Biləcəridəki mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

 

 

 

Prezident İlham Əliyev parkın açılışında iştirak etmişdir

Aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq məqsədilə 2011-ci il aprelin 11-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində olmuşdu. O zaman sakinlər vaxtilə qəsəbənin ən böyük istirahət mərkəzlərindən olan Dəmiryolçular parkının yenidən qurulması xahişi ilə dövlətimizin başçısına müraciət etmişdilər. Parkdakı mövcud vəziyyətlə tanış olan Azərbaycan Prezidenti sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması və bütövlükdə bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlərini vermişdi. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan bərpa və yenidənqurma işləri artıq başa çatdırılmışdır. Dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində son illər paytaxtda ardıcıl tədbirlərin davamı olaraq yenidən qurulan bu park ən yüksək standartlara cavab verir. Bu istirahət guşəsinin yeni formada istifadəyə verilməsi yeni-yeni parklar və yaşıllıq zolaqlarının   salınması, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması və nəhayət, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərin davamlılığından xəbər verir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov  Prezident İlham Əliyevə məlumat verdi ki, parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli sərəncamı əsasında həyata keçirilmiş, yüksək keyfiyyətlə aparılmışdır. Burada sakinlərin və qonaqların istirahəti üçün lazımi şərait yaradılmışdır.

Dövlətimizin başçısı parkdakı Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış oldu. Qeyd edildi ki, Mədəniyyət Mərkəzinin binası yenidən tikilmişdir. Mərkəz sakinlərin rahat istirahəti üçün lazımi avadanlıqla təchiz edilmişdir.

Parkla tanışlıq zamanı bildirildi ki, ərazisi 4 hektar olan bu istirahət məkanında geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilmişdir. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilmişdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır.

İstirahət məkanında ən müasir işıqlandırma sistemi qurulmuş, fəvvarə quraşdırılmış, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yaradılmışdır. Parkda abadlıq və yenidənqurma işləri davam etdiriləcək, müasir iaşə obyektləri tikiləcəkdir.

Parkla tanışlıqdan sonra qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident

İlham ƏLİYEV dedi:

- Mən çox şadam ki, biz Biləcəridə belə gözəl parkı yenidən qura bildik. Mən buraya iki il əvvəl gəlmişdim. Yaxşı bilirsiniz ki, o vaxt bu parkın vəziyyəti o qədər də yaxşı deyildi. Qərara gəldik  ki, gözəl bir park yaradılmalıdır. Artıq bu park deyə bilərəm ki, Bakının ən gözəl parklarından biridir. Çox gözəldir, rahatdır.

Mədəniyyət Mərkəzi də yenidən qurulubdur. İstirahət üçün yaxşı şərait vardır. Yəni, bu, onu göstərir ki, Bakı sürətlə inkişaf edir. Bakının bütün yerləri, bütün qəsəbələri də inkişaf edir. Təkcə mərkəzdə deyil, eyni zamanda, bütün qəsəbələrdə quruculuq, abadlıq işləri aparılır. Bakı indi parklar şəhəridir. Bakıda olan parklar deyə bilərəm ki, ən yüksək səviyyədədir. Gözəlliyi ilə seçilən parklar, ictimai yerlər, bağlar salınıbdır, bərpa edilibdir. Bizim əlbəttə ki, ən böyük parkımız Bulvardır. Bulvar da deyə bilərəm ki, dünyanın ən böyük parklarından biridir. Bulvarın genişləndirilməsi prosesi davam edir. Bundan başqa, əlbəttə ki, biz ilk növbədə şəhərin mərkəzində parkların yenidən qurulmasını həll etdik. İndi isə bütün başqa yerlərdə də belə gözəl parklar salınır. İstər mərkəz olsun, istər qəsəbə olsun, Azərbaycanın hər bir yerində bax belə gözəl şərait olmalıdır. Bu, artıq Azərbaycan standartlarıdır. Biz Azərbaycan standartlarını tətbiq edirik. Xüsusilə ictimai yerlərdə, istirahət zonalarında gözəl şərait olmalıdır.

Ümumiyyətlə, Biləcəri qəsəbəsində gedən quruculuq işləri məni çox sevindirir. Evlər bərpa edilir, küçələr genişləndirilir, quruculuq işləri aparılır. Yəni, bütün ölkəmizdə olduğu kimi, Bakıda və əlbəttə, Bakının qəsəbələrində bu işlər sürətlə gedir.

Bildiyiniz kimi, Bakının inkişafı ilə bağlı müxtəlif dövrlərdə proqramlar qəbul edilmişdir. Bakının inkişafı ilə bağlı infrastruktur layihələri icra edilir. Bakıətrafı qəsəbələrdə quruculuq işləri aparılır, ilin sonuna qədər başa çatmalıdır. Hər bir qəsəbədə bütün lazımi şərait yaradılmalıdır və yaradılır, o cümlədən istirahət üçün.

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

* * *

Göstərdiyi diqqət və qayğıya görə qəsəbə sakinləri adından dövlətimizin başçısına minnətdarlığını çatdıran Yaqub

VƏLİYEV dedi:

- Möhtərəm Prezident!

İcazə verin, Sizi Biləcərinin 70 minlik, Binəqədi rayonunun 250 mindən çox sakinləri adından təbrik edim, Sizə “Xoş gəlmisiniz!” deyim. Siz 2011-ci il aprelin 11-də Biləcəri ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdünüz. Orada dediniz ki, kimin nə təklifi var söyləsin. Mən sizin təkliflərinizi eşitməyə gəlmişəm. O zaman mən çıxış etdim və dedim ki, Biləcəridə köhnə bir park var. Bunun adı parkdır. O, çox bərbad vəziyyətdədir. Onun bərpasına ehtiyac vardır. O zaman Siz dediniz ki, gedək o parka baxaq. Parka baxıb getdiniz, cəmi iki gün sonra Biləcəridəki mədəniyyət və istirahət parkının təmir edilməsi və bunun üçün vəsait ayrılması haqqında  Sərəncam verdiniz. İndi Siz o parkı açırsınız. Bax, indi bu, artıq park deyil, gözəl istirahət məkanıdır. Buraya çox əmək, çox zəhmət çəkilib. Bunun üçün Sizə minnətdarlığımızı bildiririk.

Azərbaycan çox sürətlə inkişaf edən bir ölkədir. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan dünyada çox böyük sürət götürmüşdür. Azərbaycanın iqtisadiyyatı üç dəfə artmışdır. Bu, 300 faiz deməkdir. Biz əminik ki, bu temp davam edəcəkdir. Büdcəsində heç on milyon pulu olmayan bir ölkənin indi ehtiyat fondu, valyuta fondu 50 milyarda yaxınlaşır. Bunun dünyada analoqu yoxdur. Bu, böyük bir işdir, böyük bir yüksəlişdir. Respublikada insanların vəziyyəti, dolanışığı yaxşılaşır.

Cənab Prezident, Binəqədi Bakının ən böyük rayonlarından biridir. Burada çox sürətli inkişaf gedir. Bir bu park deyildir. Bu parkın ətrafında bütün küçələrə, dalanlara səki daşları düzülüb, asfalt döşənib. Qəsəbənin mərkəzi tamamilə yenilən qurulub, küçə genişləndirilib. Bütün kommunikasiya xətləri təzələnibdir. Rayonun ərazisində metronun üç stansiyası istifadəyə verilibdir. Birinin - “Avtovağzal” stansiyasının isə, inşallah, yaxın vaxtlarda açılışı olacaqdır. Rayonumuzun ərazisində Moskva Dövlət Universitetinin Bakı filialı üçün kompleks tikilib. “Azəryol” voleybol kollektivinin həm inzibatı binası, həm oteli, həm meydançası istifadəyə verilibdir. Neçə-neçə məktəb, sağlamlıq mərkəzi, uşaq bağçası inşa olunub. Bunlar hamısı bizim nailiyyətlərimizdir. Hamısı bizi sevindirir. Ona görə də biz Sizə çox-çox minnətdarıq.

Siz ulu öndərimizin, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu çox gözəl davam etdirirsiniz.

 

Prezident İlham ƏLİYEV:

- Doğrudan da, böyük işlər görülür, o cümlədən Bakı şəhərinin hər bir yerində çox böyük quruculuq işləri aparılır. Çox şadam ki, Binəqədi rayonunda son vaxtlar çox böyük işlər görülməyə başlanmışdır. Siz də o günü xatırlatdınız, keçən dəfə mən burada olanda sizin təklifinizlə parka gəldim, tanış oldum, dərhal göstəriş verdim. İndi burada gözəl park yaradılıb. Bu, onu göstərir ki, nəinki Bakının, ölkəmizin hər bir yerində iş görmək mümkündür və lazımdır. Sadəcə, iradə olmalıdır, hər bir insanın öz doğma Vətəninə məhəbbəti və əlbəttə ki, peşəkarlıq yüksək səviyyədə olmalıdır.

İndi Bakı dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bunu Bakıya gələn hər bir qonaq qeyd edir, vurğulayır. Bakının, əlbəttə ki, tarixi gözəlliyi vardır.  Bakının öz ab-havası, öz memarlıq əlamətləri vardır. Ancaq hər bir başqa şəhər kimi, Bakı da inkişaf edir. Bakıda yeni binalar əvvəllər tikilmiş binalarla bir vəhdət təşkil edir. Onların arasında heç bir ziddiyyət yoxdur, Bakının gözəlliyi əlbəttə ki, onun yerləşməsindədir. Eyni zamanda, Bakıda gözəl ictimai yerlər salınır, parklar, istirahət zonaları, binalar bərpa edilir.

Bakı təkcə mərkəzdən ibarət deyildir. Bakıda vətəndaşlar hər bir rayonda, hər bir qəsəbədə yaşayırlar. Onların şəraiti yaxşı olmalıdır. Onlar üçün gözəl imkanlar yaradılmalıdır. Ona görə Bakının kənarında yerləşən qəsəbələrdə xüsusi proqramlar icra edilir. Yəni, bu yerlərə xüsusi diqqət göstərilməlidir. Xüsusilə Binəqədi kimi böyük rayonun inkişafı üçün xüsusi tədbirlər planı icra edilir. Bu rayonun planlı şəkildə inkişafı əlbəttə ki, bütün problemlərin həlli üçün imkan yaradacaqdır. Siz qeyd etdiniz, yeraltı infrastruktur işlərinin - kommunikasiyalar, xətlər, qazlaşdırma, elektrik enerjisi, su, kanalizasiya və s. - bütün bu işləri biz paralel şəkildə görürük. Əlbəttə ki, vətəndaşların rahat yaşaması, istirahəti, sağlamlığının bərpası üçün belə gözəl parklar lazımdır. Mən çox şadam ki, bu gün Biləcəri qəsəbəsində belə gözəl parkın açılışında biz sizinlə görüşürük.

Mənim bölgələrə, qəsəbələrə səfərlərimin əsas məqsədi ondan ibarətdir ki, sizdən eşidim, əlavə nə etmək lazımdır. Əgər bütün qəsəbələrdə, bütün kəndlərdə bütün problemlər həll olunarsa, demək, ölkədə mövcud olan problemlər öz həllini tapar.

Əlbəttə, biz problemləri bilirik, onların həlli ilə məşğuluq. Problemlərin həlli üçün bizdə bütün imkanlar  - siyasi iradə, maliyyə imkanlarımız,  artıq gözəl, peşəkar kadrlarımız, dəyərli vətəndaşlarımız vardır. Yəni, əsas məsələ ondan ibarətdir ki, biz problemləri aşkarlayaq və həll edək.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında