Azərbaycan Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilmişdir

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən

Prezident İlham ƏLİYEV dedi:

– Xoş gəlmisiniz. Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram.

2014-cü il başlayır. Sizi Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, 2014-cü ildə də ANS Şirkətlər Qrupu uğurla fəaliyyət göstərəcək və Azərbaycan tamaşaçılarını yeni layihələrlə sevindirəcəkdir.

Bugünkü mərasim mənə həsr edilibdir. Mən bu yüksək mükafata görə sizə minnətdaram. İlk növbədə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda, fondun rəhbərliyinə, ANS Şirkətlər Qrupuna minnətdaram ki, siz mənim fəaliyyətimi yüksək qiymətləndirirsiniz. Əslində, bu, mənim vəzifə borcumdur. Mən çalışıram və çalışacağam ki, öz işimlə doğma ölkəmizi inkişaf etdirək, irəliyə aparaq, qarşımızda duran bütün vəzifələri icra edək. Sizin mənə verdiyiniz belə yüksək qiymət, əlbəttə ki, məni daha da ruhlandırır.

Bu mükafatın öz yeri vardır. Mən artıq Prezident kimi 10 illik fəaliyyətim dövründə bir çox mükafatlarla təltif edilmişəm, ancaq bu mükafatın xüsusi yeri vardır. Çünki bu mükafatı mənə təqdim edən teleşirkət Azərbaycanda birinci müstəqil telekanaldır və Azərbaycanda müstəqil jurnalistikanın inkişafında ANS şirkətinin böyük rolu vardır. Mən bu rolu yüksək qiymətləndirirəm və çalışıram ki, sizin verilişlərinizi izləyim. Xüsusilə, vətənpərvərlik mövzuları ilə bağlı olan verilişlər daha böyük maraq doğurur. Hesab edirəm ki, cəmiyyətimizin gələcək inkişafı üçün belə verilişlərin sayının artırılması məqsədəmüvafiq olardı.

Əlbəttə ki, bu gün biz bu mərasimi keçirəcəyik. Qeyd etmək istəyirəm ki, bizdə gələcək planlarımızla da bağlı konkret fikirlər, proqramlar vardır. Bəzi planlar haqqında ictimaiyyət artıq məlumatlandırılıb, bəzi fikirlər hələ ki, öz növbəsini gözləyir. Ancaq əminəm ki, bu il də ölkəmizin dinamik inkişafı davam edəcəkdir.

* * *

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin AĞAYEV çıxış edərək dedi:

– Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən “2013-cü ilin adamı” mükafatının və diplomunun təqdim olunma mərasimini açıq elan edirik. Bu mükafat 2001-ci ildən başlayaraq təqdim olunur və onun əsas qayəsində vətənpərvərlik və millətə göstərilən xidmətlərin dəyərləndirilməsi dayanır. Çingiz Mustafayev adına Fondun və ANS Şirkətlər Qrupunun təsis etdiyi, artıq cəmiyyətdə yüksək statusu ilə etiraf olunan bu  mükafatın başlıca leytmotivi budur. Azərbaycan uğrunda canını fəda etmiş bir insanın adını daşıyan bu mükafat təbii ki, öz bacarığını və səylərini Azərbaycanın rifahına yönəldən, ömrünü bu dövlətə, bu millətə və bu xalqa həsr edən şəxslərə verilir.   

* * *

ANS Şirkətlər Qrupunun prezidenti, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun idarə heyətinin üzvü Vahid MUSTAFAYEV dedi:

– Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu adından “2013-cü ilin adamı” mükafatını və diplomunu təqdimetmə mərasimində Sizi məmnuniyyətlə salamlayıram.

Artıq neçə ildir ki, biz bir ictimai institut kimi Azərbaycanımızı ən yüksək səviyyədə tanıdan, onun bir dövlət olaraq qüdrətlənməsində, çiçəklənməsində misilsiz xidmətləri olan insanların rolunu  imkanlarımız çərçivəsində qiymətləndiririk. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu olaraq biz bu ənənəni həm qürur, həm də böyük bir məsuliyyət hissi ilə yaşadırıq. Çünki ilin ən böyük vətənpərvərinə verilən bu mükafatın əsas missiyası  həmişə onun layiqli şəxsə təqdim edilməsi, necə deyərlər, əsl ünvanına çatdırılması olubdur.

Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar.

2013-cü il Azərbaycan dövlətinin tarixinə həm ən mürəkkəb, həm də ən uğurlu illərdən biri kimi daxil oldu. Məhz bu il Azərbaycan kosmik dövlətlər cərgəsinə qoşuldu, uğurlu iqtisadi inkişaf tempi, sabitlik, vətəndaşların rahat və etibarlı güzəranı ilə yadda qaldı, ölkəmizə dünyanın aparıcı dövlətləri ilə ayaqlaşmağa imkan verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi dinamik tərəqqi onu regionun qüdrətli dövlətinə çevirdi. Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi etibarlı mərkəz kimi dünyada qəbul olundu.

Nüfuzlu Davos Forumunun ötən il Bakıda keçirilməsi məhz  belə hadisələrdən biridir. Bu, hələ hamısı deyildir. Cəmi 22 il əvvəl BMT-yə adi üzv kimi qəbul edilən ölkəmiz 2013-cü ili dünyanın bu ən mötəbər qurumunun Təhlükəsizlik Şurasının sədri kimi başa vurdu. İyirmi iki il və BMT Təhlükəsizlik Şurasının sədri - qısa  zamanda əsl sıçrayış.

Beləliklə, Azərbaycan dünyanın taleyinin müzakirə olunduğu ən yüksək qurumun başında dayandı, onun əlinin işarəsi planetin aparıcı güclərinə, ən qüdrətli dövlətlərin qərarlarına təsir etdi. Bu reallıq hər bir Azərbaycan vətəndaşının qüruruna səbəb oldu.

Dövlətin yürütdüyü siyasətin əsas ünvanı yenə də insana qayğı, vətəndaşa xidmət oldu. Dövlət başçısının birbaşa təşəbbüsü, nəzarəti və iştirakı ilə açılan yeni-yeni müəssisələr, iş yerləri, istifadəyə verilən yollar və korrupsiyaya qarşı mübarizədə kəsərli silaha çevrilmiş “ASAN xidmət”, müxtəlif sahələr üzrə uğurlu infrastrukturların yaradılması bir hədəfə - Azərbaycan vətəndaşına hesablanmışdır. Elə bu səbəbdən də Azərbaycan vətəndaşı öz Prezidentinə - İlham Əliyevə yenidən məmnuniyyətlə səs verdi. Bu seçkilərdə təkcə Prezident deyil, həm də xalq qələbə qazandı. 2013-cü ildə Azərbaycan, eyni zamanda, nəhəng siyasi qüvvələrin maraq qovşağında uğurla addımladı. Müstəqilliyimizin göz bəbəyi kimi qorunması bu il də əsas vəzifə oldu. Balanslaşdırılmış siyasət Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə nail olmağı təmin etdi.

İlin sonuna yaxın isə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir qolu olduğunu növbəti dəfə sübut edərək “Şahdəniz-2” kimi tanınan XXI əsrin müqaviləsini imzaladı.

Prezidentin görülən işlər barədə xalqa verdiyi ətraflı hesabatlar Azərbaycanın dünyadakı opponentlərinin apardığı qara təbliğat kampaniyasına kəsərli cavab oldu.

İlham Əliyev hər bir azərbaycanlının prezidenti olacağı barədə verdiyi vədi 2013-cü ildə də ləyaqətlə yerinə yetirdi. Vətəndaş ən çətin günündə onun taleyinə həssas münasibət bəsləyən, maddi və mənəvi dəstəyi ilə hər an onun yanında olan yaxın dostunun, qardaşının - dövlət başçısının qayğısını hiss edir. Başqa ölkədə həbs edilən alim Xalidə Xalid, Azərbaycanın böyük şairi Vaqif Səmədoğlu, körpə İmran Cəfərov və digərləri bu diqqətdən bəhrələndi. Prezident hər bir məmuru xalqa xidmətə dəvət etməklə xalqın hörmət və ehtiramını nə qədər uca tutduğunu nümayiş etdirdi, dövlətə etimadı gücləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü kurs bir sıra hallarda regional siyasi düzənin tamamilə dəyişməsinə, proseslərin tam başqa məcraya yönəlməsinə də gətirib çıxardı.

Cənab Prezident, burada ordu quruculuğu, hərbi sənayenin inkişafı və digər bu kimi hər gün görülən və görünən işləri də sadalaya bilərdik. Amma, cənab Prezident, insan yaxşı işlərə tez öyrəşir. Hər gün açılan yeni binalar, fabriklər bir möcüzə, fövqəladə hadisə kimi artıq bizdə maraq doğurmur. Bu gün bizi nadir memarlıq inciləri ilə də təəccübləndirmək qeyri-mümkündür. Siz bizi artıq belə şeylərə öyrətmisiniz. Ona görə də  xaricə gedən azərbaycanlı da bu gün artıq on il əvvəlki kimi hər şeyə dörd gözlə baxmır, deyir ki, bütün bunlardan bizdə də vardır. Biz bunları Azərbaycanda da görmüşük. Necə deyərlər, biz bu gün növbəti uğurlar, hər gün baş verən cari nailiyyətlər üzərində yox, sıx fəaliyyət qrafikinizdən bəzi seçimlər üzərində dayandıq. Bütün bunları nəzərə alan Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan etməyi qərara almışdır. Biz bir müstəqil media qurumu olaraq bütün dediklərimizi, eyni zamanda, tarixə köçürmüşük və bu, bizim peşəkar işimizdir, vəzifəmizdir. Fürsətdən istifadə edib, Sizə deyilənlərin hamısının video sübutunu təqdim etmək istəyirəm. Baxın, bu, Sizin etdiklərinizdir.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Vahid MUSTAFAYEV: Təşəkkür edirəm, cənab Prezident, 2013-cü il həm də böyük azərbaycanlı Heydər Əliyevin 90 illiyi ilə yadda qaldı. O, bu gün bizim aramızda olmasa da, Sizin simanızda onun yolunu ləyaqətlə və daha böyük vüsətlə davam etdirən bir oğulla, əsl varislə fəxr edərdi. Beləliklə, Azərbaycan vətəndaşlarının etimadını qazanaraq ölkə Prezidenti seçilməsi, Azərbaycanın nüfuzunun BMT Təhlükəsizlik Şurasının sədri kimi dünyada gedən proseslərə təsir göstərə biləcək həddə çatdırılması, ölkəmizin kosmik dövlətlər cərgəsinə qoşulması, uğurlu iqtisadi inkişaf tempini qoruyub saxlayaraq, “Şahdəniz-2", TAP və TANAP layihələrinin uğurla həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Avropa İttifaqına üzv olan ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olmasına görə İlham Heydər oğlu Əliyev ”2013-cü ilin adamı" elan edilir.

İndi isə icazə verin, diplomu və mükafatları təqdimetmə mərasiminə keçək.

On min manatlıq çeki Sizə təqdim edirəm. Bir də ənənəvi olaraq şəxsən Sizin üçün hazırlanmış bu saatı Sizə təqdim edirəm. Həmişə saatla, vaxtında bizə rəhbərlik etməyinizə və işləri irəli aparmağınıza görə Sizə təşəkkür edirəm.

* * *

Sonra mükafatlar dövlətimizin başçısına təqdim edildi.

* * *

Prezident İlham ƏLİYEV dedi:

– Bir daha bu mükafata görə sizə minnətdaram. Qeyd etməliyəm ki, mən pul mükafatını ənənəvi olaraq Silahlı Qüvvələrin Fonduna köçürürəm. Bu saat da çox gözəl və bahalı saatdır. Ona görə, mən bunu bağlaya bilmərəm. Ancaq sizə söz verirəm ki, bu saat muzeydə saxlanılacaqdır.

Mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Doğrudan da 2013-cü il tariximizdə uğurlu il kimi qalacaqdır. 2013-cü il uğurla başladı, uğurla da başa çatdı. İlin əvvəlində “ASAN xidmət”in yaradılması diqqət çəkdi. Xidmət yarananda bir çoxları bəlkə də təsəvvür edə bilmirdi ki, bu xidmət qısa müddət ərzində böyük rəğbət qazanacaq və Azərbaycanda ictimai xidmətlər sahəsində ciddi bir dönüş yaradacaqdır. Artıq son məlumata görə, –statistik  göstəricilər demək olar ki, hər həftə dəyişir, – bir milyona yaxın müraciət olmuşdur.

 

Sizə yeni ildə yeni uğurlar arzulayıram. Bu kompleksin, ümumiyyətlə, burada aparılan işlərin yüksək səviyyədə olduğunu bir daha qeyd etmək və sizi bu işlər münasibətilə təbrik etmək istəyirəm.

* * *

Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif AXUNDOV çıxış edərək dedi:

– Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi bir daha bizim hərbi şəhərcikdə şəxsi heyətin adından salamlayır, “Xoş gəlmisiniz” deyirəm. Bu, Sizin Xüsusi Dövlət Mühafizə Xidmətinə yeddinci səfərinizdir. Xidmətimizin fəaliyyəti ilə bağlı söylədiyiniz dəyərli  fikirlərə görə də Sizə dərin minnətdarlığımı bildirirəm. 

Bilirsiniz ki, Xüsusi Dövlət Mühafizə Xidməti 1993-cü ilin avqust ayında - Azərbaycanda vətəndaş müharibəsi və Ermənistan-Azərbaycan müharibəsinin getdiyi dövrdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Bu xidmətin əsası o dövrdə qoyulmuşdur. İyirmi ildən artıqdır fəaliyyət göstərən xidmətimiz digər xüsusi xidmət orqanları ilə müqayisədə gəncdir. Amma gənc olmasına baxmayaraq, çox yüksək döyüş qabiliyyətinə və güclü maddi-texniki bazaya malikdir. 

Təbiidir, Xüsusi Dövlət Mühafizə Xidmətinin yenidənqurmadan sonra bu gün açılışında iştirak etdiyiniz hərbi şəhərciyi, müasir tələblərə uyğun bu idman kompleksi Azərbaycan standartlarına cavab verən səviyyədə qurulubdur. Stadion, inzibati binalar - bunların hamısı xidmətimizə Sizin göstərdiyiniz diqqət və qayğının əyani nümunəsidir.

Bütün bu diqqət və qayğıya, fəaliyyətimizə, maddi-texniki bazamızın gücləndirilməsinə, şəxsi heyətin sosial-məişət problemlərinin həll olunmasına, sağlamlıqla bağlı hospitalın, “Nabran” istirahət mərkəzinin, - bizim şəxsi heyət burada istirahət edir, - açılmasına görə Sizə təşəkkür edirik. Təkcə 2003-2013-cü illər ərzində 800-ə yaxın mənzil tikilib istifadəyə verilibdir. Bu, Sizin diqqət və qayğınızdır, xidmətimizin fəaliyyətinə göstərdiyiniz yüksək etimaddır.

Cənab Prezident, bu yüksək etimada görə Sizə şəxsi heyət adından bir daha təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da öz xidmətimizlə, əməyimizlə, işimizlə Sizin gərgin işinizlə ayaqlaşaraq etimadınızı doğruldacağıq. Təşəkkür edirəm.

Prezident İlham         ƏLİYEV: Sağ olun.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin təşkili ilə bağlı imzaladığı Fərmanla yaradılan bu qurum təsis edildiyi gündən etibarən digər hüquq-mühafizə orqanları kimi, ölkəmizdə sabitliyin və əmin-amanlığın təmin olunması, dövlətin təhlükəsizliyinin qorunması istiqamətində mühüm işlər görmüşdür. Azərbaycanın sürətli iqtisadi inkişafı, enerji sektorunda əldə edilən uğurlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artması, şaxələndirilmiş enerji marşrutlarının təhlükəsizlik məsələləri Xüsusi Dövlət Mühafizə Xidmətinin qarşısına yeni vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin yaradılması qurumun fəaliyyətini daha da genişləndirmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının daha da artırılması, qurumun ən müasir texniki avadanlıqla təchiz olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlanmışdır.

Dövlətimizin başçısının Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Müasir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi yaradılmışdır. Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa ölkələrinin əksəriyyətində istifadə edilən “TETRA” radiorabitə sistemi tətbiq olunur. 2013-cü ilin aprelində Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi məqsədilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizəsi İdarəsinin yaradılması qurumun üzərinə yeni vəzifələr qoymuşdur.

Xüsusi Dövlət Mühafizə Xidməti son illər Azərbaycanda gedən sürətli inkişaf prosesləri, ölkədə nəhəng infrastruktur layihələrinin icrası, dövlət orqanlarının işinin keyfiyyətcə yeni mərhələyə daxil olması və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla həyata keçirir. Şəxsi heyətin sosial həyat şəraitinin yaxşılaşdırılması, xidmətin səviyyəsinin daha da yüksəldilməsi ilə əlaqədar tədbirlər də ardıcıl olaraq davam etdirilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin idman kompleksinin tikilməsi və bu çərçivədə bir çox digər tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında