Ali qonağın şərəfinə

 

 

 

 

Xəbər verdiyimiz kimi, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Andris Berzinşin şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha salamlayır və “Xoş gəlmisiniz!” deyirəm.

Bu, Sizin ölkəmizə ilk rəsmi səfərinizdir. Mən isə Latviyada iki dəfə səfərdə olmuşam. Məmnuniyyətlə xatırlayıram ki, son səkkiz ildə ölkə başçıları səviyyəsində beş səfər olmuşdur. Bu faktın özü bizim ikitərəfli əlaqələrə münasibətlərimizin göstəricisidir. Əminəm ki, qarşılıqlı səfərlər Latviya və Azərbaycan arasında istər ikitərəfli və çoxtərəfli müstəvidə, istərsə də Avropa strukturları çərçivəsində əməkdaşlığımızın daha da inkişafına və genişlənməsinə təkan verəcəkdir.

Azərbaycan və Latviya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. İqtisadi əlaqələrimiz sürətlə inkişaf etsə də, hələlik ölkələrimizin potensialına tam cavab vermir. Ticarət dövriyyəsi son beş ildə üç dəfəyə yaxın artmışdır. Bir neçə il ərzində iki ölkənin şirkətlərinin və iş adamlarının iştirakı ilə altı biznes forum keçirilmişdir. 2006-cı ildə Azərbaycan ilə Latviya arasında hökumətlərarası komissiya yaradılmışdır. Düşünürəm ki, əməkdaşlığımızın daha da yüksək səviyyəyə qaldırılması üçün səylərimizi bundan sonra da davam etdirməliyik.

İnanıram ki, səfəriniz zamanı ikitərəfli münasibətlər ətrafında Sizinlə apardığımız səmərəli danışıqlar, əldə olunan razılaşmalar və keçirilən biznes forum əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan ilə Latviya arasında əlaqələrin tarixi kökləri vardır. XX əsrin əvvəllərində Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyətin yüzə yaxın tanınmış üzvü var idi. Latviyanın məşhur yazıçıları Ernest Birznieks-Upitis, Pavils Rozitis, Yanis Vainovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, diplomat Antons Balodis, Bakı Opera Teatrının dirijoru, dahi latış bəstəkarı Yazeps Medinş, memar Ervins Paumbats və başqaları bu cəmiyyətdə təmsil olunurdular. 2013-cü ilin mart ayında Bakıda Cəmiyyətin fəaliyyətinin yenidən bərpa edilməsini həmin ənənənin davamı kimi yüksək qiymətləndiririk.

Azərbaycan Latviya ilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Avropa İttifaqının və NATO-nun üzvü olan Latviya Azərbaycanın bu təşkilatlarla əməkdaşlığına önəm verən ölkələrdən biridir. “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində qarşılıqlı fəaliyyətimiz də faydalıdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş olduğunu nümayiş etdirmişdir. Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.

Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş və bütün insan hüquqları kobudcasına pozulmaqla bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun ədalətli həlinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Hörmətli cənab Prezident, Sizi Bakıda qəbul etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim rifah arzulayıram.

* * *

Latviya Prezidenti Andris BERZİNŞ çıxış edərək dedi:

- Çox hörmətli cənab Prezident, Zati-aliləri.

Xanımlar və cənablar.

Latviya ilə olduqca sıx dostluq əlaqələri olan Azərbaycanda qonaq olmağım məni həqiqətən də çox sevindirir. Latviya nümayəndə heyətinə möhtəşəm ölkənizdə göstərdiyiniz istiqanlılıq və qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm.

Qarşıdakı ilin ilk aylarında Latviya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyini qeyd edəcəyik. Arxaya dönüb baxsaq bu illər ərzində yalnız Prezidentlər səviyyəsində deyil, eləcə də müxtəlif sahələrin nümayəndələri və sahibkarlar arasında səmərəli görüşlərin keçirildiyinin məmnunluqla şahidi olarıq. Bu cür görüşlərin keçirilməsi Latviya tərəfinin Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirməsinə bariz sübutdur. Ümidvar olduğumu bildirirəm ki, Latviya nümayəndə heyətinin tərkibinə daxil olan xarici işlər, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı nazirləri, eləcə də digər nazirliklərin nümayəndələri öz azərbaycanlı həmkarları ilə danışıqlarda institusional bazanın təkmilləşdirilməsi və gələcəkdə konkret layihələrin həyata keçirilməsinə nail olacaqlar. Biz, eyni zamanda, sahibkarlarımızın fəaliyyətlərinin intensivləşməsinə böyük ümidlə baxırıq.

Bu yaxınlardakı böhranı, həmçinin dünya iqtisadi məkanında şəraitin dəyişməsini nəzərə alaraq sahibkarlıq fəaliyyətinin və investisiya mühitinin yaxşılaşdırılması, eləcə də ixrac bazarının şaxələndirilməsi Latviyanın qarşısında duran prioritet məsələdir. Səfər zamanı məni geniş tərkibdə sahibkarlar heyətinin müşayiət etməsi və Latviya-Azərbaycan biznes forumunun keçirilməsi bunu bir daha təsdiq edir. Əminəm ki, şəxsi görüşlər, konkret təkliflər və yeni ideyaların doğulması ikitərəfli investisiyaların cəlb olunmasına və iqtisadi əməkdaşlıq sahəsinin genişlənməsinə imkan yaradır. Hər iki ölkənin coğrafi mövqeyi nəqliyyat, logistika sahəsində, xüsusilə aviasiya münasibətlərindəki inkişaf artıq ciddi əməkdaşlığın olduğunu göstərir. Fürsətdən istifadə edərək diqqətinizi artıq yaxın zamanda ticarət dəhlizinin də yaradılacağına çəkmək istərdim. Bundan başqa, informasiya texnologiyaları, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı və digər sahələrdə hər iki ölkə üçün faydalı olacaq ikitərəfli layihələrin yaradılacağına ümid edirəm.

Cənab Prezident, Azərbaycan regional sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Latviya Avropa İttifaqının və NATO-nun üzvü kimi Azərbaycanın bu təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirir. Bizim ümumi tarixi təcrübəmiz, Latviyanın islahatlar yolu, Azərbaycanın geosiyasi təcrübəsi əlaqələrimizin daha geniş formatda inkişafına şərait yaradır. Lakin uğurlu ikitərəfli əməkdaşlığın təməlində nəinki siyasi dialoq və iqtisadi mənfəət durur, eyni zamanda, xalqlarımızın bir-birinə rəğbəti və marağı xüsusi yer tutur. Ona görə də ali məktəblər arasındakı əməkdaşlıq, tələbə mübadiləsi proqramlarının inkişaf göstəriciləri olduqca fərəhləndiricidir. Bütün bunlar təhsilin səviyyəsinin artmasına, mədəniyyətlərarası anlaşmanın inkişafına gətirir ki, bu da öz növbəsində əməkdaşlıq layihələrinin gələcəkdə də həyata keçirilməsinə zəmin yaradır.

Mən, eyni zamanda, yenidən bərpa olunmuş Bakı Latış Cəmiyyətini salamlamaqdan qürur duyuram. Cəmiyyətə dinamik  inkişaf arzu edərdim. İstərdim ki, bu Cəmiyyət XX yüzilliyin əvvəlində yüzdən çox fəal latışın bir araya gəlməsi tarixindən ilham alsın. Eləcə də Latviyada iki mindən çox azərbaycanlı yaşayır ki, onların xalq təsərrüfatı və mədəniyyət sahəsindəki əməyi ölkəmizdə yüksək qiymətləndirilir. Azərbaycanlılar da Latviyanı özünə yaşayış məskəni seçən digər insanlar kimi dövlət və insanların həyatı üçün vahid məsələləri müzakirə etdiyimiz milli azlıqlar üzrə şuranı layiqincə təmsil edirlər.

Çıxışımın sonunda Sizin hamınızı, Latviyanın paytaxtının Avropanın mədəniyyət paytaxtı titulu qazanacağı 2014-cü ildə Riqaya dəvət edirəm. Bütün ilboyu əyləncəli mədəni tədbirlər keçiriləcəkdir. Ən əsası xarici qonaqlarımızın qayğısına qalacağıq. Çox sağ olun.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında