Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyanada İmperiya Xəzinəsi, İspan atçılıq məktəbi və Müqəddəs Mixael Kilsəsi ilə tanış olmuşdur

 

 

Mayın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyanada Hofburq saray kompleksində yerləşən İmperiya Xəzinəsi ilə tanış olmuşdur.

Əvvəlcə Mehriban xanım Əliyeva və Avstriyanın birinci xanımı Margit Fişer Hofburqda bu sarayın qədim görüntülərini əks etdirən rəsm əsərlərinə baxdılar. 

Azərbaycanın birinci xanımına məlumat verildi ki, hazırda muzey kimi fəaliyyət göstərən İmperator Xəzinəsində Habsburqlar sülaləsinin ailə xəzinəsi, incəsənət kolleksiyası, müxtəlif dövrlərdə imperatorlara təqdim edilmiş qiymətli hədiyyələr saxlanılır. İmperiya Xəzinəsi XVI əsrdə yaradılmış, XVIII əsrdə isə hazırkı məkanına köçürülmüşdür. Burada Avropa tarixinin min ildən artıq dövrünə aid dəyərli eksponatlar nümayiş etdirilir.

Bildirildi ki, İmperiya Xəzinəsi İncəsənət Tarixi Muzeyini və digər zallar da daxil olmaqla 21 bölmədən ibarət nadir kolleksiyanı özündə birləşdirir. Burada bir neçə əsr ərzində Habsburq sarayı tərəfindən çoxlu sayda qiymətli nümunələr toplanmışdır. Kolleksiyanın ən qiymətli nümunələrinə İmperiya tacı, Müqəddəs Roma İmperiyası imperatorlarına aid geyimlər, simvollar və digər nadir kolleksiyalar daxildir.

Diqqətə çatdırıldı ki, İmperiya Xəzinəsi iki kolleksiyadan ibarətdir. Bunlardan biri dünyəvi, digəri isə dini kolleksiyadır. Dünyəvi kolleksiyada Habsburqlar sarayına aid zərgərlik məmulatları və qiymətli daşlar da daxil olmaqla çoxsaylı tarixi eksponatlara rast gəlmək mümkündür. Bu eksponatlar öz tərtibatı ilə sahiblərinin hüdudsuz qüdrətini nümayiş etdirir. Dini kolleksiyada isə din xadimlərinin şəxsi kolleksiyalarından əşyalar təqdim olunur.

Azərbaycanın birinci xanımı İmperiya Xəzinəsində nümayiş etdirilən eksponatlara baxdı.

Mehriban xanım Əliyeva İmperiya Xəzinəsinin xatirə kitabına ürək sözlərini yazdı.

* * *

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Hofburq saray kompleksinin tərkibində yerləşən İspan Atçılıq Məktəbində də olmuşdur.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəb XIX əsrdə Avstriya-Macarıstan imperiyasının hakim sülaləsi olan Habsburqlar ailəsinin üzvləri üçün təsis edilmişdir. Həmin məktəb hazırda klassik atçılıq sənətinin davam etdirilməsi üçün qorunub saxlanılır. Məktəbin adı incəsənət atçılığı üçün yetişdirilən xüsusi cins ispan atlarının adından götürülmüşdür. Klassik atçılıq və ispan atçılıq məktəbi sənəti 2010-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

* * *

Daha sonra Azərbaycanın birinci xanımı Vyananın mərkəzində yerləşən Müqəddəs Mixael Kilsəsi ilə tanış oldu.

Mehriban xanım Əliyevaya məlumat verildi ki, kilsə XIII əsrdə Babenberq sülaləsinə mənsub olan VI Leopold tərəfindən Roman üslubunda tikdirilmişdir. Kilsə hazırda Vyananın ən qədim və görkəmli tarixi abidələrindən biri sayılır.

Diqqətə çatdırıldı ki, orta əsrlərdə imperator ailəsi tərəfindən dini ayinlər üçün mütəmadi istifadə edilən kilsə öz sərdabələrı ilə muzey kimi də fəaliyyət göstərir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında