Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir Prezident İlham Əliyev açılışda iştirak etmişdir

 

Yanvarın 7-də paytaxtda Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət almışdır. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilmişdir. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 Dövlət Proqramı qəbul olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanmışdır. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılmışdır. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 6 perinatal mərkəz fəaliyyətə başlamışdır. Son 10 ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70 faizi regionların payına düşür. Bundan əlavə, son illərdə ölkədə tibb kadrlarının hazırlanması, tibbi təhsil və tibb elminin inkişafı sahəsində də ciddi uğurlara nail olunmuşdur.

Bakı Sağlamlıq Mərkəzində yaradılan şərait bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial sahəyə daha çox diqqət göstərilir və bu proses davamlı xarakter almışdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur. 2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə dağ-xizək kompleksinin, daha sonra Bakı Sağlamlıq Mərkəzinin açılması Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının əsas göstəricilərindəndir.

Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış oldular.

Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli sərəncamı əsasında inşa olunmuşdur. Dövlətimizin başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

Qeyd edildi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunmuşdur. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaqdır. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır.

Dövlətimizin başçısı və xanımı sağlamlıq Mərkəzinin ayrı-ayrı şöbələrində yaradılan şərait və müasir tibbi avadanlıqla tanış oldular.

Bildirildi ki, Mərkəzdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi üçün ən yüksək şərait yaradılmışdır.

Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşdü.

Tibb işçilərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi Bakı Sağlamlıq Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir, müstəqillik dövründə tikilmiş ən böyük tibb müəssisəsidir. 550 çarpayılıq mərkəzdə bütün lazımi şərait yaradılıbdır. Bu, ən böyük mərkəzdir. Burada bir neçə şöbə fəaliyyət göstərir. Bütün əsas şöbələr vardır. Müasir avadanlıq quraşdırılıbdır. Yəni, burada yüksək tibbi xidmət göstərmək üçün bütün imkanlar vardır. Əminəm ki, burada çalışan həkimlər də xəstələrə qayğı və diqqətlə yanaşacaqlar.

Bu mərkəzin tikintisi əlamətdar hadisədir. Son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır ki, bu gün Azərbaycan vətəndaşlarına xidmət göstərir.

Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun.

Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir.  Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü kəskin dərəcədə aşağı düşmüşdür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin  yaradılması geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaqdır.

Bir daha qeyd etmək istəyirəm ki, son illərdə belə mərkəzlərin tikintisinə nadir hallarda rast gəlmək olar. Çünki dünyada hələ ki, iqtisadi böhran davam edir, bəzi ölkələrin iqtisadi vəziyyəti o qədər də yaxşı deyildir. Deyə bilərəm ki, belə böyük xəstəxanaların tikintisi hazırda dünyada çox nadir hallarda mümkündür.

Ancaq belə mərkəzlər Azərbaycanda tikilir və tikiləcəkdir. Mən yaxşı xatırlayıram ki, biz bu yerdə təməl daşını qoyduq. O vaxt bura demək olar ki, boş ərazi idi. İki il yarım ərzində gözəl mərkəz tikilmişdir.

Əminəm ki, bu mərkəzdə vətəndaşlara yüksək xidmət göstəriləcəkdir. Əlbəttə ki, bu, həkimlər üçün də yeni iş yerlərinin açılması deməkdir. Əminəm ki, burada işləmək də hər bir həkim üçün xoş olacaqdır. Çünki burada olan şərait dünyanın ən  yüksək standartlarına uyğundur. Bu gün Azərbaycan səhiyyə sahəsində, xüsusilə, avadanlıq, təchizat və tikinti işlərində öz standartlarını da təqdim edir.

Ancaq əlbəttə ki, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Hesab edirəm ki, bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaqdır.

Ancaq o da həqiqətdir ki, buradakı avadanlıqdan səmərəli şəkildə istifadə etdikdə, əlbəttə, gözəl nəticələr də olacaqdır. Çünki diaqnostika vaxtında aparılmalıdır. Burada diaqnostika üçün bütün imkanlar vardır. Müalicə düzgün aparılmalıdır. Düzgün diaqnoz qoyulmalıdır. Elə etməliyik ki, Azərbaycanda səhiyyə sahəsində daim inkişaf olsun.

Bir daha qeyd etmək istəyirəm ki, 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaqdır. Biz 2014-cü ilin  birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olmuşdur. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaqdır. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olacaqdır. Biz qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq. Sizi keçən bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzu edirəm.

*  *  *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında