Prezident İlham Əliyev açılışda iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal regionuna səfəri çərçivəsində dekabrın 20-də Qubada “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir.
Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırmışdır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm layihələrin icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər reallaşdırılır. Bu otellərdə müştərilərə yüksək səviyyəli xidmətlər göstərilir.
Dünyada mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı da başlıca prioritetlərdəndir. Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Quba da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda 2011-ci ilin aprelində tikintisinə başlanmış və artıq istismara hazır olan “Rixos Quba Azerbaijan” otel kompleksi də həmin istiqamətdə atılan addımlardan biridir. Prezident İlham Əliyev bu ilin sentyabrında Qubaya səfər edərkən bu otelin mükəmməl infrastruktura və müasir xidmət şəbəkəsinə malik bir kompleks kimi formalaşması üçün müvafiq tapşırıq və tövsiyələrini vermişdi. Ölkəmizdə bu cür komplekslərin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “Rixos Quba Azerbaijan” oteli təkcə Quba rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Otel mükəmməl infrastruktura malikdir.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, “Rixos Quba Azerbaijan” oteli Qudyalçayın sahilində inşa olunmuşdur. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan “Rixos Quba Azerbaijan” otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstəriləcəkdir.
Prezident İlham Əliyev komplekslə tanış oldu. Bildirildi ki, otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına veriləcəkdir.
Otelin “The Challette” restoranı yüksəklikdə - mənzərəli ərazidə yerləşir. Restorana getmək üçün kanat və avtomobil yolları vardır. Restoran qonaqlara müxtəlif çeşiddə yeməklər təklif edir. Ərazisi 2,6 hektar olan süni gölün ətrafında qurulmuş “Le Coquet” restoranında isə dəniz məhsullarından yeməklər hazırlanır. “Mosaic restaurant” isə otelin əsas iaşə obyekti kimi, qonaqlara səhər, nahar və şam yeməkləri təklif edir. Eyni zamanda, bu restoranda dünya mətbəxinin ləziz nümunələri də təklif olunur. Qonaqlar 24 saat ərzində otaqlara yemək və içki sifariş verə bilərlər. Burada fəaliyyət göstərən “Planet Quba” əyləncə mərkəzi 1000 nəfər üçün nəzərdə tutulmuş ailəvi məkandır. Əyləncə mərkəzi bütün növ xidmətlər və hər cür oyun avadanlığı ilə təchiz olunmuşdur. Oteldə 4-12 yaşındakı uşaqlar üçün nəzərdə tutulan “Rixy clubda” balacalara əyləncəli proqram təşkil edilir. Burada müxtəlif mərasimlər keçirmək üçün gözəl şərait vardır.
Diqqətə çatdırıldı ki, kompleksdəki “Rixos SPA & Welness” sağlamlıq mərkəzinin ümumi ərazisi 1800 kvadratmetrdir. Burada açıq və qapalı hovuz, masaj otağı, trenajor zalı və gözəllik salonu vardır. Əsas binadakı otaqlar ən modern mebel, yataq dəsti, avadanlıqla təchiz olunmaqla zövqlə tərtib edilmişdir. “Rixos Quba Azerbaijan”da “Şimal”, “Xəzər” və “Bakı” adlı üç görüş zalı vardır. “Xəzər” zalında görüşlərdən əlavə, 1500 nəfərlik təntənəli tədbirlər, forumlar və şənliklər keçirmək planlaşdırılır. Oteldə meşədə gəzinti, xüsusi maşınlarla “safari” bölgə turu təşkil olunacaqdır.
Kompleksə xüsusi gözəllik verən qolf sahəsinin ərazisi 68 hektardır. Burada Azərbaycanda ilk və yeganə qolf kursları təşkil olunacaqdır. Kanat yolu ilə qonaqlar üçün xüsusi dağ gəzintisi xidmətləri göstəriləcəkdir. Kompleksin ərazisi tam abadlaşdırılmışdır. “Rixos Quba Azerbaijan” otelində 300-dən çox daimi iş yerinin açılması nəzərdə tutulur.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.
Azərbaycan Prezidentinə məlumat verildi ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçmişdir və onların əksəriyyətini yerli kadrlar təşkil edir.
Otelin kollektivini salamlayan Prezident İlham
ƏLİYEV dedi:
– Otelin açılışı münasibətilə sizi təbrik edirəm. Gözəl oteldir, ən yüksək standartlara cavab verir. “Rixos” otellər qrupu dünya səviyyəsində məşhur brenddir. Şadam ki, artıq Azərbaycanda da “Rixos” oteli vardır və məhz bölgələrdə, Quba rayonunda. Bu da ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, Azərbaycanda, ölkəmizin hər bir yerində gözəl xidmət sahələri yaranır.
Son illər ərzində Bakıda bir neçə beşulduzlu otel açılmışdır. Təkcə son iki ildə “Kempinski”, “Hilton”, “Marriott”, “Four Seasons”, “Jumeirah”, “Fairmont” otelləri tikilmişdir, daha əvvəl “Hyatt” oteli var idi. Yəni, Bakıda dünya şöhrətli səkkiz otel şəbəkəsi vardır. Bu proses artıq bölgələrdə başlamışdır. Qubada da bu, birinci beşulduzlu oteldir. Dünən Qusar rayonunda, Şahdağda iki beşulduzlu otel açılmışdır. Üçüncüsünün inşası davam edir. Yəqin ki, gələn ilin ortalarına qədər o da hazır olacaqdır. Yəni, bu, şimal zonasının ümumi inkişafını şərtləndirən sahədir. Mən dəfələrlə demişəm ki, şimal zonasının inkişafı daha çox turizmlə bağlı olmalıdır və biz artıq bunu görürük. Belə otellər hər bir böyük şəhərə yaraşıq verə bilər. Şadam ki, Quba rayonunda belə gözəl otel vardır.
Mən sentyabr ayında burada olmuşam. O vaxt biz qolf meydançasının açılışını qeyd etdik. Ondan sonra villalarla da tanış oldum. Burada o vaxt hələ inşaat gedirdi. İndi demək olar ki, otel tam hazırdır. Bilirəm ki, Yeni il ərəfəsində çoxlu qonaqlar gözlənilir. Əminəm ki, burada hər kəs özünü rahat hiss edəcəkdir.
Hesab edirəm ki, bütövlükdə gələcəkdə ölkəmizin digər bölgələrində də beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikiləcəkdir. Çünki bu gün Azərbaycanı dünyada tanıyırlar. Azərbaycanda gedən inkişaf dünya ictimaiyyətinin diqqətini çəkir. Azərbaycanda inkişaf üçün bütün imkanlar - gözəl təbiət, gözəl iqlim, qonaqpərvər insanlar, təhlükəsizlik, - Azərbaycan bəlkə də dünyanın ən təhlükəsiz yerlərindən biridir, - insanların xoş münasibəti vardır. Əlbəttə ki, xidmət də yüksək səviyyədə olmalıdır. Mənim buna şübhəm yoxdur. Çünki bir daha demək istəyirəm ki, “Rixos” dünya miqyasında tanınmış brenddir.
Bu otelin tikintisi ölkəmizin ümumi inkişaf dinamikasını göstərir. Hətta dünyanı bürümüş böhran illərində də ölkəmizə böyük investisiyalar qoyulur. Dövlət və özəl qurumlar investisiyalar qoyur. Dövlət və özəl sektorun tərəfdaşlığı bu gün Azərbaycanda özünü göstərir. Əminəm ki, gələcəkdə Qubada və ətraf rayonlarda yeni gözəl otellər, istirahət zonaları tikiləcəkdir.
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.