Prezident İlham Əliyevin giriş nitqi
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
– Nazirlər Kabinetinin bugünkü toplantısında biz altı ayın yekunlarını müzakirə edəcəyik. İlin altı ayı çox müsbət keçib, göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib.
Hesab edirəm ki, biz bir müddət bundan əvvəl növbəti 10 il ərzində qeyri-neft sektorumuzu 2 dəfə artırmaq barədə qarşımıza qoyduğumuz məqsədə çatacağıq. Qeyri-neft sektorunun artması əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir.
Kənd təsərrüfatı da artıbdır, təxminən 5 faiz səviyyəsində. Bu da yaxşı artımdır. Hesab edirəm ki, növbəti illərdə bu artım daha da güclü olmalıdır. Bunu etmək üçün indi əlavə tədbirlər görülür. İnvestisiya qoyuluşu bizi sevindirir. İlin birinci yarısında ölkə iqtisadiyyatına 12,6 milyard dollar sərmayə qoyulmuşdur. Bunun böyük hissəsi daxili sərmayədir, təqribən 7 milyard. Beş milyard isə xarici sərmayələrdir. Bu da çox vacib məsələdir. Çünki uzun illərdir Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır, bax, altı ayda qoyulan bu 5 milyard xarici sərmayə bunu bir daha təsdiqləyir. Hər bir ölkə üçün xarici investisiyalar önəmli rol oynayır . Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir. Əlbəttə ki, beynəlxalq maliyyə qurumlarına da ciddi siqnal göndərir ki, Azərbaycanda iqtisadi sahədə çox müsbət vəziyyət yaranmışdır. Eyni zamanda, son illər ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu da bizim məqsədimiz idi. Bir neçə il bundan əvvəl qarşıya bu məqsəd qoyulmuşdu və biz buna çatmışıq.
Düzdür, daxili investisiyalar daha çox dövlət xərcləri hesabına formalaşır. Ancaq özəl sektor da tədricən öz investisiya imkanlarını artırır. Şübhə etmirəm ki, vaxt gələcək Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyaların böyük hissəsi özəl qurumlar tərəfindən qoyulacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, özəl qurumlar daha da fəal işləməlidir, daha da böyük güc toplamalıdırlar. Dövlət isə öz tərəfindən onlara bütün lazımi dəstəyi göstərir. Azərbaycanda gözlənilən nəhəng enerji layihələri, eyni zamanda, özəl sektorun da inkişafına təkan verəcəkdir. Çünki Azərbaycanın neft-qaz sektorunun işlənilməsi ilə bağlı nəzərdə tutulan nəhəng layihələr 10 milyard dollarla ölçülür. Bu sifarişlərin böyük əksəriyyəti hesab edirəm ki, Azərbaycanda reallaşmalıdır. Artıq Azərbaycanda güclü sənaye imkanları da vardır. Belə olan halda yerli şirkətlər üçün əlavə imkanlar yaranacaq və onlar da bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər.
Hesab edirəm ki, 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər biz bu tempi saxlaya bilsək, ilin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaqdır. İlin əvvəlində mən qarşıya vəzifə qoymuşdum ki, bu il Azərbaycana qoyulacaq sərmayə keçən ildən az olmamalıdır. Keçən il 20 milyard dollardan çox vəsait qoyulmuşdur. Ancaq biz artıq görürük ki, keçən ildən daha da çox sərmayə qoyulacaqdır. Qoyulan vəsait - hər manat və ya dollar, avro ölkə iqtisadiyyatına xidmət göstərir, yeni iş yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi qüdrətini artırır. Hər bir ölkə maraqlıdır ki, o ölkəyə sərmayə qoyulsun, o cümlədən Azərbaycan. Baxmayaraq ki, artıq Azərbaycan da öz növbəsində başqa ölkələrin iqtisadiyyatına sərmayələr qoymağa başlamışdır və bu da müasir Azərbaycanın üstünlükləridir. Xüsusilə son bir neçə il ərzində dünyanı, xüsusilə Avropanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində xarici iqtisadiyyatlara qoyulan vəsait onu göstərir ki, biz doğrudan da, böyük imkanlara malikik. Biz özümüzü çox rahat hiss edirik. Əlbəttə ki, bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaqdır. Bu, təbiidir və biz bu yolla gedirik. Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik.
Bizim maddi imkanlarımız, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. Bu da çox gözəl göstəricidir. Çünki həm bizə güc, rahatlıq verir, eyni zamanda, -baxmayaraq ki, Azərbaycanda çox böyük investisiya layihələri icra edilir, - biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artırırıq. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər daha da artacaqdır. Bu göstəriciyə görə də, - həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, - Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir.
Son illərdə Azərbaycanın dinamik inkişafı reallığa çevrilibdir. Artıq dünya birliyi bunu görür, qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir. Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir.
Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artmışdır.
Azərbaycanda manatın məzənnəsi sabitdir. Bunun ilk növbədə, çox böyük sosial mənası vardır. Çünki insanların əmanətləri dövlət tərəfindən qorunur. Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmışdır. İnflyasiya isə cəmi 2 faiz olmuşdur. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir.
Sosial məsələlərə gəldikdə, bu altı ayda maaşlar artıb. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaqdır. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaqdır. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər.
Regional inkişaf proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmaqdadır. Regionlara mənim mütəmadi səfərlərim imkan verir ki, vəziyyətlə yerində tanış olum və müvafiq göstərişlər verim. Deyə bilərəm ki, bütün bölgələrdə, bütün rayonlarda çox ciddi inkişaf gedir, canlanma, çox gözəl əhval-ruhiyyə vardır. Quruculuq-abadlıq işləri üstünlük təşkil edir. Rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır. İşsizlik demək olar ki, aradan qaldırılır. Bütövlükdə bu ilin əvvəlində işsizliyin səviyyəsi beş faizdən bir qədər çox idi. Hesab edirəm ki, ilin sonuna qədər bu rəqəm daha da azalacaqdır. Amma o da həqiqətdir ki, 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. Əlbəttə ki, bu, çox ciddi sosial problemlərə gətirib çıxarır. İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni iş yeri açılmışdır. Bu ilin altı ayında 55 min iş yeri yaradılmışdır. Onlardan 45 mini daimi iş yeridir. Yəni, bu proses davam edir və bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti əlbəttə ki, yeni iş yerlərinin açılmasına gətirib çıxarır.
Regional inkişaf üzrə ikinci dövlət proqramı bu il başa çatır. Bu proqram artıqlaması ilə yerinə yetirilibdir. Eyni zamanda, “Bakının və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı” Dövlət Proqramı icra edilir. Bu proqram nəticəsində Bakıətrafı qəsəbələrdə çox böyük işlər görülür, işlər davam etdirilir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır. Əlbəttə ki, ondan sonrakı illərdə də biz bu məsələyə daim diqqət göstərəcəyik.
Deyə bilərəm ki, keçən rübdə Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu da Azərbaycanın, Bakının dünya miqyasında bir siyasi, iqtisadi, mədəni mərkəzə çevrilməsinə xidmət göstərmişdir. Bu tədbirlər çoxsaylı idi. Onların hamısını sadalamağa vaxt çatmaz. Sadəcə olaraq mən bir neçə əlamətdar tədbiri qeyd etmək istərdim. Birinci növbədə Azərbaycanda ilk dəfə olaraq Davos Forumu keçirilmişdir. Bu da ölkəyə verilən böyük dəyər kimi qiymətləndirilməlidir. Davos Forumu dünya miqyasında bir nömrəli forumdur. Bu, təkcə iqtisadi forum deyil, baxmayaraq ki, adı Dünya İqtisadi Forumudur. Bu siyasi və iqtisadi forumdur. Bu Forumun Azərbaycanda keçirilməsi əlbəttə ki, böyük məsuliyyət idi. Şadam ki, bu Forum ən yüksək səviyyədə keçirilmişdir.
Bütövlükdə deyə bilərəm ki, son bir neçə il ərzində Azərbaycan Davosda keçirilən forumlarda fəal iştirak edir və diqqət mərkəzində olur. Azərbaycanın inkişaf dinamikası, əldə edilmiş uğurlar Davos Forumunda kifayət qədər geniş işıqlandırılır. Davos Forumunun hesablamalarına görə Azərbaycan dünya miqyasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu qiymətləndirmə hesab edirəm ki, ən ciddi və ən böyük diqqətə layiq olan qiymətləndirmədir. Çünki bu, dünyanın bir nömrəli Forumu tərəfindən verilən qiymətləndirmədir. Bu Forumun Azərbaycanda keçirilməsi bir daha demək istəyirəm ki, böyük uğurumuz idi. Xüsusilə nəzərə alsaq ki, Forumun mövzusu Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı idi. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan nəinki coğrafi mərkəzdir, siyasi, iqtisadi və mədəni mərkəzdir.
Keçən rübdə Madrid Klubunun toplantısı da Azərbaycanda keçirilmişdir. Bu da dünya miqyasında mötəbər beynəlxalq təşkilatdır. Çox böyük nüfuza malik olan siyasətçiləri, ictimai xadimləri birləşdirən bir qurumdur. Bu Forum da çox yüksək səviyyədə keçirilmişdir. Bakıda Amerika-Azərbaycan konfransı keçirilmişdir. Hesab edirəm ki, bu da çox əlamətdar hadisə idi. Çünki konfransa federal və ştatlar səviyyəsində olan 300-dən çox senator, konqresmen, ictimai xadim, politoloq yığışmışdır. Burada çox vacib məsələlər müzakirə edilmişdir.
Eyni zamanda, keçən rübdə Bakıda İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir ki, bu da Azərbaycanın humanitar sahədə, yəni, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün bir mərkəz kimi formalaşmasına öz xidmətini göstərmişdir. Bu, ikinci forumdur. Onu deməyə əsas verir ki, bu, artıq ənənəvi xarakter daşıyacaqdır. Azərbaycanda bu səpkidən olan tədbirlər vaxtaşırı keçirilir. Dünya Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, digər tədbirlər, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilmişdir. Yəni, ölkəmiz siyasi, iqtisadi və humanitar mərkəzə çevrilibdir.
Bu, reallıqdır və bu reallığı biz yaratmışıq öz siyasətimizlə, öz addımlarımızla. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Əlbəttə ki, bu, bizi çox sevindirir və bu, bizim məqsədimiz idi. Əlbəttə, mən bunu dəfələrlə demişəm və son on il ərzində bu siyasəti aparmışam ki, ilk növbədə, bizim bütün səylərimiz daxildə gedən proseslərin müsbət istiqamətdə davam etməsinə yönəlsin və biz bu istiqamətdə çox böyük uğurlara nail olduq.
Prezident İlham Əliyevin giriş nitqi
Dünyanın ən sürətli iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Dünyada ən dinamik inkişaf edən ölkə Azərbaycandır. Bu, reallıqdır və bu reallığı artıq bölgə ilə məşğul olan bütün qurumlar qəbul edir. Ancaq eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzu da böyük əhəmiyyətə malikdir. Biz bu nüfuzu qazanmışıq və bu nüfuzun nə qədər yüksək səviyyədə olmasının göstəricisi bizim hazırda BMT Təhlükəsizlik Şurasında üzvlüyümüzdür. Bu, dünya tərəfindən Azərbaycana verilən qiymətdir. Eyni zamanda, Azərbaycanda keçirilən yüksək səviyyəli, mötəbər beynəlxalq tədbirlər bizim beynəlxalq nüfuzumuzu daha da artırır. Beləliklə, hesab edirəm ki, keçən rübdə, bütövlükdə, son altı ayda bu məsələlərlə bağlı çox ciddi addımlar atılmışdır.
Eyni zamanda, xarici siyasətlə bağlı addımlarımız həmişəki kimi, uğurlu olmuşdur. Keçən rübdə hesab edirəm ki, bir neçə əlamətdar hadisə baş vermişdir. Əlbəttə ki, mənim xarici ölkələrə səfərlərim, xarici dövlət başçılarının Azərbaycana səfərləri və ikitərəfli formatda münasibətlərin inkişafı böyük əhəmiyyətə malikdir. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da böyük diqqətə layiqdir. Keçən rübdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər yadda qaldı. Fələstinə yardım məqsədilə donor konfransı keçirilmişdir. Donor konfransının keçirilməsi bizim niyyətimizi, siyasətimizi göstərir. Bütövlükdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan öz fəallığını artırır və bildiyiniz kimi, İslam həmrəyliyi məsələləri həmişə diqqət mərkəzində olmuşdur.
Bu gün də demək istəyirəm ki, biz hələ çox işləməliyik. Hər bir müsəlman ölkəsi çox işləməlidir ki, biz bu birliyi gücləndirək. Dünyada gedən bəzi proseslər, qütbləşmə, ayrı-seçkilik meylləri bizi narahat edir. Azərbaycan öz tərəfindən çalışır və çalışacaqdır ki, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın və bayaq sadaladığım tədbirlər bunun əyani sübutudur. Biz çalışırıq, öz təcrübəmizi, öz nailiyyətlərimizi ortaya qoyuruq və göstəririk ki, bu mümkündür.
Keçən rübdə mənim Avropa İttifaqına səfərim olmuşdur. Hesab edirəm ki, bu səfərin də çox böyük əhəmiyyəti vardır. Baxmayaraq ki, bu, mənim prezident kimi Avropa Komissiyasına beşinci səfərimdir. Son on il ərzində mən beş dəfə səfər etmişəm. Yəni, bu səfərlər özlüyündə münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Ancaq bu səfər də çox önəmli idi. Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul etmişdir. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir və Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bax bu qətnamələrin qəbul edilməsinə nail olurlar.
Əslində bu barədə heç danışmağa da dəyməz, çünki Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu əlbəttə ki, qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq onu demək istəyirəm ki, son bir il ərzində anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirmişdir. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, ölkəmizin müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda, Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat əlbəttə, bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərimin xüsusi əhəmiyyəti var idi. Nəzərə alsaq ki, Avropa Şurasında da anti-Azərbaycan qüvvələr vardır. Düzdür, onlar azlıq təşkil edirlər. Son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması əlbəttə ki, bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı dolğun məlumatın formalaşmasına gətirib çıxarmışdır. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi qaydada Azərbaycana hücum etməyə cəhd göstərirlər.
Avropa Şurasında sonuncu cəhd bu ilin yanvarında baş vermişdir. Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox demiş, bu çirkin məruzəni rədd etmişdir. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu, bizi narahat edir.
Biz Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edirik. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik. Ancaq bu meyllər vardır. Yəni, gələcəkdə bu əməkdaşlığın hansı formalarla davam etməsi bu gün müəyyən edilməlidir.
Biz görürük ki, ümumi mənzərə əlbəttə, müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırdı. Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaqdır? Azərbaycanın maraqları necə təmin ediləcəkdir? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı.
Çünki hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyildir.
Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. İstənilən cəhətdən. Siyasi cəhətdən tam müstəqildir, müstəqil xarici siyasət aparır. İqtisadi cəhətdən tam müstəqildir. Enerji resursları baxımından zəngindir. Yəni, bizim gələcək illərdə inteqrasiya addımlarımız ölçülüb-biçilməlidir. Nə üçün biz bunu edirik? Hansı məqsədlər üçün biz bunu edirik? Biz bunsuz da yaşaya bilərik və yaşayırıq da. Biz öz hesabımıza yaşayırıq. Ona görə də Avropa İttifaqı ilə apardığım danışıqlar bir daha demək istəyirəm ki, müsbət nəticələrlə tamamlandı və növbəti illər üçün hesab edirəm ki, hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar vardır. Hesab edirəm ki, növbəti illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaqdır. Hər halda bizim istəyimiz bundan ibarətdir. Ancaq yenə də demək istəyirəm ki, bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmalıdır.
Keçən rübdə enerji siyasətimizlə bağlı çox ciddi hadisələr, deyə bilərəm ki, tarixi hadisələr baş vermişdir. “Cənub” qaz dəhlizinin marşrutu seçildi. Bu tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qədər bizim üçün önəmlidir. Bildiyiniz kimi, dünyanın diqqəti Azərbaycana yönəldilmişdir. Azərbaycanda verilən qərarlar əminəm ki, bölgənin gələcək enerji xəritəsinə ciddi dəyişikliklər edəcəkdir. “Cənub” qaz dəhlizinin seçilməsi və bu məsələ ilə bağlı “Şahdəniz” konsorsiumunun vahid mövqeyi çox müsbət hal kimi qiymətləndirilməlidir. Bu layihə bizə imkan verəcək ki, öz qaz potensialımızı maksimum dərəcədə realizə edək və bayaq qeyd etdiyim kimi, Azərbaycan iqtisadiyyatına on milyard dollar səviyyəsində ölçülən investisiyalar qoyulacaqdır.
Biz öz təşəbbüsümüzü əldən vermirik. Enerji sahəsində bizim təşəbbüslərimiz həlledici rol oynayır. Bizim təşəbbüslərimiz əməkdaşlığa yönəldilibdir. Enerji təhlükəsizliyi məsələlərinin həlli bu gün Azərbaycansız mümkün deyildir. Bu da reallıqdır və hesab edirəm ki, hər kəs bunu bilməlidir. Azərbaycanda verilən qərarlar həlledicidir. Azərbaycanda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərinə əvəzsiz töhfədir. Azərbaycanda verilən qərarlar gələcəkdə də bu məsələ ilə bağlı son sözü deyəcəkdir. Bu, reallıqdır. Mən hesab edirəm ki, bunu hamı bilməlidir. Əlbəttə ki, bu, ölkəmizin önəmini daha da artırır, ölkəmizin siyasətinin bölgə üçün və qitə üçün önəmli olduğunu bir daha təsdiqləyir. Bu, bizim üstünlüyümüzdür. Ancaq həmişə dediyim kimi, bu üstünlük göydən düşməyib. Biz özümüz bunu yaratmışıq, - öz fədakar işimizlə, məqsədyönlü siyasətlə, cəsarətli addımlarla. Bu gün enerji məsələlərini siyasi məsələlərdən ayırmaq mümkün deyildir. Əgər bizim siyasi gücümüz, güclü iradəmiz olmasaydı, cəsarətli addımlar atılmasaydı, bunların heç biri mümkün olmazdı. Bunu da hamı bilməlidir.
Keçən rübdə bir əlamətdar hadisəni də qeyd etmək istəyirəm. O da Azərbaycanda keçirilmiş hərbi paraddır. Bu parad Azərbaycan Ordusunun gücünü göstərdi. Paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi. Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı bu paradı böyük maraqla izləmişdir və qürur hissi keçirmişdir ki, bizim belə güclü imkanımız, güclü ordumuz vardır. Eyni zamanda, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Bilirəm ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu günə qədər hələ çəkilməyib. Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaqdır.
Biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq, bundan sonra da ən müasir texnikanı alacağıq. Bildiyiniz kimi, bu texnikanın alınması ilə heç bir problem yoxdur. Biz müxtəlif ölkələrdən texnika alırıq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Mətbuatda rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Deyə bilərəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq. Vaxtaşırı xarici mətbuatda gedən məlumatlara şərh veririk. Amma biz bütün məlumatları açıqlaya bilərik. Çünki bizim dövlət büdcəmiz şəffafdır, bütün xərclərimiz də açıqdır.
Ermənistan xalqı isə hesab edərəm ki, bundan qorxmamalıdır. Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır. Onların fəaliyyətindən qorxmalıdır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaqdır. Bu günah bilavasitə Ermənistanın rəhbərliyi üzərinə düşür. Çünki onların işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti Ermənistanı bax bu fəlakətə gətirib çıxarıbdır. Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaqdır. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik.
İndi isə keçək müzakirələrə və söz verilir maliyyə naziri Samir Şərifova.
Sonra maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
2013-cü ilin ilk 6 ayında dünya iqtisadiyyatının son illərin dərin maliyyə və iqtisadi tənəzzülündən daha sürətlə qurtulma proqnozları yaxşılaşsa da, canlanma meylləri hələ də kifayət qədər güclü deyil. Dünyanın əksər inkişaf etmiş ölkələri, ələlxüsus Avrozonaya daxil olan ölkələr tam dirçəlişə doğru uzun və çətin bir yol qət etməlidirlər. İnkişaf etməkdə olan ölkələr isə iqtisadi inkişaf templərinin sürətinin enməsi ilə üzləşirlər. Bu faktorlar Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən 2013-cü il üçün hazırlanan qlobal iqtisadi proqnozun yenidən baxılaraq azaldılmasını şərtləndirmişdir.
Qlobal iqtisadi tənəzzülün səngimədiyi bir şəraitdə cari ilin 6 ayında Azərbaycan iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlıq və yüksək artım potensialını nümayiş etdirmişdir. İqtisadiyyatımızın qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artmışdır. Bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin etmişdir.
Son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı olaraq yüksələn xətlə artması və 10 faizlik səviyyəni üstələməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir.
Makroiqtisadi dayanıqlığın digər göstəricilərindən biri olan inflyasiya ötən 6 ay ərzində 2012-ci ilin müvafiq dövrü ilə nisbətdə cəmi 2 faiz təşkil etmişdir. Nəzərə alınmalıdır ki, 2012-ci ildə və cari ilin ötən 6 ayında dövlətin maliyyə vəsaiti hesabına nəhəng investisiya proqramlarının həyata keçirilməsi büdcə xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb olmuşdur. 2012-ci ildə büdcə xərcləri 2011-ci illə müqayisədə 13,1 faiz, 2013-cü ildə isə 31,6 faiz artmışdır.
Eyni zamanda, ölkə Prezidentinin müvafiq Fərmanına əsasən keçmiş SSRİ Əmanət Bankının ölkəmizin vətəndaşları olan əmanətçilərinə 2012-ci il 1 iyun tarixindən başlayaraq 597 milyon manat məbləğində vəsait cari ilin 30 iyununadək olduqca qısa müddət ərzində ödənilmişdir.
Bütün bunlar, heç şübhəsiz, inflyasiyanın artımına rəvac verən amillərdəndir. Lakin düşünülmüş fiskal və pul-kredit siyasəti tədbirləri inflyasiya təzyiqlərinin neytrallaşdırılmasını və onun sabit aşağı səviyyədə saxlanılmasını təmin etmişdir.
Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil etmiş və inflyasiyanı ənənəvi olaraq xeyli üstələmişdir. Ölkə üzrə orta aylıq əmək haqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil etmişdir. Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması yuxarıda qeyd olunan iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Cənab Prezident, Sizin hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2013-cü ilin 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur.
2013-cü ilin birinci yarımilliyində Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 11 milyard 257 milyon manat, xərcləri isə 9 milyard 818 manat və yaxud 2012-ci ilin eyni dövrünə nisbətən 1 milyard 765 milyon manat (21,9 faiz) çox icra olunmuşdur. Cari ilin 6 ayında dövlət büdcəsinin mədaxili 9 milyard 525 milyon manat və ya proqnoza nisbətdə 113,4 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz (1 milyard 391 milyon manat) çox olmuşdur. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 102,4 faiz və ya 8 milyard 730 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 620 milyon manat və ya 22,8 faiz çox icra edilmişdir. Sosial yönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmişdir.
Altı ay ərzində dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olmuşdur.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılmışdır.
Möhtərəm Prezident, xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi potensialımızın artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Tapşırığınıza əsasən dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitlərin həcmi ilbəil əhəmiyyətli dərəcədə artırılmaqla, büdcə xərclərinin tərkibində böyük xüsusi çəkiyə malik olmuşdur.
Cari ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 10 faiz artırılması barədəki müvafiq Sərəncamınızın icrası təmin edilir. Hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün möhtərəm Prezidentimizin imzaladığı müvafiq Fərmanın icrası olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 187 hərbi qulluqçu dövlət büdcəsinin vəsaiti hesabına Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012-ci ildə və 2013-cü ilin 6 ayı ərzində mənzillərlə təmin edilmişdir. Bu iş davam etdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin Azadlıq meydanında keçirilən hərbi parad zamanı son illər alınmış ən müasir texnika ilə yanaşı, Azərbaycanda istehsal olunan texnikanın da nümayiş etdirilməsi ordu quruculuğu istiqamətində atılan addımların ardıcıllığı, ciddiliyi və həcmini ortaya qoymuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” imzaladığı Fərman sosial-mənəvi əhəmiyyətinə görə tarixi fərman olmaqla, dövlət başçısının siyasi iradəsini birmənalı şəkildə əks etdirərək, ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi problemin həllinə yol açdı. Fərmanın icrası nəticəsində cari ilin iyul ayının 1-dək 1 milyon 619 min 938 əmanət hesabının sahibləri və ya onların vərəsələri, əvvəldə qeyd etdiyim kimi, 597 milyon manat məbləğində vəsait almışlar. Həmin ödənişlərin 555 milyon manatı və ya 93 faizi 2012-ci ilin 7 ayında, 42 milyon manatı isə 2013-cü ilin 6 ayında təmin edilmişdir.
Tam əminliklə demək olar ki, postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib. Belə ki, hər 1000 rubl əmanət qalığına görə Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə qat-qat aşağı - minimum 7, maksimum 150 ABŞ dolları səviyyəsində olmuşdur.
2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 3 milyard 449 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 935 milyon manat və ya 37,2 faiz çoxdur. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 730 milyon manat vəsait istifadə olunmuşdur.
Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 2 milyard 129 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 858 milyon manat, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 93 milyon manat, Bakı Metropoliteninə 326 milyon manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş qazlaşdırma tədbirlərinə 80 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidən qurulması üçün 430 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün 187 milyon manat vəsait yönəldilmişdir. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Şirkətinə 100 milyon manat vəsait ayrılmışdır.
Prezidentimizin daim xüsusi nəzarətində və diqqətində olan energetika sektoruna dövlət qayğısının təzahürü olaraq, son 10 il ərzində elektrik enerjisi hasilatının yüksəldilməsi, enerji müstəqilliyimizin və əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə bu sahəyə daxili və xarici mənbələr hesabına 3,1 milyard manat məbləğində investisiya qoyulmuşdur. Yaxın günlərdə 780 MVt gücə malik “Cənub” elektrik stansiyasının istismara verilməsi Azərbaycan elektrogenerasiyası tarixində böyük bir hadisə olmuşdur.
Altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 225 milyon manat vəsait sərf edilmişdir. Bu 2012-ci ilin eyni dövrü ilə müqayisədə 107,0 milyon manat və ya 1,9 dəfə çoxdur.
Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 400 milyon manat məbləğində vəsait istifadə edilmişdir.
Cari ilin altı ayında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 139 milyon manat, ölkəmizin rayon və şəhərlərin yerli xərclərinə 424 milyon manat dotasiya ödənilmişdir.
2013-cü ilin 6 ayında dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həlli vacib hesab edilən sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi, bir sıra sosial məsələlərin həlli üçün 200 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəsəbə və kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına xüsusi diqqətin göstəricisi kimi qeyd etmək olar ki, son illər ərzində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan 451 milyon manat vəsait hesabına əhalisinin sayı 1,1 milyon nəfər təşkil edən 51 rayon və 7 şəhər üzrə 685 yaşayış məntəqəsini birləşdirən 757 kilometr kənd və qəsəbələrarası avtomobil yolları tikilərək istifadəyə verilmiş, 713 kilometr yolda isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün 37 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi, kənd təsərrüfatı texnikasının, aqrokimyəvi maddələrin alınması və digər lizinq xidmətlərinin göstərilməsi məqsədi ilə “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə 60 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 25 milyon manat vəsait ayrılmışdır.
Sahibkarlığa dəstək üçün cari ilin 6 ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2066 sahibkara 180 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 130 milyon manatını (keçən ilin müvafiq dövrü ilə müqayisədə 81,0 milyon manat - 2,7 dəfə çox) cari ilin dövlət büdcəsindən ayrılmış vəsait təşkil etmişdir.
Cənab Prezident!
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılmışdır. Ölkədəki makroiqtisadi mühitə uyğun olaraq iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, onun səmərəliliyinin, dayanıqlığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektoru və digər real mənbələrdən formalaşacaq vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına diqqət yetiriləcəkdir.
Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları, ölkəmizdə keçiriləcək möhtəşəm idman yarışları, beynəlxalq və digər dövlət tədbirləri üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Bu günlər həm də müstəqil Azərbaycan dövləti üçün ulu öndər Heydər Əliyev siyasətinin 20 illik dövrünün qeyd olunması ilə əlamətdardır. 20 il bundan öncə Azərbaycan xalqının təkidi və tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik yarandı, dərin sosial-iqtisadi islahatlara start verildi. Olduqca mürəkkəb geosiyasi şəraitə baxmayaraq, müvəffəqiyyətlə həyata keçirdiyi neft strategiyası Azərbaycan xalqının uzunmüddətli firavan gələcəyinin təməlini qoydu. Bu möhkəm zəmin əsasında son 10 ilə yaxın bir müddət ərzində ulu öndər Heydər Əliyev siyasi kursunu böyük əzm və məharətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həyata keçirir. Bu, tarix baxımından o qədər də uzun olmayan dövr ərzində müstəqil Azərbaycan dövləti bir çox zirvələri fəth etmiş, o cümlədən dünyanın ən mötəbər qurumuna - BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər klubuna daxil olmuş, ölkə iqtisadiyyatının sürətli inkişafına və real ifadədə 3 dəfədən çox artımına nail olmuş, bazar iqtisadiyyatına keçidi başa çatdırmış, xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya çevrilmişdir.
Bu dövr eyni zamanda Azərbaycan xalqının maddi rifah və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsi, ölkənin bütün şəhər və kəndlərinin simasının dəyişməsi və müasirləşməsi ilə də səciyyələnmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2012-ci ildə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əldə edilən nailiyyətlərə söykənərək qarşıdakı 10 il ərzində ölkəmizin sosial, iqtisadi, mədəni, humanitar və dövlət quruculuğu sahələrində keyfiyyətcə yeni hədəflərə nail olmaq üçün vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bu məsuliyyətli vəzifələrin öhdəsindən gəlinməsini Heydər Əliyev kursunun Prezident İlham Əliyev tərəfindən qarşıdakı illərdə də davam etdirilməsində görür.
Cənab Prezident, çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, dövlət maliyyə orqanlarının əməkdaşları Azərbaycan xalqının davamlı firavan inkişafını təmin edəcək vəzifələrin yerinə yetirilməsinə yönəlmiş sosial-iqtisadi inkişaf strategiyanızın həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm.
Kənd təsərrüfatı naziri İsmət ABASOV çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Öz parlaq ömrünü ölkəmizin sosial-iqtisadi inkişafına, müstəqilliyin və suverenliyin qorunmasına həsr etmiş, vətənə və xalqa xidmətdə əvəzsiz lider, xalqın unudulmaz rəhbəri olmuş, “Hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir”, - deyən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar siyasətin fəaliyyətimizin bütün istiqamətlərində bu gün onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın aqrar sahəsinin inkişafına öz müsbət töhfəsini vermişdir.
Belə ki, ölkə başçısı tərəfindən imzalanmış çoxsaylı dövlət proqramlarından, aqrar sahənin orta və uzunmüddətli inkişaf strategiyalarından irəli gələn vəzifələrin səmərəli icrası ölkəmizin insan resurslarının və iqtisadi potensialının əsas mənbəyi olan regionlarda və kəndlərdə yaşayan insanların rifah halının yaxşılaşdırılmasına öz töhfəsini vermişdir.
2003-2013-cü illərdə ölkəmizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək, o cümlədən yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya, eləcə də “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə onun fəaliyyət göstərməsi üçün kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınması və Cəmiyyətin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə ayrılmış 427 milyon 100 min manat vəsait, güzəştli kreditlər və digər dövlət dəstəyi sayəsində 2012-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 4 milyard 844 milyon 600 min manat təşkil etmişdir.
Ölkəmizin əsasən kənd ərazilərində yoxsulluqla mübarizə sahəsində əldə etdiyi uğurlarla əlaqədar olaraq, 2013-cü ilin iyun ayında Roma şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfat Təşkilatının Konfransında bu təşkilatın mükafatına layiq görülmüşdür. Bu mükafat 2000-ci ildə Nyu-York şəhərində keçirilmiş BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması münasibətilə təltif edilmişdir. Mükafatın məqsədi yoxsulluqla mübarizədə radikal islahatlar həyata keçirmiş ölkələrin siyasi iradələrinin BMT tərəfindən etiraf edilməsi və yüksək qiymətləndirilməsindən ibarətdir.
Yoxsulluqla mübarizə sahəsində ölkəmizin əldə etdiyi bu nailiyyətlər, yoxsulluq səviyyəsinin 49 faizdən 6 faizədək azaldılması birmənalı olaraq məhz möhtərəm Prezident cənab İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafına bilavasitə göstərdiyi hərtərəfli qayğı və köməyin nəticəsidir.
Möhtərəm cənab Prezident!
Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil etmiş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən bitkiçilik sahəsində 4,5 faiz, heyvandarlıq sahəsində isə 5,1 faiz artmışdır. 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 faiz olacağı gözlənilir.
2013-cü ilin məhsulu üçün ölkə üzrə 1 milyon 33 min 200 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar (qarğıdalı istisna olmaqla) becərilmişdir ki, onun da 690 min 816 hektarını və ya 67 faizini buğda təşkil edir. 2013-cü il iyulun 15-i tarixinə 905 min 80 hektarda və ya ümumi sahənin 88 faizində biçin aparılmışdır. Biçilmiş sahələrdən 2 milyon 408 min 191 ton dənli və dənli paxlalıların məhsulu yığılmış və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz çox məhsul istehsal edilmişdir ki, onun da 1 milyon 612 min 644 tonunu buğda təşkil etmişdir. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur.
Əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, 2013-cü ilin 1 iyul vəziyyətinə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 faiz, kartof istehsalı 11,8 faiz, tərəvəz istehsalı 8,8 faiz, yaşıl çay yarpağı istehsalı 4 faiz artmışdır. Bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırmışdır.
Ölkədə üzüm və şərab sektorunun uzunmüddətli inkişafını təmin etmək məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın hədəflərinə nail olmaq üçün göstərilən dövlət dəstəyi ilə yanaşı, üzüm sortlarının yaxşılaşdırılması, üzüm genofondunun və müxtəlifliyinin qorunub saxlanması, üzüm və şərab məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, bu sahənin elm və kadr təminatının gücləndirilməsi məqsədilə beynəlxalq inteqrasiya istiqamətində müxtəlif işlər görülmüşdür. Azərbaycan Respublikası 2013-cü ilin iyun ayında Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzv seçilmişdir.
Hesabat dövründə bitkiçilik sahəsi ilə yanaşı, heyvandarlıq sahəsində də həyata keçirilmiş kompleks tədbirlər nəticəsində cari ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı diri çəkidə 3,2 faiz, süd istehsalı 6,6 faiz, yumurta istehsalı 14,2 faiz, yun istehsalı 2,6 faiz artmışdır.
Möhtərəm cənab Prezident!
Cari ildə məhsul yığımı mövsümü zamanı yaranmış müəyyən texnika çatışmazlığı ilə əlaqədar dövlət başçısının 2013-cü il 4 iyul tarixli Sərəncamı ilə ölkənin taxılyığan kombaynlara olan ehtiyacını təmin etmək məqsədilə Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat vəsaitin ayrılmasını xüsusi vurğulamaq istəyir, bu dəstəyin Azərbaycan Respublikası Prezidentinin ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, fermerlərin və kəndli sahibkarların fəaliyyətinə yüksək qayğısı kimi qiymətləndirir və bütün fermerlər adından, cənab Prezident, Sizə öz dərin təşəkkürümü bildirirəm. Diqqətinizə çatdırmaq istərdim ki, qeyd olunan vəsait hesabına 150 ədəd Finlandiya istehsalı olan müasir “Sampo” markalı taxılyığan kombayn Azərbaycana gətiriləcəkdir.
Dövlətimizin başçısının “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Prezidentin ehtiyat fondundan 2013-cü il üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 9 milyon 200 min manat vəsait və Cəmiyyətin 1 milyon 850 min manat təkrar istifadə vəsaiti hesabına Fransadan və Macarıstandan alınması nəzərdə tutulan 4300 baş damazlıq heyvandan 1284 başı bu il iyulun 15-dək ölkəyə gətirilərək 50 faiz güzəştlə üç il müddətinə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Qalan 3016 baş heyvan isə sentyabr ayından etibarən Azərbaycana gətiriləcəkdir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2013-cü ildə 1648 kənd təsərrüfatı texnikası, o cümlədən 1000 taxılyığan kombayn, 394 traktor, 4 qarğıdalıbiçən xeyder və 1150 qoşqu avadanlığı ölkəmizə gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir. Bununla yanaşı, Cəmiyyət tərəfindən məhsul istehsalçılarının gübrələrə olan tələbatı müəyyənləşdirilməklə, cari ildə bu məqsədlər üçün nəzərdə tutulmuş 4 milyon 700 min manat büdcə və təkrar istifadə vəsaitləri hesabına 13 milyon 180 min manat dəyərində 30 min ton ammonium nitrat gübrəsinin alınması üçün müvafiq tədbirlər görülmüş və 2013-cü ildə 8200 ton ammonium nitrat gübrəsinin ölkəmizə gətirilməsi təmin edilmişdir. Hesabat dövründə gətirilmiş və Cəmiyyətin bazasında keçən il alınan 47 min ton gübrələr hesabına 2013-cü il iyulun 1-dək kənd təsərrüfatı məhsulları istehsalçılarına 54 min ton müxtəlif gübrələrin güzəştli şərtlərlə satışı təmin edilmişdir.
Aqrar sahənin müxtəlif istehsal vasitələri ilə təminatı ilə yanaşı, digər prioritet məsələ özünütəminat, natural tipli təsərrüfatçılıqdan rəqabətqabiliyyətli və kommersiya tipli təsərrüfatlara keçidin asanlaşdırılması məqsədilə könüllülük prinsipi əsasında torpaqların konsolidasiyası vasitəsilə iri fermer təsərrüfatlarının yaradılmasıdır. Bu prosesin dövlət tərəfindən müxtəlif stimullaşdırıcı vasitələrlə dəstəklənməsi hazırda Azərbaycanda mövcud olan kiçik həcmli pərakəndə torpaq mülkiyyətçilərinin tədricən aradan qaldırılmasına və istehsalın artırılmasına xidmət etmiş olar. Buna əyani misal olaraq cənab Prezidentin tapşırığı ilə Beyləqan və Ağcabədi rayonlarında yeni yaradılmış iri fermer təsərrüfatını göstərmək olar ki, bu təsərrüfatda hər hektardan orta hesabla 54 sentner taxıl məhsulu əldə olunmuşdur.
Ölkəmizin ərazisinin transsərhəd səciyyəli heyvan və bitki xəstəliklərindən mühafizəsi üzrə tədbirlər cari ildə də davam etdirilmişdir. Təhlükəli heyvan xəstəlikləri hesab olunan qarayara, dabaq, quduzluq, quş qripi, brusellyoz və bu kimi digər xəstəliklərə qarşı aparılmış peyvəndləmə və profilaktika işləri nəticəsində ölkədə epizootik vəziyyət qorunub saxlanmışdır. Cari ilin may ayında Fransada keçirilmiş Dünya Heyvan Sağlamlığı Təşkilatının Assambleyası zamanı bu təşkilatın rəhbərliyi Azərbaycanda epizootik durumun qənaətbəxş olduğunu bildirmişdir.
Bitkilərin, əsasən də meyvə bağlarının, taxılın, tərəvəzin ziyanvericilərdən mühafizə edilməsi və ümumilikdə ölkədə fitosanitar sabitliyin qorunub saxlanması məqsədilə mübarizə tədbirləri həyata keçirilmiş, dərman preparatları ilə təminatı yaxşılaşdırılmış və zərərvericilərin yayılma arealı xeyli azalmışdır.
Möhtərəm cənab Prezident!
İnsanların ən ali hüququ olan ərzaq hüququnun təmin edilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsindəki diqqət və qayğınıza görə ölkəmizin bütün fermerləri və kəndli sahibkarları adından Sizə öz dərin təşəkkürümüzü bildirir, aqrar sahədə daha dolğun nəticələrə nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səylərin daha da artırılacağına söz veririk.
Diqqətinizə görə təşəkkür edirəm.
Sonra nəqliyyat naziri Ziya MƏMMƏDOV çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Azərbaycan Respublikasında müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması Sizin, cənab Prezident, müəyyən etdiyiniz iqtisadi siyasətin mühüm tərkib hissəsi olaraq, yüksək keyfiyyətli nəqliyyat şəbəkəsi və xidmətləri vasitəsilə nəqliyyat ehtiyaclarına sürətlə artmaqda olan tələbatın təmin edilməsinə, əlverişli coğrafi mövqeyi baxımından ölkəmizin geniş tranzit imkanlarından tam istifadəyə yönəlmişdir.
Müxtəlif nəqliyyat növlərinin vahid nəqliyyat sistemində mövcud şəbəkələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, bu sistemin etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsi barədə Sizin, cənab Prezident, tapşırıqlarınıza əsaslanan, Zati-alilərinizin diqqət və qayğısı ilə həyata keçirilən nəqliyyat fəaliyyətimiz davamlı olaraq özündə ölkəmizin sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəlməsinə, dövlətimizin iqtisadi qüdrətinin artmasına yönəlmiş tədbirləri əhatə edir.
Bu ilin ən əlamətdar tədbiri olan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı nəqliyyat-yol kompleksində keçirilən bütün tədbirlərdə bu sahənin hazırkı inkişafının Heydər Əliyev siyasətindən bəhrələndiyi qeyd edilmiş, Ulu Öndərin misilsiz xidmətləri dərin minnətdarlıq hissi ilə qeyd olunmuş və xatırlanmışdır.
Möhtərəm cənab Prezident!
İcazə verin diqqətinizə çatdırım ki, 2013-cü ilin 6 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, əhalinin və ölkə iqtisadiyyatının daşımalara olan tələbatı ödənilmişdir. 2012-ci ilin eyni dövrü ilə müqayisədə yük daşımaları 1,8 faiz artaraq 105,2 milyon ton və sərnişin daşımaları 5,7 faiz artaraq 804 milyon nəfər təşkil etmişdir. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 923 milyon manat təşkil etmişdir.
Dəmir yolu nəqliyyatında aparılan yenidənqurma işləri davam etdirilmişdir. Hazırda, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi idarəetmə sisteminin yaradılması işləri həyata keçirilir. Cari ilin 6 ayı ərzində dəmir yolunun 82 kilometrik hissəsi yenidən qurulmuşdur.
Avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, avtonəqliyyat vasitələri parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər davam etdirilmişdir. 6 ay ərzində paytaxta 340 yeni sərnişin avtobusları gətirilərək istismara verilmişdir. Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilmişdir.
İctimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə bu ayın sonuna qədər 1000 ədəd avtobusda xüsusi avadanlıqların quraşdırılması başa çatdırılacaq və sentyabr ayından bu sistemə keçidə başlanılacaqdır.
Ölkədə 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunmuş, 6 körpü inşa və təmir edilmişdir. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilmişdir.
Bakı şəhərində Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilmiş, Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının tikintisi və 6 piyada keçidinin tikintisi davam etdirilmişdir.
Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılmışdır.
Zığ dairəsi-Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi, Zabrat-Maştağa-Buzovna və Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yollarının yenidən qurulması işləri davam etdirilmişdir.
Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Bu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi” üzrə tədbirlər planının və nəqliyyat məsələlərinin əhatə olunduğu digər proqramların icra müddəti başa çatır və növbəti illər üçün təkliflər hazırlanır. Fürsətdən istifadə edərək, bu proqramların icrası ilə əlaqədar, son 5 il ərzində görülmüş işlər barədə məlumatları da diqqətinizə çatdırmaq istərdim.
Bu dövr ərzində bütün nəqliyyat növləri ilə 688 milyon ton yük, 7,1 milyard nəfər sərnişin daşınmışdır. Yük və sərnişin daşımalarında orta illik artım tempi müvafiq olaraq 5,1 və 7,1 faiz təşkil etmişdir. Nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların ümumi həcmi 7,3 milyard manat təşkil edərək, əvvəlki 5 illik dövrlə müqayisədə 10 dəfə artmışdır.
Dayanıqlı nəqliyyat sisteminin qurulması üçün müasir infrastrukturun olması əsas şərtdir. Məlumdur ki, nəqliyyat infrastrukturu sadəcə yol, müəssisə, qurğu, konstruksiyalar deyil, bu, ilk növbədə daşımaları, yeni iş və xidmətlərə çıxışı təmin edən əsas vasitə, ticarət və iqtisadi inkişafa təkan verən milli iqtisadiyyatın təməllərindəndir. Bununla əlaqədar olaraq, sahələr üzrə infrastruktur layihələri barədə bir neçə əsas məqamları və görülmüş işləri diqqətinizə çatdırmaq istərdim.
Dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Qədim İpək Yolu üzərində dəmir yolu infrastrukturunun yenidən qurulması işlərinə başlanılmışdır və iş hazırda da davam etdirilir. Layihə üzrə yolun artıq 209 kilometr hissəsi yenidən qurulmuşdur. Layihə başa çatdıqdan sonra, dəmir yolunun bu dəhlizlə buraxılış qabiliyyətinin ildə 30 milyon tondan 50 milyon tona, hərəkət sürətinin saatda 140 kilometrə çatdırılması mümkün olacaqdır.
Cənab Prezident, Siz nitqlərinizdə dəfələrlə qeyd etmisiniz ki, Azərbaycanın iştirakı və iradəsi olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Region və bütövlükdə Avropa üçün mühüm əhəmiyyət kəsb edən neft və qaz boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz üzərindən keçməklə, şərqlə qərbi birləşdirən, Avrasiyanın yeni ticarət bağlantısına çevrilən Bakı-Tbilisi-Qars layihəsi də buna nümunədir.
Hazırda burada tikinti işləri sürətlə davam etdirilir. Axalkələk-Türkiyə sərhədi hissəsində ümumi uzunluğu 29 kilometr olan yeni yolun 9 kilometrində üst quruluşu inşa edilmiş və bu ilin sonuna kimi Türkiyə sərhədinə qədər yeni yol tikiləcəkdir. Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin 2 kilometri qazılmışdır və işlər davam etdirilir. Türkiyə və Gürcüstan ərazisində tikinti çətin relyefli və kəskin iqlimli ərazilərdən keçdiyinə görə yol verilən ləngimələrə baxmayaraq, 2014-cü ildə başa çatdırılacaqdır.
Ələt qəsəbəsində Xəzərdə ən böyük və müasir Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi uğurla davam etdirilir. Artıq sahilə qədər uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr olan kanal açılmışdır və quruda tikinti işləri davam etdirilir. 2014-cü ildə birinci kompleks - Bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara veriləcək, 2015-ci ildə isə quru yük terminalının tikintisi başa çatdırılacaqdır.
Ölkəmizdə müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində görülən işləri qeyd edərək bildirmək istərdim ki, 2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilmiş və təmir olunmuş, avtomobil yollarında 158 körpü inşa edilmişdir.
Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılmışdır və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. 2014-cü ildə Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.
Görülən işlərin müqayisəsi üçün bir neçə rəqəmi qeyd etmək istərdim. Əgər 1990-cı ilə qədər Azərbaycanda bütün körpülərin uzunluğu 29 min metr idisə, təkcə son beş ildə istismara verilmiş körpü və bağlantıların uzunluğu təxminən 20 min metr təşkil edir. Bu körpülərin texniki parametrlərini - zolaqlarının sayını, uzunluğunu və yükgötürmə qabiliyyətini də müqayisə etsək, o zaman nə dərəcədə irimiqyaslı işlərin görüldüyünü təsəvvür etmək olar.
2008-2013-cü illərdə birinci texniki dərəcəli, 4 zolaqlı yolların ümumi uzunluğu 150 kilometr artırılaraq 180 kilometrdən 330 kilometrə, asfalt-beton örtüklü yolların uzunluğu 1100 kilometr artırılaraq 7678 kilometrə çatdırılmışdır. 2015-ci ilə qədər birinci texniki dərəcəli 4 zolaqlı yolların uzunluğu 800 kilometrə çatdırılacaqdır.
Avtomobil yollarımızın texniki dərəcələri əhəmiyyətli dərəcədə yüksəlmiş, yol nişanlarının quraşdırılması, yolların xətlənməsi, işıqlandırma, magistrallara giriş-çıxışın məhdudlaşdırılması və digər texniki tədbirlər görülmüşdür ki, bunlar hərəkətin təşkilində, təhlükəsizliyin qorunmasında və qəza hadisələrinin qarşısının alınmasında mühüm şərtlərdəndir. Böyük Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır.
Su nəqliyyatı sahəsində dövlət büdcəsi hesabına son 5 il ərzində 4 tanker və 5 bərə alınaraq istismara verilmişdir.
Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2008-2012-ci illər ərzində “Azərbaycan Hava Yolları” QSC tərəfindən “Boeing”, “Airbus” və “Embraer” tipli 16 sərnişin təyyarəsi və 3 helikopter alınmış və yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır. Azərbaycanın əsas regional mərkəzlərində (Gəncə, Lənkəran, Zaqatala, Qəbələ) beynəlxalq hava limanları tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Hava Limanının yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir.
Ölkəmizdə daşımaların böyük hissəsinin həyata keçirildiyi avtomobil nəqliyyatında nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi tədbirləri də məqsədyönlü şəkildə həyata keçirilmişdir. Son 5 il ərzində paytaxta 3471 yeni iri və orta tutumlu avtobuslar və 1000 “London-Taksi”ləri olmaqla 1850 yeni taksi minik avtomobilləri gətirilmişdir. Bu dövr ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikilərək istismara verilməsi ilə yanaşı, regionlarda 11 avtovağzal və avtostansiya tikilmiş, 8-i yenidən qurulmuş, 3 avtovağzalın tikintisi isə davam etdirilir.
Möhtərəm cənab Prezident!
Sizin xüsusi qayğı və məhəbbətlə yanaşdığınız, gündən-günə müasirləşən və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakıda irimiqyaslı nəqliyyat layihələri həyata keçirilmişdir. Bakı şəhərində 572,2 kilometr yol əsaslı təmir olunmuş, 32 yol qovşağı, bu yol qovşaqlarında 35 körpü, yol ötürücüləri və tunellər tikilmişdir. 50 yeraltı və yerüstü piyada keçidləri tikilmiş, 10 yeraltı piyada keçidi isə təmir olunmuşdur.
Bu dövrdə Bakı şəhərində dünyanın ən müasir nəqliyyatı intellektual idarəetmə mərkəzlərindən biri istismara verilmişdir.
Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədilə əsas yol kəsişmələrində işıqforların idarə edilməsi üçün qurulan nəqliyyat siqnallarına nəzarət sistemi və “Yaşıl dalğa” tədbirlərinin tətbiqi şəhərdə nəqliyyat axınına müsbət təsir etmiş və nəticədə avtomobillərin orta hərəkət sürəti 35 km/saat-dan 48 km/saat-a qədər, küçələrin ötürücülük imkanı orta hesabla sutkada 20,2 min avtomobildən 27,7 min avtomobilə qədər artmışdır.
Möhtərəm cənab Prezident!
Nəqliyyatdan istifadənin asanlaşmasını təmin edən bütün bu işlər xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edir. Sizin adınızla bağlı olan bütün bu işlər ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır. Göstərişiniz əsasında bölgələrdə keçirdiyimiz vətəndaşların fərdi qəbullarında ölkəmizdə aparılan böyük quruculuq işlərinə sadə insanlar tərəfindən yüksək qiymət verildiyinin, minnətdarlıqla dəyərləndirdiyinin, apardığınız siyasətin tam dəstəkləndiyinin şahidi oluruq, Sizin şəxsiyyətinizə səmimi arzuları eşidirik.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında ölkəmizin əldə etdiyi böyük uğurlar, nail olduğu davamlı inkişaf və yüksəliş son illər ərzində respublikamızı dünya ictimai birliyinin diqqət mərkəzinə çıxarmış, ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirmişdir. Heç şübhəsiz ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də bu etimadın əyani nümunəsidir və hər birimiz bununla qürur duyuruq. 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı qəbul edilərək icrasına başlanılmışdır. İki ildən az vaxt qalmasına baxmayaraq bütün işlər vaxtında yekunlaşdırılacaqdır.
Sonda icazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, Zati-alilərinizin tapşırıq və tövsiyələri bundan sonra da böyük məsuliyyət hissi ilə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə minnətdaram!
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
– Bir daha qeyd etmək istəyirəm ki, bu ilin altı ayında görülmüş işlər deməyə əsas verir ki, biz bu yüksək templəri saxlayacağıq və ilin əvvəlində qarşıda duran vəzifələrin hamısını icra edəcəyik. Biz yüksək templəri saxlamalıyıq, bütün layihələri vaxtında icra etməliyik. Bu il çox böyük Dövlət investisiya proqramı icra edilir. Əminəm ki, ilin sonuna qədər bu Dövlət investisiya Proqramı tam şəkildə icra ediləcəkdir. Bu da öz növbəsində gələcək illər üçün daha da yaxşı zəmin yaradacaqdır. Çünki Dövlət investisiya proqramında nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaqdır.
Ölkəmizdə böyük tikinti işləri gedir. Görülən işlərin bir hissəsi bu gün məruzələrdə də qeyd edildi. Azərbaycan böyük tikinti meydançasıdır, Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq.
Qeyd etdiyim kimi, artıq birinci altı ayda 12,6 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin içində əlbəttə ki, dövlət investisiya layihələri də önəmli yer tutur. Biz elə etməliyik ki, bax bu temp gələcək illərdə də saxlanılsın. Çünki baxmayaraq ki, çox işlər görülüb, hələ görüləsi işlər çoxdur və infrastruktur layihələrinin bir hissəsi ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Ancaq biz gələn il də investisiya layihələrinə xüsusi diqqət göstərəcəyik. Bunu və eyni zamanda, gözlənilən maaş və pensiyaların artımını nəzərə alaraq biz makroiqtisadi sabitliyə də daim böyük fikir verməliyik. Sevindirici hal ondan ibarətdir ki, ilin əvvəlindən inflyasiya templəri çox aşağıdır. Giriş sözümdə qeyd etdiyim kimi, inflyasiya cəmi 2 faiz təşkil edir. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, inflyasiya birrəqəmli olsun və görürük ki, biz buna nail oluruq. Əminəm ki, ilin sonuna qədər inflyasiya məqbul səviyyədə olacaqdır. Ancaq buna nail olmaq üçün biz gərək çox ciddi iş aparaq.
Azərbaycanda dövlət xərcləri, büdcə xərcləri ildən-ilə artır. Bu gün bu rəqəmlər səsləndi, icmal büdcə də, investisiya layihələri, sosial ödəmələr, maaşlar, pensiyalar da artır. Sovet dövründən qalmış əmanətlərin demək olar ki, mütləq əksəriyyətini qaytarmışıq. Bax, görülən bütün bu işlərin fonunda inflyasiyanı aşağı səviyyədə saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir və mən bunu qiymətləndirirəm. İnflyasiyanın aşağı səviyyədə qalması, ilk növbədə, sosial məna daşıyır. Bu, dövlətin öz vətəndaşlarına olan münasibətini bir daha göstərir.
Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatmalıdır. Birinci proqram 2004-cü ildə qəbul edilmişdi və artıqlaması ilə icra olunmuşdur. Ondan sonra 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı qəbul edilmişdir. Artıq proqramın icrasının başa çatmasına bir neçə ay vaxt qalır. Bu gün artıq demək olar ki, bu proqram da artıqlaması ilə icra edilir. Elə etməliyik ki, ilin sonuna qədər bu proqram tam icra edilsin.
Bu proqramların qəbul edilməsi nəticəsində hesab edirəm ki, biz böyük nailiyyətlərə imza atdıq. Bütün görüləcək işlər bu proqramlarda çox dəqiq qaydada göstərilmişdir. Əlbəttə ki, ölkəmizin inkişafı ilə bağlı çox konkret planlarımız vardır. Mən bu planlar haqqında vaxtaşırı öz fikirlərimi bildirirəm. Ancaq bütün bu planları, görüləcək bütün işləri vahid proqramda əks etdirmək, əlbəttə ki, bizim işimizi asanlaşdırdı və eyni zamanda, proqramın icrasına nəzarəti gücləndirdi. Ona görə hesab edirəm ki, bu ilin sonuna qədər bu proqram tam şəkildə icra edilməlidir.
Eyni zamanda, Bakı və onun qəsəbələrinin proqramı da bu ilin sonuna qədər başa çatmalıdır. Bu proqram ikillik proqram idi. İşlər çox qısa müddət ərzində görülməli idi. İşlərin böyük əksəriyyəti görülmüşdür. Bakı qəsəbələrində quruculuq işləri davam edir, infrastruktur layihələri icra edilir, məktəb tikintisi, tibb ocaqlarının tikintisi gedir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir.
Növbəti aylarda biz regionlarda kənd yollarının tikintisinə daha da böyük diqqət göstərəcəyik. Bu gün bu rəqəmlər səsləndi, son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kənlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünki yol həyat, inkişaf, rahatlıq deməkdir. Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək. Hesab edirəm ki, artıq götürülən bu temp əgər saxlanılarsa biz buna nail olacağıq. Bildiyiniz kimi, kənd yollarının tikintisi iki mənbədən maliyyələşir - dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. İlin sonuna qədər bu proses davam etdiriləcəkdir.
Bütövlükdə yolların tikintisi ilə bağlı çox böyük işlər görülmüşdür, magistral yolların böyük əksəriyyəti demək olar ki, tikilmişdir. Qalan işlər də növbəti illərdə görüləcəkdir. Biz yol təsərrüfatımızı tamamilə yeniləşdirə bilmişik. Son illər ərzində bütün magistral yollarda böyük işlər görülür, rahat yollar salınır. Onlar müasir standartlara cavab verən yollardır. Şəhərlərarası yollara fikir verilir, kənd yolları tikilir. Bu, ölkəmizin inkişafını göstərir və eyni zamanda, infrastruktur layihələri arasında yol tikintisi xüsusi yer tutur. Çünki yol olmasa heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz.
Əlbəttə ki, yollar, ilk növbədə, insanların rahatlığı üçün tikilir. Yəni, bu, başlıca məqsəddir və digər bütün məqsədlər də gözlənilir. Ona görə nəqliyyatla bağlı olan məsələlər kompleks şəkildə icra edilir. Dəmir yolunun yenidən qurulması gedir və bu layihə imkan verəcək ki, qatarların sürəti də artsın. İnsanların rahatlığı üçün bu, çox böyük əhəmiyyət daşıyır.
Eyni zamanda, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin də fəal işləməsi üçün buna böyük ehtiyac vardır. Bakı-Tbilisi-Qars dəmir yolu strateji əhəmiyyətə malik olan layihədir. Mən çox şadam ki, Azərbaycan bu layihənin təşəbbüskarı kimi böyük işləri öz üzərinə götürmüşdür və bu gün yolun tikintisi davam edir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəzərdə tutulmuş vaxtda istismara veriləcəkdir. Bu layihənin iqtisadi baxımdan çox böyük əhəmiyyəti vardır. Azərbaycan bundan sonra artıq tranzit ölkəyə çevriləcəkdir. Biz öz tranzit imkanlarımızı onsuz da artırırıq. Bu gün artıq bizim tranzit imkanlarımız daha da genişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində bu imkanlar daha da genişlənəcəkdir. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyətə malik olmur.
Ona görə nəqliyyat infrastrukturuna qoyulan sərmayə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin gələcək iqtisadi və siyasi maraqlarını daha da dolğun şəkildə təmin edəcəkdir. Azərbaycanda, Xəzərdə ən böyük dəniz limanı tikilir. Bu da bizim təşəbbüsümüz idi, buna da böyük ehtiyac vardır. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti nəticəsində ən azı 10 milyon artıq yük daşınacaqdır, - yəni, biz bunu gözləyirik, gələcək illərdə bu rəqəm daha da artacaqdır, - əlbəttə ki, müasir dəniz limanına böyük ehtiyac vardır. Eyni zamanda, yeni tikilən dəniz limanı Bakıda, şəhərin mərkəzində yerləşən dəniz limanının şəhərdən köçürülməsinə də imkan yaradacaqdır. O ərazidə ictimai yerlər salınacaqdır.
Ümumiyyətlə, son illər ərzində Bakıda ictimai yerlərin salınması prosesi geniş vüsət almışdır. Yeni parklar salınır, yeni xiyabanlar, yollar açılır, ictimai yerlər yaradılır. Deyə bilərəm ki, ictimai yerlərin sayına, onların həcminə, gözəlliyinə görə Bakı ən qabaqcıl yerlərdədir. Dənizkənarı bulvar genişləndirilmişdir. Şəhərin mərkəzindəki köhnəlmiş, yarıdağılmış vəziyyətdə olan tikililər artıq yığışdırılır. Onların yerində yeraltı parkinqlər və yerüstü parklar salınır. Görün, bu gözəllik nə qədər insanlara rahatlıq verir, insanların gözünü oxşayır. Eyni zamanda, yeni salınmış bu parklarda gün ərzində bəlkə də on minlərlə insan öz asudə vaxtlarını keçirir.
Bu proses bir daha onu göstərir ki, düşünülmüş siyasət olan yerdə nəticələr də olur. Əlbəttə, bütün köçürülmələr qanun çərçivəsində aparılmalıdır. Vətəndaşlara lazımi səviyyədə kompensasiya da ödənilməlidir. Qeyd etmək istəyirəm ki, verilən kompensasiya bazar qiymətindən təxminən iki dəfə çoxdur. Biz hamımız bilirik ki, şəhərin hansı yerində qiymətlər necədir və verilən kompensasiya təxminən bazar qiymətindən iki dəfə artıqdır. Bu da Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin təzahürüdür. Hesab edirik ki, bütün köçürülmələr bu prinsiplər əsasında öz həllini tapmalıdır.
Bakıda yeni yolların çəkilişi prosesi gedir. Çünki buna böyük ehtiyac vardır. Əgər biz vaxtilə bu proqramı başlamasaydıq, indi şəhər nəqliyyatı tam iflic vəziyyətinə düşərdi. Bu il ərzində 100 minə qədər yeni avtomaşının idxalı gözlənilir. Əgər, biz yolları genişləndirməsək, köçürülmələri etməsək və yeni yol qovşaqlarını, tunelləri tikməsək onda şəhər nəqliyyatı dayanar. Biz bəzi böyük şəhərlərin vəziyyətini yaxşı bilirik. Orada demək olar ki, nəqliyyat iflici hökm sürür. Ona görə, Bakının tarixi yerlərində genişləndirmə işlərinin aparılması çox çətindir. Bunu etmək mümkün deyildir, tarixi binalar vardır. Ancaq harada mümkündürsə, orada biz yeni yolları açmalıyıq, açırıq da, acacağıq da. Çünki bunsuz mümkün deyildir. Bu, böyük vəsait tələb edir. Çünki yolun tikintisi özlüyündə çox böyük vəsait tələb edən məsələlərdir. Köçürülmələr, kompensasiyalar, kommunikasiyaların yerinin dəyişdirilməsi - yəni, biz bütün bu işləri kompleks şəkildə aparırıq və aparacağıq.
Sosial məsələlərin həllinə gəldikdə, bu barədə mən giriş sözümdə qeyd etdim. Gələn aylarda maaşların, pensiyaların artırılması nəzərdə tutulur. Digər sosial tədbirlər görüləcəkdir. Bakıda və bölgələrdə sosial infrastrukturun tikintisi davam etdirilir. Hesab edirəm ki, bu sahədə nailiyyətlər böyükdür.
Sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulmuş kreditlərin böyük əksəriyyəti artıq verilmişdir. Bu il bu kreditlər 250 milyon manat məbləğində nəzərdə tutulubdur. Kreditlərin böyük hissəsi əvvəlcə verilmiş və qaytarılmış kreditlər hesabına verilir. Bu kreditlər çox səmərəli şəkildə işləyir və iqtisadiyyatın real sektoruna bir töhfədir. Sahibkarlığın inkişafına da bir töhfədir. Yəni, artıq bundan sonra hər il sahibkarlara ən azı 250 milyon manat güzəştli şərtlərlə kredit veriləcəkdir ki, bu, qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xidmət göstərəcək, beləliklə, ölkə qarşısında duran vəzifələri icra etmək üçün daha da yaxşı şərait yaradacaqdır.
Mən ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Sahibkarlarla görüşlərdə də bu mövzu daim qaldırılmışdır. Mən hesab edirəm ki, biz son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atmışıq və bəzi pozisiyalar üzrə artıq özümüzü 100 faiz təmin səviyyəsinə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə əvvəlki dövrlərdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik. Sahibkarlığın inkişafı dövlət siyasəti, bütün bu işlərin koordinasiyası, infrastruktur layihələrinin icrası və əlbəttə ki, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq təhlükəsizliyini təmin etmək üçün bizə imkan yaradacaqdır.
Bizdə hələ ki, dövriyyədə olmayan torpaqlar vardır. Bu torpaqlarda meliorativ tədbirlər görülməlidir və görüləcəkdir. Burada qeyd olunduğu kimi, 5 min hektar torpaq artıq dövriyyəyə buraxılıb və orada məhsuldarlıq hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan iki dəfə çoxdur. Yəni, biz əslində bu rəqəmləri də gözləyirdik. Çünki bu yeni, iri fermer təsərrüfatlarında bütün tədbirlər yüksək səviyyədə görülür. Aqrotexniki, meliorativ tədbirlər, gübrə ilə təminat, əlbəttə ki, dövlət tərəfindən verilmiş kreditlər hesabına bütün bu işlər görülür.
Hesab edirəm ki, bax, biz bu təcrübəni əlbəttə ki, genişləndirməliyik. Bizə təqribən 40-50 böyük, iri fermer təsərrüfatı lazımdır ki, taxıla olan tələbatı biz tam şəkildə ödəyək. Eyni zamanda, biz bu təcrübəni digər, yəni, böyük olmayan fermer təsərrüfatlarında da tətbiq etməliyik. Kənd təsərrüfatı texnikasının alınması ilə bağlı son qərarım da məhz bu məqsədi güdür. Bir daha demək istəyirəm ki, vaxtilə “Aqrolizinq”in yaradılması bu sahədə bir dönüş oldu. Əgər biz “Aqrolizinq”i yaratmasaydıq, indi bu texnikanın heç yüzdə biri də bizdə olmazdı. Kəndlilər özləri bu texnikanı almaq üçün imkanlara malik deyillər. Dövlət burada öz rolunu oynamışdır. Gələcək illərdə kənd təsərrüfatı texnikasının, xüsusilə kombaynların alınması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. İlin sonuna qədər əlavə vəsait də ayrıla bilər. Biz yaxın üç-dörd il ərzində özümüzü ən müasir texnika ilə tam şəkildə təmin etməliyik. Çünki biz gələcəkdə yeni iri fermer təsərrüfatlarını yaradacağıq. Burada təxminən 10 minlərlə hektar torpaqdan söhbət gedir. Mövcud fermer təsərrüfatlarında da yeni texnika olmalıdır. Ona görə mütləq Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə təkliflərini bir daha verməlidir ki, biz öz işlərimizi planlaşdıraq, bilək, nə qədər traktor, nə qədər kombayn hansı ildə alınmalıdır ki, bu məsələlər tam şəkildə öz həllini tapsın.
Bununla bərabər, meliorasiya tədbirləri də böyük əhəmiyyətə malik olan məsələlərdir. Bu il Taxtakörpü su anbarı layihəsi istismara veriləcəkdir. Bu nəhəng infrastruktur layihəsidir. Bunun böyük əhəmiyyəti, tarixi əhəmiyyəti vardır. Bu, müstəqillik dövründə qeyri-neft sektorunda icra edilən ən böyük layihələrdən biridir, bəlkə də birincisidir. Bu layihə sırf sosial xarakter daşıyır, suvarılan torpaqların sahəsi böyük dərəcədə artacaqdır. Eyni zamanda, içməli su məsələləri öz həlini tapacaqdır.
İndi Vəlvələçay - Taxtakörpü su kanalı açılışa hazırdır və Taxtakörpü anbarının su ilə doldurulması başlanacaqdır. İlin sonuna qədər bu nəhəng layihə, - bunun içində elektrik stansiyası da vardır, - istismara veriləcəkdir.
Bununla bərabər, digər meliorativ tədbirlər görülməlidir. Hesab edirəm, meliorasiya ilə bağlı gələcəkdə xüsusi proqram da qəbul edilə bilər ki, biz öz strategiyamızı və planlarımızı proqram şəklinə salaq və bu məsələləri ardıcıllıqla həll edək. Onsuz da biz bunu həll edirik. Yeni kanallar tikilir, artezian quyuları qazılır, indi Taxtakörpü, Şəmkirçay su anbarları tikilir. Şəmkirçay anbarı yəqin ki, gələn il istismara veriləcəkdir. Bu da on minlərlə hektar yeni torpaqlara suyun verilməsi deməkdir. Ancaq bununla bərabər, başqa imkanlar da vardır. Biz kiçik çaylardan daha da səmərəli şəkildə istifadə etməliyik. Yəni, hesab edirəm ki, bu sahədə çox dəqiq, müfəssəl və dünya praktikasına uyğun bir proqram işlənib təqdim edilməlidir.
Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılışını qeyd edəcəyik. Azərbaycanın sənaye potensialı böyüyür, artır. Bu ilin birinci rübündə qeyri-neft sənayemiz təxminən üç faiz artmışdır. Əminəm ki, gələcək illərdə bu artım daha da böyük rəqəmlərlə ölçüləcək. Hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixrac yönümlü sənaye potensialı yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin ediləcəkdir.
Bununla bərabər, ixrac məhsullarının istehsalının artırılması da daim diqqət mərkəzindədir. Əlbəttə ki, ilk növbədə biz diqqətimizi daxili bazara yönəldirik. Daxili bazarı həm sənaye məhsulları, həm tikinti materialları və həm də ərzaq məhsulları ilə təmin etməliyik. Bu, birinci məsələdir. Ancaq görülən və görüləcək işlərin miqyasını nəzərə alsaq görərik ki, biz ancaq daxili bazarla kifayətlənə bilmərik. Bizdə istehsal olunacaq məhsullar daxili bazarın tələbatından qat-qat üstün olacaqdır. Ona görə mən indidən bu göstərişləri mütəmadi qaydada verirəm. Hesab edirəm ki, bunda böyük fayda vardır. Biz yeni bazarlara çıxış yollarını axtarmalıyıq. Xüsusilə indi dünyanı bürümüş böhran hələ ki, davam edir, alıcılıq qabiliyyəti bəzi ölkələrdə aşağı düşübdür və tələbat da aşağı düşübdür. Ona görə də yeni bazarlara çıxmaq o qədər də bizə asan olmayacaqdır. Burada ilk növbədə həm rəqabət qabiliyyətli məhsullar buraxılmalıdır, eyni zamanda, çox fəal siyasət aparılmalıdır ki, biz yeni bazarlara çıxaq, özümüzü təqdim edək və məhsullarımızı orada sata bilək.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gözəl səmərəsini verir. Bunu həm ölkə əhalisi hiss edir, eyni zamanda, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən aparılan sorğu da onu göstərir ki, Azərbaycan əhalisi korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı atılan addımları alqışlayır.
Əhalinin təxminən 70 faizi hesab edir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi və səmərəli mübarizə aparılır. Deyə bilərəm ki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Azərbaycanda isə 70 faiz səviyyəsindədir. Yəni, budur göstərici və budur gördüyümüz işlərin əsas nəticəsi. Ona görə mən çox şadam ki, bu mübarizə öz səmərəsini verməkdədir. Hesab edirəm ki, biz daha da fəal olmalıyıq. Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Bir daha demək istəyirəm ki, cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaqdır. Eyni zamanda inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaqdır. Onların içində əlbəttə ki, elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur. “Asan xidmət”in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm. Qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan bu xidmət öz fəaliyyətini genişləndirir. Mənim göstərişimlə orada göstərilən xidmətlərin sayı da artır. Gələcəkdə biz baxmalıyıq ki, orada qısa müddət ərzində toplanan təcrübəni biz başqa sahələrdə də necə tətbiq edə bilək. Biz bunu edəcəyik, bu bizim seçdiyimiz yoldur. Eyni zamanda, əlbəttə ki, dövlət məmurlarının məsuliyyəti də bu məsələdə öz rolunu oynayır, oynamalıdır. Hər bir dövlət məmuru korrupsiyaya qarşı çox ciddi mübarizə aparmalıdır. Hər idarə rəhbəri bu prinsipləri əsas tutmalıdır. Çünki Azərbaycanın sürətli inkişafı reallıqdır. Gələcəyimiz çox parlaqdır. Azərbaycan bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir, mütləq bu, olacaqdır. Ona görə də biz bütün xoşagəlməz halları aradan götürməliyik və elə etməliyik ki, bu göstəriciyə görə də Azərbaycan dünyada qabaqcıl yerlərdə olsun.
İnfrastruktur layihələri arasında xüsusilə içməli su, kanalizasiya layihələrini mən qeyd etmək istəyirəm. Çünki bu layihələr növbəti aylarda, illərdə də icra ediləcəkdir. Digər infrastruktur layihələrinin icrası tamamlanır. Elektrik enerjisi ilə bağlı artıq bütün layihələr demək olar ki, başa çatıbdır. Sonuncu böyük elektrostansiya - 780 meqavat gücündə olan stansiya bu yaxınlarda Şirvan şəhərində istismara verilibdir. Demək olar, sonuncu bir stansiyadır ki, artıq ən yüksək standartlara cavab verir və orada şərti yanacağın sərfiyyatı da lazımi səviyyədədir və bütün texniki parametrlər də dünya səviyyəsindədir.
Qazlaşdırma prosesi sürətlə gedir. Bu ilin sonuna qədər qarşıya vəzifə qoyulmuşdur ki, bütün yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılmalıdır. Xüsusilə, indi bölgələrdə bu iş geniş vüsət almışdır. Elə etməliyik ki, biz qazlaşdırmanı maksimum dərəcədə təmin edək. Ona görə içməli su-kanalizasiya layihələri bu gün əsas prioritetdir. Gördüyünüz kimi, demək olar ki, biz hər həftə, hər ay hansısa bir şəhərdə yeni su layihəsinin istismara verilməsini qeyd edirik, yaxud da onun təməlini qoyuruq. Bu proses artıq geniş vüsət almışdır. Dövlət büdcəsində də kifayət qədər vəsait nəzərdə tutulur. İçməli su, kanalizasiya xətləri infrastruktur layihələri arasında bu gün prioritet məsələdir.
Enerji təhlükəsizliyi ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan tərəfindən qəbul edilmiş qərarlar çox böyük beynəlxalq əhəmiyyətə malikdir. Bizim tərəfimizdən irəli sürülmüş layihələr böyük beynəlxalq dəstəyə malikdir. TANAP layihəsi artıq beynəlxalq aləm tərəfindən dəstəklənir və beynəlxalq layihəyə çevrilibdir. “Cənub” qaz dəhlizinin icrası nəticəsində Azərbaycan bundan sonra ən azı 100 il ərzində çox önəmli və əvəzolunmaz qaz ixrac edən ölkəyə çevriləcəkdir. Bütün bunları biz edirik, Azərbaycanın bu günü və ölkəmizin gələcəyi üçün. Əlbəttə ki, enerji layihələri əlavə investisiyaların cəlb edilməsinə də gətirib çıxaracaqdır. İlkin hesablamalara görə “Şahdəniz-2” və bu layihə ilə bağlı olan digər layihələr Azərbaycana təxminən 40 milyard dollar yeni investisiyaların qoyulmasına gətirib çıxaracaqdır. Təbii ki, bu investisiyalar digər neft sektoruna, neft-qaz sektoruna yaxın olan, o cümlədən xidmət sektoruna da öz müsbət təsirini göstərəcəkdir.
Bu rübdə gələn ilin büdcəsi artıq hazırlanacaqdır. İndidən büdcə üzərində işlər aparılır. Büdcə əlbəttə ki, həm investisiya, həm sosial yönümlü olmalıdır. Büdcədə müdafiə xərcləri önəmli yer tutmalıdır, eyni zamanda, bütün infrastruktur layihələri, sosial layihələr, sosial ödəmələr nəzərə alınacaqdır.
Eyni zamanda, bu ilin sonunda, bayaq qeyd etdiyim kimi, regional inkişaf proqramının ikinci hissəsi başa çatır. Gələn il yeni, üçüncü proqram qəbul ediləcəkdir. Müvafiq qurumlar bu proqramın tərtibatı üzərində işləyirlər. Növbəti proqram 2014-2018-ci illəri əhatə edəcək və bizə imkan verəcək ki, bundan sonra da Azərbaycan uğurla inkişaf etsin, qarşıda duran bütün vəzifələr icra edilsin. Sağ olun!
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.