Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır

 

 

Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı Mərkəzin açılışını etdi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauer çıxış etdi.

Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildirdilər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğuladılar.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamı əsasında Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılmışdır. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək də daxildir. Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Mərkəzdə mütəmadi şəkildə təşkil olunacaq musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər tanınmış bəstəkarların əsərlərinin səslənəcəyi konsert proqramlarını dinləmək imkanı əldə edəcək, Azərbaycan muğamlarından zövq ala biləcəklər. Mədəniyyət Mərkəzində təşkil olunacaq sərgilərdə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri sənətsevərlərin sərəncamına veriləcəkdir. Mərkəzin yaradılmasında başlıca məqsədlərdən biri də Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Vyanada yaradılan Mədəniyyət Mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir. Yeni mədəniyyət ocağı da bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açır.

Xatırladaq ki, bundan əvvəl xaricdə ilk Azərbaycan Mədəniyyət Mərkəzi ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Parisdə açılmışdı.

Prezident İlham Əliyev Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında