Astara Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı şəkildə yenidən qurulmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olmuşdur.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini və xəstəxananın kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Biz Rayon Mərkəzi Xəstəxanasının yenidən açılışına toplaşmışıq. Keçən il bu ərazidə görüşmüşdük. O vaxt mərkəzi binanın açılışını qeyd etdik. Sonra da mən fikir verdim ki, bu bina - poliklinika və təcili yardım hissələri təmirsiz qalmışdır. Əlbəttə, bu vəziyyət bizi qane edə bilməzdi. Ona görə göstəriş verilmişdi ki, bu bina da əsaslı şəkildə təmir edilsin.

İndi burada bütün işlər görülüb. Diaqnostika avadanlığı quraşdırılıb. Təcili yardım, poliklinika şöbələri yenidən qurulub. Astarada tibb məsələləri, demək olar ki, öz həllini tapmışdır. Yadımdadır, keçən il burada görüşmüşdük.

Çox şadam ki, verilən göstərişlər vaxtında icra edilir. Bir il keçəndən sonra artıq biz yenidən burada görüşürük. Hesab edirəm ki, hər bir iş axıra qədər görülməlidir və heç bir iş yarımçıq qala bilməz, xüsusilə, səhiyyə sahəsində. Çünki  bu, insanların sağlamlığı ilə bilavasitə bağlı olan sahədir. Azərbaycanda müxtəlif yerlərdə yeni səhiyyə ocaqları açılır. Bu gün Cəlilabadda böyük xəstəxananın açılışını etmişik. Keçən həftə Ağcabədidə böyük xəstəxananın açılışını qeyd etdik, bu gün Astarada. Yəni, hər bir şəhərdə yüksək tibbi xidmət olmalıdır və artıq Astarada da keyfiyyətli müalicə almaq üçün bütün imkanlar vardır. Əsas məsələ ondan ibarətdir ki, vətəndaşlar bu şöbəyə - diaqnostika şöbəsinə vaxtında müraciət etsinlər, müayinədən keçsinlər. 

Mənim Astaraya səfərlərim çox olmuşdur. Son 10 il ərzində bu, altıncı səfərimdir. Hər dəfə açılışlarda iştirak edirəm, hər dəfə yenilikləri görürəm. Şəhər gözəlləşir, indi Astara müasir şəhərə çevrilibdir. Gözəl binalar tikilir, parklar, xiyabanlar salınır, insanların rahatlığı üçün şərait yaradılır. Kənd yollarının tikintisi məni xüsusilə sevindirir, çünki buna böyük ehtiyac var idi. Xüsusi sərəncamlar əsasında iki böyük layihə icra edilir. Biri icra edilmişdir. Keçən il biz  onun açılışını etdik. Digər böyük layihə isə icra edilir. Bu böyük layihələrin icrası nəticəsində demək olar ki, əksər kəndlərə gedən yollar yaxşı vəziyyətdə olacaqdır. Yəni bu problem Astara rayonunda öz həllini tapacaqdır. Hesab edirəm ki, yaxın aylar ərzində əsas məsələlər həll olunacaq və gələn illərdə qalan kənd yolları da normal vəziyyətə gətiriləcəkdir.

Əvvəlki dövrlərdə rayonda digər infrastruktur layihələri icra edilmişdir. Yadımdadır ki, elektrik stansiyası tikilmişdir. Bu stansiya bu gün bütün zonaya xidmət göstərir. Olimpiya Mərkəzi yaradılmışdır. Keçən il Gənclər evinin açılışını etdik. Yəni Astarada açılışlar çox olub. Çünki çox iş görülmüşdür. Şadam ki, biz bütün bu işlərin nəticələrini görürük. Əlbəttə ki, gələcəkdə hələ görüləsi işlər çoxdur. Demək olar ki, əsas  infrastruktur layihələrinin başa çatması məni sevindirir. Onların içində içməli su layihəsi hələ ki, həll olunmamış qalır, hazırlıq işləri gedir. Güman edirəm ki, yaxın aylarda bu böyük layihə də icra edilməyə başlanacaq və beləliklə, Astara şəhərində içməli su, kanalizasiya problemi tam şəkildə öz həllini tapacaqdır. Ətraf rayonlarda da bu istiqamətdə işlər görülür. Astarada da bu, mütləq baş verməlidir.

Mənə verilən məlumata görə, qazlaşdırma işləri yaxşı gedir. Şəhər tam qazlaşdırılıbdır. Hər mənzildə, hər evdə təbii qaz vardır. Kəndlərdə də vardır. Amma çalışmalıyıq ki, hər bir kənddə təbii qaz olsun. Bu layihə də böyük əhəmiyyət kəsb edir. Yəni, bunlar əsas layihələrdir. İnfrastruktur və sosial obyektlərin yaradılması əsas məsələlərdir. Əlbəttə, bununla paralel olaraq digər məsələlər də öz həllini tapmalıdır. İş yerlərinin açılması, yeni müəssisələrin işə düşməsi. Bu istiqamətdə hələ görüləsi işlər çoxdur ki, vətəndaşlar işlə təmin olunsunlar, yaxşı işləsinlər, yaxşı maaş alsınlar və rahat, firavan yaşasınlar.

Bütün bu işlərin arasında əlbəttə ki, insanların sağlamlığı ön plandadır. Əminəm ki, burada həkimlər xəstələrə yaxşı xidmət göstərirlər. İndi burada quraşdırılan yeni avadanlıqla bu xidmət daha da yüksək olmalıdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm.

* * *

Astaranın inkişafına və astaralılara göstərdiyi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlıq edən həkim Aytən ŞİRİYEVA çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident, icazə verin, Sizi Astara torpağında bütün astaralılar adından ürəkdən salamlayım və Sizə “Xoş gəlmisiniz!” deyim. Ötən il rayonumuza tarixi səfəriniz zamanı əsaslı təmir edilmiş Astara Rayon Mərkəzi Xəstəxanasının birinci korpusunun açılışını etmişdiniz. Əsaslı təmir edilmiş xəstəxanamız ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Bununla da Siz bizə - tibb işçilərinə və bütün Astara əhalisinə böyük bir hədiyyə bəxş etmisiniz. 

Bu gün də çox sevindirici bir gündür. Xəstəxanamızın ikinci korpusunu istifadəyə verirsiniz. Mən beş ildir ki, xəstəxanamızda həkim kimi çalışıram. Uşaq həkimi olaraq çox sevinirəm ki, bu korpusda uşaqlarımıza yüksək səviyyədə xidmət edəcək poliklinika və stasionar şöbələr də vardır. İndi bu şəfa ocağında sakinlərimiz yüksək səviyyədə tibbi xidmət alacaqlar. Artıq sakinlərimiz müalicə və müayinə üçün uzaqlara getməyəcəklər. Çünki xəstəxanamızda belə bir şərait yaradılıb ki, ildə bir dəfə sakinlərimiz buraya gəlib müayinədən keçə biləcək, müalicə alıb şəfa tapacaqlar. Cənab Prezident, belə səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalimizin sağlamlığını lazımi səviyyədə təmin etmək üçün əlverişli şərait yaradır. Bununla da Siz xalqımıza yüksək diqqət və qayğınızı bir daha sübut edirsiniz.

Təkcə səhiyyə sferası deyil, həyatımızın bütün sahələri yüksək sürətlə inkişaf edir. Şəhərlərimiz, kəndlərimiz yüksək dərəcədə dəyişir, inkişaf edir. İnsanlarımızın yaşayış səviyyəsi durmadan yüksəlir. Artıq Azərbaycanımız dünyada qüdrətli və hər şeyə qadir olan bir dövlətə çevrilmişdir.

Sizin yorulmaz fəaliyyətiniz, mətin iradəniz dövlətimizi xoşbəxt və parlaq gələcəyə aparır. Hər bir Azərbaycan vətəndaşı bunu artıq həyatında hiss edir və əmindir ki, onun bütün arzularını məhz Siz reallaşdıracaqsınız. Biz ölkəmizin taleyini, öz taleyimizi Sizə etibar edirik. Vaxtilə ulu öndərimizin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” sözlərini bu gün Siz səmərəli fəaliyyətinizlə bir həqiqətə çevirmisiniz. Həyata keçirdiyiniz məqsədyönlü, uğurlu siyasətiniz nəticəsində bu gün Azərbaycan beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi edir. Artıq dünya ölkələri Azərbaycanı ən etibarlı tərəfdaş kimi qəbul edir. Biz Sizinlə fəxr edir və qürur duyuruq, cənab Prezident. Bu gün bütün səhiyyə işçilərimiz adından, astaralılar adından Sizi əmin edirik ki, biz insanlarımızın sağlamlığını təmin etmək üçün səylərimizi gücləndirəcəyik və vəzifələrimizi daha da böyük əzmkarlıqla yerinə yetirməyə çalışacağıq. Bizim üçün yaratdığınız bu ideal şəraitə görə Sizə bir daha bütün səhiyyə işçiləri və astaralılar adından dərin təşəkkürümüzü bildiririk. Sizə və ailənizə cansağlığı arzulayırıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən əminəm ki, burada yaxşı xidmət göstəriləcəkdir. Həkimlərin də əksəriyyəti gənclərdir. Gənclər bizim gələcəyimizdir. Əlbəttə ki, burada xəstələrə qayğı, diqqət, yüksək xidmət göstərilməlidir. Artıq Astaradan başqa yerlərə, başqa şəhərlərə getməyə ehtiyac qalmır. İndi bütün müayinə, diaqnostika, müalicə burada həll olunacaqdır. Burada bütün şöbələr vardır.

Bilirsiniz, ümumiyyətlə, hər bir ölkənin inkişafı təkcə paytaxtın inkişafı ilə ölçülmür. Əlbəttə ki, Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu indi Azərbaycan vətəndaşları da, Bakıya gələn qonaqlar da görürlər. Ancaq bölgələrin inkişafı hər bir ölkənin real gücünü göstərir. Son illərdə Azərbaycanın bölgələrində aparılan işlər bir daha Azərbaycanın qüdrətli ölkə olduğunu təsdiqləyir. Çünki hər bir yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri gedir. Mən bütün ölkəni gəzmişəm. Hər bir rayonda bir neçə dəfə olmuşam. Astaraya artıq altıncı səfərimdir. Görürəm hər yerdə, ölkəmizin istənilən nöqtəsində, nəinki şəhərlərdə, kəndlərdə, qəsəbələrdə də böyük quruculuq işləri gedir. Rayonlar elə bil ki, bir-biri ilə rəqabət aparır. Amma bu, sağlam rəqabətdir və bizi inkişafa doğru aparan rəqabətdir. Hər rayonun ictimaiyyəti, fəalları istəyirlər ki, onların rayonu daha da gözəl olsun, işlər daha da yaxşı getsin. Bax, uğurlarımızın təməlində dayanan bunlardır. Əlbəttə ki, düzgün qərarlar qəbul edilmişdir. İki regional proqram qəbul edilib. Artıq ikinci proqram başa çatır. Mən bölgələrdə səfərlərdə olarkən əlavə göstərişlər verirəm. Bax bu canlı bağlantı bizə imkan verir ki, bütün məsələləri həll edək. Əlbəttə ki, düzgün qərarlar uğurlarımızın təməlində dayanan amildir. Ancaq, eyni zamanda, yerlərdə insanların təşəbbüsləri, zəhməti və öz dövlətinə olan sədaqəti bax, bu uğuru daha da möhtəşəm edir. Çünki Astarada görülən işlər sizin, necə deyərlər, zəhmətinizin məhsuludur. Düzdür, büdcəmiz də artır, investisiya proqramı da kifayət qədər böyükdür. Vəsait də ayrılır – həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan. Ancaq bu maliyyə imkanlarını real həyata çevirmək artıq sizin işinizdir. Mən çox şadam ki, bütövlükdə son 10 il ərzində Azərbaycanın hər bir yerində quruculuq, inkişaf meyilləri çox güclüdür. Cəmiyyətdə çox gözəl ab-hava vardır. Çox böyük quruculuq ab-havası vardır və hər bir bölgədə insanlar çalışırlar ki, öz əməyi ilə ölkəmizi daha da gücləndirsinlər. Hər bir bölgənin inkişafı nəticədə ölkəmizin inkişafını müəyyən edir.

Azərbaycan xəritəsində Astara rayonunun xüsusi yeri vardır. Bu, sərhəd rayonudur. Bakıdan uzaqda yerləşən rayondur. Ona görə buraya xüsusi diqqət daim olmalıdır, vardır, olacaqdır. Bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti illərdə görəcəyik. Biz bu problemləri bilirik, onları həll edəcəyik və Astarada bütün infrastruktur, sosial məsələlər ən yüksək səviyyədə öz həllini tapacaqdır. Sizi bir daha ürəkdən təbrik edirəm.

* * *

Sonra xatirə şəkli çəkdirildi.

* * *

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmışdır. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Burada yaradılan şərait rayon sakinləri ilə yanaşı, ətraf rayonların əhalisinə də yüksək tibbi xidmət göstərmək imkanı yaradır. Yenidənqurma işləri çərçivəsində ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Burada müasir infrastruktur formalaşdırılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında