Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Biləsuvar şəhərinə
içməli suyun verilməsi mərasimində iştirak
etmişdir. Dövlətimizin başçısı əvvəlcə rayon
ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Sabahınız xeyir olsun!
Sizi ürəkdən salamlayıram və bu gün burada açılacaq böyük layihənin icra edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu, böyük tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu, böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik.
Bildiyiniz kimi, təmiz içməli su insanların sağlamlığını təmin edir. Biz isə istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, xəstələnməsinlər və Azərbaycanda bütün sahələrdə ən yüksək standartlar tətbiq edilsin. Ona görə, içməli su və kanalizasiya xətlərinin çəkilişi bu gün Azərbaycanda hər bir bölgədə icra edilir. Bu, bəzi rayonlarda artıq istifadəyə verilmişdir, bəzi rayonlarda icra edilir, bəzi rayonlarda isə hazırlıq işləri gedir. Ancaq Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada 24 saat ərzində içməli su olmasın. Eyni zamanda, bununla paralel olaraq bir çox kəndlərdə də içməli su layihələri təmin ediləcəkdir, o cümlədən Biləsuvarda. Beləliklə, biz bu insanları həmişə narahat edən ən əsas problemi həll edəcəyik.
Bununla yanaşı, Biləsuvarda digər infrastruktur layihələri, o cümlədən qazlaşdırma layihəsi uğurla icra edilir. Mənə verilən məlumata görə, rayon təqribən 90 faiz qazlaşdırılıbdır. Bu ilin sonuna qədər bir neçə kəndin qazlaşdırılması nəzərdə tutulur. Biləsuvarda qazlaşdırma 100 faiz təmin ediləcəkdir. Yəni, bunlar əsas infrastruktur layihələridir ki, Azərbaycan dövləti bunları uğurla, ardıcıllıqla icra edir. Bildiyiniz kimi, bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Bütün maliyyə vəsaiti isə Azərbaycan dövlət büdcəsi hesabına formalaşır və ildən-ilə artan maliyyə imkanlarımız imkan verir ki, biz belə gözəl layihələri icra edək.
Bütün uğurlarımızın təməlində güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Ölkəmiz son 10 il ərzində iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Dünyada 200-dən çox ölkə vardır. Bütün beynəlxalq qurumların hesablamalarına, statistikaya görə, son 10 ildə iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün bunlar reallıqdır və bu reallığın arxasında düşünülmüş siyasət və xalqla iqtidar arasında olan birlik dayanır. Çünki bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəldilib. Bu layihələr, o cümlədən digər infrastruktur layihələri bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar, rifah içində yaşasınlar, bütün sosial problemlər öz həllini tapsın və bütün infrastruktur layihələri ən yüksək səviyyədə təşkil edilsin.
Hər bir şəhərdə, o cümlədən Biləsuvarda içməli su layihələri 2035-ci ilə qədər əhalinin təbii artımını nəzərə almaqla hesablanır. Bildiyimə görə, artıq suyun verilməsi başlamışdır və yaxın zamanlarda bütün şəhəri əhatə edəcəkdir. Bir sözlə, bu layihə həm əhəmiyyətlidir, həm də böyük rəmzi məna daşıyır. Çünki ancaq müstəqil Azərbaycanda belə layihələr icra edilə bilər. Ancaq müstəqillik dövründə ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilə bilər. Çünki bizim taleyimiz öz əlimizdədir və bu gün Azərbaycan xalqı gündən-günə daha da yaxşı yaşayır, Azərbaycan dövləti daha da möhkəmlənir və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələri də canlandırır.
Mən Biləsuvarda dəfələrlə olmuşam. Əvvəlki dövrlərdə də, prezidentlik dövrümdə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burada gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. Əminəm ki, sizi də sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilir, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin yeni binası, park. Yəni, hər şey insanlar üçün edilir. Bizim şəhərlərimiz deyə bilərəm ki, sürətlə abadlaşır, yeni görkəm alır. İnsanların rahatlığı üçün işlər görülür. Əvvəlki dövrdə də Biləsuvarda müxtəlif layihələr icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar işə salınmışdır, iş yerləri açılmışdır. Kənd yolları tikilmişdir. İki böyük kənd yolu layihəsi icra edilir.
Kənd yolları problemi Biləsuvarda tam şəkildə həll ediləcəkdir. Qazlaşdırma dediyim kimi, 90 faizdir, 100 faizə çatacaqdır. İçməli su şəhəri tam əhatə edəcəkdir, kəndlərə də çəkiləcəkdir. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük. Əlbəttə ki, bütün bu layihələrin içərisində insanların sağlamlığına xidmət edən layihə xüsusi yer tutur. Bax, bu layihə onların arasında bəlkə də ən önəmlisidir.
Bilirəm ki, Biləsuvarda rayon mərkəzi xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz xəstəxananın təmirini də təşkil edəcəyik. Azərbaycanda bir dənə də gözəl xəstəxanası olmayan şəhər olmamalıdır. İndi ətraf bölgələrdə də, rayonlarda da xəstəxanalar tikilib və təmir edilib. Biləsuvarda da bu iş görüləcəkdir.
Əlavə hər hansı bir təklifiniz, xahişiniz olarsa, siz mənə, əlbəttə ki, yerli icra orqanlarına çatdırın ki, biz növbəti investisiya proqramlarımızda bütün bunları nəzərə alaq. Çünki bizim vəzifəmiz insanlara xidmət etməkdir. Bu gün güclənən Azərbaycan bir daha demək istəyirəm ki, bütün görülən işlərin məntiqi nəticəsidir. Bir daha sizi salamlayıram və gözəl hadisə münasibətilə təbrik edirəm.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt AĞAYEVA ölkənin bütün rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, icazə verin Sizi bütün Biləsuvar ictimaiyyəti adından salamlayım. Doğma Biləsuvarımıza xoş gəlmisiniz.
Bu gün biləsuvarlıların həyatında möhtəşəm bir gündür. Bu gün Siz biləsuvarlılara təmiz içməli su verəcəksiniz. Su həyat, təmizlik, sağlamlıq deməkdir. Siz bununla minlərlə biləsuvarlılara həyat verəcəksiniz, sağlamlıq verəcəksiniz.
İcazə verin, bu böyük problemi həll etdiyinizə görə, Sizə bütün biləsuvarlıların adından dərin minnətdarlığımı bildirim.
Mən onu qeyd etməliyəm ki, artıq bu, bir ənənə halını almışdır, Siz bölgələrimizə, regionlarımıza səfərlər edirsiniz. Bu cür açılışlarda vaxtınızın az olmağına baxmayaraq, şəxsən özünüz iştirak edirsiniz. Bax bu gün olduğu kimi, insanların sevincinə şərik olursunuz, onlarla bu sevinci bölüşürsünüz. Bu da onu göstərir ki, Siz xalqa nə qədər yaxınsınız və xalqın qayğısına nə qədər qalırsınız. Bu, bizim insanlarda yüksək əhval-ruhiyyə yaradır.
Möhtərəm Prezidentimiz, bizə məlumdur ki, Biləsuvar son 10 ildə çox sürətlə inkişaf etmiş, simasını olduqca dəyişmiş, füsunkar bir bölgəyə çevrilmişdir. Bu gün Biləsuvarda yeni-yeni yollar çəkilir, abadlıq işləri gedir. Müasir üslubda salınan parklar, yaşayış məntəqələri insanlara xüsusi zövq, xüsusi rahatlıq verir. Bu inkişaf, bu tərəqqi son 10 ildə təkcə Biləsuvarda deyil, bütün Azərbaycanımızda getmişdir. Azərbaycan son 10 ildə simasını olduqca dəyişmiş, çox qüdrətli bir ölkəyə çevrilmişdir. Biz bu qüdrətli ölkənin vətəndaşları olmağımızdan qürur duyuruq. Bütün bunlar isə Sizin gərgin əməyinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir.
Cənab Prezident, bütün Azərbaycan xalqı kimi, biləsuvarlılar da bax bu əmin-amanlığın, bu sabitliyin, bu inkişafın, bu tərəqqinin davamını istəyirlər. Bunu bizə yalnız Siz verə bilərsiniz və verəcəksiniz də.
Mən isə biləsuvarlılar adından Sizi əmin edirəm ki, biz həmişə Sizinlə olmuşuq, bundan sonra da Sizinlə olacağıq. Ulu Tanrı Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən burada köhnə dostumu da görürəm. Gərək onunla görüşəm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, mən o vaxt seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının rəhbəri kimi iştirak edirdim, bölgələri gəzirdim. Yadımdadır, maşınla keçib cənub zonasına gedirdim. Bu yoldaş durmuşdu yolda, məni salamlayırdı və mən də maşını saxladım, tanış olduq. O vaxtdan bu günə qədər, 10 ildən çoxdur ki, bizim dostluğumuz davam edir. Çoxdandır görməmişəm. Dəyərli, sədaqətli insandır. Şadam ki, həmişə olduğu kimi, fəalların içərisindəsən.
Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Layihə barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirdi ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən “Cənub” kanalından təmin olunurdu. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilirdi. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilirdi. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmamışdır.
Sonra dövlətimizin başçısına “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqqında məlumat verildi. Qeyd olundu ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən - Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilmişdir. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilmişdir. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcəkdir ki, bu da istehlakçıların tələbatını tam ödəyəcəkdir. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşmış, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulmuşdur. Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatmış, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaqdır. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcəkdir.
Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verildi. Kəmərin təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcəkdir. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.
Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.