcıl tədbirlər görülür, avadanlıq, silah-sursat, texnika alınır və təchizat baxımından bizdə heç bir problem yoxdur. Lazımi səviyyədə maliyyə vəsaiti də ayrılır ki, bütün işlər yüksək səviyyədə görülsün. Mən görürəm ki, ayrılan maliyyə vəsaitindən çox səmərəli şəkildə istifadə olunur. Sərhədçilər üçün, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman qurğuları yaradılır. Yəni bütün bunlar Sərhəd Xidmətinin inkişafına yönələn böyük addımlardır.
Mən çox şadam ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə çatıbdır.
Biz elə etməliyik ki, gələcəkdə də bu məsələ daim diqqət mərkəzində olsun. Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunsun. Gələcəkdə, əlbəttə ki, bu məqsədlərin həlli üçün əlavə vəsait ayrılacaqdır, yeni texniki imkanlar da əldə olunacaqdır.
Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülübdür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir.
Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edirlər. Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcəklər və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəklər. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir.
Biz ölkədə gedən işləri yüksək səviyyədə qururuq. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Maliyyə imkanlarımız, hərbi xərclərimiz artır və hərbi xərclərimiz dövlət büdcəsində ən birinci yerdədir. Bu, belə də olmalıdır, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır, atəşkəs rejimi bağlanıbdır. Ancaq müharibə davam edir. Biz hər an hazır olmalıyıq və hazırıq ki, öz torpaqlarımızı işğalçılardan azad edək.
Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, böyük dərəcədə yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaqdır.
Biz elə etməliyik ki, Azərbaycan hərtərəfli inkişaf etsin. Azərbaycanın böyük və gözəl gələcəyi vardır, artıq gözəl gerçəkliyi vardır. Bu gün ölkəmiz sözün əsl mənasında intibah dövrünü yaşayır. Bütün sahələrdə quruculuq, abadlıq işləri, sürətli inkişaf təmin olunur. Bütün regionlarda işlər sürətlə gedir. Bakı - gözəl şəhərimiz gözəlləşir, abadlaşır. Bizim maliyyə imkanlarımız artır. Uğurlu neft siyasətimiz, regionların inkişafı. Bir sözlə, Azərbaycanın uğurlu yüksəlişi və bundan sonrakı illərdə dayanıqlı inkişafı artıq reallıqdır. Biz ölkəmizi, müstəqil siyasətimizi qorumalıyıq.
Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlərə çatıbdır. Biz müstəqil ölkə kimi müstəqil siyasət aparırıq. Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Azərbaycan etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal rol oynayan ölkədir. Biz bütün sahələrdə, bütün istiqamətlərdə işimizi konkret proqramlar çərçivəsində qurmuşuq. Bütün istiqamətlərdə inkişaf, tərəqqi vardır.
Ölkəmizin təhlükəsizliyinin qorunması üçün Sərhəd Xidmətinin çox böyük rolu vardır. Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər.
Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bir daha demək istəyirəm ki, o vaxt Azərbaycanda sərhəd infrastrukturu yox idi və xaricdən erməni terror təşkilatlarının təşkil etdiyi terror aktları Azərbaycan dövlətini sarsıtmışdı. Nəyə görə? Çünki biz öz sərhədlərimizi o vaxt qoruya bilmirdik. Bu gün Azərbaycan sərhədləri lazımi səviyyədə qorunur. Bu, bizə imkan verir ki, ölkə daxilində bütün işləri lazımi səviyyədə aparaq. Ölkə daxilində mövcud olan sabitlik, ictimai-siyasi asayiş, əmin-amanlıq bizim böyük nailiyyətimizdir. Biz bu vəziyyəti qorumalıyıq və qoruyacağıq. Azərbaycan xalqının firavan gələcəyini təmin edəcəyik. Azərbaycan dövlətinin möhkəmlənməsi üçün bütün tədbirləri görəcəyik.
Bir daha demək istəyirəm ki, Sərhəd Xidmətinin bu işlərdə böyük rolu və töhfəsi vardır. Sərhədçilər sərhədlərimizi müxtəlif yollarla pozmaq istəyənlərə qarşı mübarizə aparırlar, döyüşürlər və qələbə qazanırlar. Görülən bütün bu işlərlə bağlı mən Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini təbrik etmək istəyirəm. Akademiyanın açılışı münasibətilə bir daha təbrik etmək istəyirəm. Sizə Vətən uğrunda şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram! Sağ olun!

{nl}

Avqustun 10-da Azərbaycan sərhədçilərinin peşə bayramı ərəfəsində Bakıda Dövlət Sərhəd Xidməti Akademiyasının açılışı olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirmişdir. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndərin adı ilə bağlıdır.
2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi.
Son illərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilmiş, yeni sərhəd dəstələri və zastavaları yaradılmışdır. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunmuşdur.
Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənmiş, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılmış, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülmüşdür. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılmışdır.
Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə dövlətimizin başçısının 2007-ci il 12 iyun tarixli sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynamışdır. Bu akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə yaradılmışdır. Akademiyada yaradılan şərait də təsdiqləyir ki, hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillər sırasında dövlət sərhədi və onun toxunulmazlığı mühüm əhəmiyyət kəsb edir.
Sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin və etibarlı qorunmasının çox aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri öz peşə borclarına sadiq qalaraq Vətənin keşiyində layiqincə dururlar. Çünki xarici təhdidlərin aradan qaldırılması kimi mühüm missiyanın yüksək səviyyədə həyata keçirilməsi Ali Baş Komandanın da diqqətində olan məsələdir. Sərhədçilərimiz Vətənimizin keşiyində hər zaman ayıq-sayıqdır və onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətin etibarlı əsgərləridir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, akademiyanın binası 1 il 8 ay ərzində inşa olunmuşdur. Orijinal memarlıq quruluşu olan binada təlim-tədris üçün bütün şərait yaradılmışdır.
Prezident İlham Əliyev əsas korpusda xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsinə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, dövlətimizin başçısının müxtəlif sərhəd qurumlarının açılışlarında iştirakından çəkilən fotoşəkillər nümayiş etdirilir. Qeyd olundu ki, Prezident İlham Əliyevin 2005-ci ildə "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalaması Dövlət Sərhəd Xidmətində quruculuq işlərinə böyük təkan vermişdir. Dövlətimizin başçısının bu qayğısı sərhədlərimizin daha etibarlı qorunmasında, maddi-texniki bazanın möhkəmləndirilməsində, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatında, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, yeni sərhəd infrastrukturlarının yaradılmasında əksini tapmışdır.
Bina ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, akademiyada mühazirə otaqları ilə yanaşı, müxtəlif kafedra və siniflərdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur qurulmuşdur. Dövlətimizin başçısı ümumqoşun fənləri kafedrasında, sərhəd qoşunları taktikası və kütləvi qırğın silahlarından mühafizə siniflərində kursantlar üçün yaradılan şəraitə baxdı. Akademiyada mühəndis-texniki fənlər kafedrası, rabitə və atəş hazırlığı sinifləri yaradılmışdır. Bu siniflərdə rabitə avadanlığından və müxtəlif silahlardan istifadə qaydaları tədris olunur. Miqrasiya və sərhəd nəzarəti sinfi də zəruri avadanlıq və əyani vəsaitlərlə təmin edilmişdir. Akademiyada xarici dillər də tədris olunur. İnformatika sinfində isə ən müasir informasiya avadanlığı quraşdırılmışdır. Akademiyanın ən vacib bölmələrindən biri də onun kitabxanasıdır. Burada ölkəmizin və Sərhəd Qoşunlarının tarixinə, bu qurumun keçdiyi inkişaf yoluna, Azərbaycanda dövlət quruculuğu proseslərinə həsr olunan kitablar toplanmışdır.
Dövlətimizin başçısı 400 nəfərlik imtahan və xüsusi mərasim zallarında yaradılmış şəraitlə də tanış oldu.
Akademiyanın digər korpusu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu binada tədrisdən sonrakı vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı müasir avadanlıqla təchiz olunan yeməkxanaya baxdı. Burada kursantların qidalanması üçün yüksək şərait yaradılmışdır. Bildirildi ki, kursantların yataq otaqları da nümunəvi səviyyədə qurulmuşdur. Akademiyada yumşaq mebelli yataq dəstləri ilə təchiz edilən, 400 və 600 yataq yeri olan kazarma tipli yataqxana, 3 və 4 nəfərlik 83 yataq otağı vardır. Burada kursantların idmanla məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri də diqqətdə saxlanılmışdır. Zal zəruri idman avadanlığı ilə təchiz olunmuşdur. Prezident buradakı 25 kiloqramlıq hantellərdən birini qaldırdı.
İstirahət zalında Ali Baş Komandana məlumat verildi ki, tədrisdən sonra kursantların istirahəti üçün burada hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev akademiyanın binasının tikintisini əks etdirən fotolara baxdı. Sonra akademiyada tikinti prosesini əks etdirən videoçarx nümayiş olundu.
Akademiyanın inşası zamanı istifadə olunan tikinti materiallarına baxan dövlətimizin başçısı sonra 55 metrlik tuneldə yaradılan şəraitlə də tanış oldu.
Daha sonra Prezident İlham Əliyev sərhədçiləri salamladı.
Ali Baş Komandan döyüş bayrağını akademiyaya təqdim etdi.
Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında meydana gətirildi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
* * *
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin QULİYEV sərhədçilərə göstərdiyi diqqətə və akademiyanın yaradılması ilə bağlı sərəncamına görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
-Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Azərbaycan sərhəd mühafizəsinin bu gününə və sabahına ünvanlanmış sərəncamınızın icrası üzrə inşa edilən Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində Sizi salamlayır, bu qürurlu anları bizə yaşatdığınıza görə dərin minnətdarlığımızı bildirirəm.
Dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə ali diqqətiniz sayəsində Dövlət Sərhəd Xidməti bu gün dinamik inkişafdadır. Bu inkişafın təməlində dahi öndərimiz Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Ali Baş Komandanlığınız altında ardıcıl həyata keçirilməsi durur. Hər bir Azərbaycan sərhədçisi bu siyasətin gerçəkləşməsinin iştirakçısı olması ilə fəxr edir və qarşısına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazırdır.
Cənab Ali Baş Komandan!
Sizin 2005-ci il dekabrın 27-də təsdiq etdiyiniz "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın müasir sərhəd mühafizə infrastrukturunun yaradılmasında müstəsna əhəmiyyəti vardır. İcrası yaxın müddətdə yekunlaşan Dövlət Proqramı çərçivəsində Türkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin yeni bazası, aviasiya bazaları, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Şüvəlan qəsəbəsində hərbi hissə, "Sərhədçi" istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində 589 bina inşa edilərək xidməti istifadəyə verilmişdir. Bakı şəhərində sərhədçi zabitlər üçün 264 mənzilli üç yaşayış binasının inşası yaxın müddətdə yekunlaşacaqdır. Tikinti-quruculuq işləri ilə yanaşı, sərhəd mühafizəsində müasir silahlar, avadanlıq, uçuş və üzmə vasitələri tətbiq edilməkdədir. Dövlət Sərhəd Xidmətinə həvalə etdiyiniz digər xüsusi tapşırıqların icrası üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər etibarlı sərhəd mühafizəsinin daha yüksək təminatına xidmət edir.
Möhtərəm Prezident!
Hazırda Ali Baş Komandanın qarşısında duran hər bir sərhədçinin ən böyük arzusu və niyyəti təqdim etdiyiniz döyüş bayrağını şərəflə qorumaq, Prezidentinə, Vətəninə, xalqına ləyaqətlə xidmət etməkdir. Bu döyüş bayrağı altında sədaqət andı içən kursantların sərhədçi zabit kimi formalaşmaları üçün akademiyada tam şərait yaradılmış, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi pedaqoji heyət formalaşmışdır. Diqqət və qayğınız sayəsində yaradılmış bu imkanlardan sərhədçi kursant və dinləyicilər layiqincə yararlanacaq, Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmaq şərəfini hər zaman uca tutacaqlar.
Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Qüdrətli və firavan, əzəmətli və zəngin Azərbaycan naminə həyata keçirdiyiniz dövlət siyasətinə güvənərək, gələcəyə inamla baxan Azərbaycan xalqı üçün Siz qələbə simvolusunuz. Əminik ki, işğal olunmuş torpaqlarımız ən yaxın gələcəkdə Ali Baş Komandanlığınız altında azad ediləcək və qərb sərhədləri tərəfimizdən mühafizə altına götürüləcəkdir. Dövlət Sərhəd Xidməti, Sərhəd Qoşunları Azərbaycan Silahlı Qüvvələrinin digər növləri ilə bərabər üzərinə düşən vəzifələrin icrasına hazırdır.
Möhtərəm Prezident!
Azərbaycan sərhədçisi məramında qəti, xidmətində mətindir. Çünki xidməti inkişafımız Ali Baş Komandanın qayğısı ilə əhatə olunmuşdur. 2004-cü ildən başlayaraq hər il Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində olmağınız, şəxsi heyətlə görüşləriniz, Azərbaycan sərhədçilərinə inam və etibarınız bizim üçün böyük dəstək və yüksək ruh mənbəyidir. Diqqətinizlə şərəfləndirdiyiniz Azərbaycan sərhədçiləri adından Sizə minnətdarlığımızı bildirir və göstərdiyiniz yüksək etimadı xidmətimizlə hər zaman doğruldacağımıza əmin edirəm.
* * *
Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında