Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, bu günü Siz Azərbaycanda qeyd edirsiniz. Azərbaycan Sizin doğma vətəninizdir. Azərbaycanda Sizi çox sevirlər. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün qardaşınız Prezident Heydər Əliyev ilə çox böyük səylər göstərmisiniz, böyük işlər görmüsünüz. Deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin təməlini siz qoymusunuz. Bu möhkəm təməl üzərində bu gün bizim əlaqələr inkişaf edir. Siz Prezident Heydər Əliyev ilə bərabər Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək zirvəyə qaldırmısınız.

Mən yaxşı xatırlayıram ki, Azərbaycan üçün ən ağır dövrlərdə Siz daim xalqımızın yanında olmusunuz. Türkiyə və Naxçıvan arasındakı “Ümid” körpüsünü Heydər Əliyev ilə bərabər açmısınız, o körpünün memarı olmusunuz. Bütün bunlar Azərbaycan xalqının qəlbində unudulmaz xatirə kimi yaşayan gözəl anlar, məqamlardır. Sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində də Siz Heydər Əliyev ilə birgə böyük səylər göstərmisiniz. Bu gün bu kəmər artıq böyük bir dəhlizin mövcudluğunu təmin edir.

Hörmətli cənab Prezident, bir daha Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bir daha qeyd etmək istəyirəm və çox şadam ki, Siz bu günü Azərbaycanda qeyd edirsiniz, biz birlikdə bunu qeyd edirik.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi xidmətlərə görə Siz Azərbaycan dövlətinin yüksək ordeni olan “Şərəf” ordeni ilə təltif edilirsiniz. İcazə verin, mən bu yüksək mükafatı Sizə təqdim edim.

Azərbaycan Prezidenti İlham Əliyev “Şərəf” ordenini Süleyman Dəmirələ təqdim etdi.

Türkiyənin IX Prezidenti Süleyman DƏMİRƏL dedi:

- Çox təşəkkür edirəm. Məni çox böyük məhəbbətlə qəbul etdiniz, öz təyyarənizi göndərdiniz və məni oradan buraya gətirdiniz. Bugünkü Türkiyə qəzetlərində bu böyük xəbər yer almışdır. Xüsusən böyük bir dostluğun nişanəsi olaraq yer almışdır.

Bizim hər bir hərəkətimiz iki qardaş ölkənin - bir böyük millətin - türk millətinin, Anadoluda, Azərbaycanda yaşayan türklərin - ayrılmaz bu böyük türklüyün dahi şəxsiyyətlərindən olan dəyərli qardaşım Heydər Əliyevin təməlini qoyduğu dostluğumuz və qardaşlığımız daim yaşayacaqdır. Mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı həyatda təsdiqini tapıb və bundan sonra da tapacaqdır.

Burada gördüyümüz inkişaf Sizin ciddi səylərinizin nəticəsidir. Sizin güclü rəhbərliyinizlə davam edən bu inkişaf bizi məmnun və xoşbəxt edir. Nəyi görürüksə bu, bizim öz Vətənimizdə imiş kimi  bizi sevindirir. Ona görə yenidən buraya gəlməkdən duyduğum xoşbəxtliyi ifadə edirəm.

Həqiqətən ötən müddətdə ölkənizdə xoş yeniliklər olmuş, daha çox enerji sərf edilmiş, ölkə daha da gözəlləşmişdir. Bunun əvəzində Azərbaycan xalqı Sizi üçüncü dəfə Prezident görmək üçün səs vermişdir. Üçüncü dəfə Prezident seçilmək asan iş deyildir. Heç bir ölkədə asan bir iş deyildir. Ancaq bunun niyə belə olduğunu xalqın Sizə olan məhəbbətində görmək lazımdır. Xalqın 80 faizdən çoxunun Sizə dəstək verməsi bizi sevindirir.

Prezident İlham ƏLIYEV: Sağ olun!

Süleyman DƏMİRƏL: Bu uğurunuz bizi çox sevindirir, biz bundan iftixar hissi duyuruq. Bunu iki qardaş ölkənin - Türkiyə ilə Azərbaycanın birliyinə, qardaşlığına, bərabərliyinə dəstək verilməsi kimi qiymətləndiririk.

Sizi üçüncü dəfə Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirəm.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında