Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Qələbə bayramı münasibətilə Bakıda keçirilən mərasimdə iştirak etmişdir
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 68-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə böyük töhfə vermişdir. Bu Qələbənin əldə olunmasında çox böyük payı olan xalqımız özünün 640 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda cəsarətlə döyüşmüşlər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmişlər. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstərmişlər.
Faşizmə qarşı mübarizədə xalqımız döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdir. Şanlı Qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Xalqımız cəbhə bölgələrinə 7 tondan çox donor qan göndərmiş, əsgərlərin ərzaq və isti geyimlə təchizatında da fəal rol oynamışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Məhz ulu öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılmış və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunur.
Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
1941-1945-ci illər müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ehtiramla qarşıladılar.
Burada fəxri qarovul dəstəsi düzülmüşdü.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışova “Şöhrət” ordenini təqdim etdi. Azərbaycan Prezidenti 2013-cü il martın 1-də ölkəmizin ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Əlövsət Baxışovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdı.
Dövlətimizin başçısı müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.
Azərbaycan Prezidenti 1941-1945-ci illərin ağır və çətin sınaqlarından keçmiş veteranlara yaxınlaşaraq, onların problemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını xatırladaraq, onun siyasi xəttini davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Onlar ölkəmizin hərtərəfli inkişaf etdirilməsi üçün çalışan dövlətimizin başçısını bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.
Ali Baş Komandan, Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad etdi.
Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.
Prezident İlham Əliyev mərasimdə iştirak edən Rusiya Dövlət Dumasından olan deputatlardan ibarət nümayəndə heyəti ilə görüşdü.
Dövlətimizin başçısı tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə də görüşdü, onları Qələbə Günü münasibətilə təbrik etdi.
* * *
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.