Xalça Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur

 

Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşmişdir. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən Muzey üçün xüsusi binanın tikilməsi qərara alınmışdı. Hazırda orijinal üslubda inşa olunmuş binada tikinti-quraşdırma işləri tam başa çatdırılaraq son tamamlama işləri aparılır. Burada 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərginin nümunəsi yaradılır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, müəllifi tanınmış avstriyalı memar Frans Yants olan Muzeyin yeni binasının əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi daxildir.

Muzeydə suvenir mağazası fəaliyyət göstərəcəkdir. Muzeyin kolleksiyasında, həmçinin XIX əsrin sonundan XX əsrin əvvəlinədək ölkəmizin müxtəlif bölgələrində hazırlanmış zərgərlik sənətinin nadir nümunələri toplanmışdır. Zirzəmidəki seyf otağı məhz həmin  məmulatın saxlanılması üçün nəzərdə tutulmuşdur. Burada yaradılmış “A1” kateqoriyalı qoruma sisteminə əsasən seyf yalnız barmaq izi ilə açılır.

Dövlətimizin başçısı fondların qorunması otağına da baxdı. Burada ilk dəfə Azərbaycanda elektron idarəetmə və elektron yaddaşlı sistem qurulmuşdur.

Diqqətə çatdırıldı ki, Xalça Muzeyinin eksponatlarının sonradan yeni binanın müasir fondların qorunması otağında yerləşdirilməsi məqsədilə onların müvafiq vəziyyətə gətirilməsi üçün bir neçə ay vaxt tələb olunur. Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmələrin texnikasını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını, aydın şəkildə təsnifatını açıq göstərir.

Prezident İlham Əliyev Xalça Muzeyinin yeni binasında ekspozisiyanın yerləşdirilməsi sxeminə baxdı. Burada Muzeyin 3D görüntüsü də təqdim olunur.

Xalçaların toxunması və naxışları barədə qısa filmin təqdimatından sonra dövlətimizin başçısı sərgilənən xalçalarla tanış oldu.

Ekspozisiyadakı xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunan dünya şöhrətli kompozisiyalara rast gəlmək olar. Burada, həmçinin zamanın diktə etdiyi ənənəvi xalq üslublu süjetlərin müəllifi olan rəssamların müasir işləri əks etdirilir.

Prezident İlham Əliyev Azərbaycanda ən böyük ölçülü xalçaya baxdı.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür. Hər mərtəbədə muzeyin fondundan digər əşyaların və eksponatların sərgilənməsi üçün vitrinlər və platformalar quraşdırılmışdır ki, bu da sərgiyə tam dolğunluq verir və tamaşaçıların sərgini daha yaxşı izləməsinə şərait yaradır. Muzeydə nümayiş zalı da vardır. Burada xalçalar, naxışlar, xalçaçılıq sənətindəki ənənələr barədə filmlər nümayiş olunacaqdır.

Dövlətimizin başçısı buradakı xidməti otaqlara da baxdı.

Bildirildi ki, terrasda açıq səma altında sərgilərin təşkili mümkün olacaqdır.

Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında