Oktyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Azərbaycanda son dövrlərdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində çox mühüm və ardıcıl layihələr həyata keçirilmişdir. Dövlətimizin başçısının müvafiq fərmanları ilə texnoparkların yaradılması, bu texnoparklarda müasir istehsal sahələrinin istifadəyə verilməsi ölkə iqtisadiyyatının gücləndirilməsinə, rəqabətə davamlı və keyfiyyətli məhsulların istehsal edilməsinə geniş imkanlar açmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində ilk sərmayəçi olan “Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodu bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu cür müasir istehsal müəssisələrinin istifadəyə verilməsi ölkə sənayesinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verir, bununla da son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlarına təminat yaratmış olur. Digər tərəfdən bu cür müəssisələr ölkədə iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir.
Prezident İlham Əliyev ərazinin maketinə baxdı. Bildirildi ki, polad boru zavodundan əlavə yaxın zamanda burada mexaniki və hidrotexniki avadanlıq zavodları istifadəyə veriləcəkdir.
Dövlətimizin başçısına polad boru zavodunun iqtisadi-texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, burada müxtəlif diametrli polad borular istehsal ediləcəkdir. Layihəyə uyğun olaraq zavodda Türkiyə, Almaniya, İtaliya və Çin texnologiyası əsasında ildə 100 min ton polad borular istehsal olunacaqdır. Burada hazırlanacaq polad borular xam neft, təbii qaz və su xətlərinin çəkilişində, neft emalı zavodlarında, sənaye boru xətti şəbəkələrinin yaradılmasında, polad konstruksiyaların yığılmasında istifadə olunacaqdır.
Prezident İlham Əliyevə mexaniki və hidrotexniki avadanlıq zavodlarının texniki göstəriciləri və burada istehsal olunacaq məhsullar barədə geniş məlumat verildi.
Dövlətimizin başçısı zavodu işə saldı.
Prezident İlham Əliyev istehsal prosesi ilə tanış oldu. İlkin mərhələdə xammal kimi alınmış 30 tonluq rulonlar tam avtomatik olaraq spiral qaynaq aparatına bağlanılır və rulonlar açılıb ütülənərək bükülməyə verilir. Qaynaq prosesi bitdikdən sonra boru xüsusi müayinədən keçir. Sonrakı mərhələdə boru hidrotest vasitəsilə yoxlanılır. Zavodda məhsulun keyfiyyətini tam yoxlamaq üçün rentgen müayinəsi aparatı da quraşdırılmışdır. Sonra boru üzərindəki pas və çirkdən təmizlənmək üçün qumlama və boyama bölmələrinə ötürülür.
Zavodda istehsal olunacaq boruların diametri 400-2000 millimetr, qalınlığı 6-25 millimetr, uzunluğu isə tələbata uyğun olaraq 6-16 metr arasında dəyişəcəkdir. Zavodda 2 spiral boru istehsal xətti quraşdırılmışdır. Burada ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen boruların istehsalı nəzərdə tutulmuşdur. Ümumi sahəsi 27 min kvadratmetr olan müəssisədə ABŞ, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıq quraşdırılmışdır. Zavodun məhsulları Azərbaycan təbii qazının və suyunun nəqlini yüksək səviyyədə həyata keçirməyə imkan verəcəkdir.
Diqqətə çatdırıldı ki, zavodda 500 nəfər işlə təmin olunacaqdır. Burada istehsal edilən polad və polietilen borular əsasən daxili bazarda olan tələbatın ödənilməsinə yönəldiləcəkdir. Bu tələbat tam ödənildikdən sonra istehsal olunan boruların xaricə, o cümlədən Rusiyaya, Qazaxıstana, Gürcüstana, Türkmənistana və digər ölkələrə ixrac edilməsi planlaşdırılır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.