Prezident İlham Əliyev Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı Hacıqabul şəhərinin su təchizatının planını və Şirvan-Muğan su kəmərinin texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, Hacıqabul şəhərinin günlük orta su sərfi 248 min litrdir. Ümumi su anbarının ehtiyatı 10 min kubmetrdir. Şirvan-Muğan su kəmərinin uzunluğu 170 kilometrdir. Bu kəmərdən istifadə edən əhalinin sayı isə 470 min nəfərdir. Layihəyə əsasən kəmər 121 kəndi, o cümlədən Sabirabadın 13 kəndini əhatə edəcəkdir. Sabirabad-Saatlı qrup su kəmərinin uzunluğu isə 40 kilometrdir. Layihəyə əsasən 37 kəndin 160 mindən çox sakini təmiz içməli sudan istifadə edəcəkdir.

Məlumat verildi ki, “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” əhali artımının 2035-ci ilə qədər inkişaf perspektivi nəzərə alınmaqla 30,4 min nəfər üçün hesablanmışdır və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Hacıqabul şəhərinin sakinləri içməli su ilə - təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş Şirvan-Muğan qrup kəməri vasitəsilə təmin olunacaqdır.

Hacıqabul şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə yaradılmışdır. Hazırda şəbəkə istismara yararsızdır. Şəhərin su şəbəkəsinin uzunluğu 25,5 kilometr təşkil etmiş, kanalizasiya şəbəkəsi isə ümumiyyətlə olmamışdır. Rəsmi statistikaya əsasən, hazırda Hacıqabul şəhərinin əhalisinin sayı 24,8 min nəfərdir və onların 50 faizə yaxını mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmamışdır. Əhali orta hesabla sutkada qrafiklə 8 saat su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir.

Yeni “Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində şəhərin su təchizatının özüaxımlı rejimdə aparılması üçün 2,4 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir, relyef baxımından yüksək nöqtədə tutumu 5 min kubmetr olan anbar inşa edilir. Şəhərdə uzunluğu 115 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 105 kilometr olan kanalizasiya şəbəkəsi yaradılacaqdır. İndiyədək 30 kilometr su xətti, 20 kilometr kanalizasiya xətti çəkilmişdir. 8,7 kilometr uzunluğunda layihələndirilmiş kanalizasiya kollektorunun 6,7 kilometrində işlər tamamlanmışdır. Ümumiyyətlə, 2014-cü ildə layihənin icrası başa çatdıqdan sonra bütün şəhər əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Layihəyə uyğun olaraq, Hacıqabul şəhərinin şərq hissəsində, relyef baxımından çökək ərazidə kanalizasiya-nasos stansiyasının tikintisi planlaşdırılır. Çirkab suları toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcəkdir və təmizləndikdən sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna axıdılacaqdır.

Azərbaycan Prezidenti suyun şəhərə rəmzi olaraq verilməsini təmin edən qurğunu işə salan düyməni basdı.

Sonra Hacıqabul Rayon İctimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, hörmətli hacıqabullular!

Mən sizi ürəkdən salamlayıram. Bu gün Hacıqabul rayonunun inkişafında çox əlamətdar bir gündür. Bu gün biz Hacıqabula içməli suyun verilməsini qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Son illər ərzində ölkəmizdə görülən işlər arasında içməli su layihələri xüsusi yer tutur. Çünki bütün dövrlərdə vətəndaşlarımız içməli su ilə lazımi səviyyədə təmin olunmamışdılar. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1970-ci illərdə su problemlərinin böyük hissəsi öz həllini tapmışdır. Ancaq həyat davam edir, ölkəmiz inkişaf edir, əhali artır və əlbəttə, su təminatı ilə əlaqədar əlavə tədbirlər görülməli idi və görülür.

Hazırda demək olar ki, ölkəmizin bütün yerlərində içməli su və kanalizasiya layihələri icra edilir. Bu proses geniş vüsət almışdır. Əminəm ki, gələn illərdə Azərbaycanda hər bir yerdə təmiz içməli su olacaqdır.

Hacıqabul rayonunun içməli su ilə təmin edilməsi üçün praktiki tədbirlər görülmüşdür. Keçən il biz Hacıqabulda Şirvan-Muğan su kəmərinin təməlini qoyduq. Bu kəmərin fəaliyyəti nəticəsində artıq Hacıqabula içməli su gəlir. Ondan sonrakı dövrdə yeni şəbəkələr qurulacaqdır. Artıq bu işlərə başlanılmışdır və biz hər bir evə içməli suyun verilməsinə nail olacağıq.

Bu, doğrudan da böyük layihədir, deyə bilərəm ki, tarixi layihədir. Bu, onu göstərir ki, siyasi iradə olduğu zaman hər bir iş görülə bilər.

Azərbaycanda hər bir rayonda böyük infrastruktur layihələri icra edilir. İlk növbədə, əlbəttə ki, biz elektrik enerjisinin təchizatını yüksək səviyyəyə qaldırmalı idik. Artıq bu proses demək olar ki, başa çatır. Qazlaşdırma prosesi də uğurla gedir. Hacıqabul rayonunun bütün kəndlərində qazlaşdırma işləri aparılır, kəndlərin böyük əksəriyyətində artıq bu işlər başa çatmışdır. Yəqin ki, yaxın aylarda bütün yaşayış məntəqələrində 24 saat keyfiyyətli qazın verilməsi mümkün olacaqdır.

Biz kənd yollarının çəkilişi ilə ciddi məşğuluq. Bu gün biz Hacıqabulda kənd yollarının açılışını da qeyd etmişik. İki layihə icra edilir, biri artıq başa çatmışdır. İndi ikinci layihə davam etdirilir və əminəm ki, yaxın zamanlarda bütün kəndlərə gedən yollar yenidən tikilib istifadəyə veriləcəkdir.

Beləliklə, hər bir rayon üçün lazım olan infrastruktur layihələri ardıcıllıqla və uğurla öz həllini tapır. Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi də artıq uğurla icra edilir və ilin sonuna qədər başa çatdırılacaqdır. Ondan sonra 2014-2018-ci illəri əhatə edəcək yeni proqram qəbul ediləcəkdir. Ancaq bu ilin sonuna qədər hər bir yerdə əsas infrastruktur layihələri başa çatmalıdır.

Bu layihələrin içində əlbəttə ki, içməli su layihəsi xüsusi yer tutur. Çünki su həyat deməkdir, təmiz içməli su isə sağlam həyat deməkdir. Bizim bütün siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Mən bunu dəfələrlə qeyd etmişəm. Bir daha demək istəyirəm, görülən bütün işlər, ölkəmizdə gedən quruculuq, abadlıq, müasirləşmə işləri bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı rahat yaşasın, işlə təmin olunsun, yaxşı maaş alsın və bütün infrastruktur layihələri ən yüksək standartlara cavab versin. Biz bunu edirik, buna nail oluruq. Azərbaycanda infrastruktur sahəsində görülən bütün işlər ən yüksək dünya standartlarına cavab verir, o cümlədən içməli su layihəsi. Veriləcək suyun keyfiyyəti də yüksək olacaqdır. Bu işlər Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə görülür. Beləliklə, insan sağlamlığına çox böyük töhfə veriləcəkdir. Çünki təmiz içməli su bir daha demək istəyirəm ki, insan üçün ən vacib şərtdir.

Mən əminəm ki, biz bütün başqa istiqamətlər üzrə də uğurlu siyasətimizi davam etdirəcəyik. Regionların inkişafı uğurla gedir, sosial siyasət uğurla aparılır. Bizim iqtisadi imkanlarımız da genişlənir və  birinci rübün sosial-iqtisadi yekunları artıq müzakirə edilmişdir və bir daha görürük ki, hər bir istiqamət üzrə Azərbaycan sürətlə inkişaf edir. Xüsusilə qeyri-neft sektorunun inkişafı bizim üçün prioritetdir və bu sahədə birinci rübdə 11 faizdən çox artım müşahidə olunub. Hesab edirəm ki, bu da dünya miqyasında ən yüksək göstəricidir. Dünyanın bir çox yerlərində hələ də maliyyə və iqtisadi böhranın hökm sürdüyünü nəzərə alsaq, Azərbaycanın uğurlu inkişafı bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Hər bir addım düzgün istiqamətdə atılır. Ölkəmiz böyük inkişaf yolu keçmişdir. Əminəm ki, bu inkişaf, görülmüş işlər gələcək inkişaf üçün də gözəl şərait yaradacaqdır. Çünki biz bundan sonra da inkişaf yolu ilə getməliyik.

Biz Azərbaycanda bütün işləri ardıcıllıqla görürük. Həm iqtisadi, həm siyasi sahədə, xarici siyasət məsələlərinin həllində, sosial sahədə. Yəni, ölkə hərtərəfli inkişaf edir. Bir daha demək istəyirəm, ən gözəl göstərici ondan ibarətdir ki, biz görülən bütün işlərin nəticələrini görürük. Bir neçə il bundan əvvəl biz içməli su layihələrinin başlanmasını qeyd etmişik, ancaq artıq bu gün bunun gözəl nəticələrini görürük. Uğurlarımızın təməlində ilk növbədə, bizim islahatlarımızdır və ilk növbədə, Azərbaycanda Heydər Əliyev siyasətinin davam etdirilməsidir. Gələn ay biz Ulu Öndərin 90 illik yubileyini qeyd edəcəyik. Bu ərəfədə bir daha görülən bütün işlərə nəzər saldıqda görürük ki, son 10 il ərzində Azərbaycan Heydər Əliyev siyasətinə öz sadiqliyini göstərərək böyük uğurlara nail olmuşdur. On il bundan əvvəl mən bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çox şadam ki, bu gün, 10 il keçəndən sonra görülən bütün işlər, əldə edilmiş nəticələr, bu inkişaf, bu quruculuq bir daha Heydər Əliyev siyasətinin nə qədər düzgün olmasını təsdiqləyir.

Bu gün Hacıqabulda içməli su layihəsinin başa çatması, doğrudan da, əlamətdar və unudulmaz bir hadisədir. Əminəm ki, gələcəkdə belə gözəl açılışlar çox olacaqdır. Hacıqabulda gözəl abadlıq-quruculuq işləri aparılır, parklar salınır, yeni sənaye müəssisələri yaradılır, küçələr abadlaşır. Bir sözlə, rayonun inkişafı əminəm ki, bundan sonra yalnız və yalnız sürətlə davam edəcəkdir. Beləliklə, ölkə iqtisadiyyatına hacıqabullular da öz dəyərli töhfələrini bundan sonra da verəcəklər. Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun.

 * * *

Bu xeyirxah təşəbbüsün reallaşmasına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına hacıqabullular adından minnətdarlığını çatdıran rayon sakini Hafiz BƏŞİROV dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi bütün Hacıqabul ictimaiyyəti adından salamlayım, rayonumuza “Xoş gəlmisiniz!” deyim. Bu gün rayonumuzun həyatında əlamətdar bir gündür. Şəhərimizə içməli su verilir. Məncə, cənab Prezident, insan həyatında suyun əhəmiyyəti haqqında danışmağa ehtiyac yoxdur. Atalarımız “su həyatdır” deyiblər. Su həmişə elimizə, obamıza bolluq, paklıq, sağlamlıq gətiribdir.

Keçən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyev Kür çayından Bakı şəhərinə və ətraf yaşayış məntəqələrinə kəmər çəkdirərək milyonlarla insanı sevindirdi. İndi bu nəcib missiyanı Siz davam etdirirsiniz, cənab Prezident.

Keçən ilin iyulunda Hacıqabul rayonunda yeni su kəmərinin təməlqoyma mərasimində Siz demişdiniz: “Əminəm ki, gələn ilin sonuna qədər bütün 6 rayonda gözəl mərasimlər keçiriləcəkdir. Bu rayonlara təmiz içməli suyun verilməsi tədbirlərində sizinlə birlikdə iştirak edəcəyik”. Sizin iştirakınız və xeyir-duanızla bu gün şəhərimizə təmiz içməli su verildi. Hər bir sakinimiz insan həyatı və sağlamlığı üçün əvəzsiz olan içməli su ilə təmin olunacaqdır. Bu, Sizin təkcə hacıqabullulara deyil, ölkəmizdə insanlarımıza, ölkə vətəndaşlarına necə yüksək önəm verməyinizin bariz nümunəsidir.

İcazə verin, bizə həyatımız üçün əvəzsiz bir nemət olan təmiz su bəxş etdiyinizə görə bütün hacıqabulluların dərin minnətdarlığını və səmimi təşəkkürlərini Sizə çatdırım.

 Möhtərəm cənab Prezident!

Biz çox yaxşı bilirik ki, Sizin fəaliyyətinizin təməlində həmişə Azərbaycan vətəndaşı dayanır. Sizin həyata keçirdiyiniz bütün tədbirlər insanların yaxşı yaşamasına, onların həyatının, təhlükəsizliyinin, hüquqlarının qorunmasına yönəlibdir. 2010-cu ildə baş vermiş təbii fəlakət, sel daşqınları zamanı biz bunun bir daha şahidi olduq. Sadə insanlar o çətin günlərdə dövlətin gücünü, onun rəhbərinin qayğısını bir daha hiss etdilər. Həmin günlərdə məhz Sizin rəhbərliyinizlə görülmüş tədbirlər nəticəsində insan tələfatına yol verilmədi. İnsanlar böyük çətinliklə üz-üzə qalmadı. Doğrudan da, bir neçə ay keçmədi ki, bütün fəlakət bölgəsində olduğu kimi, Hacıqabulda da sel suları basmış kəndlərimizdə zərərçəkmiş ailələr üçün yüzlərlə yeni evlər tikildi. İnsanlara maddi kömək göstərildi. Hacıqabullular bütün bunlara görə bir daha Sizə öz dərin minnətdarlığını bildirirlər.

Möhtərəm cənab Prezident!

Bu gün hər birimiz ölkəmizin uğurlarına görə böyük qurur hissi keçiririk. Çünki Azərbaycan son illər ərzində iqtisadİ inkişaf baxımından, sözün əsl mənasında, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bəli, cənab Prezident, bu, əsl həqiqətdir. Rayonumuzda vaxtilə mövcud olan problemlər bu gün Sizin yüksək diqqətiniz sayəsində ardıcıllıqla aradan qaldırılır. Rayonumuzda öz məhsulu ilə bütün ölkəni təmin etmək gücündə olan yüzlərlə hacıqabullunun işləyəcəyi tikinti materialları zavodu istifadəyə verilib. Bu müəssisə sakinlərimizin, xüsusən də gənclərimizin məşğulluq probleminin həllinə böyük töhfə olacaqdır. Böyük məmnunluq və razılıq hissi ilə bildirmək istəyirəm ki, bu gün hər bir hacıqabullunun evinə mavi yanacaq verilir. Hər bir ev dayanıqlı elektrik enerjisi ilə təmin edilir. İndi rayonumuzun vaxtilə gediş-gəlişi həddindən artıq çətin olan ən ucqar kəndlərinə belə yeni yollar çəkilir. Bütün bunlarla yanaşı, ümumtəhsil məktəblərimizin hamısı yenidən qurulmuş, onların maddi-texniki bazası möhkəmləndirilmiş, rayonda uşaq tibb mərkəzi, 50 çarpayılıq xəstəxana-poliklinika tikilib istifadəyə  verilmişdir.

Sizin qayğınız sayəsində şəhərimiz də öz görkəmini tanınmaz dərəcədə dəyişib. Şəhərimizdə yeni xiyaban və parklar salınır. Müasir işıqlandırma sistemi qurulub. Bir sözlə, sakinlərimizin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Bütün bunlara görə, bizim firavan yaşamağımız üçün gördüyünüz həyati əhəmiyyətli işlərə görə, cənab Prezident, Sizə və Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevaya hacıqabulluların dərin minnətdarlığını çatdırıram.

Möhtərəm cənab Prezident!

Xalqımızın Sizə olan inamı, etibarı möhkəm və tükənməzdir. Çünki Siz insanlarımızın kiçikdən böyüyə kimi hamısına dərin rəğbət və hörmətlə yanaşırsınız. Daim bizim sağlamlığımızın, təhlükəsizliyimizin qayğısına qalırsınız. Biz əziz Prezidentimizlə fəxr edir və qürur duyuruq. Biz hacıqabullular həmişə Sizinləyik.

Diqqətinizə görə çox sağ olun.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında