Prezident İlham Əliyev paytaxtın Füzuli və Mirzağa Əliyev küçələrinin arasında yaradılan yeni istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Son illər Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtımızın park və xiyabanları müasir şəkildə qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır. Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşası Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı kompleksdə həyata keçirilən inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına inşa olunan park kompleksinin layihəsi əsasında məlumat verdi. Bildirildi ki, yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənmişdir.  Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə, eləcə də ətrafdakı küçə və prospektlərə asfalt örtüyü çəkilir. Kompleksin 35 min kvadratmetrlik ərazisindən 32 min kvadratmetr hissəsində artıq yaşıllıq zolağının salınması işləri başa çatdırılmışdır. Həmin əraziyə 35 min kubmetr münbit torpaq töküldüyü bildirildi. Burada 2000-ə yaxın ağac, 10 mindən çox isə bəzək kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olundu. Yaşıllaşdırma işlərinin 90 faizi artıq icra olunmuşdur.

Bildirildi  ki, parkda inşa olunan və ən müasir tələblərə cavab verən 5 fəvvarədə tamamlama işləri aparılır. Texniki mərtəbədə fəvvarələr üçün ayrıca stansiya quraşdırılmışdır. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılacaqdır. Park kompleksində yeni yarımstansiyanın quraşdırıldığı və ən müasir işıqlandırma sisteminin böyük bir hissəsinin başa çatdığı qeyd olundu. Parkda üç yay kafesi fəaliyyət göstərəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işlərinin davam etdirildiyi bildirildi.

Prezident İlham Əliyev Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış oldu. Qeyd edək ki, 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa etdirilən  bu bina tarixi memarlıq abidələri sırasına daxildir. Dövlətimizin başçısının tarixi memarlıq abidələrinin qorunması və bərpa edilməsi ilə bağlı sərəncamına uyğun olaraq 18 min ton ağırlığında olan bu tarixi memarlıq binasının əvvəlki görkəmi saxlanmaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin dəyişdirilməsi prosesinə aprelin 23-də başlanmışdır. Sürüşdürülmə  prosesini dünyada bu sahədə ən qabaqcıl təcrübəyə malik olan Hollandiyanın “Bresser” şirkəti həyata

keçirir.

Proses barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, binanın köçürüləcəyi yeni ərazidə möhkəm təməl qoyulmuşdur. Bu da tarixi binanın davamlılığının uzun müddət üçün artırılmasına kömək edəcəkdir. Sürüşdürülmə prosesinin bu gün axşam saatlarında başa çatdırılacağı qeyd olundu.

Prezident İlham Əliyev sürüşdürülmə prosesini izlədi.

Sonra dövlətimizin başçısı park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış oldu, müvafiq tapşırıq və tövsiyələrini verdi.    

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında