Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Külüllü su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- İlk növbədə, mən sizi qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulamaq istəyirəm. Biz bayram ərəfəsində Kürdəmirdə gözəl layihənin istifadəyə verilməsini qeyd edirik. Kürdəmirə içməli suyun verilməsi artıq reallıqdır. Mənə verilən məlumata görə, artıq evlərə su verilir. Getdikcə bu layihə böyüyəcəkdir. Gələn ilin sonuna qədər Kürdəmirin su və kanalizasiya problemləri tamamilə öz həllini tapacaqdır. Bundan əvvəlki dövrdə biz çayboyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırmışıq. Otuza yaxın kəndə indi içməli suyun verilməsi təmin edilmişdir. İndi şəhərə suyun verilməsi layihəsi artıq başa çatır. Bir sözlə, Kürdəmirin su problemləri tamamilə öz həllini tapacaqdır. Bu, böyük layihədir, tarixi nailiyyətdir. Çünki nəinki Kürdəmirdə, demək olar, Azərbaycanın bütün yaşayış yerlərində içməli su problemi uzun illərdir ki, insanları narahat edirdi. Bildiyimiz kimi, Azərbaycanda su ehtiyatları o qədər də böyük deyildir. Bizim əsas mənbəmiz ölkəmizdən kənarda formalaşır. Suyun idarə edilməsi, sudan səmərəli şəkildə istifadə olunması, əlbəttə ki, müasir şəbəkənin yaradılması layihələri xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövləti bu problemi də həll edir. İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya problemləri, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Əvvəlki dövrlərdə digər infrastruktur layihələri uğurla icra edilmişdir. Onların böyük əksəriyyəti, demək olar ki, başa çatmışdır, o cümlədən magistral yolların tikintisi. İndi Hacıqabul-Kürdəmir avtomobil yolunun genişləndirilməsi prosesi gedir, dörd zolaqdan ibarət olacaqdır. Qazlaşdırma layihələri icra edilir. Kürdəmirdə də bu proses geniş vüsət almışdır. Təqribən 70 faiz səviyyəsində artıq qazlaşdırma təmin edilmişdir. Ancaq Kürdəmir rayonunda 100 faiz, yəni, bütün yaşayış məntəqələrində qazlaşdırma layihələri icra edilməlidir. Qazlaşdırma 100 faiz aparılacaqdır.
Kənd yollarının tikintisi gedir. Həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. İndi işlər gedir. Bir neçə kəndi birləşdirən yollar tikilməkdədir. Gələcəkdə bu layihələrə də əlavə vəsait ayrılacaqdır. Bu layihələrin arasında içməli su layihəsi, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki su həyat deməkdir. Təmiz su sağlam həyat deməkdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti əlindən gələni edir. O cümlədən, əvvəlki dövrlərdə Kürdəmirdə poliklinika, şəhər xəstəxanası təmir edilmişdir, Olimpiya Mərkəzi tikilmişdir. İndi isə su layihəsinin istismara verilməsini qeyd edirik.
İnsan amili Azərbaycanda prioritet məsələdir. Mən hələ 10 il bundan əvvəl demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Hesab edirəm ki, biz ötən illər ərzində bu istiqamətdə istədiyimizə nail ola bilmişik. İnsanların rifahı artır, sağlamlığı möhkəmlənir. Biz bunu statistik göstəricilərdə də görə bilərik. İnsanların ömrünün uzunluğu artır. Dünya Səhiyyə Təşkilatı, yəni, dünyada səhiyyə məsələləri ilə məşğul olan ən böyük təşkilat Azərbaycanda bu sahədə gedən islahatları dəstəkləyir və qiymətləndirir. Biz isə öz növbəmizdə insanların rahat yaşaması üçün əlimizdən gələni edirik və edəcəyik. Çünki, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Azərbaycan, əlbəttə ki, son 20 il ərzində bazar iqtisadiyyatı prinsipləri ilə idarə olunur. İqtisadiyyatımız tam bazar iqtisadiyyatı üzərində qurulubdur. Ancaq buna baxmayaraq, çox güclü sosial siyasət aparılır.
Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda, böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial siyasət olmalıdır. Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır.
Son illər ərzində bu istiqamətdə nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir. Gələcək illərdə biz bu işləri davam etdirəcəyik. Çünki hələ görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır.
Biz indi, əlbəttə ki, keçid dövrünü başa vurmuşuq. Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir - istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində. Ancaq biz bu sahədə, xüsusilə sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinə, əlbəttə ki, baxmalıyıq. Bu təcrübədə həm müsbət, həm mənfi məqamlar vardır. Əlbəttə ki, biz müsbət məqamları seçməliyik və öz sosial siyasətimizi inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşdırmalıyıq, ona uyğunlaşdırmalıyıq.
Biz bunu edirik və bu gün Azərbaycanda sosial sahədə aparılan işlər dünya miqyasında yüksək qiymətləndirilir. Hətta son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, sosial layihə ixtisar edilmədi, əksinə, maaşlar, pensiyalar qaldırılır, sosialyönümlü investisiyalara vəsait ayrılır.
Bax, bu içməli su layihələrinin icrası böyük vəsait tələb edir. Bu vəsaitin əsas hissəsi dövlət büdcəsi hesabına təşkil edilir. Bu işlərin bir hissəsi kreditlər hesabına icra edilir, ancaq bu kreditləri də Azərbaycan dövləti qaytarmalıdır. Bir sözlə, bu layihələr sırf sosial məna daşıyır. Bu layihələrə qoyulan investisiyalar 100 milyonlarla, bəlkə milyardlarla ölçüləcəkdir. Çünki biz ölkəmizin bütün su təsərrüfatını yenidən qurmalıyıq və qururuq. Buraya qoyulan investisiyalar qayıdan investisiyalar deyildir. Çünki Azərbaycanda suya olan dövlət tarifləri çox aşağıdır və qoyulan investisiyaları əhalidən yığılan tariflər hesabına qaytarmaq mümkün olmayacaqdır. Bunu istəyirəm ki, hamı bilsin. Elə investisiyalar var ki, onlar kommersiya xarakteri daşıyır. Amma Azərbaycanda infrastruktur layihələrinə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Avtomobil yolları, qazlaşdırma, su layihələri, kənd yolları - bunları dövlət insanların rahat, normal yaşaması üçün edir.
Çox şadam ki, Kürdəmir şəhərində də bu layihə artıq istismara verilir. Kürdəmirin inkişafı daim diqqət mərkəzindədir. Bayaq qeyd etdiyim kimi, burada əvvəlki illərdə dövlət tərəfindən dəstək olmuşdur, layihələr icra edilmişdir, sosial obyektlər, gözəl Heydər Əliyev Mərkəzi tikilmişdir. Bu, doğrudan da mərkəzdir. Burada müxtəlif tədbirlər keçiriləcəkdir. Eyni zamanda, Kürdəmirdə iş yerlərinin açılması ilə bağlı işlər görülür. Bu gün südçülük, heyvandarlıq ferması ilə tanış olacağam. Yəni, rayonun hərtərəfli inkişafı artıq reallıqdır. Bu yüksək templəri biz gələcək illərdə saxlamalıyıq ki, Kürdəmir daha da sürətlə inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar.
Sonra Kürdəmir ictimaiyyəti adından rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir NOVRUZOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Sizi rayon ictimaiyyəti adından salamlayıram, Kürdəmirə xoş gəlmisiniz. Bu gün Siz müqəddəs bayram ərəfəsində Kürdəmirdə 22 min əhaliyə içməli təmiz bulaq suyu verirsiniz, insanlarımıza sağlam həyat bəxş edirsiniz.
Su saflıqdır, insan həyatı üçün əvəzolunmaz nemətdir. Lakin biz kürdəmirlilər uzun illərdir ki, bu nemətin həsrətində idik. Şükürlər olsun ki, Sizin diqqət və qayğınız sayəsində bu problemimiz həll olunub.
Rayonumuzun 30-a yaxın kəndində Sizin təşəbbüsünüzlə, Sizin tapşırığınızla yaradılmış sutəmizləyici qurğular fəaliyyət göstərir. İnsanlarımız bundan faydalanır, sağlam həyat keçirirlər. Ümumilikdə, rayonumuzun əksər yaşayış məntəqələri sutəmizləyici qurğularla, təmiz su ilə təmin olunmuşdur. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlara görə rayonumuzun uşaqdan böyüyə qədər bütün əhalisinin minnətdarlığını Sizə çatdırıram.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonumuz da gündən-günə inkişaf edir, gözəl əhval-ruhiyyə hökm sürür. Şəhərimiz, kəndlərimiz, qəsəbələrimiz abadlaşır, yeni parklar, xiyabanlar, mərkəzlər açılır, küçələrimiz yenidən qurulur, yeni binalar tikilir, yeni istehsal sahələri yaradılır. Rahat yaşamağımız, firavanlığımız üçün hər şey edirsiniz.
Möhtərəm cənab Prezident, biz ziyalılar uzun illərdir ki, ölkəmizdə baş verən yenilikləri diqqətlə izləyirik. Son 10 ildə ölkəmiz gündən-günə inkişaf edir, dünya miqyasında şöhrətini, öz nüfuzunu, qüdrətini daha da artırır. Bütün bunlar bir reallıqdır. Bu reallığa Siz özünüzün xalqa söykənən uğurlu siyasətinizlə, yenilməz iradənizlə nail olmusunuz. Hər bir Azərbaycan vətəndaşının rahat yaşaması, hüquqlarından maneəsiz istifadə etməsi üçün hər cür şərait yaratmısınız. Sizin tapşırığınızla yaradılmış “ASAN xidmət” qısa müddət ərzində geniş əhali kütləsinin rəğbətini qazanmışdır. Bu xidmət bir neçə gündür ki, rayonumuzda da fəaliyyət göstərir. İnsanlarımız bundan faydalanır, ən xırda problemlərini belə qısa vaxtda operativ, ən başlıcası şəffaf şəkildə həll edirlər. Bütün bunlar bir reallıqdır. Bu reallığa Siz nail olmusunuz.
Rayonumuzun hər yerində tikinti, abadlıq, quruculuq işləri görülür. Bütün bunlar bir daha sübut edir ki, Siz həmişə bizi düşünürsünüz, problemlərimizin həllinə çalışırsınız, rahat yaşamağımız, xoşbəxt gələcəyimiz üçün lazım olan hər şeyi edirsiniz.
Biz kürdəmirlilər də bugünkü uğurlu inkişafımızın sabahını, gələcəyini istəyirik, rahat, sakit yaşamağımızı istəyirik. Özümüzün, balalarımızın, nəvələrimizin, bütün Azərbaycan xalqının xoşbəxt gələcəyini istəyirik. Bütün bunları Siz təmin edə bilərsiniz. Biz əminik ki, Siz bunu təmin edəcəksiniz. Siz güclü Azərbaycanımızın qarantısınız, rəmzisiniz. Biz də həmişə Sizinlə olacağıq, Sizə arxa-dayaq olacağıq, Sizi dəstəkləyəcəyik. Allah Sizi qorusun!
Prezident İlham ƏLİYEV: Sağ olun! Biz hələ çox iş görməliyik. Gələcəkdə görüləsi işlər çoxdur. Ancaq son illər ərzində doğrudan da, böyük işlər görülmüşdür. Azərbaycan artıq dünya miqyasında güclü dövlət kimi tanınır, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır. Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvüdür. Bölgədə Azərbaycanın mövqeyindən çox şey asılıdır. Bütün bu qazanılmış uğurlar Azərbaycan xalqının istedadı, zəhməti hesabına qazanılıbdır. Çünki 20 il bundan əvvəl biz müstəqilliyimizin ilk illərində idik və hamımız o günləri yaxşı xatırlayırıq.
O vaxt Azərbaycanın ümumi inkişafı sual atında idi. Azərbaycan, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi baş vermişdi, iqtisadi sahədə heç bir islahat aparılmırdı, sənaye tamamilə iflic vəziyyətinə düşmüşdü. O vaxt həm dünyada, həm ölkə daxilində Azərbaycanın gələcəyi ilə bağlı çox bədbin fikirlər var idi. Ancaq güclü iradə, islahatlar və xalqla iqtidar arasında olan birlik Azərbaycanı bu bəlalardan xilas etdi. Bu gün açdığımız Heydər Əliyev Mərkəzində o illərin şəkilləri əks olunub. Doğrudan da, o illər, xüsusilə 1993-cü il həlledici il olmuşdur. O ildə Azərbaycanın taleyi həll olunurdu. Xoşbəxtlikdən ulu öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqın ona olan inamı Azərbaycanı bu bəlalardan qurtardı və 20 il ərzində biz inkişaf yolu ilə gedirik.
Bu gün Azərbaycan dünya xəritəsində nadir ölkələrdəndir ki, həm beynəlxalq aləmdə, həm bölgədə, eyni zamanda, ölkə daxilində çox müsbət istiqamətdə inkişaf edir, irəliyə gedir. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.
İyirmi ildir ki, Azərbaycanda sabitlik, ictimai asayiş qorunur, möhkəmlənir. Yəni, hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir, əmin-amanlıqdır, təhlükəsizlikdir.
Biz elə bir bölgədə yaşayırıq ki, ətrafımızda görürsünüz hansı problemlər cərəyan edir - toqquşmalar, qarşıdurmalar, müharibələr. Biz ölkəmizi güclü və müstəqil siyasətlə qorumalıyıq və qoruyuruq. Eyni zamanda, daxildə aparılan islahatlar istər siyasi sahədə, iqtisadi sahədə, sosial məsələlərin həllində ölkəmizi gücləndirir.
Bu gün Azərbaycan tam şəkildə müstəqil siyasət aparır. Bu siyasətin arxasında Azərbaycan iqtidarının iradəsi və güclü iqtisadiyyat dayanır. Güclü iqtisadiyyatı isə biz yaratmışıq, Azərbaycan xalqı yaratmışdır. Bu gün Azərbaycan dünya miqyasında ən yüksək reytinqlərə malikdir. Biz dünyanın aparıcı ölkələri sırasındayıq, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdəyik. Bu, böyük nailiyyətdir.
Ölkədə quruculuq, abadlıq işləri çox gözəl bir ab-hava yaradıb. Yəni, mən bölgələrdə tez-tez oluram. Kürdəmir rayonunda da bir neçə dəfə olmuşam. Vəziyyətlə tanış oluram və görürəm ki, hər bir rayonda belə quruculuğa, inkişafa olan istək, meyil çox güclüdür. Elə bil ki, rayonlar bir-biri ilə yarışa çıxıblar və bu, sağlam rəqabətdir. Bu, məni çox sevindirir. Bölgələr, rayonlar, şəhərlər abadlaşır. İndi Kürdəmir əvvəlki kimi deyildir, inkişaf edib, gözəlləşib və daha da gözəl olacaqdır. Yəni, ölkəmizin təcrübəsi hesab edirəm ki, keçid dövründə yaşayan ölkələr üçün də vacibdir.
İstənilən sahədə - iqtisadi-siyasi islahatlar, cəmiyyətdə gedən proseslər, birlik, həmrəylik, milli-dini tolerantlıq. Yəni, biz bir çox məsələlərlə bağlı nümunə göstəririk. Ancaq yenə də deyirəm ki, bizim əsas məqsədimiz ondan ibarət deyildir. Əsas məqsədimiz ölkəmizi gücləndirmək, insanların yaxşı, normal yaşamasını təmin etməkdir. Əlbəttə ki, bu layihələrin, məqsədlərin arasında bax, bu gün qeyd etdiyimiz layihə xüsusi yer tutur. Əminəm ki, Kürdəmirdə bundan sonra da böyük işlər görüləcəkdir. Biz hələ sizinlə görüşəcəyik, böyük açılışlar olacaqdır. Bütün işlər Azərbaycanda həmişə olduğu kimi, yaxşı olacaqdır.
* * *
Sonra dövlətimizin başçısı “Kürdəmir şəhərinin su təchizatının planı”nı, “Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı”nı və Külüllü su mənbəyində görülən işləri əks etdirən stendlərə baxdı.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan “Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyindən istifadə olunur. Bu məqsədlə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Külüllü mənbəyindən Kürdəmir şəhərinə saniyədə 120 litr təmiz və keyfiyyətli içməli suyun verilməsi nəzərdə tutulmuşdur. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Kürdəmir şəhərində 22,3 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, həmçinin Kürdəmir rayonunun 14, Ağsu rayonunun 13 kəndində 48 min nəfərin su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.
Qeyd olundu ki, Külüllüdən Kürdəmir şəhərinə və ətraf kəndlərə suyun özaxımlı rejimdə verilməsi məqsədi ilə 27 kilometr uzunluğunda magistral xətt çəkilmiş, tutumu 7,5 min kubmetr olan anbar tikilmişdir. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan 131,5 kilometrlik su şəbəkəsinin 110 kilometrlik hissəsində işlər yekunlaşmışdır.
Diqqətə çatdırıldı ki, 6 min abunəçinin 1550-si xəttə qoşulmuş, “smart kart” tipli ön ödənişli sayğac quraşdırılmışdır. Kürdəmir şəhərində inşası nəzərdə tutulan 114,6 kilometrlik kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsi tikilmişdir. Eyni zamanda, şəhərdə toplanacaq tullantı sularının çirkab sutəmizləyici qurğuya özaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 6,3 kilometr uzunluğunda mikrotunel tipli kollektorun inşası və sutkalıq məhsuldarlığı 30 min kubmetr olacaq çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihənin icrasının 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
Məlumat verildi ki, Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı, Zərdab və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcəkdir. Layihəyə uyğun olaraq Külüllüdən Kürdəmir şəhərinə 27, Zərdab şəhərinə 72, Ucar şəhərinə isə 57 kilometr uzunluğunda magistral su kəmərləri çəkilmişdir. Layihə tam yekunlaşdıqdan sonra Ucar rayonunun 22, Kürdəmir rayonunun 14, Zərdab rayonunun 15, Ağsu rayonunun 13 və Göyçay rayonunun 3 kəndi də su ilə təmin olunacaqdır. Ümumilikdə layihədən 170 mindən artıq insan faydalanacaqdır. Külüllü mənbəyindən 2 kilometr cənubda yerləşən suqəbuledici və paylayıcı anbarların SCADA sistemi ilə idarə edilməsi də nəzərdə tutulur.
Kürdəmirlilər ulu öndər Heydər Əliyevin bu rayona səfərlərini xatırladılar. Ümummilli liderin ölkəmizin inkişafına xidmət edən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdilər.
Sonra dövlətimizin başçısı Kürdəmir şəhərinə suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlarını verdi.
Sonda xatirə şəkilləri çəkdirildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.