Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin çıxışı

- Hörmətli xanımlar və cənablar!

Mən Şuranın fəaliyyətinin bu günü və gələcəyi barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvələn, Türk Şurasının nüfuzunu yüksəltmək, onun bir təşkilat kimi institusional əsasının formalaşması üçün hər cür səy göstərilməlidir. Bunun üçün bəzi mühüm sənədlərin ratifikasiyasının başa çatdırılmasını sürətləndirmək lazımdır. Türk Şurasının əsas işçi orqanı olan Katibliyin fəaliyyəti bizim üçün çox vacibdir. Bu iş təşkilatın ilk baş katibi Xəlil Akıncının əməyi sayəsində reallaşır. Biz türkdilli dövlətlər arasında əməkdaşlıq yaradılmasında onun fəaliyyətini yüksək qiymətləndiririk.

İkincisi, qardaş xalqlar və qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı möhkəmlətmək lazımdır. Bu gün 6 müstəqil türkdilli dövlətin ümumi daxili məhsulunun həcmi 1 trilyon 150 milyard dollara çatır. Bununla belə, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi bizim potensiala uyğun deyildir. Məsələn, 2012-ci il üçün olan məlumatlara görə, Qazaxıstanın türkdilli dövlətlərlə ticarətinin həcmi cəmi 8 milyard dollar olmuşdur. Bu, bizim əmtəə dövriyyəsinin cəmi 6 faizi deməkdir.

Keçən ilin axırlarında Qazaxıstan 2050-ci ilə qədər olan dövr üçün inkişaf strategiyasını qəbul etmişdir. Biz dünyanın ən çox inkişaf etmiş 30 ölkəsi sırasına daxil olmaq vəzifəsini qarşıya qoymuşuq. Bu, çox böyük, ambisiyalı hədəfdir. Lakin bizdə bunun üçün hər cür imkan vardır. Ölkədə sürətli sənayeləşdirmə proqramı üzrə sistemli iş aparılır. Təkcə son il yarım ərzində ümumi məbləği 14 milyard dollara yaxın olan 560 layihə həyata keçirilmişdir. Bunun sayəsində 60 mindən çox yeni iş yeri yaradılmışdır. İlk beş il üçün nəzərdə tutulan işləri tamamlamışıq və qarşıdakı beş ildə bu işlər davam etdiriləcəkdir.

Biz yeni enerji mənbələrindən istifadə edilməsi, “yaşıl iqtisadiyyat”ın inkişafı məsələlərinə əhəmiyyət veririk. Bildiyiniz kimi, Astanada “Ekspo-2017” beynəlxalq sərgisinin keçirilməsi planlaşdırılır. Bu, xüsusi əhəmiyyətə malik tədbirdir. Əminəm ki, bu genişmiqyaslı tədbirdə bütün türkdilli dövlətlər fəal iştirak edəcəklər. Bunun sayəsində bizim hamımız üçün əhəmiyyətli olan bir istiqamətin - turizmin inkişafına imkan yaranır. Bu sahədə təcrübə mübadiləsi etmək, mütəxəssisləri birlikdə hazırlamaq, ümumi marşrutun istiqamətlərini müəyyən etmək lazımdır. Bu məqsədlə Katiblik çərçivəsində turizmin inkişafına dair işçi qrup yaratmağı təklif edirəm.

Üçüncüsü, Türk Şurasının üzvü olan dövlətlər arasında kommunikasiyaların inkişafına diqqət yetirmək lazımdır. Nəqliyyat və kommunikasiyalar bizim iqtisadi qüdrətimizin inkişafının əsası olmalıdır. Təsadüfi deyildir ki, bizim bu görüşümüz həmin mövzuya həsr edilmişdir. 2020-ci ilə qədər Qazaxıstan ərazisindən tranzit daşımaların həcmini iki dəfə, 2050-ci ilə qədər 10 dəfə artırmağı planlaşdırırıq. Gələcəkdə ölkə ərazisi ilə yükdaşımaların həcmini ildə 50 milyon tona çatdırmaq planlaşdırılır. Bunun üçün zəruri işlər aparılır.

2011-ci ildə Rusiya, Çin və Almaniya ilə birlikdə Qazaxıstan ərazisindən keçməklə Çindən Almaniyaya gedən “Çuntsin-Duysburq” konteyner qatarı işə salınmışdır. Bu məsafə dəniz yolu ilə müqayisədə iki dəfə qısadır. Gələcəkdə bizim regiondan keçməklə Avropanı Sakit okeanla birləşdirən yeni hava yollarının açılması, dəniz, avtomobil və dəmir yolları tikintisi, boru kəmərləri çəkilməsi planlaşdırılır.

Çin ilə əmtəə dövriyyəsinin həcmi 30 milyard dollara çatır. Çin sərhədində bizim “Şərq qapıları” - “Xorqos” sərhədyanı əməkdaşlıq mərkəzi fəaliyyət göstərir. Aktau dəniz limanının genişləndirilməsi üzrə layihələr bu sərhəd vasitəsilə reallaşır. Bu layihələr bizim Xəzər regionuna, daha sonra Rusiya və Avropaya çıxmağımıza imkan verən “Qərb qapıları” funksiyasını yerinə yetirir. Beləliklə, ölkələrimiz Qazaxıstan ərazisindən keçməklə Avropaya gedən yollardan istifadə edə biləcəklər. Gələcəkdə Çinin Sarı dəniz sahilindəki Lyanyunqan limanında terminal infrastrukturu yaradılacaqdır. Türkiyə, Azərbaycan və Qazaxıstanın dəniz limanları arasında əməkdaşlığın inkişafı sayəsində biz Xəzər dənizinin nəqliyyat potensialını artırmaq imkanı əldə etmişik. Bununla əlaqədar biz nəqliyyat və kommunikasiya nazirlərinin birinci görüşünün keçirilməsini dəstəkləyirik. Bildiyimiz kimi, həmin görüş yaxın vaxtlarda olmuşdur və yaxşı qərar gözləyirik.

2015-ci ildə biz Qazaxıstandan keçən 2700 kilometr uzunluğunda “Qərbi Avropa-Qərbi Çin” qitələrarası avtomobil yolu dəhlizinin açılışını planlaşdırırıq. Cari ilin may ayında biz Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun Qazaxıstan-Türkmənistan hissəsini rəsmən tamamlamışıq. Gələn il İran öz ərazisində işləri tamamlayanda biz Bəndər-Abbas limanına çata biləcəyik. Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsini gözləyirik. Bundan əvvəl bizim nəqliyyat nazirləri və dövlət başçıları bütün zəruri məsələləri həll etməlidirlər. Müxtəlif maneələr var, onları aradan qaldırmaq lazımdır. Bu marşrut bizim üçün çox vacibdir. TRASEKA  beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində konteyner tipli multimodal nəqliyyat qatarı layihəsi də böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə biz Aktauda yeni liman üçün şərait yaratmalıyıq. Gələcəkdə qarşılıqlı əmtəə dövriyyəsini artırmaq üçün gömrük sahəsində əlaqələri fəallaşdırmaq lazımdır. Bunun üçün beynəlxalq standart mütərəqqi texnologiyalardan səmərəli istifadə etmək vacibdir.

Dördüncüsü, təhsil, elm və mədəniyyət sahələrində qardaş ölkələr arasında əməkdaşlığı bundan sonra da inkişaf etdirmək lazımdır. Türk dünyasına xas olan tolerantlıq, humanizm, mənəviyyat kimi keyfiyyətləri geniş təbliğ etmək vacibdir. TÜRKSOY qurumunun, Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun işində fəal iştirak etməliyik. Türk Akademiyası bilik və təcrübə mübadiləsinin təmin edilməsində, türkoloqların birgə hazırlanması, türk irsinin öyrənilməsi üçün böyük imkanlara malikdir. Türk Şurasının Almatıda keçirilmiş birinci zirvə görüşünün qərarına uyğun olaraq “Türk dünyası” adlı illik almanax buraxılır. Yəqin ki, siz onu almısınız. Akademiya tərəfindən hazırlanmış “Türk tərbiyə antologiyası” da böyük əhəmiyyətə malikdir. Bu il Türküstan şəhərində  “Türk dünyası bu gün: real vəziyyət, inkişaf perspektivləri” adlı birinci beynəlxalq simpozium keçiriləcəkdir. Ümid edirik ki, bu mühüm tədbirdə bütün türkdilli dövlətlərin alimləri fəal iştirak edəcəklər. TÜRKSOY təşkilatı türk xalqlarının mədəniyyətinin və incəsənətinin təbliğində mühüm rol oynayır.  Bu il həmin təşkilatın yaradılmasının 20 illiyini qeyd edəcəyik.

Buna görə də, əziz dostlar, əziz qardaşlar, biz konkret iş görməliyik, iqtisadi əməkdaşlığı genişləndirməli, xalqlarımıza, bütün dünyaya göstərməliyik ki, biz faydalı iş aparırıq.

Əziz həmkarlar, hörmətli qardaşlar, bugünkü görüşdə biz bu təşkilatda sədrliyi qırğız dostlarımızdan azərbaycanlı qardaşlarımıza verdik. Bununla əlaqədar, Qırğızıstan Prezidenti Almazbek Atambayevə təşəkkürümüzü bildirir, Azərbaycan Prezidenti İlham Əliyevə Şuranın fəaliyyətinin inkişafında uğurlar arzulayırıq. Uğurlar arzulayır və bu işi dəstəkləyirik. Qoy ölkələrimizin birliyi möhkəm, müstəqilliyimiz əbədi olsun. Hamınıza səadət və əmin-amanlıq arzulayıram. Qoy türkdilli dövlətlər əlbir olsunlar. 

  * * *

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. İndi isə söz verilir Qırğızıstan Prezidenti cənab Almazbek Atambayevə.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında