Masallıda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, şəhərdə yenidən qurulan Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.

Bildirildi ki, ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, şəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən Masallıya səfərlərini əks etdirən fotolar nümayiş etdirilir. Burada kompyuterlər və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcəkdir. 250 və 100 nəfərlik iki konfrans zalının mövcud olduğu mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Vurğulandı ki, mərkəzdə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Burada məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır. Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir. Mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır.

Burada “eko-sinif” də fəaliyyət göstərir. Sinifdə ölkəmizin flora və faunasının qorunması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən İDEA kampaniyası haqqında məlumatların əks olunduğu lövhələr yer almışdır.

Qeyd edildi ki, 2012-ci ildə birinci Beynəlxalq folklor festivalı və ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ikinci Beynəlxalq folklor festivalı Masallıda keçirilmiş və şəhər 2012-ci ildə Azərbaycanın folklor paytaxtı seçilmişdir.

Prezident İlham Əliyev kompyuter, xarici dil otağı və milli rəqs otaqlarına baxdı.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı rayon incəsənət məktəbinin, tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini,  Masallıda həyata keçirilən abadlıq və quruculuq işlərini əks etdirən fotolara baxdı.

Viləşçay sahilində park-bulvar layihəsi dövlətimizin başçısına təqdim olundu.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında