Yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışı olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak etmişdir.

Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermişdir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları abadlaşdırılır. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilmişdir. Bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qaxda da geniş vüsət almışdır. Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulmuşdur.

Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanmışdır. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür.

Yolun keçdiyi Kürmük çayı üzərində nəhəng körpü də inşa olunmuşdur. Dörd aşırımdan ibarət körpü Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü ilə diqqəti cəlb edir. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün inşasına 2012-ci ilin yanvarında başlanmışdır.

Körpüdə avtomobillərin hərəkət hissəsi 11,5, piyadaların hərəkət hissəsi isə 1,5 metrdir. Körpünün çay səviyyəsindən hündürlüyü 8 metrdir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan və rahatlaşdıran bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının ardıcıl və davamlı xarakterinə daha bir sübutdur. Ümumiyyətlə, yol boyu 21 körpü vardır.

Diqqətə çatdırıldı ki, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir. Avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcəkdir. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında