Prezident İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Birinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısını əks etdirən sənədlər və mətbuatla görüşlərinə dair fotolardan ibarət stend vardır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın ümumi tikinti sahəsi 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılmışdır.
Dövlətimizin başçısı otaqlarda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar yerləşir. Xidməti otaqlar müasir texniki vasitələr, kompyuterlər və mebellə təchiz olunmuşdur.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşdü.
İdarə heyətinin üzvlərini dövlətimizin başçısına təqdim edən Əflatun AMAŞOV Azərbaycanda mətbuatın inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə Mətbuat Şurası üzvlərinin minnətdarlığını çatdıraraq dedi:
- Hörmətli cənab Prezident, Sizi Mətbuat Şurasının yeni inzibati binasında salamlamaqdan məmnunluq duyuruq. Sizin bu gün açılış mərasimimizdə iştirak etməyiniz təkcə Mətbuat Şurası üçün deyil, ölkə jurnalistikası, ümumilikdə media ictimaiyyəti üçün son dərəcə əlamətdar hadisədir. Sizə bir daha "Xoş gəlmisiniz!" deyirik.
Mətbuat Şurasının yeni inzibati binasının açılışı Azərbaycan milli mətbuatının 135 illik yubileyinə təsadüf edir. Müasir tələblərə cavab verən belə bir binaya hətta ən inkişaf etmiş ölkələrin mətbuat şuraları həsəd apara bilər. Biz bunu Azərbaycan jurnalistikasına Sizin bayram töhfəniz kimi qəbul edirik. Bu, həm də ölkədə aparılan ardıcıl və məqsədyönlü media siyasətinin əyani nümunələrindəndir.
Bu siyasətin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Azərbaycan jurnalistlərinin, bütövlükdə media ictimaiyyətinin onu daim ehtiramla xatırlamasının kökündə bir çox amillər dayanır. Müharibə vəziyyətində olan ölkədə 1998-ci ildə mətbuat üzərindəki senzura götürüldü. Bu addım o dövr üçün çox böyük cəsarət tələb edirdi. Növbəti addım media sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı oldu. Qanunvericilik dünya standartlarına uyğun şəkildə təkmilləşdirildi. Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıldı. Azərbaycan MDB məkanında mətbuatın özünütənzimləmə funksiyasını rəsmiləşdirdi. Bu məkanda ilk Mətbuat Şurası yaradıldı. Qeyd etmək yerinə düşər ki, hələlik postsovet məkanında belə bir təkmil media institutu mövcud deyildir. 2007-ci ildə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə keçirdiyimiz konfransda Azərbaycan Mətbuat Şurası MDB məkanı üçün vahid model kimi götürüldü. Qərara alındı ki, həmin ölkələrdə bu sayaq qurumlar yaradılarkən Azərbaycan Mətbuat Şurasının təcrübəsi əsas götürülsün.
Həmin dönəmdə mətbuata dövlət qayğısı ilə bağlı digər çoxsaylı faktlar da mövcuddur. Kütləvi informasiya vasitələri məhsulları üzərindən əlavə dəyər vergisinin aradan qaldırılmasını, gömrük rüsumunun götürülməsini, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət vəsaiti hesabına silinməsini və s. buna misal göstərmək olar.
Hörmətli cənab Prezident, hər bir sahədə olduğu kimi, media sahəsindəki siyasətdə də varislik mövcuddur. Sizin ölkəyə rəhbərlik etdiyiniz ilk gündən mediaya dövlət qayğısının yeni nümunələrinin şahidiyik. Qətiyyətlə demək olar ki, bu, keyfiyyətcə tam yeni bir mərhələdir. Azərbaycan dövlətinin iqtisadi imkanlarının artması mediaya dövlət qayğısını sistemli, uzunmüddətli strategiyaya çeviribdir. Ölkədə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası kimi mükəmməl bir sənəd qəbul olunmuşdur. Sənəddə nəzərdə tutulan vəzifələrin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun fəaliyyəti müstəqil mətbuatın inkişafını dəstəkləmək, stimullaşdırmaq, jurnalist əməyini qiymətləndirmək baxımından xüsusilə əhəmiyyətlidir. 2005-ci ildən "İnformasiya əldə etmək haqqında" mükəmməl qanuna malikik.
Hörmətli cənab Prezident, bu gün Azərbaycan mediası azaddır, müstəqildir. Baş verən hadisə və prosesləri hər hansı maneələrlə üzləşmədən cəmiyyətə çatdırır. Bu, demokratiyanın inkişafı baxımından çox böyük uğurdur, etibarlı təminatdır. Bayram günündə istəməzdik ki, problemlərdən danışaq. Lakin Sizin burada olmağınızdan istifadə edərək bəzi məsələlərə toxunmaq istərdik.
Mətbuat Şurasının əsas missiyası mətbuatla ictimaiyyət arasında münasibətləri tənzimləməkdən ibarətdir. Cəmiyyət üzvləri mövqelərindən, vəzifələrindən asılı olmayaraq, mətbuatda barələrində gedən qərəzli, böhtan və şantaj xarakterli materiallarla əlaqədar bizə müraciətlər edirlər. İl ərzində müraciətlərin sayı mini ötür. Qərarlarımız əksər KİV-lər tərəfindən icra olunur. Lakin buna qəsdən məhəl qoymayanlar da vardır. Onlar "reket nəşr"lərdir. Belələri əsasən cəmiyyətdə ayrı-ayrı hüquqi və fiziki şəxslərə, təəssüf hissi ilə qeyd etməliyəm ki, hətta bəzi dövlət rəsmilərinə və qurumlarına istinad edərək Azərbaycanın media mühitini, sözün əsl mənasında korlayırlar.
Ona görə də Sizdən xahiş edirəm ki, "reket nəşr"lərə qarşı mübarizəmizə dəstək verəsiniz. İnanın ki, bundan təkcə mətbuat və cəmiyyət deyil, eyni zamanda, təhdidlərə məruz qalan dövlət qurumlarının özləri də faydalanacaqlar.
Azərbaycan cəmiyyəti neçə illərdir ki, azad medianın səmərəli xidmətindən istifadə edir, dünyada senzurasız, azad ölkə kimi tanınır. Lakin Azərbaycanda həm medianın, həm də cəmiyyətin imicinə mənfi təsir göstərən bir hal da mövcuddur. Bu məsələdə də Sizin şəxsi dəstəyinizə ehtiyacımız vardır. Bəhs olunan məsələ bizi əhatə edən və Avropa Şurasının üzvü olan bir çox ölkələrdə qəbul edilən diffamasiya haqqında qanunun ölkəmizdə qəbulunun bir qədər ləngiməsidir. Məlumat üçün bildirirəm ki, bu qanunun qəbulu bizim - Mətbuat Şurasının işini, əslində, bir qədər də artıracaqdır. Biz, əlbəttə, jurnalistlərin peşəkarlığı ilə, etik qaydalara əməl edilməsi normaları ilə daha ciddi məşğul olacağıq və jurnalist məsuliyyətinin artırılması üçün əlimizdən gələni etməliyik. Mətbuat Şurası kimi söz veririk ki, bu sahədəki səylərimizi artıracağıq.
Üçüncü məsələ, bildiyiniz kimi, Azərbaycanda müstəqil medianın dairəsi genişlənir. Lakin ölkə mediasının müstəqilliyinin əsas meyarı olan reklam bazarı hələ də yazılı mətbuatın üzünə qapalı kimi görünməkdədir. Bu gün illik reklam büdcəsi, təxminən 35-40 milyon manat olan Azərbaycanda yazılı medianın reklam gəlirləri 2 milyon manata çatmır. Əlbəttə, Siz Prezident olaraq reklamvericilərə birbaşa göstəriş verə bilməzsiniz. Amma dövlətimizin iqtisadi strukturları, nazirlikləri, komitələri, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları öz reklam və elanlarını müəyyən qədər mətbuatda yerləşdirə bilərlər. Bu sahədə də Sizin köməyinizə ehtiyacımız var.
Ölkədə jurnalist kadrların hazırlanması ilə bağlı problemlər mövcuddur. İstərdik ki, ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanları bərpa olunsun. Jurnalist təhsilini peşəni sevənlər alsınlar.
Dünya Azərbaycan həqiqətləri barədə yetərincə məlumata malik deyildir. Çox təəssüf ki, bəzi xarici nəşrlər ölkəmizdə aparılan islahatları görmək istəmir, Dağlıq Qarabağ kimi problemimizə barmaqarası baxırlar. Biz jurnalistlər də burada öz məsuliyyətimizi hiss edirik. Ona görə də müasir texnologiyalar əsrində müxtəlif dilləri mükəmməl bilən istedadlı jurnalistlərin hazırlanmasına ciddi ehtiyac duyulur. Hesab edirik ki, bu prosesdə xaricdə təhsil əsas rol oynaya bilər.
Jurnalistlərin sosial durumlarının yaxşılaşdırılmasına da ehtiyac vardır. Bu sırada xüsusilə mənzil qayğıları daha aktualdır. Dəfələrlə jurnalistlər üçün güzəştli şərtlərlə mənzil tikintisi məsələsini gündəmə gətirsək də, hələlik nəticə əldə etməmişik. Ümid edirik ki, Sizin sayənizdə bu məsələyə hansısa dövlət proqramı çərçivəsində baxmaq mümkün olacaqdır.
Möhtərəm cənab Prezident, Sizin hakimiyyətiniz dövründə media ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Bunların hər biri müstəsna əhəmiyyətə malikdir. Beş il bundan əvvəl Milli Mətbuat Günü ərəfəsində Sizin sərəncamınızla "Əməkdar jurnalist" fəxri adı bərpa olundu. 140-a yaxın jurnalist müxtəlif dövlət təltiflərinə layiq görüldü. Media qurumlarına maddi yardımlar göstərildi. Biz jurnalistlər inanırıq ki, eyni sevincli anları bu bayram günündə də təkrar yaşayacağıq.
Hörmətli cənab Prezident, Sizə bir daha ölkə jurnalistlərinin dərin minnətdarlığını bildirir, Sizə möhkəm cansağlığı, ölkəmizin daha da inkişafı yolunda yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun.
* * *
Prezident İlham Əliyev görüşdə çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında