Prezident İlham Əliyevin yekun çıxışı

- Hörmətli qonaqlar, artıq imzalanma mərasimi başa çatmışdır. Zirvə görüşümüz də başa çatır. Bir daha əziz qardaşlarımıza, nümayəndə heyətlərinin başçılarına Qəbələdə bu Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu Zirvə görüşündən sonra aramızdakı əməkdaşlıq daha da artacaq və çox ciddi layihələr icra ediləcəkdir. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığın yeni pilləyə qalxmasına imkan yaradacaqdır.  Səslənən təkliflərlə və ümumiyyətlə, gələcək fəaliyyətimizlə bağlı bir neçə məsələni qeyd etmək istərdim. İqtisadi  sahədə əməkdaşlıq, - bu barədə artıq danışıldı, - böyük perspektivlərə malikdir. Bu gün ölkələrimizin  iqtisadi inkişafı çox sürətlidir. Bir daha demək istərdim ki, iqtisadi və maliyyə böhranına baxmayaraq, bu gün ölkələrimiz iqtisadiyyatını inamla artırırlar. Azərbaycana gəldikdə, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfədən  çox artmışdır və bu artım çox təsirli olmuşdur. İqtisadiyyatımız artıq çoxşaxəli, rəqabət qabiliyyətli iqtisadiyyatdır. Dünyanın ən mötəbər iqtisadi qurumu olan Dünya İqtisadi Forumunun - Davos Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 46-cı yerdədir.

Aparılan iqtisadi islahatlar, zəngin təbii resurslar ölkəmizin inkişafına xidmət göstərir. Ona görə, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar vardır. Azərbaycan ölkə daxilində və xaricdə investisiya layihələrini icra edir. Hesab edirəm ki, ölkələrimiz arasında olan dostluq, qardaşlıq  münasibətləri qarşılıqlı investisiyaların qoyuluşuna da xidmət göstərir. Hər halda Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır.

Bizi enerji və nəqliyyat dəhlizləri birləşdirir. Bu da böyük sərvətimizdir. Üzv ölkələrin böyük təbii sərvətləri, böyük coğrafiyası vardır. Bütün bu səylər artıq  hər bir ölkənin inkişafını təmin edir.

Əlbəttə, enerji diplomatiyasının davam etdirilməsi və bu sahədə səylərimizin əlaqələndirilməsi, hesab edirəm ki, zərurətdir və gələcək illərdə bu istiqamətdə biz işlərimizi davam etdirəcəyik.

Burada səslənən fikirlər arasında  turizm sektorunda birgə fəaliyyət haqqında məsələlər qaldırıldı. Hesab edirəm ki, bu, çox əhəmiyyətli bir sahədir. Xüsusilə Qəbələ kimi  turizm mərkəzində bu istiqamətdə atılacaq addımlar haqqında  fikir mübadiləsi çox dəyərlidir. Təklif edirəm ki, türk dünyasının turizm potensialı və türk dünyasının turizm mərkəzləri haqqında birgə səylərlə birgə sərgi də keçirilə bilər. Bu sərgi həm ölkələrimizdə, həm də başqa ölkələrdə keçirilə bilər. Yaxud da ki, bununla bərabər, mötəbər beynəlxalq sərgilərdə türk dünyası vahid bir təqdimatla çıxış edə bilər. Çünki ölkələrimizdə çox gözəl turizm imkanları vardır. Bizim ölkələri birləşdirən turizm  potensialı güclənir. Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi, İsık-göl dünya miqyasında çox mötəbər turizm istiqamətləridir. Ölkələrimizdə təbiət çox gözəldir - təmiz hava, dağlar, meşələr, çaylar. Yəni, birgə turizm təqdimatı hesab edirəm ki, həm birliyimizi əks etdirər və təqdim edər, eyni zamanda, praktik nöqteyi-nəzərdən ölkələrimizə turistlərin axınını gücləndirmiş olar.

Bu gün, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı təkliflər səslənmişdir. Azərbaycan bu istiqamətdə öz işlərini davam etdirir. Bu ilin əvvəlində ilk Azərbaycan telekommunikasiya peyki orbitə buraxılmışdır. Beləliklə, Azərbaycanda kosmik sənayenin inkişafına start verildi. Bu sahə təbii ki, humanitar sahə ilə bilavasitə bağlı olan bir sahədir. Çünki informasiya-kommunikasiya texnologiyaları bilikdir, savaddır, innovasiyadır və əlbəttə ki, humanitar sahənin inkişafı hər bir ölkə üçün çox önəmlidir. Ölkələrimizdə bilikli, savadlı  gənc nəsil yetişir.  Bu da ölkələrimizin gələcək müstəqilliyini təmin edəcəkdir. Çünki əgər biz  dünya xəritəsinə nəzər salsaq  görərik ki,  inkişaf etmiş ölkələr ona görə inkişaf ediblər ki, orada elmi-texniki tərəqqi sürətlə getmişdir. Elmə, təhsilə qoyulan vəsait kifayət qədər olmuşdur. Bu istiqamətdə görülən işlər hər bir ölkənin gələcək inkişafını və müstəqilliyini gücləndirəcəkdir. Ona görə, innovasiya, elm, təhsil sahələrində ölkələrimiz arasında kifayət qədər geniş əməkdaşlıq vardır və hesab edirəm ki,  gələcək illərdə bu daim diqqət mərkəzində olmalıdır.

Təbii ki, gündəlikdə duran məsələlərdən biri də nəqliyyat məsələləridir və artıq burada biz hamımız həmfikirik. Burada bütün çıxışlarda nəqliyyatla bağlı məsələlər qeyd olundu. Biz yeni nəqliyyat infrastrukturunun yaradılması ilə türk dünyasını nəqliyyat şəbəkəsi ilə də birləşdiririk və eyni zamanda, ölkələrimiz üçün, gələcək üçün güclü bir nəqliyyat infrastrukturu yaradırıq. Əsrlər boyu bizim xalqlarımız bundan istifadə edəcək və bu, iqtisadi cəhətdən bizə  əlavə fayda gətirəcəkdir.

Azərbaycanda bu istiqamətdə görülmüş işlər haqqında mən giriş sözümdə fikirlərimi bildirdim. Əlavə etmək istəyirəm ki, bu gün Azərbaycanda Xəzər dənizində tikilən liman bu bölgənin ən böyük dəniz limanı olacaqdır. Bunun yükqəbuletmə qabiliyyəti mərhələlər əsasında on milyon tondan iyirmi milyon tona çatacaqdır. Əlbəttə, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakıda dəniz limanının istifadəyə verilməsi əlaqəli şəkildə aparılır və beləliklə, Xəzər dənizi ilə yüklərin daşınmasının artımına gətirib çıxaracaqdır.

Bu gün çıxışlarda, eyni zamanda, xalqlarımıza xas olan tolerantlıq haqqında deyildi. Bu da çox önəmli məsələdir. Həqiqətən, bizim ölkələrimizdə yaşayan bütün xalqlar onların etnik, yaxud da ki, dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayır, heç vaxt hər hansı bir xoşagəlməz hallar yaşanmır. Bu, böyük sərvətimizdir və biz çalışmalıyıq ki, türk dünyasını  dünyaya, eyni zamanda, tolerantlıq məkanı kimi təqdim edək. Biz Azərbaycanda bu istiqamətdə müxtəlif tədbirlər  keçiririk. Bilirəm ki, digər qardaş ölkələrdə də bu tədbirlər keçirilir. Xüsusilə, mən İkinci Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun fəaliyyətini qeyd etmək istəyirəm. Biz qardaşlarımızın gələcək forumlarda fəal iştirakını arzulayırıq. Çünki bu forum artıq dünya çapında özünəməxsus yerini tuta bilmişdir.

Burada xalqlarımızın, ölkələrimizin gələcəyi ilə bağlı digər dəyərli fikirlər səslənmişdir. Xüsusilə, demoqrafik vəziyyətlə bağlı səslənən  fikirlərə münasibətimi bildirmək istəyirəm. Bu, bizim böyük sərvətimizdir. Bizim ölkələrimizdə demoqrafik vəziyyət çox müsbətdir, təbii artım baş verir. Dünyanın bir çox ölkələrində vəziyyət tam başqadır. Bu, bizim böyük sərvətimizdir, bu günün və gələcəyin potensialıdır. Ancaq o da sirr deyil ki, demoqrafik vəziyyət o vaxt üstünlükdür ki, iqtisadi inkişaf sürətlidir. Demoqrafik vəziyyət mütləq ciddi iqtisadi islahatlarla tamamlanmalıdır. Əgər bu olmasa, əgər iqtisadiyyat inkişaf etməsə, amma əhali artsa, o zaman bu, problemə çevrilə bilər. Əgər demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artsa, o zaman bu, böyük potensialdır, böyük gücdür. Gələcəkdə dünyada problemlərin həlli ölkələrin potensialı ilə, o cümlədən demoqrafik vəziyyətlə də bağlı olacaqdır.

Eyni zamanda, burada səslənən bir fikrə də öz münasibətimi bildirmək istəyirəm. Hesab edirəm ki, bu da çox dəyərli fikirdir və Azərbaycan bu istiqamətdə öz səylərini göstərir. Xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə  fəaliyyəti çox önəmlidir. Biz Azərbaycanda  və Türkiyədə vaxtaşırı Türkiyə-Azərbaycan diaspor təşkilatlarının toplantılarını keçiririk. Birgə qurultay da keçirilmişdir. Hesab edirəm ki, bu sahədə də səylərimizin birləşməsi faydalı olardı. Çünki bu gün xaricdə yaşayan, xalqlarımızı təmsil edən milyonlarla soydaşımız vardır. Onları təşkilatlandırmaq, bir araya gətirmək üçün hesab edirəm ki, gözəl imkanlar vardır. Ayrı-ayrılıqda diaspor təşkilatları fəaliyyət göstərir. Bir çox hallarda öz fəaliyyətlərini koordinasiya edirlər. Ancaq bu formatda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birləşməsi də, hesab edirəm ki, hər cəhətdən bizim işimizi  daha da gücləndirər.

 Bir sözlə, əziz dostlar, hörmətli dövlət başçıları, bugünkü zirvə görüşü, əminəm ki, növbəti uğurlu mərhələ olacaqdır. Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm ki, biz var gücümüzlə işləyəcəyik ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin. Bir daha sizə dərin hörmət və ehtiramımı bildirirəm. Sağ olun.

 * * *

Bununla da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının

 III Zirvə toplantısı başa çatdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında