Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç

 

 

Mayın 13-də Vyanada Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilmişdir.

Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirən Avstriya Prezidenti Haynts FİŞER dedi:

– Sizə və xanımınıza dəvətimizi qəbul edib Avstriyaya nümayəndə heyəti ilə səfər etdiyinizə görə minnətdaram.

Azərbaycana, Bakıya 2011-ci ilin payızında səfərim zamanı bizə göstərilmiş qonaqpərvərliyə cavab olaraq mən də Sizi eyni qonaqpərvərliklə qəbul edirəm.

Əməkdaşlığımız üçün bir çox vasitələr mövcuddur. Deyə bilərəm ki, əməkdaşlığımız hər zaman uğurlu olmuşdur. Ticarət dövriyyəsinin göstəriciləri artır, ixrac-idxal əməliyyatları genişlənir. Beynəlxalq müstəvidə, yəni beynəlxalq forum və təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı uzun illərdir həllini tapmayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün qəbul ediləcək həlli variantına nail olunacağına əminliyini bildirdi.

Münasibətlərin genişləndirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident Haynts Fişer iqtisadi əlaqələrin möhkəmləndirilməsinin və səfər zamanı imzalanan Bəyannamənin vacibliyini vurğuladı.

* * *

Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Prezident İlham ƏLİYEV Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq dedi:

– Münasibətlərimizin tarixində ilk Avstriya Prezidenti kimi Sizin Azərbaycana səfərinizi yaxşı xatırlayırıq. Bu, tarixi səfər idi. Biz çox gözəl şəxsi münasibətlər qurmuşuq və dialoqumuzu intensivləşdirmək razılığına gəldik. İki ildən az müddətdə görürük ki, ticarət dövriyyəmiz sürətlə artmışdır. Çox fəal siyasi məsləhətləşmələr aparılır.

Dövlətimizin başçısı yüksək səviyyədə qarşılıqlı səfərlərin, həmçinin işgüzar dairələrin görüşlərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi. Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətlərinin bir sıra sahələrdə uğurla təmsil olunduqlarını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivi vardır.  

Avstriyanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə də toxunan Prezident İlham Əliyev dedi:

– Problemlərimizi başa düşdüyünüzə görə Sizə olduqca minnətdaram. Burada xüsusən də həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və insanlarımızın çəkdiyi əziyyətlər nəzərdə tutulur. Münaqişənin beynəlxalq hüququn  normalarına uyğun olaraq həllinə dünya ictimaiyyətinin sadiqliyi nikbinlik yaradır. Lakin 20 il ərzində bu münaqişənin həll olunmaması faktı, əlbəttə ki, çox məyusedicidir. Dostluq və tərəfdaşlıq haqqında Birgə Bəyannaməmizdə qeyd edildiyi kimi, həll yolu beynəlxalq hüququn normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalıdır.

Qarşıdakı illərdə ölkələrimizin tərəfdaşlıq münasibətlərinin daha da güclənəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında hava nəqliyyatı əlaqəsinin genişləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Vyana ilə Bakı arasında ən azı hər gün uçuşların təşkilinə əməkdaşlığımızın əlverişli zəmin yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında