Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərində səfərdə olmuşdur.
Dövlətimizin başçısı bir sıra sosial infrastruktur obyektlərinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verdi ki, mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanmışdır. Sahəsi 6 min kvadratmetr olan mərkəzdə ən müasir standartlar tətbiq edilmişdir.
Prezident İlham Əliyev mərkəzin akt zalı ilə tanış oldu. Geniş və işıqlı akt zalı 570 nəfərlikdir. Mərkəzdə dövlət atributları haqqında xüsusi guşə yaradılmışdır. Qeyd olundu ki, burada gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün kurslar təşkil olunacaqdır.
Daha sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
* * *
Prezident İlham Əliyev Müşfiq Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Ümumi ərazisi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılmış, geniş yaşıllıq zolaqları salınmışdır.
* * *
Prezident İlham Əliyev Gənclər Evinin də açılışında iştirak etdi.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, üçmərtəbəli binanın sahəsi min kvadratmetrdir. Bu Gənclər Evi respublika üzrə ən böyük gənclər mərkəzlərindən biridir. Bu mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyevə ölkədə inşa olunan və tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə Avropa Oyunları ilə bağlı görülən işlər barədə də məlumat verildi.
* * *
Sonra dövlətimizin başçısı yenidənqurma işlərinin aparıldığı Sahil Parkına gəldi.
Prezident İlham Əliyevə məlumat verildi ki, parkın ümumi ərazisi üç min kvadratmetrdir. İstirahət guşəsində 20 min kvadratmetrlik ərazidə geniş yaşıllıq işləri aparılmışdır. Bildirildi ki, hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanatlı liftin quraşdırılması prosesi gedir. Uzunluğu 212 metr olacaq iki liftlə gün ərzində 1000 nəfəri daşımaq mümkün olacaqdır.
* * *
Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Kür çayı sahilindəki istirahət kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni yaradılan sahilyanı istirahət kompleksinin ərazisi 1,5 hektardır. Burada şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır.
* * *
Daha sonra Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhərində Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunlarının Alayı və Su Ehtiyatları Dövlət Agentliyinin İdarəsinin tikintisi layihələrinə baxdı.
* * *
Prezident İlham Əliyev Mingəçevir su anbarının inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış oldu.
Dövlətimizin başçısına raport verən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirdi ki, burada mövcud olan mühafizə və təhlükəsizlik sistemləri mükəmməlliyi ilə seçilir.
Mingəçevir su anbarının mühafizə sisteminin sxeminə və maketinə baxan Prezident İlham Əliyev inteqrə olunmuş təhlükəsizlik sistemi haqqında filmi və əraziyə şərti müdaxiləyə qarşı əməliyyatı izlədi.
Dövlətimizin başçısına təhlükəsizlik sisteminin ən mühüm elementlərindən olan çəpərlər və videokameralar barədə məlumat verildi.
* * *
Prezident İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şəraitlə də tanış oldu.
Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səidə İbrahimovanın mənzilində olan Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, burada hər cür şərait yaradılmışdır.
Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.
Yeni məhəllədə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası və poçt şöbəsi tikilmişdir.
Prezident İlham Əliyev məhəllədə 480 şagird yerlik Ağdam rayon 52 nömrəli tam orta məktəbində yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, bu məhəllə qaçqın və məcburi köçkünlər üçün indiyədək salınan sayca 78-ci yaşayış məntəqəsidir.
* * *
Daha sonra Bayraq Meydanına gələn Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur (Mingəçevirə səfərdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.