Türkiyə Prezidenti Abdullah Gülün çıxışı

- Əziz qardaşlarım!

Hörmətli prezidentlər!

Dəyərli nazirlər!

Türk Şurasının qurucu anlaşması olan Naxçıvan anlaşmasının imzalandığı Odlar Yurdu Azərbaycanın tarixi şəhərlərindən biri olan Qəbələdə olmaqdan çox böyük xoşbəxtlik və məmnunluq duyuram.

Tarixi Naxçıvan zirvəsindən dörd il sonra bu dəfə Türk Şurasının üçüncü zirvə toplantısına ev sahibliyi edən azərbaycanlı qardaşlarımıza və əziz qardaşım Prezident Əliyevə təşəkkürlərimi, təbriklərimi çatdırıram.

Əziz qardaşım Prezident Əliyevin müdrik rəhbərliyi ilə hər keçən gün önəmli addımlar atan Azərbaycanın bütün bölgələrində təmin olunan inkişafı görməkdən də qürur duyuruq. Bizləri bu möhtəşəm təbii gözəllikləri mükəmməl memarlıq fəaliyyətləri ilə zirvəyə qaldırdığınız Qəbələ şəhərində qonaq etdiyiniz üçün də təşəkkür edirəm. Həqiqətən bu təbiət gözəlliklərinin içində eyni zamanda, gözəl vaxt keçiririk.

Türk Şurasının zirvə toplantıları qardaş xalqlarımızın ortaq arzusu olan birlik və bərabərliyimizin ən güclü göstəricisidir. Eyni çətir altında qəbul etdiyimiz qərarlar və verəcəyimiz mesajlar qardaş xalqlarımızın ortaq arzu və gözləntilərinə xidmət etməkdədir. Bu mənada 1992-ci ildə başlatdığımız zirvələr prosesinin təşkilati bir quruma qovuşmasında çox önəmli xidmətləri və töhfəsi olan dəyərli qardaşım cənab Nazarbayevə də çox təşəkkür edirəm. Onun həqiqətən çox səmimi səyləri təşkilatlanmanın təmin edilməsinə çox böyük töhfə verdi.

Eyni zamanda, keçən il keçirilən zirvə toplantısına ev sahibliyi edən dəyərli qardaşım Qırğızıstan Prezidenti cənab Atambayevə də Türk Şurası çərçivəsində oynamaqda olduğu qurucu rol səbəbi ilə də çox təşəkkür edirəm. Digər tərəfdən, özbək və türkmən qardaşlarımızın ən qısa zamanda layiq olduqları yeri almalarına ümid edirəm. Bu gün Türkmənistan Baş nazirinin müavini olan qardaşımızın da aramızda olmasından xüsusi bir məmnunluq duyuram.

2009-cu ildə Naxçıvan anlaşması ilə qurduğumuz Türk Şurası qısa zamanda təşkilati kimliyini gücləndirmişdir. Siz dəyərli qardaşlarımın yüksək siyasi iradəsi əsasında planlı və qətiyyətli fəaliyyət göstərən baş katib, səfir Akıncı və katiblik əməkdaşlarını da təqdir edirəm.

Şübhəsiz ki, Türk Şurasının digər vahidlərinin, - bir az əvvəl dəyərli qardaşım cənab Nazarbayevin də söylədiyi kimi, TürkPA, Türk Akademiyası, TÜRKSOY, - bütün bunların da daim güclənərək inkişaf etməsi hamımızın ən böyük arzusudur.    

Əziz qardaşlarım, “türk dünyası” tarixi və dərin mənaya malik bir termindir. Ortaq əcdadlarımızın bizlərə miras qoyduqları dəyərlər və mədəniyyətin formalaşdırdığı şüur sadəcə keçmişimizi, kimliyimizi, mənliyimizi müəyyənləşdirməmiş, gələcəyə istiqamətlənmiş təxəyyüllərimizi də yaratmaqdadır. Bu gün bizi eyni millətin mənsubu edən dəyərlər sadəcə ortaq dilimiz, ortaq dinimiz, ortaq tariximiz, ortaq mədəniyyətimiz və ya ata yurdumuz deyil, parlaq bir gələcəyi hamımızın birlikdə inşa etmək arzu və iradəmizdir. Xalqlarımız arasındakı könül bərabərliyi heç bir zaman etnik, separatçı, davakar bir təmələ söykənməməkdədir. Əsasən Türk dünyası böyük mədəniyyətin mühüm bir hissəsini təşkil etməkdədir. Türk dövlətləri olaraq öz aramızda sərgiləyəcəyimiz əməkdaşlıq və həmrəylik, şübhəsiz, Afro-Avrasiya bölgəsinin sülh, sabitlik və rifahına da töhfə verəcəkdir.

Ölkələrimiz arasında “altı dövlət, tək millət” şüarı ilə həyata keçirdiyimiz əməkdaşlıq bərabər, qarşılıqlı hörmət əsasında irəliləməyə davam edir. Bu qardaşlıq və əməldə birlik ruhu təməlində Prezident olaraq vəzifədə olduğum altı ildə qardaş türk dövlətlərinə 19 dəfə səfər etdim. Eyni zamanda, Prezident qardaşlarım da ölkələrimizi ziyarət edərək hamımız bir-birimizi şərəfləndirdik.

Prezidentlər səviyyəsində nümayiş etdirdiyimiz bu sıx əlaqələr, əlbəttə, digər əməkdaşlıq səfərlərinə də təkan vermişdir. Bu sahədə bir çox layihələr həyata keçirilmişdir. İstər regional sahədə, istər beynəlxalq platformalarda aramızdakı həmrəylik hər zaman nümunə olmuşdur. Bir-birimizi daim dəstəkləyərək hər yerdə güclü bir həmrəylik nümunəsi göstərməklə bir-birimizin uğurları digərlərimiz üçün də qürur mənbəyi olmuşdur.

Günümüzdə əməkdaşlığa və həmrəyliyə ehtiyac hər zaman olduğundan çoxdur. Üzləşdiyimiz problemlər və çətinliklərlə birgə mübarizə aparmaq və imkanlardan bərabər faydalanmaq ancaq güclərimizi birləşdirdikdə mümkün ola bilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu anlayışı bölüşən ölkələrimizin daha əhatəli əməkdaşlıq, həmrəylik, müzakirə mexanizminin bir nəticəsi olaraq yaranmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində türk dünyasının böyük potensialını həyata keçirəcək mühüm layihələri reallaşdıracağımıza şübhə etmirəm.

Almatı Zirvəsində iqtisadi əməkdaşlıq, Bişkek Zirvəsində isə təhsil, elm və mədəniyyət əməkdaşlığı sahələrində müzakirələr aparmışdıq. Hər iki zirvədən sonra da bu sahələrdə önəmli addımlar atılmış, verdiyimiz təlimatlar istiqamətində dəyərli nazirlərimiz və bu işdə məsul olan şəxslər səmərəli işlər görmüşlər.

Dünyamızın qlobal gerçəkliklərində ölkələr və millətlər arasında əhatəli əməkdaşlıq və inteqrasiya üçün səmərəli nəqliyyat və rabitə əsas məsələlərdəndir. Türk dünyasının iqtisadi və mədəni sahədə inteqrasiyası ölkələrimiz arasında nəqliyyat infrastrukturunu bir-birinə bağlayacaq layihələrin həyata keçirilməsi ilə sıx əlaqədardır. Bu səbəbdən Qəbələ Zirvəsi nəqliyyat sahəsində əməkdaşlıq olaraq müəyyən edilməsi son dərəcə uğurlu bir seçimdir. Ölkələrimiz Avropanı Qafqaz və Orta Asiyadan keçməklə Çin vasitəsilə Şərq və Şərqi Asiyaya bağlayacaq strateji bir xətt üstündə yerləşir. Türkiyə Şərq və Qərb arasındakı mövcud xətlərə alternativ və təhlükəsiz dəmir yolları marşrutları məsələsi üzərində çalışmaqdadır. Modern “İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan bu layihənin ən mühüm hissəsi Azərbaycan ilə birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bölgədəki vəziyyəti dəyişdirəcək bu böyük layihələr çərçivəsində işlər sürətlə davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr arasında sürətli nəqliyyat imkanları yaradaraq iqtisadi və ticarət əlaqələrimizin inkişafına böyük töhfə verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ən qısa zamanda tamamlanması üçün böyük səylər göstərilir. Bu sahədə nəqliyyat nazirlərimiz tez-tez görüşürlər. Avqustun 15-də nəqliyyat nazirlərimiz son vəziyyət barədə məlumat verdilər. Bu layihənin davamı olan Bakı limanı ilə Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanları arasındakı mövcud gəmi nəqliyyatının inkişaf etdirilməsi layihəsinin sürətlə təkmilləşdirilməsi əhəmiyyətlidir. Nəqliyyat nazirlərimiz iyulun əvvəllərində Bakıda təşkil edilən toplantı çərçivəsində imzalanan Bakı, Aktau və Samsun dəniz limanları arasında qardaş liman əlaqəsinin yaranmasına dair imzalanmış Anlaşma memorandumu bu məsələdə önəmli bir addım olmuşdur. Hədəfimiz Türkmənbaşı limanını da bu çərçivəyə daxil etməkdir. Orta dəhlizin əsasını təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatması ilə Orta Asiyadan keçməklə Çindən Avropaya birbaşa əlaqə yaradılacaqdır. Bakı-Tbilisi-Qars layihəsi 2014-cü ildə başa çatacaqdır. Təxminən 4,5 milyard ABŞ dollarına başa gələcək “Marmaray” layihəsinin isə cari ilin oktyabrında açılışı olacaqdır. Qərbi Avropadan çıxan bir qatar birbaşa Xəzər sahillərinə, oradan da Aktau limanından keçməklə Şanxaya və Seula çatacaqdır. İngiltərədən Çinə birbaşa dəmir yolu əlaqəsi yaradacaq bu xəttin tikilməsi xalqlarımızın rifah səviyyəsini artıracaqdır. Bu həqiqətən strateji əhəmiyyətə malik böyük bir layihə olacaqdır.

Əziz qardaşım, hörmətli Nursultan Nazarbayev bu məsələlərə bir az əvvəl toxundu. Qazaxıstanın böyük maraq göstərdiyi bu layihəyə Qırğızıstanın da daxil edilməsi ilə bağlı məsələni müzakirə etdik.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr olaraq əməkdaşlığımızı dəmir yolu xətləri ilə gücləndirmək imkanına malik olmağımıza şübhəm yoxdur. Hamının bu layihəyə marağı böyükdür. Zati-aliləri bu məsələdə böyük maraq nümayiş etdirir. Çindən gələcək hazır məhsullar da bu dəmir yolu vasitəsilə daşınacaqdır. Hətta yükün belə hazır olduğunu deyə bilərik. İnşallah, Türkmənistanın da bu layihəyə qatılması ilə həqiqətən ölkələrimiz arasında dəmir yolu xətlərilə əlaqələr yaranacaqdır.

Digər tərəfdən ölkələrimiz arasındakı quru yol nəqliyyatı da çox önəmlidir. Quru yolla nəqliyyatın bütünlüklə sərbəstləşdirilməsi,  çox önəmli olan gömrük keçidlərində əməliyyatların standartlaşması və lazımlı işlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Əgər biz gömrüklərimizi müasirləşdirməsək, o zaman dəmir yolunda, quru yolunda tıxaclar meydana gələr və dar boğazlar yaranar. Bunun üçün də gömrük məntəqələrimiz eyni, standart səviyyədə müasirləşdirilməlidir. Bunun iqtisadi və ticarət əməkdaşlığımızın inkişafında önəmli olduğunu düşünürəm. Xəzər dənizindəki limanın tutumu tez bir zamanda böyüdülməlidir. Çünki Türkmənistanda və Qazaxıstanda bu layihələr mövcuddur. Limanlar vasitəsilə dəniz nəqliyyat səfərlərinin başladılması bu sahədəki prioritetlərimizi təşkil etməlidir. Bütün bunlar konkret layihələrdir. Bunlar, həmçinin hamımıza həm tək-tək, həm də ümumi şəkildə xidmət edəcək layihələrdir.

Əziz qardaşlarım! Qlobal iqtisadi potensial mərkəzinin Atlantik okeandan Sakit okeana keçməsi danılmaz həqiqətdir. Bu vəziyyət təbiəti ilə türk dünyasının geoiqtisadi əhəmiyyətini də artırmışdır. Türkiyənin, Azərbaycanın, Türkmənistanın, Qırğızıstanın, Qazaxıstanın və Özbəkistanın iqtisadi və demoqrafik potensialı bütünlükdə 4.8 milyon kvadrat kilometrlik sahədə dünyada yeddinci, 140 milyon əhalisi ilə doqquzuncu, 1,5 trilyon ABŞ dolları dəyərində ümumi hasilatı ilə 13-cü yerdədir. Bu sıralamalarda türk dünyası qlobal ölçüdə sahib olduğu coğrafi və demoqrafik potensialdan aşağı bir iqtisadi göstəriciyə malikdir. Bu da iqtisadi inkişaf həmlələrimizi durmadan davam etdirməyimizin vacibliyinə işarə edir. Tarixə nəzər saldıqda türk dövlətlərinin güclü və təsirli olduğu dövrlərdə “İpək yolu”nun dünya ticarətinin ana xətti olduğu müşahidə olunur. Türk dünyası qlobal iqtisadiyyatdan və dünya ticarət yollarından kənarda  qaldıqda isə siyasi və mədəniyyət sahəsinə təsiri azalmışdır. Bunları tarixi oxuyanlar bilirlər. Bu mənada  “İpək yolu” türk dünyasının iqtisadi rifahının və siyasi təsirinin açarıdır. Ona görə “İpək yolu”nu yenidən bərpa etmək strateji bir prioritet olmalıdır.

Müasir mənada “İpək yolu” isə tarixi “İpək yolu”nun bu dəfə geniş nəqliyyat xətləri, enerji koridorları, təbii qaz boru kəmərləri ilə bərpası deməkdir. Müxtəlif layihələrlə türk dünyasının yenidən qlobal iqtisadiyyatın mərkəzi regionundan birinə çevrilməsi əsas prioritetimiz olmalıdır. Önümüzdəki bir neçə il ərzində reallaşdıracağımız layihələrlə bu sahədəki əhəmiyyətli bir mərhələni keçəcəyimizə inanıram. Siz dəyərli qardaşlarımın bu məsələdə dəstəyi bunun qarantıdır.

Hörmətli dövlət başçıları, dəyərli iştirakçılar! Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr olaraq aramızdakı siyasi və diplomatik həmrəyliyi ən yüksək səviyyədə saxlamaq hamımızın marağındadır. Türk dünyasının prioritet xarici siyasət məsələlərinin önündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu mövcud vəziyyət qəbuledilməzdir. Münaqişənin ən qısa zamanda sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu qeyri-qanuni işğalın, qəsbkarlıq siyasətinin qarşısı alınanadək sizə dəstək vermək bizim qardaşlıq borcumuzdur. Azərbaycan bu günədək türk zirvələrinə ev sahibliyi etmişdir. Azərbaycanda keçiriləcək növbəti zirvənin Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Qarabağın gözəl şəhərlərinin birində təşkil edilməsi ən böyük arzumuzdur. Əminəm ki, oralar da belə gözəl yaşıllıqdır.

Əziz qardaşlarım, dəyərli prezidentlər! Gələcək il Türkiyədə keçirəcəyimiz Türk Dövlətləri Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Türk dünyası ölkələrinin hamısının təmsil edilməsi ən böyük arzumuzdur. Bu istiqamətdə gələcək zirvədə Türkmənistan, Özbəkistanın da iştirak etməsini gözləyəciyik. Bu duyğu və düşüncələrlə siz dəyərli prezidentləri, nazirləri ürəkdən salamlayır, sizin vasitənizlə bütün qardaş xalqlarımıza xoşbəxtlik, rifah və əmin-amanlıq diləyirəm.

Hamınıza uğurlar arzu edirəm. Təşəkkür edirəm.

* * *

Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkmənistan Nazirlər Kabineti sədrinin müavini cənab Sapardurdu Toyliyevə.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında