Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Sağ olun hörmətli Almazbek Şarşenoviç!

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin növbəti il üçün Azərbaycan Respublikasına ötürülməsi ilə əlaqədar Sizə təşəkkürümü bildirirəm.

Hörmətli dövlət başçıları, hörmətli xanımlar və cənablar, əziz dostlar, mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram.

İlk növbədə, Qırğızıstan Respublikasına və şəxsən Prezident Atambayevə keçən il ərzində Əməkdaşlıq Şurasına uğurlu sədrlik etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, keçən il ərzində bizim əməkdaşlığımız daha da dərinləşdi. Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan vermişdir. Əminəm ki, bundan sonrakı illərdə də əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaqdır. Mən bütün qonaqları Azərbaycanın qədim şəhəri olan Qəbələdə səmimiyyətlə salamlayıram.

Xatırlayıram ki, ötən dəfə zirvə görüşü digər qədim Azərbaycan şəhərində - Naxçıvanda keçirilmişdir. Bu zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda, xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir. Dünyada türk aləmi güclənir, türk aləmi böyük coğrafiyanı əhatə edir. Əlbəttə ki, bizim xalqlarımız bir-birini daha da yaxından tanımalı və əməkdaşlıq daha da sürətlə aparılmalıdır.

Böyük qürur hissi ilə deyə bilərəm ki, ötən dəfə zirvə görüşü Azərbaycanda - Naxçıvanda keçiriləndə türkdilli dövlətlərin əməkdaşlığı üçün yeni format yaradılmışdır. Bu formatın artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təşkili əməkdaşlığımızın yeni mərhələsidir. Artıq üçüncü zirvə görüşü keçirilir. Əminəm ki, bu zirvə görüşləri bundan sonra da mütəmadi qaydada keçiriləcəkdir.

Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə yaşamışıq, bir-birimizə dayaq, arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başlıca vəzifəsi xalqlar və ölkələr arasındakı birliyi daha da möhkəmləndirməkdir.

Biz ikitərəfli formatda çox uğurlu fəaliyyət göstəririk. İqtisadi sahədə gözəl əməkdaşlıq aparılır, beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda ölkələrimiz daim bir-birinə dəstək, arxa olur və bu da təbiidir. Çünki qardaş xalqlar bir-birinin yanında olmalıdırlar. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda biz bir çox hallarda vahid mövqedən çıxış edirik. Əlbəttə ki, bu, bizim gücümüzü daha da artırır, bizi gücləndirir.

Bu gün biz öz işimizi bir neçə əsas istiqamət üzrə aparacağıq. Bir neçə vacib məsələ müzakirə ediləcəkdir. Əlbəttə ki, ölkələrimizin uğurlu inkişafı üçün əsas məsələ regional təhlükəsizlik məsələləridir. Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz  töhfəsini verirlər. Bu, çox vacib məsələdir. Çünki bizim xalqlarımız sülh, əmin-amanlıq, sabitlik şəraitində yaşayırlar. Biz elə etməliyik ki, yaşadığımız bölgədə sülh, əmin-amanlıq daim təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun illərdir erməni işğalından əziyyət çəkir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulubdur. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, eyni zamanda, regional təhlükəsizliyə də töhfə olacaqdır. Bu münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün qəbul olunacaq birgə bəyannamədə məhz bu prinsiplər öz əksini tapıbdır və buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm.

Dünən biz mədəniyyətimizin bir hissəsini əks etdirən gözəl konsertdə də bərabər idik. Bu, əslində türk mədəniyyətinin birliyi, dostluğu konserti idi. Bizim mədəniyyətimiz bir-birinə çox bağlıdır. Bizim köklərimiz də, bayramlarımız da eynidir, dillərimiz də bir-birinə oxşayır. Yəni, humanitar sahə əməkdaşlığımız üçün əsasdır. Yəni, əgər bu olmasaydı yəqin ki, əməkdaşlıq bu dərəcədə inkişaf etməzdi. Ona görə əlbəttə ki, humanitar sahədə aparılan işlərə çox böyük diqqət göstərilməlidir. Mən TÜRKSOY-un fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk Mədəniyyətinə dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaqdır.

Eyni zamanda, ölkələrimizin iqtisadi sahədə potensialı ildən-ilə artır və bizim ölkələr bir-biri ilə sıx əməkdaşlıq edir. Müxtəlif iqtisadi layihələr icra edilir. Deyə bilərəm ki, iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan öz tərəfindən səylərini göstərməkdədir və bölgədə nəhəng infrastruktur layihələrinin yaradılması məhz Azərbaycandan başlanmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi artıq beynəlxalq enerji və ondan sonra nəqliyyat dəhlizinin açılmasına xidmət göstərmişdir.

Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Aralıq dənizi ilə birləşdi və bu tarixi hadisə özlüyündə böyük bir nailiyyət idi. Ancaq, eyni zamanda, digər mühüm layihələrin icrasına gətirib çıxarmışdır və bu gün nəqliyyat və energetika sektorlarındakı işləri bir-birindən ayırmaq mümkün deyildir. Qədim İpək yolunun bərpası artıq reallıqdır. Biz bu İpək yolunu zənginləşdiririk, yeni infrastruktur layihələri ilə təkmilləşdiririk.

Neft-qaz sektorundakı əməkdaşlıq ölkələrimizi birləşdirir, bizim ölkələrdə həm təbii sərvətlər var, həm inkişaf etmiş infrastruktur və gözəl ixrac yolları da mövcuddur və bu səylərin birləşməsi, əlbəttə ki, türk dünyasının güclənməsinə gətirib çıxaracaqdır. Azərbaycan artıq bizim qardaşlarımız üçün, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə kimi öz rolunu oynayır. Bu da mühüm məsələdir. Yəni, bu layihələr xalqlarımızı, iqtisadiyyatlarımızı birləşdirir.

Neft-qaz sektorundakı əməkdaşlıq çoxşaxəli əməkdaşlıqdır. Burada bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Əlbəttə ki, bu gün gündəlikdə olan məsələlərdən biri də nəqliyyat infrastrukturunun təkmilləşməsidir. Bu istiqamətdə müştərək səylərlə böyük işlər görülmüşdür, həm ikitərəfli formatda, həm üçtərəfli formatda. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkələrimizdə iqtisadi inkişaf çox sürətlidir və ölkələrimizin maliyyə durumu da yaxşıdır. Belə olan halda biz gələcəkdə də böyük nəqliyyat layihələrinə mütləq vəsait ayırmalıyıq. Onların içində Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusilə qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsilə qitələr birləşəcək, ölkələrimiz tranzit ölkələrə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində xalqlarımıza xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir. Əminəm ki, biz yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik və beləliklə, tarixi İpək yolunu bərpa etmiş olacağıq.

Digər layihələr. Bilirəm ki, Əməkdaşlıq Şurasına üzv ölkələrdə böyük nəqliyyat layihələri icra edilir və bu layihələr hər bir ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu layihələr birlikdə bölgənin yeni nəqliyyat xəritəsini təşkil edir.

Bu gün bizim ölkələrimiz uğurla və inamla inkişaf edir. Bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən əfsuslar olsun ki, İslam dünyasında proseslər müxtəlif istiqamətdə gedir, qarşıdurmalar, vətəndaş müharibələri, digər xoşagəlməz hallar baş verir. Bizim diyarlarımızda, türk diyarında isə sabitlik, inkişaf hökm sürür. Bu, böyük nailiyyətdir, böyük sərvətdir. Xüsusilə nəzərə alsaq ki, dünyada hələ də maliyyə və iqtisadi böhran davam edir, bizim ölkələrimizin uğurlu inkişafı, ölkələrdə mövcud olan sabitlik və tərəqqi hesab edirəm ki, xalqlarımızın böyük nailiyyətidir, dövlətlərimizin böyük sərvətidir. Biz bu sərvəti qorumalıyıq, birgə səylərlə qorumalıyıq, inkişaf etdirməliyik. XXI əsr türk dünyasının əsri olmalıdır. Bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meyilləri gücləndirməliyik. Hesab edirəm ki, bugünkü zirvə görüşü bu amallara xidmət edir, zirvə görüşünün çox gözəl nəticələri olacaqdır.

İndi isə təklif edirəm ki, biz gündəliyi qəbul edək. Gündəlik qarşınızdadır. Əgər başqa təklif yoxdursa, gündəlik qəbul olunur.

İndi isə hörmətli dövlət başçılarını və nümayəndə heyətlərinin rəhbərlərini çıxış etməyə dəvət edirəm. Söz verilir, Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında