Geniş tərkibdə görüş

Avqustun 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Baş nazir, əziz qonaqlar, sizi bir daha Azərbaycanda salamlayıram. Sizi görməyimə çox şadam. Biz uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair vacib məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün gözəl imkan əldə etdik. Əlbəttə, Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Gündəliyimiz çox genişdir və müxtəlif sahələri əhatə edir. Gündəlikdə duran bütün məsələlər üzrə uğurla irəliləyirik. Bunlar siyasi, iqtisadi, enerji sahələridir.

İtaliya və Azərbaycan son illər ərzində çox sıx tərəfdaşlığı inkişaf etdirməyə nail olublar. Şübhəsiz ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha da inkişaf edəcək və çox yüksək səviyyəyə çatacaqdır. Bu gün də qeyd etdiyimiz kimi, biz yaxşı anlayırıq ki, münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq. Sizin ölkəmizə səfərinizi çox yüksək qiymətləndiririk. Bu, dostluğun gözəl əlamətidir və eyni zamanda, ikitərəfli münasibətlərimizin vacib məsələlərini nəzərdən keçirmək üçün gözəl fürsətdir. Bir daha xoş gəlmisiniz.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko LETTA dedi:

- Təşəkkür edirəm, cənab Prezident. Sizin səmimi qonaqpərvərliyinizi yüksək dəyərləndiririk. Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın qəbul olunması sayəsində bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə də gücləndirir, daha da yüksək səviyyəyə qaldırırıq. Bizim Əfqanıstandakı hərbçilərimiz arasında da yaxşı əməkdaşlıq mövcuddur. Əlbəttə ki, biz iqtisadi əməkdaşlığımızda daha mühüm irəliləyişlər əldə etmək istərdik. İtaliyanın İşəgötürənlər Konfederasiyasının və İnşaatçılar Assosiasiyasının yüksək səviyyəli nümayəndə heyəti noyabrın əvvəlində Bakıya səfər edəcəkdir. Onların səfərinin məqsədi bizim əməkdaşlığımızı daha da genişləndirməkdir.

* * *

Son illərdə ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır. Enerji sahəsində əməkdaşlıq həm də Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib və güclü iqtisadi potensial ölkəmizin Avropanın qaz təchizatında oynadığı rola da öz töhfəsini verir. Bu baxımdan Azərbaycan dünyanın aparıcı iqtisadiyyatlarından birinə malik olan İtaliya ilə əlaqələri də inkişaf etdirir. Bunu İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın avqustun 11-də Bakıya rəsmi səfəri də təsdiqlədi.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın enerji sahəsində əməkdaşlığa dair birgə bəyannaməsi qəbul olundu.

Bəyannamədə “Şahdəniz”in ikinci fazası çərçivəsində çıxarılacaq Azərbaycan qazının Trans-Adriatik və Trans-Anadolu təbii qaz boru kəmərləri ilə Avropaya çatdırılmasına dair “Şahdəniz” konsorsiumunun qəbul etdiyi qərarın önəmi qeyd olunmuşdur. Bəyannamədə Azərbaycanın İtaliyanın əsas neft təchizatçılarından biri olduğu vurğulanaraq ölkəmizin, həmçinin qaz sektorunda da İtaliya üçün önəmli tərəfdaşlardan biri olacağına əminlik ifadə edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan ilə İtaliya arasında əlaqələr  müxtəlif sahələrdə sürətlə inkişaf edir. Bu baxımdan bəyannamədə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Sənəddə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq bildirilmişdir. Bu əlaqələrin neft-qaz, bərpa olunan enerji, neft-kimya və digər sahələrdə bundan sonra da genişləndirilməsi üçün müvafiq addımların atılacağı vurğulanmışdır.

Bəyannamədə ölkələrimizin enerji sektorunda institusional əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi barədə əldə  olunmuş razılığın əhəmiyyəti də qeyd olunmuşdur. Sənəddə, eyni zamanda, Azərbaycan və İtaliyanın sənaye sahəsini təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdır. 

Bəyannamədə, həmçinin ikitərəfli iqtisadi əlaqələrin sürətləndirilməsi üçün hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının fəaliyyətinin önəmi qeyd edilmişdir.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında