Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevin çıxışı

- Cənab sədr!

Zati-aliləri!

Xanımlar və cənablar!

İcazə verin Sizə və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü sammitinin bütün iştirakçılarına Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və zirvə görüşünə dəvətə görə təşəkkürünü çatdırım, onun adından sizə uğurlar və firavanlıq arzulayım.

Bu mühüm və əhəmiyyətli tədbirdə çıxış etmək mənim üçün böyük şərəfdir. Bizi vahid irs birləşdirir, bu irsin köməyi ilə istər regionda, istərsə də bütün dünyada sülhün və sabitliyin təmin edilməsi işində xalqlarımız arasında hərtərəfli əməkdaşlığı dərinləşdirmək mümkündür.

Müasir dilçilik elminin məlumatına görə, türk dillərində danışan insanların sayı 100 milyondan çoxdur. Dil birliyi, mənəvi birlik və güclü inteqrasiya bizi daha sıx birləşdirir və qarşılıqlı anlaşmanın genişlənməsinə şərait yaradır.

Hörmətli iclas iştirakçıları, müasir Türkmənistan dinamik inkişaf edən dövlətdir. Türkmənistan Prezidentinin fəaliyyət xətti ölkənin innovasiya və sənaye baxımından inkişafına, ictimai rifahın təməlinə çevrilməli olan rəqabətədavamlı iqtisadiyyatın yaradılmasına yönəlmişdir. Türkmənistan yeni texnologiyaları cəlb etməklə, innovasiyaları öyrənməklə, onları praktikada hərtərəfli tətbiq etməklə qabaqcıl dünya təcrübəsini fəal mənimsəyir. Biz nisbətən qısa müddət ərzində öz iqtisadiyyatımızı dünya standartlarına uyğunlaşdırmağa, neytrallıq, qarşılıqlı faydalı əməkdaşlıq və humanizm prinsiplərinə əsaslanan əlverişli beynəlxalq münasibətlər sistemi yaratmağa nail olmuşuq.

Türkmənistan dünya sivilizasiyasına çox qiymətli töhfələr vermiş mədəni irsə malik olan türk dünyasının ayrılmaz hissəsidir. Müasir mərhələdə bizim mədəniyyətlərin inkişafı, mədəni irsin nəsildən-nəslə ötürülməsi bizim sivilizasiyanın yenilənməsinin davamı olub onun sarsılmazlığını təmin edir.

Məsələn, bizim xalqların birləşməsinin rəmzi olan Böyük İpək Yolunun əhəmiyyəti zaman keçdikcə daha da artır, özü də təkcə ona görə yox ki, o, müasir formatda bərpa olunur, həm də ona görə ki, bizim şüurumuzda tariximizin, mədəniyyətimizin ümumiliyi təsəvvürü yaranır.

Ümumi mədəni sərvətin qorunub saxlanması, öyrənilməsi və populyarlaşması amillərindən biri də humanitar əlaqələrdir. Türkmənistan zəngin beynəlxalq əməkdaşlıq təcrübəsinə malikdir. Bu əməkdaşlığın əhatə dairəsinin genişliyi məhz türkdilli ölkələrlə əməkdaşlıqda təzahür edir. Türk xalqlarının ümumi bayramı olan Novruz şənliklərinin hər il birlikdə qeyd edilməsi bizim xalqlarımızın vəhdətinə sübutdur. Qədim türkmən torpağında Novruzun möhtəşəm dini bayram kimi qeyd olunmasını xüsusi vurğulamaq istərdim. Bu tədbir regionda sülh və həmrəylik yaradılmasını qarşıya məqsəd qoymuş xalqlarımız arasında möhkəm tarixi, mədəni əlaqələrə daha bir sübutdur.

Mədəni-humanitar əməkdaşlıq barədə danışarkən Türkmənistanın elmi, mədəni tədbirlərində türkdilli xalqların nümayəndələrinin fəal iştirakını qeyd etmək zəruridir. İl ərzində mədəniyyət günləri, elmi konfranslar, sərgilər və görüşlər keçirilir. Klassiklərin ədəbi və fəlsəfi irsi öyrənilir və tərcümə edilir. Məsələn, türkmən poeziyasının klassikləri Molla Nepesin, Əndəlibin onlarla əsəri Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Böyük türkmən şairi Məhdimqulunun 290 illiyinin qeyd edilməsi ərəfəsində Azərbaycanda və Türkiyədə bu klassikin yaradıcılığına həsr edilmiş poeziya günləri keçirilmişdir. Bu ilin may ayında biz Türkmənistan Prezidentinin qazax dilində nəşr edilmiş “Türkmənistanın dərman bitkiləri” kitabının Astanada keçirilmiş təqdimatında iştirak etdik.

Ölkələrimiz arasında elmi əməkdaşlıq ilbəil fəallaşır. Türkmənistan türkdilli ölkələrin demək olar ki, hamısı ilə elmi əməkdaşlıq haqqında sazişlər imzalamışdır. Bu gün həmin münasibətlər elmi təşkilatların və alimlərin əlaqələrinin yüksək intensivliyi ilə səciyyələnir. 2013-cü il mayın 30-da Türkmənistan hökuməti ilə Türkiyənin Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (Türk İşbirliği ve Koordinasyon Ajansı - TİKA) arasında Sultan Alp Arslanın məzarının axtarışı və onun məqbərəsinin tikilməsi üzrə əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Son bir ildə Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin və Özbəkistanın elmi mərkəzlərinin və universitetlərinin yüzlərlə alimi bizim  ölkədə keçirilən elmi tədbirlərdə iştirak etmişdir. Türkmənistanın gənc vətəndaşları Qazaxıstanın, Qırğızıstanın, Türkiyənin ali məktəblərində təhsil alır, qardaş xalqların mədəniyyəti və elmi ilə tanış olurlar. Qardaş xalqların nümayəndələri də öz növbəsində Türkmənistanda təhsil alırlar. Əminik ki, ölkələrimizin elmi-texniki əlaqələrinin gələcək inkişafı, perspektivli innovasiya, elmi və texnoloji istiqamətlərin aşkar edilməsi çoxtərəfli münasibətlərin daha da genişlənməsinə və təkmilləşməsinə kömək edəcəkdir.

Hörmətli iclas iştirakçıları, qloballaşma, müasir çağırışlar şəraitində öz bənzərsiz qüvvəsini qoruyub saxlamış sivilizasiyamız gənc nəsli humanist dəyərlər ruhunda tərbiyə etməklə irəliləyir. Əminəm ki, qonaqpərvər Azərbaycan torpağında bu görüşümüz real səmərə verəcək, dövlətlərimiz arasında inteqrasiya proseslərinin daha da inkişafına, xalqlarımızın qarşılıqlı mənəvi zənginləşməsinə və yaxınlaşmasına xidmət edəcəkdir.

Diqqətinizə görə sağ olun.

* * *

Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi cənab Xəlil Akıncıya.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncının çıxışı

- Sağ olun hörmətli dövlət başçısı!

Hörmətli dövlət başçıları!

Hörmətli, Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini!

Hörmətli nazirlər, dəyərli tədbir iştirakçıları!

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı münasibətilə Qəbələdə çıxış etməkdən şərəf duyuram. 2011-ci ildə Almatı şəhərində keçirilən iqtisadi əməkdaşlıq əlaqələrinin müzakirə edildiyi ilk Zirvə toplantısından sonra ötən il elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin müzakirə edildiyi ikinci Zirvə toplantısını təşkil etdik. Bu il isə beynəlxalq nəqliyyat məsələlərini müzakirə etdik.

Bişkek Zirvəsindən ötən bir illik müddətdə Katiblik təlimatlarınızla verilən vəzifələri yerinə yetirmək üçün çalışmış, sıx əlaqələrə əsaslanan və nəticəyə köklənmiş əməkdaşlıq anlayışını həyata keçirməyə davam etmişdir.

Məqsəd üzv ölkələr arasında bir çox sahələrdə ikitərəfli formatda mövcud əməkdaşlığı əhatəli şəkildə çoxtərəfli əməkdaşlığa çevirməkdir. Üç ildir ki, həyata keçirdiyimiz metodla əvvəlcə əməkdaşlığımızın qarşısındakı maneələri ortadan qaldırmağa, sonra da bu əməkdaşlığın möhkəmlənməsi üçün vacib addımlar atmağa çalışırıq. Eyni zamanda, əlavə əməkdaşlıq sahələri də yaradırıq, bütün işlərimizi bir sənəddə toplayırıq. Bu üsul həyata keçirilərkən üzv ölkələrimizin mövcud qanunvericiliyinə zərər gəlməməsinə çalışırıq.

Çıxışımda qeyd edəcəyim məqamlar, geniş məlumatlar təqdim etdiyim 300 səhifədən çox olan illik fəaliyyət hesabatında vardır.

Bişkek və Qəbələ zirvələri arasında yeni başladılan əməkdaşlıq prosesləri də daxil olmaqla 20-dən çox əsas toplantı təşkil edilmişdir. Ümumiyyətlə, müxtəlif şəhərlərdə təşkil olunmuş 100-dən çox tədbirin əksəriyyətində iştirak etmişəm. Bir il əvvəl təşkil edilən toplantının sayı 6 idi. Bu çərçivədə iqtisadiyyatla yanaşı, elm, təhsil və mədəniyyət sahələrində mövcud əməkdaşlıq prosesləri davam etdirilmişdir.

Müvafiq qurumlarımız olan TürkPA, Türk Akademiyası və TÜRKSOY ilə sıx əməkdaşlıq əlaqələri davam etdirilmişdir. Digər tərəfdən Katiblik yaradılandan bəri ortaq mədəniyyətimizin inkişaf etdirilməsində və təbliğində böyük dəstəyi olan TÜRKSOY-un beynəlxalq razılaşma ilə davamlı statusa malik olması və işçilərinin hüquqlarının qorunması vacib məsələdir.

Bişkek Zirvəsindən bəri bir çox yeniliklər olmuşdur. Türk Universitetləri Birliyi qurulmuş, Ortaq Terminologiya Komitəsinin ilk toplantısı keçirilmişdir. Toplantıda verilən qərarlar sırasına 1926-cı ildə Bakıda keçirilən birinci Türkoloji Qurultayda razılaşdırılan əlifbaya əsaslanan bir latın əlifbasının elmi işlər üçün ortaq istifadə olunmasına təqdim edilməsi qərarı daxildir. Qəbul edilən ortaq terminlərlə birgə, həmin əlifba Katibliyin və müvafiq qurumların yazışmalarında hazırda istifadə edilməkdədir. Dünyadakı türk dilindəki yer adlarının dəyişdirilməsi həqiqətini nəzərə alaraq ortaq türk dilində yer adlarının xəritəsinin Türk Akademiyasının dəstəyi ilə hazırlanması da komitənin gündəliyindədir. 

 Digər mühüm məqam isə üzv ölkələrin diasporları arasında başlanan əməkdaşlıq prosesidir. Diasporlarımız sayca çoxdur, səsləri ilə güclərini birləşdirdikləri halda onların səsi daha çox eşidiləcəkdir. Bu çərçivədə Bakıda və Ankarada təşkil edilən diaspor komitələri rəhbərlərinin toplantıları ilə yanaşı, türkdilli diasporların ortaq fəaliyyət strategiyası qəbul edilmişdir.

Bakıda iyunda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunda 50-yə yaxın ölkədən 600-dən çox diaspor nümayəndəsi iştirak etmişdir. Qarşıdakı dövrdə bu sahədə regional bir qurumun yaradılması planlaşdırılır.

Hörmətli dövlət başçıları! Təlimatlarınıza uyğun olaraq keçən ildən bu yana zirvənin də mövzusuna uyğun olaraq nəqliyyat və gömrük sahələrindəki səylərimizi artırdıq. Bu çərçivədə gömrük sərhədlərində gözləmə müddətlərinin azaldılması, “vahid pəncərə” sistemini yaymaq məqsədi ilə işlərimiz davam edir. Nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində nəqliyyat nazirləri bu il Bakıda toplandı.

Toplantıda iştirak edən nəqliyyat nazirləri ortaq əməkdaşlıq protokolunu imzaladılar. Bu toplantıda ortaya çıxacaq problemlərin həll edilməsi üçün nazir müavinləri səviyyəsində əlaqələndirmə qurumunun yaradılması qərarlaşdırıldı.

Nəqliyyat və gömrük birgə əməkdaşlıq sahələridir. Beynəlxalq və ya regional səviyyədə üzv ölkələr tərəfindən həyata keçirilən “İpək yolu”, “Karvansaray”, Bakı-Tbilisi-Qars dəmir yolu, “Mərmərə” layihələrinin ən qısa zamanda bitməsi ortaq maraqlarımız üçün mühüm əhəmiyyət kəsb edir. Xəzərdən keçən nəqliyyatın inkişaf etdirilməsi üzv ölkələrimizi qlobal tranzit ticarət mərkəzinə çevirəcəkdir. Üzv ölkələrin qanunvericiliyinin bu sahəyə uyğun olaraq təkmilləşdirilməsinin təşviqi gündəliyimizdə duran məsələdir.

Son iki zirvə toplantısı arasında xarici siyasətlərdə əməkdaşlıq məsələləri önə çəkilmişdir. Türkdilli Dövlətlərin xarici işlər nazirləri Nyu-Yorkda və Qahirə şəhərlərində qeyri-rəsmi olaraq görüşmüşlər. Üzv ölkələrin xarici siyasət məsələlərində BMT-nin Baş Assambleyasının iclasında eyni istiqamətdə səs verməsi gözlənilən artım xarici siyasətdə yüksələn əməkdaşlığın bariz nümunəsidir.

Avqustun 15-də Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri arasında imzalanan əməkdaşlıq protokolu bu sahədə bu əlaqələrimizin inkişafına xidmət edəcəkdir. BMT-nin Təhlükəsizlik Şurasında hər dönəmdə bir türk dövlətinin iştirak etməsi, Somalidəki Türkiyə səfirliyinə hücumun Azərbaycanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasında pislənməsi kimi ortaq maraqlarımızın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Üzv ölkələr arasındakı gömrük məsələlərinin müzakirəsinin ilk mərhələsinin apreldə Bakıda təşkil edilməsi də xarici siyasət sahəsində əməkdaşlığımızın genişlənməkdə olduğuna bir nümunədir. Toplantıdan sonra Əfqanıstan məsələsində ortaq mövqeyimiz Almatıda keçirilən “İstanbul prosesi” çərçivəsində nazirlər konfransında Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev tərəfindən səslənilmişdir.

Üçüncü tərəflərlə əməkdaşlığın genişləndirilməsi Katibliyin gündəliyində yer almaqdadır. Bu çərçivədə İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində müşahidəçilik statusu əldə edilmişdir. İslam Əməkdaşlıq Təşkilatı nəzdində müşahidəçilik statusu üçün rəsmi müraciət olunmuşdur. Bununla birgə BMT-nin Baş Assambleyası nəzdində müşahidəçilik statusu əldə edilməsi istiqamətində təşəbbüsün müsbət nəticələnməsi üçün üzv ölkələrin dəstəyinin artırılmasına ehtiyac vardır.

Digər tərəfdən, Katiblik beynəlxalq müstəvidə bizi daha da güclü edəcək addım olaraq Şuranın potensial üzvü ola biləcək Türkmənistan və Özbəkistanın da bütün şura toplantılarına dəvət edilməsi və beləliklə, mövcud əməkdaşlıq  prosesinə daxil olmalarının faydası olacaqdır. Həm nəqliyyat nazirləri, həm də digər nazirlər təşkil etdikləri texniki niyyətli toplantılarına  Türkmənistan və Özbəkistanın qatılması mövzusunda dövlət başçılarının təlimatlarını gözləyirlər. Bu məsələdə müsbət qərarlar verilmişdir.

Məlum olduğu kimi, üzv ölkələrin hər sahədəki mövcud dəstəkləri çalışmalarımızın əsasını təşkil etməkdədir. Səylərimizin davam etdirilməsi üçün 2012-ci ildə Bişkek Zirvəsində imzalanan maliyyə əsasları anlaşması ilə yanaşı, Türk Mədəni İrs Fondu ilə Türk Akademiyasının qurucu anlaşmalarının bütün üzv ölkələrdə tamamlanmasına ehtiyac vardır.

Hörmətli dövlət başçıları! Paylanılan kitablardan görəcəyiniz kimi, Türk Akademiyası son üç ildə önəmli əsərlər ortaya çıxarmışdır. Bununla yanaşı, Türk Akademiyasına məktəblərdə tədris olunacaq ortaq türk tarixi və ədəbiyyatı kitablarının yazılması tapşırığı verilmişdir. Beynəlxalq bir qurum olaraq fəaliyyət göstərə bilməsi istiqamətində müqavilənin təsdiq olunub icra edilməsi ilə akademiyanın təsir gücü daha da artacaqdır. Katiblik olaraq Qəbələ Zirvəsindən sonrakı dövrdə də qurumu sürətli şəkildə inkişaf etdirərək gündəliyi müzakirə etmək üçün üzv ölkələrin müvafiq təşkilatları arasında əlaqələndirici vəzifəmizi davam etdirəcəyik. Bu çərçivədə hörmətli dövlət başçılarının Qəbələdə nəzərə çatdırdıqları yeni təlimatlarının həyata keçirilməsi üçün müvafiq işlər görəcəyik. Təhsil nazirlərini görüşdürəcəyik, məsləhət görüldükdə bu forumu keçirəcəyik, rəsmi xarici siyasət qurumları arasında yeni bir əməkdaşlıq prosesi başladacağıq, türk dünyası universitetləri arasında oyunlar təşkil edəcəyik, nazirlərin toplantılarını keçirəcəyik, üçüncü tərəflərlə əməkdaşlığı genişləndirəcəyik, turizm üzrə nazirləri görüşdürəcəyik. Gördüyümüz bütün işlər sənədləşdiriləcək, fəaliyyətlərimiz davam etdiriləcəkdir.

Fürsətdən istifadə edərək, bütün Katiblik əməkdaşlarına minnətdarlığımı bildirirəm. Üzv ölkələrin Katibliyə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Katiblik olaraq ikinci müddətə Zirvəyə sədrliyi başa çatan Qırğızıstan ilə bu vəzifəni yeni alan Azərbaycanı  təbrik edirəm.

Bundan başqa, ev sahibi hörmətli cənab Prezident İlham Əliyevə yüksək qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

Dəyərli dövlət başçıları! Hörmətli Prezident Abdullah Gül və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə xidməti binamızın rəsmi açılışını ötən il oktyabr ayında Bişkek Zirvəsində qəbul edilən, türk birliyinin simvolu olan bayrağımızı qaldıraraq mərasim keçirdik.

Bu mərasimdə iki dövlət bayrağı dirəyini Türkmənistan və Özbəkistan üçün boş buraxdıq. Türkmənistan Respublikası Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevə bu Zirvə görüşündə iştirak etdiyi üçün minnətdarlığımı bildirirəm. Ona boş olan dirəyin Türkmənistan bayrağını gözlədiyini xatırlatmaq istəyirəm. Digər tərəfdən, avqustun 15-də keçirilən konsertlə TÜRKSOY-un 20-ci ildönümünü qeyd etdik. Bu münasibətlə TÜRKSOY-un baş katibi Düsen Kaseinovu və əməkdaşlarını türk dünyası ilə bağlı gördüyü işlərə görə təbrik edirəm. Bir az sonra bəyannamə ilə yanaşı, prezidentlər tərəfindən imzalanacaq mənim vəzifə səlahiyyət müddətim haqqında qərara görə minnətdarlığımı bildirirəm.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, indi isə imzalanma mərasiminə başlayırıq.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının bəyannaməsini və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçıları Şurasının baş katibi, səfir Xəlil Akıncının səlahiyyət müddəti haqqında qərarı imzaladılar.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısına yekun vurdu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında