Ali qonağın şərəfinə

 

 

 

Prezident Abdullah Gülün çıxışı

Noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və xanımı Hayrünnisə Gülün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilmişdir. Dövlət başçıları rəsmi naharda çıxış etmişlər.

– Hörmətli Prezident, əziz qardaşım!

Möhtərəm xanım əfəndi. Hörmətli

qonaqlar!

Zati-alilərini, möhtərəm Mehriban xanımı və nümayəndə heyətinizin mötəbər üzvlərini bir daha Türkiyədə qonaq qəbul etməkdən böyük məmnunluq duyuruq.

2007-ci ildə Prezident seçildikdən sonra mən də o zaman ilk səfərimi Azərbaycana etmişdim və böyük bir qonaqpərvərliyi o gündən bu günə hər gedişimizdə görürük. Siz də eynilə bundan tam beş il əvvəl olduğu kimi, Prezident seçkilərindən sonra ilk rəsmi səfərinizi Türkiyəyə həyata keçirirsiniz. Türkiyəni seçməyiniz heç şübhəsiz təsadüfi deyildir, nəzakətdən daha dərin bir mənaya sahibdir. Bu seçimi əbədi və əzəli qardaşlığımızın nişanəsi, strateji ortaqlığımızın parlaq təzahürü kimi dəyərləndiririk. Bu gözəl vəsilə ilə ölkəmizə gələn sizi - dəyərli qardaşlarımızı ən səmimi hisslərimlə salamlayıram.

Azərbaycan hamımızın vətənidir, tarix boyunca millətimizin könlündə çox müstəsna bir yerə sahib olmuşdur. Qəlblərimiz azərbaycanlı qardaşlarımızla hər zaman birlikdə döyünür. Sevinciniz sevincimizdir, kədəriniz kədərimizdir, eyni mahnılarla təsirlənir, eyni şairlərin şeirləri ilə həyəcanlanırıq. Füzulini oxuyarkən siz necə dərin bir məna verirsinizsə, biz də eyni şəkildə anlayırıq. Könüldə, fikirdə və işdəki bu ortaqlığımızın naxış-naxış toxunduğu can Azərbaycanın gözəl havasını və ətrini ikinci vətəniniz Türkiyəyə gətirən sizə - dəyərli qonaqlarımıza ən səmimi duyğularımla bir daha “Xoş gəlmisiniz!” deyirəm.

Hörmətli Prezident, dəyərli qonaqlar!

Bundan tam 20 il əvvəl Azərbaycana səfər edən rəhmətlik Prezident Özal Bakı Universitetində etdiyi çıxışda “acı və həsrət dolu illəri geridə qoyduq, bu yeni dövr birlik və bərabərlik içində irəliyə doğru böyük addımlar atmaq üçün tarixi bir fürsət təşkil etməkdədir” demişdi. Geriyə dönüb baxarkən məmnuniyyətlə görürük ki, Türkiyə və Azərbaycan bu tarixi fürsəti çox yaxşı dəyərləndirmişlər. Bunda heç şübhəsiz, zati-alinizin son on ildə göstərdiyi güclü liderliyin də çox böyük təsiri vardır.

Qardaş ölkələrimiz qısa müddətdə böyük inkişaf əldə etmişdir. Siyasi və sosial sabitliklərini iqtisadi və bəşəri zənginliyə çevirmişlər. Ölkələrimiz ümummilli lider, mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı ilə güclərini xalqlarımızın və bölgəmizin xeyrinə olacaq şəkildə birləşdirmişlər. Həyata keçirildiyi dövrdə əsrin layihələri adlandırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri bu düşüncə və dinamizmin məhsuludur. Bu kəmərlər əmin-amanlıq anlamına gələn Xəzərdən dünyaya, sadəcə neft və qaz deyil, sülh, rifah və sabitlik də daşımaqdadırlar.

Bu müştərək baxışımızın miqyasını daha da genişləndirməkdə qərarlıyıq. Müasir İpək Yolu adlandırılan, orta xəttin ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu inşallah, gələn il tamamlanacaqdır. Xəttin bir başqa önəmli hissəsi olan “Marmaray” dəmir yolunun açılışını isə oktyabrın 29-da reallaşdırdıq. Çox yaxın vaxtlarda bu layihəyə əsasən London ilə Pekin Xəzər üzərindən dəmir yolları ilə bir-birinə bağlanacaqdır.

Eyni şəkildə “Cənub” qaz dəhlizinin çox önəmli bir hissəsi olan Trans-Anadolu boru kəməri layihəsini sürətlə həyata keçirməliyik. Heç şübhəsiz, bunlar Xəzərin dünya ilə birliyini möhkəmləndirəcək, XXI yüzilliyə möhürünü vurmağa layiq layihələrdir. Bundan sonra qarşımızda duran başlıca məqsəd kədəri də, sevinci də ortaq olan qardaş ölkələrimiz arasındakı strateji müttəfiqliyi zati-alinizin liderliyi ilə yeni layihələrlə daha da irəliyə aparmaqdır.

Cənab Prezident, əziz qardaşım, hörmətli qonaqlar!

Azərbaycan ikitərəfli münasibətlərimizdə olduğu kimi, türk respublikaları arasındakı əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsinə yönəlmiş səylərimiz baxımından da aparıcı bir ölkədir. Bu mənada katibliyi İstanbulda yerləşən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması 2009-cu ildə Naxçıvanda keçirilən zirvə görüşündə reallaşmışdır. Azərbaycan bu ilin avqustunda Qəbələdə ev sahibliyi  etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası III zirvə görüşündə sədrliyi təhvil almışdır. Qarşıdakı bir il müddətində Azərbaycan böyük əhali və coğrafiya ilə zəngin təbii və bəşəri sərvətlərə malik olan Türk dünyasının qlobal miqyasda bir diqqət mərkəzinə çevrilməsinə yönəlmiş müştərək səylərimizə rəhbərlik edəcəkdir.

Türk respublikaları arasında kökləri tarixi keçmişimizə söykənən dostluq və qardaşlıq əlaqələrinin təməlində ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimiz dayanmaqdadır. Bununla birlikdə, bu dostluq və qardaşlığın konkret layihələr əsasında müştərək maraqlarımıza cavab verəcək bir ortaqlığa çevrilməsi üçün yeni baxışlı, uzaqgörən liderlərə hər zaman ehtiyac vardır. Bu baxımdan zati-alinizin oynadığı rol hər cür təqdirəlayiqdir.

Cənab Prezident, hörmətli qardaşım, əziz qonaqlar!

Çox xoşdur ki, Qafqaz İslam ordusunun erməni və bolşevik işğalı altındakı Bakını xilas etməsinin 95-ci və Azərbaycanın müstəqilliyə yenidən qovuşmasının 22-ci ildönümündə dostluq, qardaşlıq və işbirliyimizin qızıl illərini yaşayırıq. Böyük şair Bəxtiyar Vahabzadə illər öncə yazdığı bu mənalı misralarda sanki əlaqələrimizin bu gününü və sabahını ifadə edir:

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu,

O da ulu, bu da ulu

Azərbaycan, Türkiyə...

Bu münasibətlə zati-alinizi, hörmətli xanımınızı və nümayəndə heyətinizin dəyərli üzvlərini Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu bir daha ifadə edir, Türkiyə-Azərbaycan əlaqələrinin parlaq gələcəyinə olan sarsılmaz inamımla bütün azərbaycanlı qardaşlarımıza ən səmimi salamlarımı, sevgilərimi və ən xoş arzularımı çatdırıram. Qayıdandan sonra bütün Türk xalqının  salamlarını və sevgilərini bütün azərbaycanlı qardaşlarımıza çatdırmağı Sizdən xahiş edirik.

Bir daha xoş gəlmisiniz.

 

 

Prezident İlham Əliyevin çıxışı

– Əziz qardaşım, hörmətli Prezident cənab Abdullah Gül!

Hörmətli Hayrünnisə xanım!

Əziz qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğan!

Hörmətli Əminə xanım!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, mənə və nümayəndə heyətinə qardaş Türkiyədə göstərilən qonaqpərvərliyə görə bir daha sizin hamınıza dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mənim həyatımda tarixi bir gündür. Bu gün mən qardaş ölkənin ən ali mükafatı olan “Dövlət nişan”ı ilə təltif olunmuşam. Bu, mənim üçün böyük şərəfdir, böyük  xoşbəxtlikdir. Elə başa düşürəm ki, bu təltif gördüyüm işlərə verilən qiymətin təzahürüdür.

Mən Prezident kimi çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim inkişaf etsin, bütün sahələri əhatə etsin. Çox xoşbəxtəm ki, mənim Türkiyədə Prezident və Baş nazir kimi qardaşlarım vardır. Bizim dostluğumuz, qardaşlığımız sarsılmazdır. Əldə edilmiş bütün uğurların təməlində məhz bu duyğular, bu amillər dayanır.

Türkiyə və Azərbaycan xalqları əsrlər boyu bir yerdə olmuşlar, yaşamışlar, yaratmışlar. Sonra tarix belə buyurdu ki, biz bir-birimizdən ayrı düşdük. Yetmiş il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində yaşayırdı. Əlaqəmiz yox idi, heç bir ünsiyyətimiz də yox idi. Ancaq xalqlarımızın qəlbində yaşayan, bir-birimizə olan sevgi, məhəbbət, qarşılıqlı hörmət bizi bir-birimizdən ayrı düşməyə qoymamışdır. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra dərhal Türkiyə-Azərbaycan əlaqələri quruldu. Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və demək olar ki, müstəqilliyimizin ilk illərindən Türkiyə-Azərbaycan əlaqələri xüsusi xarakter daşımağa başlamışdır. Bu gün mən tam əminəm ki, dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər sıx bağlı olsunlar. Bu bağlılıq tarixdən gələn ismarıcdır. Bu bağlılıq ortaq mədəniyyət, ortaq tarix, etnik köklər üzərində qurulub. Biz isə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndiririk. Bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir və Türkiyənin uğurla inkişafına ürəkdən sevinir.

Mən Türkiyədə dəfələrlə olmuşam. Bu, Prezident kimi mənim 16-cı səfərimdir. Ancaq Ankarada sonuncu dəfə 5 il bundan öncə olmuşam. Səmimi qəlbdən Sizi Ankarada görülən işlərlə bağlı təbrik etmək istəyirəm. Ankara müasir gözəl şəhərə çevrilmişdir, gözəl binalar tikilmişdir. Ankara böyük sənaye mərkəzinə çevrilmişdir. Ankarada gedən işlər Türkiyədə gedən işlərin təzahürüdür. Bizi sevindirən odur ki, bu gün Türkiyə dünya çapında güc mərkəzidir, cəlbedici güc mərkəzidir. Türkiyə öz siyasəti, diplomatiyası ilə dünyada çoxlu dostlar qazanmışdır. Bu, o qədər də asan məsələ deyildir. Türkiyə məhz xoş niyyəti ilə, düşünülmüş siyasətlə, qarşılıqlı anlaşma ilə böyük hörmət qazana bilmişdir. Bu gün dünya miqyasında Türkiyənin çox böyük nüfuzu, hörməti vardır. Hətta böhranlı illərdə Türkiyə iqtisadiyyatı inkişaf etmişdir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyə Hökumətinin düşünülmüş, müdrik siyasəti vardır. Bu siyasət nəticəsində bu gün Türkiyə dünya birliyinin aparıcı ölkələrindən biridir, “Böyük iyirmiliyin” üzvüdür. Türkiyə iqtisadiyyatı getdikcə artır, əhalisi artır və artacaqdır. Türkiyənin gücü bizim gücümüzdür. Biz bir-birimizi daim dəstəkləmişik, dəstəkləyirik. Bizim gücümüz bizim birliyimizdədir. Bu gün əziz qardaşım Prezident Abdullah Gülün dediyi kimi, Türkiyə-Azərbaycan birliyi, eyni zamanda, türkdilli dövlətlərin birliyini də şərtləndirir. Mən çox şadam ki, biz artıq türkdilli dövlətlər formatı çərçivəsində çox önəmli qərarlar qəbul edirik. O qərarlar ki, bizim xalqlarımızı gələcəkdə daha da birləşdirəcəkdir. Əlbəttə, bizi birləşdirən tarix və siyasi maraqlar çox güclü amillərdir. Eyni zamanda, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat layihələrimiz, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və “Marmaray” layihəsinin başa çatması tarixi hadisələrdir. Fürsət düşmüşkən, “Marmaray” layihəsinin icrası münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm.

Biz beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Biz regional müstəvidə bir-birimizin yanındayıq. Türkiyə və Azərbaycan bu gün dünya çapında önəmli bir amildir.

Bizim gücümüz ancaq və ancaq artacaqdır. Çünki ölkələrimizin  potensialı kifayət qədər güclüdür, biz səylərimizi birləşdiririk. XXI əsr türk dünyası əsri olacaqdır. Bunda heç bir şübhə yoxdur. Sadəcə olaraq, biz öz strateji addımlarımızı düzgün planlaşdırmalıyıq, hədəflərimizə doğru inamla addımlamalıyıq. Elə etməliyik ki, Türkiyə-Azərbaycan birliyi daim inkişaf etsin.

Bizim dostluğumuz sarsılmazdır, əbədidir. Bizi bu gün böyük layihələr, siyasi maraqlar, ortaq hədəflər birləşdirir. Ancaq bütün bu amillərin təməlində xalqlarımızın bir-birinə olan məhəbbətidir, hörmətdir, biri-birimizə olan bağlılıqdır.

Türkiyə-Azərbaycan birliyi XXI əsrdə bizim coğrafiyamızda bir çox məsələləri həll edəcəkdir. Bu birliyi möhkəmləndirmək üçün biz hamımız çalışmalıyıq, çalışırıq. Bu gün apardığımız danışıqlar və sabah aparılacaq danışıqlar birliyimizi daha da möhkəmləndirəcəkdir.

Bir daha mənə göstərilən qonaqpərvərliyə və hörmətə görə sizə minnətdaram. Sizi əmin etmək istəyirəm ki, mən bu şərəfli adı ləyaqətlə daşıyacağam. Öz fəaliyyətimdə bundan sonra da Türkiyə-Azərbaycan birliyinin möhkəmləndirilməsi üçün öz

səylərimi əsirgəməyəcəyəm.

Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında