Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin mayın 17-də açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak etmişdir.
Mərasimdə iştirak edən Qafqaz müsəlmanları müftiləri, islam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev qonaqlarla görüşdü.
Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, xalqımızın mənəvi dünyasının ucalığından soraq verən daha bir mühüm hadisə müasir Azərbaycan salnaməsinə daxil olur. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi yeni həyatına başlayır. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilir.
Diqqətə çatdırıldı ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunmuşdur. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul etmişdir. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülmüşdür. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilmişdir. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmamış, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarmışdır. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilmişdir. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparmışdır. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmamışdır. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlamışdır.
1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilmişdir. Ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur.
Bildirildi ki, Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlmiş, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olmuşlar. Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini vermişdir. Beləliklə, dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə vermişdir.
Qeyd olundu ki, məscidin yenidən qurulmasına 2010-cu ilin martında başlanılmışdır. Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılmışdır. Seyid Əzim Şirvani parkı da yenidənqurmadan sonra füsunkar görkəm almışdır. Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilmişdir. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılmışdır. Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum diqqətdə saxlanılmışdır. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilmişdir.
Vurğulandı ki, minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunmuşdur. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilmişdir. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta salon milli memarlıq üslubunda yenidən qurulmuşdur. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr və digər naxışlar insanı xoş ovqata və milli mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm almışdır. Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunmuşdur. Məscidin həyətində əsaslı abadlıq işi görülmüş, iki hovuz inşa edilmiş, 6 qalereya yaradılmışdır. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılmışdır. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilmişdir. Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.
Azərbaycan Prezidenti Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxdı.
Şamaxı Cümə məscidinin açılışına həsr olunan mərasim Quran ayəsinin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
– Hörmətli din xadimləri!
Hörmətli səfirlər!
Əziz dostlar!
Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür. Bu gün biz Şamaxı Cümə məscidinin əsaslı təmirdən sonra açılışını qeyd edirik. Bu mərasimdə iştirak etmək üçün Azərbaycana gəlmiş Şimali Qafqaz müftilərini, bütün qonaqları salamlayıram.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri də bu gün bizimlə bərabərdirlər.
Qeyd etməliyəm ki, bu gün bu gözəl tədbirdə ölkəmizin hər bir bölgəsindən nümayəndələr iştirak edirlər. Azərbaycanın hər bir rayonundan din xadimləri bu gün buradadırlar. Əslində, bu gün bütün Azərbaycan buradadır, Şamaxıdadır, Şamaxı Cümə məscidinin açılışında iştirak edir.
Bu məscidin Azərbaycan tarixində xüsusi yeri vardır. Azərbaycanın ən qədim məscididir. Bu məscid 743-cü ildə tikilmişdir. Azərbaycanda, bütün Qafqazda islam dininin yayılmasında Şamaxı Cümə məscidinin çox böyük rolu olmuşdur. Əfsuslar olsun ki, təbii fəlakətlər nəticəsində məscid iki dəfə dağıntılara məruz qalmışdır. 1859-cu və 1902-ci illərdə Şamaxıda baş vermiş güclü zəlzələlər nəticəsində məscidin böyük hissəsi dağılmışdır. Ondan sonra 1918-ci ilin mart ayında soyqırımı zamanı bu məscid vəhşi erməni quldur dəstələri tərəfindən yandırılmışdır. Bu məsciddə sığınacaq tapmaq istəyən mindən yuxarı günahsız insan, - onların arasında uşaqlar və qadınlar da olmuşdur, - ermənilər tərəfindən yandırılmışdır. Vəhşi erməni quldur dəstələri sonra da Xocalı soyqırımını törətmişlər. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız insan həlak olmuşdur, onlardan 63-ü uşaq, 100-dən çoxu qadın idi.
Ancaq bu gün Şamaxı Cümə məscidi yenidən yaşayır, öz qapılarını dindarların üzünə açmışdır. Azərbaycan dövləti bu məscidin bərpası üçün bütün lazımi tədbirləri görmüşdür. Sovet dövründə təbii ki, məscid fəaliyyət göstərmirdi. 2009-cu ildə mənim tərəfimdən Şamaxı Cümə məscidinin əsaslı təmiri ilə bağlı müvafiq sərəncam verilmişdir və 2010-cu ildən gərgin işlərə başlanmışdır. Mən şəxsən hər il burada gedən tikinti-quruculuq işləri ilə tanış olurdum, göstərişlərimi verirdim və əsas məqsəd ondan ibarət idi ki, məscidin tarixi hissəsi qorunsun, saxlanılsın. Bax, bu sütunlar, divarlar tarixi divarlardır. Beləliklə, bu gün məscidin həm daxili tərtibatı, həm xarici görünüşü zövq oxşayır. Bir daha demək istəyirəm, ən önəmli məsələ odur ki, qədim divarlar, daşlar qorunub, eyni zamanda, yeni tikililər də əlavə olunubdur.
Yəni, bu, əslində Azərbaycanda bütövlükdə gedən işlərin təzahürüdür. Biz bütün işləri möhkəm təməl üzərində, dəyərlər üzərində qururuq. Milli mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilmişdir. Bu gündən başlayaraq məsciddə bütün lazımi mərasimlər keçiriləcəkdir.
Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməmişlər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış və yaşatmışdır.
Dostlarımız – Şimali Qafqaz müftiləri, səfirlər, digər qonaqlar bizim, demək olar ki, bütün tədbirlərimizdə – Təzəpir məscidinin əsaslı təmirindən sonra açılış mərasimində, Bibiheybət məscidində, Əjdərbəy məscidinin yenidən açılışlarında iştirak etmişlər. Bu, özlüyündə göstərir ki, Azərbaycanda həm dini ocaqlar bərpa edilir, eyni zamanda, bütün bölgələrdə məscidlər tikilir. Bu yanaşma yenə də demək istəyirəm ki, dövlət siyasətidir. Bundan sonra da biz bu yolla gedəcəyik. Bütün dini abidələrimizi bərpa edəcəyik və edirik. Qeyd etmək istəyirəm ki, son 10 il ərzində Azərbaycanda 200-dən çox məscid tikilmişdir, 80-dən çox məscid təmir edilmişdir.
Hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə dini-tarixi memarlıq abidəsi bərpa edilir. Bakının Binəqədi rayonunda Azərbaycanın ən böyük məscidi inşa olunur.
Azərbaycan müstəqil dövlət kimi islam həmrəyliyinə də öz töhfəsini verir. Bütün müsəlman ölkələri ilə biz çox mehriban münasibətlər qurmaq əzmindəyik. Əslində bunu etmişik. İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan bu təşkilatın fəaliyyəti üçün lazımi töhfələr verir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymətləndirir.
Biz çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək.
Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Bakıda nazirlər səviyyəsində mötəbər tədbir keçirilmişdir. Belə tədbirlərin sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycanda müxtəlif humanitar forumlar keçirilir. Dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir. Bu ayın sonunda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Yəni, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilmişdir. Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaqdır. Azərbaycanda nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır.
Eyni zamanda, dünyada gedən bəzi proseslər bizi haqlı olaraq narahat edir. İslam dininə qarşı ədalətsiz münasibət sərgilənir. Bəzi ölkələrdə islamofobiya meyilləri güclənir.
İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dünyada islam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər görür. Keçən ilin sentyabr ayında dünyanın ən böyük muzeyi olan Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı olmuşdur. Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyini vermişdir. Bu, əslində bizim bütün islam mədəniyyətinə olan töhfəmizdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsinin sərgisi keçirilmişdir. Bu da Azərbaycan sərgisi idi. Yəni, biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki, islam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat çatdıraq. Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu məsələnin dərinləşməsində öz rolunu oynayır.
Əfsuslar olsun ki, müxtəlif bölgələrdə vətəndaş müharibəsi gedir, qardaş qanı axıdılır. Biz buna imkan verə bilmərik.
Qeyd etdiyim kimi, Şamaxı Cümə məscidi təbii fəlakətlərə, erməni vəhşiliyinə məruz qalmışdır. Şamaxının demək olar ki, bütün binaları o vaxt - 1918-ci il soyqırımı zamanı dağıdılmışdır. Amma məscidi dağıda bilməmişlər. Bu məscid 1270 ildən sonra artıq yenidən fəaliyyətə başlayır. Bu, doğrudan da böyük tarixi hadisədir, çox böyük rəmzi məna daşıyır. Bu, onu göstərir ki, Azərbaycan xalqı əyilməzdir.
Hazırda işğal altında olan Şuşa məscidi, Ağdam məscidi, işğal altında olan digər məscidlər yarıdağılmış vəziyyətdədir. Ancaq gün gələcək biz o məscidləri də bərpa edəcəyik. Şuşa məscidini də, Ağdam məscidini də, işğal altında olan digər məscidləri də bərpa edəcəyik. İşğalçıları Azərbaycan torpaqlarından qovacağıq. Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz belə gözəl abidələr yaradırıq. Biz tarixi ədaləti bərpa edirik. Əminəm ki, Şamaxı məscidi bundan sonra əbədi yaşayacaqdır.
Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir.
Bir daha mən bütün Azərbaycan müsəlmanlarını, bütün dünya müsəlmanlarını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:
– Bismillahir-Rəhmanir-Rəhim!
Zati-aliləri möhtərəm Prezident İlham Əliyev həzrətləri!
Möhtərəm müftilər! Əziz qonaqlar!
Hamınızı mübarək cümə günündə Prezident İlham Əliyev həzrətlərinin sərəncamı və Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmirdən sonra Şamaxı Cümə məscidinin açılış mərasimində salamlayır, “Xoş gəlmisiniz” deyirəm.
Şükürlər olsun ki, biz bu gün Azərbaycanda öz mənəvi dəyərlərimizə qovuşmaq, milli, dini irsimizi dirçəltmək imkanlarına malikik. İqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə nüfuzu gündən-günə artan ölkəmizdə məbəd və ziyarətgahların böyük məhəbbətlə bərpa edilən nəfis binaları bir-birinin ardınca öz qapılarını dindarların üzünə açmaqdadır.
Azərbaycanın MDB məkanında, ümumən dünya miqyasında qazandığı uğurlarla yanaşı, mənəvi həyatda yaşanan bu yüksəliş dahi rəhbərimiz Heydər Əliyev yolunun təntənəsidir. Allahın lütf və mərhəmətindəndir ki, Azərbaycan xalqına tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizmin bünövrəsini qoymuş rəhbər qismət etmişdir və bu siyasət bu gün də uğurla davam edir.
Bu günlərdə biz dahi rəhbərimiz Heydər Əliyevin və onun ömür-gün yoldaşı Zərifə xanımın anadan olmalarının 90 illik yubileylərini təntənəli şəkildə qeyd etdik. Allah onlara rəhmət eləsin! Mən hər zaman Allaha şükr-səna edirəm ki, Azərbaycan xalqı və dövləti üçün mürəkkəb məqamlarda ulu öndər həyatına təhlükələrin olmasına baxmayaraq xalqına sahib çıxdı, məhz xalqın israr və təkidi ilə hakimiyyətə gəldi, xilaskarlıq missiyasını qəbul etdi. Müstəqilliyimizin, bir millət olaraq taleyimizin sual altında qaldığı, separatçılığın və müharibənin ölkəmizi zəiflətdiyi ağır məqamda Heydər Əliyev şəxsiyyətinin böyüklüyü özünü bir daha onda göstərdi ki, ölkəmizin çörəklə imtahana çəkildiyi ən çətin dönəmdə belə mənəviyyat amilini unutmadı. Millətinə, dininə qəlbən bağlı olan dövlət rəhbərimizin ilk olaraq ayaq basdığı məkanlardan biri Təzəpir məscidi oldu. Ulu öndər buradan bütün Azərbaycan xalqına “Allahın yolunda hamımız bir olaq” deyə müraciət edərək birliyə çağırdı. Heydər Əliyevin ilk sərəncamlarından biri ateizm dövründə şəhid edilmiş Bibiheybət məscidinin bərpası haqqında oldu. Məscidin bünövrəsinin qoyulması mərasimində etdiyi çıxışında o demişdir ki, biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar. Həyat ulu öndərin uzaqgörənliyini bu sahədə də sübut etdi. Bu uzaqgörənlik, əminlik onun əsasını qoyduğu yolun düzgünlüyündən, Allaha xoş gedən əməllərindən qaynaqlanırdı.
Böyük səadətdir ki, Heydər Əliyevin Bibiheybətdən başlatdığı dini-mənəvi irsin dirçəldilməsi yolu İlham Əliyevin timsalında Təzəpirdən, Əjdərbəydən, Gəncə İmamzadəsindən, bu yaxınlarda isə Sumqayıtdan keçərək bu gün bizləri qədim Şirvan elində Azərbaycanın qədim məscidinin yenidən qurulmuş gözəl binasının açılış mərasimində bir araya gətirmişdir.
Şamaxı Cümə məscidi tariximizdə önəmli yerə malik, əsrlərin yadigarı olan ibadət məkanıdır. Bu məscid Azərbaycan dövlətçiliyinin şanlı dövrləri ilə yanaşı, ağır məqamlarına da şahidlik etmişdir. Bu məsciddə indiyədək dinc Şamaxı əhalisinə qarşı qırğın törətmiş erməni silahlılarının atdığı güllələrin izi qalır. Allah evinə sığınmış insanları məhv etmək məramı ilə 1918-ci ildə erməni daşnakları tərəfindən yandırılmış bu məscid xalqımıza qarşı soyqırımının, erməni terrorunun qurbanı olmuşdur. Bu gün bu məscidin yenilənmiş daha da əzəmətli binası bizim milli şüur və ənənələrimizin dirçəlişi, iqtisadi və mənəvi qələbəmizin rəmzlərindən birinə çevrilir. Bu müqəddəs məkanda Azərbaycanın müstəqilliyi və Qarabağ uğrunda şəhid olanların, habelə erməni ekstremistləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsini anaraq, Allahdan onlara rəhmət diləyirik.
Fəxrlə deyə bilərəm ki, dövlətimizin başçısı İlham Əliyevin müdrik siyasəti, xalqımızın milli-mənəvi dəyərlərinə, dini irsimizə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidən qurulması sahəsində müvafiq addımlar atılır. Bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyevin irsini yaşadan fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir.
İlham Əliyev həzrətləri Azərbaycanın müqəddəs ocaqlarına qayğısı, milli mənəvi dəyərlərə yeni həyat bəxş etməsi ilə misilsiz işlər görür. Mən, şeyxülislam olaraq, bu fəaliyyəti çox yüksək dəyərləndirir, Uca Allahdan ona böyük uğurlar diləyir və bütün Qafqaz müsəlmanları, dindarlar adından Zati-alilərinə dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan dindarları hər zaman Sizin - bu böyük yolun davamçısının yanındadırlar və hər zaman da yanınızda olacaqlar.
Əminəm ki, bu gün açılışına toplaşdığımız Şamaxı Cümə məscidinin bu möhtəşəm binası xalqımızın öz çoxəsrlik mənəviyyat tarixinə verdiyi yüksək dəyərin ifadəsinə çevriləcəkdir. Bu mənəviyyat abidələri həm xalqımızın, həm də onun qeyrətli övladlarının adını əsrlər boyunca yaşadacaqdır.
Mən istəyirəm bütün dindarlar, burada əyləşənlər adından Allah-Təalanın bizə göndərdiyi Qurani-Şərifi Sizə hədiyyə edim.
Şeyxülislam Hacı Allahşükür Paşazadə müqəddəs Qurani-Kərimi dövlətimizin başçısına təqdim etdi.
* * *
Sonra Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri İsmayıl BERDİYEV çıxış edərək dedi:
– Bu gün bütün müsəlmanlar üçün bayramdır. İnsanı sevindirən əməllər bayramıdır. Ziyarətgahların bərpa olunması və orada Tanrıya dua edilməsi bizi sevindirir. Siz atanızın, – Tanrı onu behiştlik etsin, – işlərini davam etdirirsiniz. Təzəpir məscidinin necə gözəl bərpa olunduğunu görüb heyrətlənmişəm. Burada görülən işlər həqiqətən böyük hünərdir. Allah Sizə güc və cansağlığı versin ki, bütün bu işləri davam etdirəsiniz.
İsmayıl Berdiyev tolerantlıq və dinlərarası dialoqla bağlı Azərbaycanda təşkil olunan tədbirlərin, o cümlədən bu yaxınlarda “MDB müsəlmanları sülh və sabit inkişaf naminə” mövzusunda Bakıda keçirilən konfransı Azərbaycanın islam həmrəyliyinə verdiyi töhfə kimi dəyərləndirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkənin ümumi inkişafında, həmçinin milli mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsindəki xidmətlərindən danışan İsmayıl Berdiyev Şamaxı Cümə məscidinin bərpasını ulu öndərin siyasətinə sadiqliyin nümunəsi kimi səciyyələndirərək bildirdi:
– Bu məscidin tikildiyi vaxtdan 13 əsr keçmişdir. Onun hansı vəziyyətdə olduğunu fotoşəkillərdə görmüşdük. Sizin gördüyünüz işlər həqiqətən insanı heyran qoyur. Sizə güc və cansağlığı diləyirəm.
* * *
Qədim və möhtəşəm məscidin bərpadan sonra istifadəyə verilməsi münasibətilə Azərbaycan Prezidentini və mərasim iştirakçılarını təbrik edən Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan MİRZAYEV dedi:
– Rəmzi haldır ki, bu məscid cümə günü - müsəlmanlar üçün müqəddəs Rəcəb ayının müqəddəs cümə günündə açılır. Peyğəmbər buyurmuşdur: Rəcəb Allahın ayıdır. Bu ayda oruc tutanlara, Quran oxuyanlara, namaz qılanlara, – bunu yalnız Allah bilir, – Allah əvəzini artıqlaması ilə verir.
Təkcə Azərbaycanın, Qafqazın müsəlmanları üçün deyil, bütün dünya müsəlmanları üçün bu böyük hədiyyəyə görə çox sağ olun!
Sultan Mirzayev bu gün dünyanın bəzi regionlarında qan tökülməsinin sülh və mərhəmət dini olan islamın prinsiplərinə uyğun olmadığını söylədi və dini məbədlərdə sülhə və əmin-amanlığa çağırış dualarının daim yerinə yetirilməsini Ulu Tanrıdan arzu etdi.
* * *
Cümə məscidinin yenidən dindarların istifadəsinə verilməsini Şamaxının həyatında çox mühüm tarixi hadisə kimi dəyərləndirən rayon ağsaqqalı Məcid ŞİKƏROV dedi:
– Bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə təmir edilmişdir. Siz isə cənab Prezident, Şamaxı Cümə məscidinə xalqımıza, dinimizə layiq yeni həyat bəxş etmisiniz. Azərbaycanın bütün möminləri Sizin bu addımınızı dinimizə, millətimizin mənəviyyatına xidmət kimi qəbul edir. Məscidləri bərpa etməklə Allah evlərini insanlara qaytarırsınız və çox böyük savab iş görürsünüz.
Bütün möminlər Azərbaycana, bütövlükdə islam dünyasına gözəl və möhtəşəm abidəni yenidən bəxş etdiyiniz üçün Böyük Yaradana sonsuz şükürlər, Allahdan Sizə ən səmimi dualarını diləyirlər. Fəxrlə bildirmək istəyirəm ki, bu gözəl tarixi və dini abidə dindarlara, ağsaqqallara, ziyalılara, ümumən Azərbaycan müsəlmanlarına, bütün islam aləminə əvəzsiz bir hədiyyədir. Bu, Azərbaycan xalqının və dövlətinin öz milli və dini dəyərlərinə bağlı olduğunu bir daha sübut edir.
Əsrlər boyu ölkəmizdə formalaşan və bu gün qorunub saxlanılan tolerantlıq ənənələri və bərpa edilən tarixi dini abidələrimiz bizim dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillər üçün ən dəyərli mirasımızdır. Heç şübhəsiz ki, Azərbaycan xalqı bu mirasın sahibi, Siz isə onun himayədarı kimi həmişə tarixdə qalacaqsınız.
Möhtərəm cənab Prezident, biz ağsaqqallar, din adamları Azərbaycanımızın xoşbəxt gələcəyini Sizinlə görürük. Burada bütün bölgələrdən iştirak edən nümayəndələr də təsdiq edərlər ki, bu gün şəhər və rayonlarımız necə böyük sürətlə inkişaf edir. İnsanlarımızın daha yaxşı, daha rahat yaşamaları üçün bütün tədbirlər görülür. Siz zəngin tarixi olan qədim Şamaxıya da daim yüksək diqqət və qayğı göstərmisiniz. Sizin bu diqqət və qayğınız nəticəsində qədim şəhərimiz milli memarlıq ənənələrinə uyğun bərpa olunub, böyük layihələr həyata keçirilir.
Biz Sizin və Mehriban xanımın tariximizə, mədəniyyətimizə, dini adət-ənənələrimizə olan qayğıkeş münasibətinizi yüksək qiymətləndiririk.
Möhtərəm cənab Prezident!
Biz şamaxılılar fəxr edirik ki, milli mənəvi dəyərlərimizin keşikçisi, etiqad azadlığının təminatçısı olan Prezidentimiz vardır.
Biz ağsaqqallar və ümumilikdə, möminlər də ümummilli liderimizin çətin, lakin şərəfli yolunu uğurla davam etdirən, onun layiqli varisi olan Sizi, cənab Prezident, səmimiyyətlə və sədaqətlə dəstəkləyirik. Sizin rəhbərliyiniz altında parlaq gələcəyə doğru inamla irəliləyən Azərbaycan hazırda dünyada sürətlə inkişaf etmiş ölkələr sırasındadır. Bizim hər birimiz bu danılmaz həqiqətlə və Sizinlə fəxr edirik. Bir daha əmin ola bilərsiniz ki, xalqımız, bütün müsəlman aləmi Sizin bu tarixi xeyirxah işinizi heç vaxt unutmayacaqdır.
Möhtərəm Prezident! Allah işinizi avand etsin! Sizin işiniz haqq işidir. Allah bu işinizi də avand etsin! Allah Sizi qorusun!
***
Sonda xatirə şəkilləri çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin açılış mərasimində iştirak edən qonaqlarla çay süfrəsi arxasında söhbət etdi.
Şamaxı Cümə məscidinin açılışından sonra bayram namazı qılındı.
Əvvəlcə cümə namazı üçün azan oxundu. İmam minbərdən xütbə oxudu.
Cümə namazının fərzi qılındıqdan sonra zikr və dualar edildi.
Daha sonra Şamaxı Cümə məscidinin mərasim salonunda ehsan verildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.