Şamaxıda Uşaq Yaradıcılıq Mərkəzi açılmışdır

 

 

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan dövləti gələcək nəslin sağlam və Vətənə sədaqət ruhunda böyüməsi, savadlı və yüksək intellekt sahibi olması qayğısını da öz üzərinə götürmüşdür. Hələ uşaq yaşlarından hər bir vətəndaşın ilkin peşə və sənət vərdişlərinə yiyələnməsi üçün müxtəlif  tədbirlər görülür. Son illər paytaxtda və regionlarda Heydər Əliyev Fondu tərəfindən çoxlu sayda uşaq incəsənət məktəbləri və yaradıcılıq mərkəzləri istifadəyə verilir. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqət və qayğı, mədəniyyət ocaqlarının əsaslı təmiri, müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin hərtərəfli inkişafına stimul verir.

Şamaxı Uşaq Yaradıcılıq Mərkəzində tanınmış mədəniyyət xadimlərimizə həsr olunan guşə onların həyatına və sənət fəaliyyətinə aid eksponatlarla zəngindir. Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, xeyli ağac və gül kolları əkilmiş, bütün zəruri infrastruktur yaradılmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq İncəsənət Məktəbi yaradılmışdır. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşmüş və sökülmüşdü. Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş fotoguşəyə baxdı. Burada “Azərbaycan keçmiş əsrlərdə və bu gün ” mövzusunda təqdim olunan sərgi-kompozisiyada qədim və müasir memarlıq nümunələri, həmçinin milli mədəniyyət və məişət ənənələri nümayiş etdirilir.

Qeyd olundu ki, mərkəzdə ümumilikdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılmışdır. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaqdır. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilmişdir. Binada müasir elektrik və istilik sistemləri quraşdırılmışdır. Mərkəzin akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Prezident İlham Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin xalq çalğı  alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üverturanı dinlədi.

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında