Prezident İlham Əliyev Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak etmişdir

 

Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammiti keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.

Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçılarını qarşıladılar.

Sammiti hazırda Aİ-yə sədrlik edən Litvanın Prezidenti Darya Qribauskayte açaraq bütün tərəfdaş ölkələrin dövlət və hökumət başçılarını salamladı. O, sammit çərçivəsində imzalanacaq sənədlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Həmin sənədlərin xalqlarımız arasında əlaqələrin də möhkəmlənməsinə töhfə verəcəyini deyən Litva Prezidenti onların real həyatda əks olunması üçün güclü siyasi iradəyə ehtiyac duyulduğunu diqqətə çatdırdı.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy sənədlərin imzalanması münasibətilə tərəfdaş ölkələrin dövlət  başçılarını təbrik etdi. Herman Van Rompuy Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan sazişin imzalanması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Aİ Şurasının prezidenti bu sənədin imzalanmasını Azərbaycanı Avropa İttifaqına daha da yaxınlaşdıran mühüm addım kimi qiymətləndirdi. Bildirildi ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələr ilə imzalanacaq digər sənədlər də bu prosesə töhfəsini verəcəkdir.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozu da sənədlərin imzalanması münasibətilə təbriklərini çatdırdı, bu sammiti əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirdi.

Ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığına yönələn səylərini alqışladığını deyən Xose Manuel Barrozu bir daha əminliyini ifadə etdi ki, III Sammit “Şərq tərəfdaşlığı” proqramının nailiyyətlərini daha da artıracaqdır.

“Şərq tərəfdaşlığı” Sammitinin ruhunu əks etdirən musiqi kompozisiyası nümayiş etdirildikdən sonra sənədlərin imzalanması mərasimi oldu.

Mərasimdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı.

Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar.

Sonra sammitin iştirakçıları birgə foto çəkdirdilər.

Daha sonra III “Şərq tərəfdaşlığı” Sammitinin plenar iclası keçirildi.

Prezident İlham Əliyev iclasda iştirak etdi. 

İclasda III “Şərq tərəfdaşlığı” Sammitinin Yekun Bəyannaməsi qəbul olundu.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edən “Şərq tərəfdaşlığı” Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.

“Şərq tərəfdaşlığı” Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilmiş, ikincisi isə 2011-ci ilin sentyabrında Varşavada təşkil edilmişdir. Növbəti sammit 2015-ci ildə Latviyanın paytaxtı Riqada keçiriləcəkdir.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında