Mayın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etmişdir.
Heydər Əliyev Mərkəzinə gələn Prezident İlham Əliyev əvvəlcə ABŞ-dan olan qonaqlarla görüşdü.
Dövlətimizin başçısı Alman Marşal Fondunun Transatlantik Akademiyasının aparıcı mütəxəssisi, ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Riçard Luqar, ABŞ-ın federal konqresmenləri Maykl Törner, Ted Po, 1998-2001-ci illərdə Birləşmiş Ştatların energetika naziri, Nyu-Meksika ştatının sabiq qubernatoru, ABŞ-ın BMT-dəki sabiq səfiri və Nümayəndələr Palatasının sabiq üzvü Bill Riçardson və digər konqresmenlər Qreqori Miks, Leonard Lans, Cim Brayndştayn, Ruben Hinoyosa, Stiv Stokmən, Mişel Qrişəm, Pol Uolfovitz və Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar ilə söhbət etdi.
Tədbirin aparıcısı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd SEYİDOV dedi:
– Zati-aliləri cənab İlham Əliyev!
Hörmətli qonaqlar, senatorlar, qubernatorlar, xanımlar və cənablar!
Mənim üçün çox böyük şərəfdir ki, bu gün sizi burada salamlayıram. Azərbaycana səfər etdiyinizə və tədbirə qatıldığınıza görə sizə dərin təşəkkürümü bildirirəm.
Bu, çox gözəl bir ənənə olmuşdur ki, həm Azərbaycanda, həm də ABŞ-da biz bir araya gəlirik və çox mühüm məsələləri müzakirə edirik. Regional təhlükəsizlik, ölkənin inkişafı, iqtisadi məsələlər və digər mövzuları müzakirə edirik.
Cənab Prezidenti bu tədbirdə görmək bizim üçün xüsusi şərəfdir. Onun Forumun təşkilində şəxsi iştirakı və töhfəsi bu tədbirin gözəl keçməsinə imkan vermişdir. Eyni zamanda, gözəl və parlaq Azərbaycanın inkişafı işinə xidmət etmişdir.
İcazənizlə, sözü Azərbaycan Respublikasının Prezidenti, Zati-alilərinə təqdim etmək istəyirəm.
* * *
Prezident İlham Əliyev Forumda nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
– Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Əziz Forum iştirakçıları!
İlk olaraq, sizi ölkəmizdə salamlayıram və bu tədbirə qatıldığınıza görə sizə dərin təşəkkürümü bildirirəm.
Burada bir çox dostlarımızı görürəm. Uzun illərdir Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsində bir arada çalışırıq. Bundan əlavə, qonaqlarımız arasında nüfuzlu siyasətçilər vardır ki, Azərbaycana ilk dəfə səfər edirlər. Əminəm ki, Azərbaycandakı səfəriniz çox uğurlu olacaq, bu tədbir çərçivəsində biz ikitərəfli münasibətlərimizə dair bir sıra məsələləri müzakirə etmək imkanı əldə edəcəyik.
Əminəm ki, bu Forum əlavə bir töhfə olacaqdır ki, ölkələrimiz arasında strateji əməkdaşlıq müzakirə edilsin. Gündəlik çox genişdir, müxtəlif sahələri əhatə edir. Əminəm ki, səmimi və açıq müzakirələr qarşılıqlı anlaşmaya xidmət edəcəkdir və əməkdaşlıq üçün yeni sahələri müəyyənləşdirəcəkdir, strateji əməkdaşlıq sahəsində müəyyən yeni mövzular aşkar olunacaqdır.
Azərbaycan-ABŞ münasibətlərinin böyük tarixi vardır. Ola bilər, o qədər də uzun olmasın, amma çox mühüm münasibətlər vardır. Müstəqilliyimizin ilk günlərindən biz xüsusi əməkdaşlıq qurmuşuq. O da nəticədə strateji tərəfdaşlığa çevrilmişdir. Siyasi təmaslarımız və dialoq çox yüksək səviyyədədir, çox fəaldır. Müxtəlif sahələrdə - iqtisadiyyat, ticarət, sərmayələr - Amerika şirkətləri Azərbaycanda başlıca investorlardandır. Bu şirkətlər Azərbaycan iqtisadiyyatının planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidini təmin etmişlər. Biz enerji təhlükəsizliyi məsələsində yaxından əməkdaşlıq edirik, iqtisadi şaxələndirmə, siyasi islahatlar, regional əhəmiyyətli məsələləri də müzakirə edirik. Regional təhlükəsizlik və əməkdaşlıq mühüm məsələlərdir.
Təhlükəsizlik hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Çox şadam ki, biz artıq bu sahədə yeni mərhələyə qədəm qoyuruq. Biz qlobal təhlükəsizlik məsələlərində bir arada çalışırıq. Bizim hərbçilərimiz dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak edirlər, Əfqanıstanda bir arada xidmət edirlər. Azərbaycan Əfqanıstana yönəlmiş yüklərin 40 faizinin nəqlini təmin edir və bizim marşrut ən sabit marşrut hesab oluna bilər.
Bizim NATO ilə əməkdaşlığımız da ikitərəfli münasibətlərimiz aspektindən qiymətləndirilməlidir və çox şadam ki, gündən-günə bu münasibətlər güclənir. Azərbaycan bu regionda etibarlı tərəfdaşdır. Biz bunu sadəcə bəyanatlarda deyil, real əməllərimizlə sübut edirik. Bu, bizim əməkdaşlığımız üçün müstəsna əhəmiyyət kəsb edir.
Regional təhlükəsizlik məsələləri hər zaman diqqət mərkəzində olacaqdır. Terrorizmlə mübarizə məsələsi mühüm bir mövzudur və Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində bu məsələyə xüsusi əhəmiyyət verir. Beynəlxalq terrorçuluqla mübarizə bu sahədə səylərin birləşdirilməsi istiqamətində öz töhfəsini verir və burada vətəndaşlarımızın sülh şəraitində yaşamasına xidmət edir.
ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da fəal rol oynayır. ABŞ Minsk qrupunun həmsədr ölkələri sırasındadır. Təəssüflər olsun ki, hələ də bu sahədə heç bir nəticə əldə edilməmişdir. Torpaqlarımız hələ də işğal altındadır. Lakin biz ümid edirik ki, beynəlxalq ictimaiyyətin, xüsusilə də Minsk qrupunun fəaliyyəti nəticəsində münaqişə nizamlanacaq, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər.
Biz ABŞ-ın ən yüksək rəhbərliyi səviyyəsində status-kvonun qəbuledilməzliyi ilə bağlı bəyanatı alqışlayırıq. Bu, tam olaraq bizim mövqeyimizlə üst-üstə düşür və bugünkü günün tələbidir. Çünki Dağlıq Qarabağ münaqişəsi təkcə böyük zorakılığın və beynəlxalq hüququn tapdalanmasının təzahürü deyil, bu, eyni zamanda regional təhlükəsizliyə və sabitliyə ən böyük təhdiddir. Bu region təhlükəsiz və firavan olmalıdır. Eyni zamanda, inteqrasiya olunmalıdır.
Bu münaqişə və Azərbaycan torpaqlarının davamlı olaraq işğalı burada çox mənfi rol oynayır. Sizə söyləmək istərdim ki, hətta Sovet İttifaqının süqutundan əvvəl - 1980-ci illərdə erməni separatçıları Ermənistanın dəstəyi ilə Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürürdülər. Sovetlər birliyi dağılandan sonra Azərbaycan çox çətin bir vəziyyətlə üzləşdi. İqtisadiyyatımız iflic vəziyyətində idi və burada separatçılığın artması da çox mənfi bir mənzərə yaradırdı. Azərbaycan ərazilərinin 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin salınması, etnik təmizləmə və bütün bu acınacaqlı şərtlər çox çətin bir vəziyyət yaratmışdır. Burada təkcə Dağlıq Qarabağın işğalından söhbət getmir, burada Azərbaycanın əzəli, tarixi 7 rayonunun işğalından söhbət gedir. Burada bütün infrastruktur məhv edilmişdir. Bu, müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmə missiyalarının hesabatlarında da öz əksini tapmışdır ki, bütün infrastruktur, bütün tarixi abidələr erməni silahlı qüvvələri tərəfindən məhv edilmişdir.
Azərbaycan xalqı soyqırımın qurbanı olmuşdur. Bildiyiniz kimi, 1992-ci ildə Xocalıda günahsız qadınlar və uşaqlar xüsusi zorakılıqla qətlə yetirilmişdir. Bir sıra ölkələr artıq bu faciəni soyqırımı kimi qəbul etmişdir. Bir sıra ABŞ ştatları da bunu soyqırımı kimi qəbul etmişdir.
Bu münaqişədə ilk olaraq, beynəlxalq hüquq və prinsiplər bərpa edilməlidir. Çünki BMT Təhlükəsizlik Şurası bununla bağlı dörd qətnamə qəbul etmişdir ki, orada qoşunların dərhal və şərtsiz çıxarılması qeyd olunur. Zənnimcə, münaqişənin həlli regional təhlükəsizliyi və firavanlığı təmin edə bilər, münaqişənin nizamlanması nəticəsində Cənubi Qafqaz artıq beynəlxalq birliyə daha yaxşı inteqrasiya ola bilər. Azərbaycanın təcrübəsi göstərir ki, proqnozlaşdırılmış və gələcəyə hesablanmış siyasət mövcuddursa siz uğurlu ola bilərsiniz.
Bizim münasibətlərin digər bir mühüm sahəsi enerji təhlükəsizliyidir. Bu sahədə biz ABŞ ilə 1994-cü ildən etibarən çox sıx əməkdaşlıq edirik. O zamanlar bizim müxtəlif layihələrdə ABŞ çox fəal iştirak etmişdir. Bildiyiniz kimi, Xəzər dənizi ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycan ilk, mən deyərdim, pioner bir ölkə olmuşdur və 1993-2003-cü illər ərzində bütün proseslərdə ABŞ yaxından iştirak etmişdir. Çünki ABŞ administrasiyası və ABŞ-ın müvafiq güclü dəstəyi olmasaydı, biz uğur qazana bilməzdik. Biz çox güclü dəstəyin şahidi olduq və ABŞ-Azərbaycan tərəfdaşlığı da bu mühüm strateji layihələrin icrasını təmin etmişdir.
Biz sərmayələri cəlb edə bilmişik. Burada sərmayələr üçün münbit şərait yaratmışıq. Onların qanuni cəhətdən qorunmasını təmin etmişik. Azərbaycanda çox münbit biznes atmosferi yaradılıb. Bu da bizim iqtisadiyyatın şaxələndirilməsinə xidmət etmişdir. Enerji gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. ABŞ administrasiyasının dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa edilmişdir və istifadəyə verilmişdir.
Bu neft kəmərinin tikintisi təkcə Azərbaycan üçün öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı olmamışdır. Bu, yeni bir dəhliz, yeni bir istiqamət, yeni bir marşrut olmuşdur. O zaman bu layihəni həyata keçirəndə biz onun bütün müsbət cəhətlərini görə bilməzdik. Amma bu gün biz onun şahidiyik ki, bu layihə bizim qitənin enerji xəritəsini dəyişmişdir. Biz bütün hasilatımızı ixrac etmək imkanı əldə etmişik və bu kəmərdən təkcə Azərbaycan deyil, bizim müxtəlif tərəfdaşlarımız tərəfindən istifadə olunur. Həmin bu dəhliz regional təhlükəsizliyin gücləndirilməsinə xidmət etmiş və biznes mühitinin yaxşılaşdırılmasında da müstəsna rol oynamışdır.
Bu gün biz artıq bir sıra mühüm enerji layihələrini icra etmişik. Bu, müxtəlif istiqamətlərdə neftin nəqlinə xidmət edən layihələrdir. Biz avropalı tərəfdaşlarımızla “Cənub” qaz dəhlizi layihəsi üzərində çalışırıq. Azərbaycan bu layihənin təşəbbüskarı olmuşdur. Avropa İttifaqı Azərbaycanı qitənin ən mühüm neft və qaz təminatçısı kimi qəbul etmişdir və bu layihədə Azərbaycanın böyük rolu vardır. Biz Avropa İttifaqı ilə müvafiq memorandum imzalamışıq. Bu gün “Cənub” qaz dəhlizinin inşası ilə bağlı bir sıra konkret real tədbirlər görülmüşdür. Bu layihə Azərbaycanın nəhəng qaz ehtiyatlarının Avropa bazarlarına nəqlinə xidmət edəcəkdir. Eyni zamanda, bu, iqtisadi əməkdaşlığı gücləndirəcək və Avropanın enerji təhlükəsizliyinə xidmət edəcəkdir. Eyni zamanda, Azərbaycanın ixrac potensialı da nəticə etibarilə çox əhəmiyyətli dərəcədə artmış olacaqdır.
Bu arada biz istehlakçı və ixracatçı ölkələr ilə yaxından əməkdaşlıq edirik. Bildiyiniz kimi, bu qaz ABŞ-a yönəlməyib, amma buna baxmayaraq, ABŞ bu strateji əhəmiyyətli layihəni dəstəkləyir. Çünki bu, iqtisadi şaxələndirməyə, enerji şaxələndirməsinə xidmət edən layihədir. Enerji sahəsində regional əməkdaşlığa xidmət edən layihədir. Azərbaycan və Avropa arasında əlaqələri yaxınlaşdıran bir layihədir. Bu, bizim şaxələndirmə imkanlarımızı artırmış olacaqdır. Çünki burada marşrutların şaxələndirilməsindən söhbət getmir, burada mənbələrin şaxələndirilməsindən söhbət gedir. Azərbaycan yeni bir mənbədir. Biz Xəzər dənizində nəhəng qaz ehtiyatları aşkar etmişik və hazırda Azərbaycan tərəfindən bütün zəruri maliyyə və texniki tədbirlər həyata keçirilir ki, “Cənub” qaz dəhlizi layihəsi həyata keçə bilsin.
Əminəm ki, Azərbaycan-ABŞ münasibətləri bu gün də 1990-cı illərin ortalarında olduğu kimi, eyni dərəcədə əhəmiyyətlidir. Bunu söylədikdə biz daha çox iqtisadiyyatımızın şaxələndirilməsinə səylər göstəririk, iqtisadiyyatın enerji sahəsindən asılılığını azaldırıq, ölkənin və iqtisadiyyatın davamlı inkişafını təmin etməyə çalışırıq. Çünki neft və qaz tükənən bir sərvətdir. Azərbaycana gəldikdə, bizim sərvətlər hələ bir 100 il bizə kifayət edəcəkdir. Amma buna baxmayaraq, biz bu “qara qızıl”ı insan kapitalına çevirməyə çalışırıq.
Biz artıq bu işlərə başlamışıq. Biz aparıcı mütərəqqi texnologiyalara sərmayə qoyuruq, qeyri-neft sektoruna sərmayələr yatırırıq. Bu ilin ilk dörd ayında bizim qeyri-neft sektorunun artımı 11 faiz təşkil etmişdir. Bu, onun göstəricisidir ki, biz ümumilikdə öz məqsədlərimizə nail oluruq və artıq iqtisadiyyatımızı şaxələndirməyə müvəffəq olmuşuq.
Təbii ki, bu sahədə müasir texnologiyaların tətbiqi və təhsil böyük əhəmiyyətə malikdir. 1990-cı illərin ortalarında da bizə müasir mütərəqqi texnologiyalar lazım idi. Çünki sovet dövründə bizim 150 metrdən dərindəki ehtiyatlara əlimiz çatmırdı. İnformasiya-kommunikasiya texnologiyaları və innovasiyalar bu gün bizim iqtisadiyyatımızın şaxələndirilməsində çox mühüm rol oynamışdır. Burada da ölkələrimiz arasında əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.
Əməkdaşlığımızın bariz nümunəsi bu il fevral ayında Azərbaycanın ilk peykinin fəzaya çıxarılması idi. Bu peykin adı “Azərspace-1"dir. Bu, elə onun işarəsidir ki, bundan sonra əlavə peyklər də qurulacaqdır. Biz Azərbaycanda kosmos sənayesini inkişaf etdirmək əzmindəyik. Bu əməkdaşlıq qarşılıqlı faydalı bir əməkdaşlıqdır. Bu, bizə müasir texnologiyalara sərmayələrin qoyulmasına, təhsil, insan kapitalına sərmayələrin qoyulmasına imkan verir. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir.
Əminəm ki, bu forum bizim əlaqələrimizin təkcə siyasi və təhlükəsizlik aspektinə nəzər salmayacaqdır. Eyni zamanda, biz iqtisadi əməkdaşlığa önəm verməliyik. Bizim daha çox iqtisadi fəaliyyətimiz olmalıdır. Biz çox şadıq ki, çoxsaylı Amerika şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər. Amma əminəm ki, burada potensial daha böyükdür. Azərbaycanın imkanları genişlənir. İqtisadi islahatların aparılması baxımından Azərbaycan çox gözəl göstəricilərə malikdir. Beynəlxalq maliyyə institutları da bunu təsdiq edir. Bu səbəbdən biz əminik ki, Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir. Biz iqtisadiyyatın elə sahələrinə sərmayələr yatıracağıq ki, onların daha mütərəqqi olmasına ehtiyac vardır. Burada biz Amerika şirkətlərinə müraciət edəcəyik ki, onlar bu yeni əməkdaşlıq sahələrini araşdırsınlar.
Hərdən müəyyən mütəxəssislər Azərbaycanın inkişafını enerji ilə əlaqələndirirlər. Əlbəttə, sirr deyildir ki, enerji Azərbaycanın transformasiyasında böyük rol oynamışdır. Amma bunu təhlil etsək görərik ki, bu, tam olaraq belə deyildir. Biz öz neft gəlirlərimizi müdrik şəkildə istifadə etməyi bacarmışıq. Biz müxtəlif sahələrə bu gəlirləri yönəltmişik. İnfrastruktur layihələri həyata keçirmişik. Mən deyərdim, radikal iqtisadi islahatlar həyata keçirmişik. Bu, bizim strategiyamızın tərkib hissəsidir. Çünki siyasi və sosial islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır. Çünki hər hansı bir sahə bir balaca geridə qalsa, biz uzunmüddətli inkişafı və uğuru təmin edə bilmərik.
Bizim siyasi islahatlara da ehtiyacımız vardır. Biz bunu edirik. Biz demokratik təsisatlarımızı inkişaf etdiririk. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Biz fərəhlənirik ki, Azərbaycan tam sərbəst media və internet məkanıdır. Hər ölkədə azad internet mövcud deyildir. Azərbaycanda internet istifadəçiləri 70 faizə çatır və bu rəqəm artmaqdadır. Bu səbəbdən siyasi reformalar, demokratik proses hər zaman bizim gündəliyimizdədir. Bu islahatlar iqtisadiyyatla tamamlanmalıdır. Uğurlu iqtisadi və sosial islahatlarla tamamlanmalıdır.
Biz öz tarixi irsimizi nəzərə alırıq. Biz 1990-cı illərin ortalarında artıq konkret qərar verdik ki, dünyəvi, müasir, demokratik ölkə qurmaq istəyirik. Öz dost və tərəfdaş ölkələrimizlə, Avropa, Avratlantika təsisatları ilə yaxın əməkdaşlıq qurmaq əzmində olan bir ölkəyik. NATO və Avropa İttifaqı ilə əməkdaşlıq bizim beynəlxalq münasibətlər gündəliyinin başlıca məsələləridir. Bizim xarici siyasətdə mövqeyimiz açıqdır və aşkardır. Biz BMT Təhlükəsizlik Şurasında da öz mövqeyimizi açıq və şəffaf şəkildə ifadə edirik. 2011-ci ilin oktyabrında biz öz müstəqilliyimizin 20 illiyini qeyd etdik və o zaman BMT-nin üzvlərinin böyük əksəriyyətinin dəstəyi ilə Təhlükəsizlik Şurasına - dünyanın ən nüfuzlu təşkilatına üzv seçilmişik.
Bizim müsəlman, islam aləmində böyük nüfuzumuz vardır. Çoxsaylı tərəfdaşlarımız vardır. Biz, eyni zamanda, Avropa Şurasının da üzvüyük. Biz bir növ təbii siyasi, iqtisadi və mədəni bir körpü rolunu oynayan ölkəyik.
Sabah bizim mədəniyyətlərarası dialoq tədbirimiz olacaqdır. Biz burada mehriban qonşuluq, sülh şəraitində yaşamanın və tolerantlığın bir nümunəsi olan dövlətik. Ona görə də iqtisadi və siyasi islahatlar ölkənin transformasiyasına xidmət etmişdir. Sizə deyə bilərəm ki, bizim islahatlarımız beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Maliyyə böhranı illərində “Fitch”, “Moody’s” və “S&P” şirkətləri Azərbaycanın kredit reytinqini qaldırmışdır.
Davos Forumunun məruzələrinə əsasən, Azərbaycan dünyanın rəqabətə davamlı ilk 50 iqtisadiyyatı siyahısına daxildir. Bu, təkcə neftlə bağlı deyildir. Azərbaycandan dəfələrlə artıq neft ixrac edən ölkələr vardır. Amma onlar bizim uğuru əldə edə bilməyiblər. Bu, bir göstəricidir - Azərbaycanda şaxələndirmə, biznes üçün imkanlar, güclü sosial siyasət, elm və təhsilə qoyulan sərmayələr. Sizi əmin etmək istərdim ki, bizim gözəl inkişafımız olmuşdur. Biz ümumi daxili məhsulu üç dəfə artırmışıq, yoxsulluğu 50 faizdən 6 faizə endirmişik. Bu isə təbii ki, bizim imkanlarımızın zəruri qaydada tətbiq edilməsinin və istifadəsinin göstəricisidir.
Gəlirlərin əldə edilməsi və bu prosesdə olan şəffaflıq bizim inkişafın təməlində dayanmışdır. Bizim Neft Fondumuz dünyanın ən şəffaf neft fondudur. Biz işsizliyi 5,2 faizə endirmişik. Gəlməkdə olan mühüm sərmayələri nəzərə alsaq, bu rəqəm bir az da aşağı düşəcəkdir. Bizim iqtisadiyyatımız sabitdir. Bizim strateji valyuta ehtiyatımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Ona görə də siyasi və iqtisadi sabitlikdir, bizim iqtisadiyyatımızın 83 faizi özəl sektor tərəfindən təmin edilir. Eyni zamanda, əməkdaşlıq üçün açıq olmağımız, bütün bu şərtlər bizim iqtisadiyyatımızın inkişafına xidmət edəcəkdir. Tam səmimi demək istərdim ki, mənim əvvəlki fəaliyyətimdə və hazırda prezidentlik dönəmimdə də, əməkdaşlığımız üçün çox böyük işlər görülüb. Bu əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb etmişdir.
ABŞ hər zaman Azərbaycanın yanında olmuşdur. İslahatların həyata keçirilməsi, regional təhlükəsizliyin gücləndirilməsi məsələsində də bizim yaxın tərəfdaşımız olmuşdur. Bu Forum zənnimcə, onun ən bariz nümunəsidir. Əminəm ki, bu Forum çərçivəsində çox səmimi və maraqlı fikir mübadiləsi həyata keçiriləcəkdir. Bu, bizim əməkdaşlığımızın və tərəfdaşlığımızın gələcək uğurları naminə davam edəcəkdir.
Sizə təşəkkür edirəm.
* * *
Sonra Azərbaycanın inkişafına, ölkəmizdə enerji siyasətinin uğurlarına həsr olunan videoçarx nümayiş etdirildi.
* * *
Azərbaycan-ABŞ Forumu işini sessiyalarla davam etdirdi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.