Binəqədi rayonundakı Heydər Əliyev adına park yenidənqurmadan sonra istifadəyə verilmişdir

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulmuş Heydər Əliyev adına istirahət parkında yaradılmış şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən yüksək standartlar səviyyəsində infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan, Binəqədi rayonunun ərazisində yerləşən istirahət parkı tamamilə yenidən qurulmuşdur. Parkın giriş hissəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yeni inşa edilən inzibati binasının qarşısında ulu öndər Heydər Əliyevin bürüncdən ucaldılmış abidəsi diqqəti cəlb edir.

Bildirildi ki, burada paytaxt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılmışdır. Park 4,5 hektar sahəni əhatə edir. Əvvəllər mövcud olan, lakin baxımsızlıq üzündən yararsız hala düşmüş parkın yenidən qurulmasına 2012-ci ilin avqust ayından başlanılmışdır. Yenidənqurma işlərini yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislər həyata keçirmişlər. Parkdakı yararsız tikililər sökülmüş, kommunikasiya xətləri  dəyişdirilmişdir.

Qeyd olundu ki, parkın yerləşdiyi ərazinin mürəkkəb relyefi nəzərə alınmaqla tikintidə landşaft memarlığından istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən gətirilən çoxillik bitkilər əkilməklə yaşıllıq zolaqları salınmışdır. Parkda əvvəllər mövcud olan ağac növlərinin bir qismi saxlanılmışdır. Bununla yanaşı, 60 min kol, 10 min sarmaşıq,  600-dən çox uzunömürlü ağac əkilmişdir. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilmişdir. Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılmışdır.

Gənclərin istirahəti və asudə vaxtlarını səmərəli keçirməsi üçün parkın mərkəzi hissəsində yerləşən İnternet kafedə hər cür şərait yaradılmışdır. İstirahət məkanının ən yüksək ərazisində 85 metrlik platforma quraşdırılmışdır. İstirahət guşəsinin bu hissəsində fərqli ölçülərdə 70-dən çox kürəşəkilli xüsusi fənərlər quraşdırılmışdır. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən məharətlə istifadə olunmuşdur. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə də yaradılmışdır. Fəvvarə parka xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada, həmçinin müxtəlif tədbirlərin keçirilməsi üçün avanqard üslubda səhnə və amfiteatr formasında oturacaqlar quraşdırılmışdır. Çoxsaylı güzgülərdən ibarət kürə formalı memarlıq elementi də parka yaraşıq verir. Parkın işıqlandırılması da mükəmməl formada həyata  keçirilmişdir. Belə ki, parkın gecə işıqlandırılması üçün ətrafa füsunkar yaraşıq verən 2630 lampa quraşdırılmışdır.

Dövlətimizin başçısı parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında