Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

 

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, xəstəxananın binası 1983-cü ildə inşa olunmuşdur. O vaxtdan binada əsaslı təmir aparılmamışdır. Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının yenidən qurulması üçün 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8  milyon manat ayrılmışdır. Ümumi ərazisi 5 hektar olan xəstəxananın yenidən qurulmasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin  avqustunda başa çatdırılmışdır. Bu tibb müəssisəsi möhtəşəmliyi və xidmətinin müxtəlifliyi ilə fərqlənir. Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər korpusları, inzibati bina və mətbəx daxildir. Xəstəxananın 13 şöbəsində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinatal mərkəz, klinik laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir.

Diqqətə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir. Xidmətdə fasilələr yaranmaması üçün 10 kilovoltluq  transformator stansiyası və dizel generatoru  quraşdırılmışdır. Yeni qazanxana, su anbarı, nasos stansiyası  tikilmiş, avtomobil dayanacağı salınmışdır. Xəstəxanada çalışacaq 1900 tibb işçisinin 327-si həkim, 964-ü orta tibb işçisidir. Bu böyük tibb heyəti özlüyündə şəhər xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərən amildir. Bütün bunlar həm də onu göstərir ki, son illər səhiyyə sahəsində yaşanan ən böyük dəyişiklik tibb ocaqlarının ən müasir tibbi texnika və avadanlıqlar ilə təmin olunmasıdır.

Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Bu illər ərzində yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tibb ocaqları və müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə – Azərbaycan əhalisinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Azərbaycan səhiyyəsi son illərdə böyük və şərəfli yol keçmişdir. Bu səhiyyəmizin tarixində geniş islahatlar dövrü kimi yadda qalmışdır.

Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında