Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul etmişdir.
Qonaqları salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV dedi:
– Hörmətli qonaqlar, nümayəndə heyətlərinin rəhbərləri.
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Xoş gəlmisiniz. İslam Əməkdaşlıq Təşkilatının konfransında iştirak etmək üçün Azərbaycana gəlmiş bütün qonaqları salamlayıram. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin konfransı Bakıda keçirilir. Əminəm ki, konfransın çox yaxşı nəticələri olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində bu, İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində Bakıda keçirilmiş beşinci konfransıdır. Bundan əvvəl xarici işlər, təhsil, mədəniyyət, turizm nazirlərinin konfransları da Azərbaycanda keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, Azərbaycan nəinki İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür, eyni zamanda, təşkilatın xətti ilə Azərbaycanda çox mötəbər tədbirlər keçirilir. Onu da qeyd etmək istəyirəm ki, 2009-cu ildə Bakı şəhəri “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu, çox böyük hörmətin əlaməti idi. Bu şərəfli adı Bakı şəhəri uğurla daşıyır.
Müzakirə olunan məsələlər hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Bilirəm ki, mövzulardan biri işsizliyin aradan qaldırılmasıdır, yoxsulluğun azaldılmasıdır. Bu məsələlər bir-biri ilə sıx bağlıdır. Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində bu məsələlərin həllində böyük işlər görülmüşdür. Son on il ərzində bizim ən böyük uğurlarımızdan biri də ondan ibarətdir ki, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə düşmüşdür.
Bu, onu göstərir ki, son illər ərzində Azərbaycanda yaşanan tərəqqi və inkişaf insanların rifah halının yaxşılaşmasına bilavasitə öz müsbət təsirini göstərmişdir. Azərbaycanda sosial sahədə infrastruktur məsələlərinin həllində böyük layihələr icra edilir. Bu layihələrin icrası əlbəttə ki, müsbət nəticələrə gətirib çıxarır və gələcək planlarımız da çox aydındır, açıqdır. Əminəm ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Buna nail olmaq üçün bütün imkanlar vardır.
Qeyd etdiyim kimi, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması da məqsədəmüvafiq ola bilər. Son illər ərzində Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan təcrübə hesab edirəm ki, maraqlı ola bilər. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının Bakıda bir qurumunun yaradılması bizim birliyimizi daha da möhkəmləndirə bilər.
Bütövlükdə deyə bilərəm ki, Azərbaycan İslam həmrəyliyinin inkişafı üçün öz rolunu oynayır. Azərbaycan 2011-ci ildə böyük səs çoxluğu ilə dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və İslam ölkələrinin dəstəyi xüsusi məna daşıyır. Çünki biz tam əmin idik ki, biz bu dəstəyi qardaş ölkələrdən alacağıq və aldıq. Hazırda ikinci ildir nəinki özümüzü, hesab edirik ki, bütün müsəlman aləmini də BMT Təhlükəsizlik Şurasında təmsil edirik. Digər müxtəlif addımlar atılmışdır. Hesab edirəm ki, bu addımların İslam aləminin birləşməsinə böyük töhfəsi olmuşdur. Biz bundan sonra da bu dəstəyi göstərəcəyik.
Eyni zamanda, bizim haqq işimizi dəstəkləyən bütün müsəlman ölkələrinə öz minnətdarlığımı bildirmək istəyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim yanımızdadır, bizi fəal dəstəkləyir, haqq-ədaləti dəstəkləyir. Hələ ki erməni işğalından əziyyət çəkən soydaşlarımız kifayət qədər çoxdur. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparmışdır. Azərbaycanlılar öz tarixi dədə-baba torpaqlarından didərgin salınmışdır. Bizim bütün tarixi abidələrimiz, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Bu vəhşiliyi təsdiqləyən kifayət qədər faktlar, sənədlər, videosənədlər, fotoşəkillər vardır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı törətmişlər. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədilmişdir və 613 nəfər, - onlardan 100-dən çoxu qadın, 63-ü uşaqdır, - erməni soyqırımının qurbanı olmuşdur. Bu, misli görünməmiş vəhşilik idi, bu, erməni faşizminin təzahürü idi.
Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq hələ ki, bu məsələ öz həllini tapmır. Torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan artıq azərbaycanlı bu işğaldan bu gün də əziyyət çəkir.
Mən bütün qardaş ölkələrə bizə göstərilən dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əziz qonaqlar, konfransın işinə uğurlar arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.
* * *
Səudiyyə Ərəbistanının əmək nazirinin müavini Mofarrej əl-HOQUBANİ Azərbaycanda yüksək inkişafın şahidi olduğunu deyərək ölkəmizdə gördüklərinin digər dövlətlər üçün nümunə olduğunu diqqətə çatdırdı. O, İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının əməkdaşlıq baxımından vacib olduğunu deyərək bu tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə nazirlər adından Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
-Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin II iclasında iştirak edən həmkarlarım adından Sizə və Azərbaycan tərəfinə bu konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildirirəm. Bu gözəl ölkənizdə bizi qəbul etdiyinizə və mehriban qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Azərbaycan, əlbəttə ki, Asiyanın və Qafqazın mirvarisidir və Sizin ölkənizdə bütün sahələrdə əldə olunmuş nailiyyətlər digər ölkələr üçün nümunədir. Əlbəttə ki, əldə olunmuş bütün bu nailiyyətlərdə Sizin, Zati-alinizin böyük rolu, böyük əməyi vardır. Biz Azərbaycanda olduğumuz müddətdə özümüzü ölkəmizdəki kimi hiss edirik.
Eyni zamanda, mən Azərbaycan xalqına da dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan xalqı çox tolerant bir xalqdır, tolerantlığın nümunəsidir. Biz burada özümüzü dostlarımız, qardaşlarımız arasındakı kimi hiss edirik. Bir daha bu gözəl təşkilatçılığa görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Eyni zamanda, bir daha Səudiyyə Ərəbistanı Krallığı və bütün islam ölkələri adından bildirmək istəyirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyimizi heç zaman əsirgəməyəcəyik, həmişə Azərbaycanı dəstəkləyəcəyik.
Eyni zamanda, mən Səudiyyə rəsmiləri adından, Səudiyyə Kralı adından da Sizə salamları çatdırmaqdan şərəf duyuram. Çox sağ olun.
* * *
Sonra Türkiyənin əmək və sosial müdafiə naziri Faruk ÇELİK çıxış etdi. O, bu konfransın əməkdaşlıq əlaqələrini daha da genişləndirəcəyini dedi. Bildirdi ki, konfransın müzakirə etdiyi işsizlik və yoxsulluğun aradan qaldırılması mövzuları hazırda dünyanı narahat edən məsələlər sırasındadır. Azərbaycanda isə bu sahədə həyata keçirilən uğurlu tədbirlər məmnunluq doğurur. Faruk Çelik ölkəmizdə gedən inkişafın onda böyük təəssürat yaratdığını diqqətə çatdıraraq bildirdi:
– Əvvəlcə hörmətli Prezidentimiz Abdullah Gülün və Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırmağı özümə borc bilirəm. İslam Əməkdaşlıq Təşkilatının əmək nazirləri olaraq ikinci dəfə Bakıda bir araya gəlmişik. Bu gözəl ev sahibliyi üçün bütün yoldaşlar adından çox təşəkkür edirəm.
Mühüm məsələ odur ki, təbii, iş həyatı özündə bütün dünyanı maraqlandıran məsələləri ehtiva etməkdədir. Hər hansı bir ölkənin işsizlik və iş həyatının digər sahələri kimi məsələlərə biganə qalmasından söhbət belə gedə bilməz. Eyni zamanda, meydana gələcək mənfi hallar bütün dünya dövlətlərini də maraqlandırır. Bu mənada “G-20" ölkələrinin nəzdində əmək nazirləri olaraq bir araya gəlirik. İslam ölkələri olaraq, - Sizin də ifadə etdiyiniz kimi, - qardaş ölkələr olaraq əmək və digər nazirlərin bir araya gəlməsi baxımından bu gözəl toplantı formalaşdırılmışdır. Təbii ki, bu konfransın və onun nəticələrinin, Bakıda qəbul ediləcək qərarların yolumuzu daha da aydınladacağına inanıram.
Sözlərimi bitirmədən əvvəl bunu da demək istəyirəm ki, cənab Prezident, mən Bakıya çox tez-tez gəlirəm. Altı ay əvvəl də burada idim. Bakıdakı, eləcə də Azərbaycandakı müsbət dəyişikliyin, inkişafın həqiqətən çox yaxından şahidiyəm. Bu inkişafı yaxından görmək imkanımız vardır və bundan böyük məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Digər nazir yoldaşlarımızın Bakıya tez-tez gəldiklərini bilmirəm, amma mən bu dəyişikliyi çox qısa müddətdə hərtərəfli və dinamik şəkildə gördüyümü bildirmək istəyirəm. Bunu, təbii ki, Sizin uğurlu rəhbərliyinizin nəticəsi olaraq gördüyümüzü ifadə etməliyik.
Təbii ki, hər ölkənin, hər İslam ölkəsinin problemləri vardır. Bu problemlərimizdə kədərlərimizi bir-birimizin kədəri, sevinclərimizi də bir-birimizin sevinci olaraq görürük və bu anlayışla fəaliyyət göstəririk. Sizi üzən şeylərin bizi də üzdüyünü, sizi sevindirən bütün məsələlərin bizi də sevindirdiyini və kədərlərinizi bölüşməyə hazır olduğumuzu bildirmək istəyirəm. Bu yüksək qəbulunuza görə bir daha Sizə çox təşəkkür edir, hörmətimi bildirirəm.
* * *
Ölkəmizə səfərindən məmnun olduğunu deyən Küveyt dövlətinin əmək və sosial məsələlər naziri Zikra əl-RƏŞİDİ Azərbaycanda gedən inkişafın onda da böyük təəssürat yaratdığını dedi. Nazir bildirdi ki, son illərdə Azərbaycan yüksək templərlə inkişaf edir və təbii ki, bu da dost Küveyt dövləti tərəfindən məmnunluqla qarşılanır. Zikra əl-Rəşidi son illərdə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi uğurlara görə Prezident İlham Əliyevi təbrik edərək dedi:
– Möhtərəm cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Əlbəttə ki, biz, şəxsən mən Azərbaycana səfər etməyimdən çox məmnunam. Azərbaycandakı gözəllik və ölkənizin inkişafı, yüksək qonaqpərvərlik bizi valeh etdi. Azərbaycanda bütün sahələrdə əldə olunmuş inkişafdan çox məmnun olduq. Bu, bizi çox sevindirir.
Əlbəttə ki, Küveyt Dövlətinin Əmiri başda olmaqla biz də Azərbaycanda keçirilən tədbirdə iştiraka çox böyük əhəmiyyət veririk və ona görə də bu gün bu tədbirdə yüksək səviyyədə iştirak edirik. Eyni zamanda, Küveyt Dövləti olaraq bir daha qeyd etmək istərdim ki, biz Azərbaycanı bütün sahələrdə həmişə dəstəkləmişik və dəstəkləyəcəyik.
O ki qaldı Azərbaycana, əlbəttə ki, Azərbaycan doğrudan da bir çox beynəlxalq təşkilatların fəal üzvüdür və islam ölkələrinin üzləşdiyi problemlərin həllində çox böyük rola malikdir.
Cənab Prezident, mən ölkənizdə əldə olunmuş nailiyyətlərə görə bir daha Sizi təbrik edirəm. Bu, Sizin sayənizdə əldə olunmuşdur. Çox sağ olun cənab Prezident.
* * *
Fələstinin əmək naziri Əhməd MƏCDALANİ çıxışında Bakıda keçirilən konfransın mövzuların aktuallığı baxımından diqqəti cəlb etdiyini bildirdi. Qeyd etdi ki, bu tədbir islam ölkələrində işsizliyin aradan qaldırılmasında və bu sahədə səylərin birləşdirilməsində mühüm rol oynayacaqdır. Əhməd Məcdalani ölkəmizdə iqtisadi inkişaf baxımından qazanılan uğurların Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində əldə olunduğunu vurğuladı. Fələstinə verdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edən nazir dedi:
– Möhtərəm cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə çox böyük minnətdarlığımızı bildiririk. İlk növbədə qardaşınız, Fələstin Prezidenti Mahmud Abbasın salamlarını Sizə çatdırmaqdan şərəf duyuram və Fələstinin Baş nazirinin də salamlarını Sizə çatdırıram. Onların minnətdarlığını Sizə çatdırmaq istəyirəm ki, Azərbaycan hər zaman Fələstin xalqının yanında olmuşdur və hər zaman Fələstin xalqını dəstəkləyir. Əlbəttə ki, keçən ilin noyabr ayında BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə bizə göstərdiyiniz dəstəyə görə Sizə öz minnətdarlığımızı bildiririk.
İyun ayında donor ölkələrin konfransı da Azərbaycanda keçiriləcəkdir. Bu da çox mühüm bir konfransdır. Bu konfransın təşkilinə görə Azərbaycan tərəfinə öncədən minnətdarlığımızı bildirmək istəyirik. Yaxın günlərdə Azərbaycan Respublikasının xarici işlər naziri Fələstində səfərdə olmuşdur. Bu səfər zamanı iki ölkə arasında siyasi məsləhətləşmələr aparılmışdır. İki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur. Fürsətdən istifadə edərək mən ölkənizdə həm iqtisadi, həm ictimai sahələrdə əldə olunmuş bütün nailiyyətlərə, uğurlara görə Sizi təbrik etmək istəyirəm. Bunlar hamısı Sizin sayənizdə əldə olunmuş nailiyyətlərdir.
Hazırda keçirilən İslam ölkələrinin əmək nazirlərinin II iclası böyük əhəmiyyət kəsb edir. İslam ölkələrində işsizliyin aradan qaldırılması, eyni zamanda, bir çox digər problemlərin həllində böyük əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bəzi ölkələr tərəfindən həyata keçirilən ikili standartlar hər zaman qınanmalıdır. Eyni zamanda, bu baxımdan mən qeyd etmək istəyirəm ki, Azərbaycan da bir çox hallarda ikili standartlarla üzləşir və Azərbaycanın da torpaqları işğala məruz qalıbdır. Biz bu problemin də tezliklə həll olunmasını arzu edirik. Bir daha Sizə təşəkkürümü bildirirəm.
* * *
Sonda konfransın işinə bir daha uğurlar arzulayan Prezident İlham ƏLİYEV dedi:
– Çox sağ olun. İlk növbədə Azərbaycan haqqında, Azərbaycanda gedən işlər haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, Bakı ilə yaxından tanış olmaq üçün sizin imkanınız olacaqdır. Eyni zamanda, onu da qeyd etməliyəm ki, sizin çıxışlarınızda səslənən fikirlər bizim təşkilatımızı daha da sıx birləşdirəcəkdir. Çünki təşkilatımızın təməlində islam aləminin birləşməsi, sıx əməkdaşlıq dayanır.
Əlbəttə ki, qarşılıqlı siyasi dəstək ön planda olmalıdır. Azərbaycan əlindən gələni əsirgəmir ki, bütün müsəlman ölkələri arasında əməkdaşlıq ən yüksək səviyyədə qurulsun. Ölkəmiz bu işə öz tərəfindən töhfəsini verməyə davam edəcəkdir. Eyni zamanda, aramızda olan birliyi möhkəmləndirmək üçün iqtisadi əlaqələr də daha fəal olmalıdır. Bu məsələlərin həllində müvafiq qurumlar, nazirliklər, müştərək birgə komissiyalar öz rolunu oynayır. Əlbəttə, nazirlər səviyyəsində yaradılan təmaslar, əməkdaşlıq, iş birliyi bizim gücümüzü artıracaqdır.
İqtisadi əməkdaşlığa gəldikdə, burada investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutula bilər. Təcrübə mübadiləsi, ticarət dövriyyəsinin artırılması da hesab edirəm ki, birliyimizi daha da möhkəmləndirəcəkdir. Biz bu birliyi müxtəlif amillərlə möhkəmləndirməliyik.
Qeyd etdiyim kimi, siyasi dəstək ön planda olmalıdır. Biz beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini daim dəstəkləməliyik. İkili standartlara qarşı birgə mövqeyimizi ortaya qoymalıyıq. Biz iqtisadi əməkdaşlığı dərinləşdirməklə ölkələrimizdə mövcud olan problemləri - işsizliyi, yoxsulluğu daha asanlıqla həll edə bilərik. Yəni, qarşılıqlı dəstək bu deməkdir, həm siyasi, həm iqtisadi dəstək. Eyni zamanda, hesab edirəm ki, hər birimiz üçün çox ağrılı problem bəzi ölkələrdə artan islamofobiya meyilləridir, islama qarşı mənfi münasibətin formalaşdırılmasıdır. Tam əminliklə deyə bilərəm ki, bu münasibət qəsdən formalaşdırılır. İslam ölkələrini mənfi şəkildə təqdim etmək üçün böyük kampaniyalar aparılır. Biz də öz tərəfimizdən, ilk növbədə, bu kampaniyaya tutarlı cavabımızı verməliyik.
Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı dünya miqyasında çox böyük nüfuza malik olan təşkilata çevrilmişdir. Müsəlman ölkələrində təhsil, səhiyyə, sosial məsələlər daha da sürətlə həll edilməlidir. Burada iqtisadi əməkdaşlıq ön plandadır. Çünki bu əməkdaşlıq hesabına ölkələrimiz daha da böyük uğurlara nail ola bilərlər.
Bir daha sizi ürəkdən salamlayıram və sizə ən xoş arzularımı çatdırıram.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.