Sabirabadda müasir istixana kompleksi fəaliyyətə başlamışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabadda müasir istixana kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Sabirabad rayonunun Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi 3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 milyon manat investisiya qoyulmuşdur. Bu layihənin həyata keçirilməsinə sahibkarın vəsaiti ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilmişdir. İstixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulmuş, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilmişdir. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir. Kompleksdə ilkin olaraq faraş pomidor əkilməsinə başlanılmışdır. Yaxın zamanlarda 4 hektar sahəsi olan istixana və emal sahəsinin tikintisinə başlanacaqdır.

Bildirildi ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınmışdır. İstehsal olunan tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir. Layihələrin icrası nəticəsində 55 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.

Sonra Azərbaycan Prezidenti kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana komplekslərinə dair stendlərə baxdı.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına tərəvəz istehsalı və istixana təsərrüfatları barədə məlumat verdi.

Qeyd edildi ki, ötən il 1,2 milyon ton tərəvəz, o cümlədən 472 min ton pomidor, 210 min tondan çox xiyar istehsal olunmuşdur. Tərəvəz üzrə özünü təminetmə səviyyəsi 100 faizdir. Ötən il tərəvəz ixracı 2003-cü ilə nisbətən 4,7 dəfə artaraq 55 min tona, o cümlədən faraş pomidor ixracı 36 min tona, xiyar ixracı isə 13 min tona çatmışdır. Eyni zamanda, dövlət tərəfindən 88 hektar ərazidə 148 istixanaya 52,3 milyon, o cümlədən 69 hektar ərazidə 27 müasir istixanaya 47,7 milyon manat güzəştli kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına müasir istixana komplekslərinin yaradılması bundan sonra da davam etdiriləcəkdir.

Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonu üzrə 261 sahibkara 8,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1228 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlətimizin başçısı hazır məhsullara və gübrələrə baxdı.

Prezident İlham Əliyev istixana kompleksinin işçiləri ilə söhbət etdi.

İşçi: Cənab Prezident, çox sağ olun ki, bizə bu cür şərait yaratmısınız. Bizə yollar çəkdirmisiniz, idman kompleksi tikdirmisiniz, xəstəxanalar açdırmısınız. Sizə sağ olun deyirik. Allah Sizə uzun ömür, cansağlığı versin. İşlərinizdə uğurlar arzulayırıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

İşçi: Cənab Prezident, xoş gəlmisiniz. Mən bir şeyi xatırlatmaq istəyirəm, ulu öndərimiz həmişə deyərdi ki, Azərbaycan çox qüdrətli bir ölkə olacaqdır. Biz bu gün məhz Sizin rəhbərliyiniz altında bu fikirlərin reallığa çevrilməsinin canlı şahidiyik. Buna görə də çox sağ olun, minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sabirabadda çox işlər görülüb. Bildiyiniz kimi, Olimpiya İdman Kompleksi, digər vacib obyektlər tikilib. Onların içində əlbəttə ki, sənaye müəssisələrinin  yaradılması da xüsusi yer tutur. Həm sizin üçün iş yerləri yaradılır, həm yüksək maaş verilir. Eyni zamanda, görürəm ki, burada qadınlar işləyirlər. Qadınlar üçün də iş yerləri olmalıdır. Müasir texnologiya əsasında qurulmuş müəssisələrdə işləmək əlbəttə ki, çox xoşdur.

Burada neçə nəfər işləyir?

İşçi: 55 nəfər. İstixananın dörd hektar ərazisi istifadəyə veriləndən sonra 110 nəfərə çatacaqdır.

Prezident İlham ƏLİYEV: Əksəriyyəti də qadınlardır. Bura hələ genişlənəcəkdir. Əlavə iş yerləri yaradılacaqdır. Siz bu kənddə yaşayırsınız?

İşçi: Bəli, Bulaqlı kəndində.

Prezident İlham ƏLİYEV: Əvvəllər işləyirdiniz?

İşçi: Xeyr.

Prezident İlham ƏLİYEV: Amma indi işləyirsiniz. Gözəl işdir. Şərait də yaxşıdır. Burada fəhlələrə yaxşı xidmət göstərilir. Maaş nə qədərdir?

İşçi: 320 manat. Yeməyimizi də verirlər. Şəraitimiz yaxşıdır. Allah Sizə ömür versin.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında