Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna və Mingəçevir şəhərinə səfəri

 

Hacıqabulda yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanışlıq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Hacıqabul rayonunda səfərdə olmuşdur. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidenti parkın ərazisində yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, mərkəz 2008-ci ilin mayından fəaliyyət göstərir. Ötən ilin fevralından burada aparılan yenidənqurma işlərindən sonra bina genişləndirilmiş, ümumi sahəsi 260 kvadratmetrdən 1172 kvadratmetrə çatdırılmışdır. Mərkəzdə əlavə olaraq ekspozisiya zalı, foto, xalq yaradıcılığı və rəsm studiyaları, elektron kitabxana, xarici dil mərkəzi, konfrans və kino zalları yaradılmışdır. Bu, rayon gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, eləcə də bilik və bacarıqlarının artırılması, xarici dillərə yiyələnməsi, elektron kitabxanalardan geniş istifadə etməsi üçün geniş imkan açır.

Mərkəzdə ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində və ölkəmizin müstəqilliyi dövründə Hacıqabula səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən maraqlı fotolar toplanmışdır. Xalq yaradıcılıq studiyasında gənclər qədim və müasir xalçaçılıq, toxuculuq, naxışvurma sənətinin sirlərinə yiyələnəcəklər. Mərkəzdə fəaliyyət göstərəcək rəsm studiyası rayon gənclərinin rəssamlıq sənəti ilə məşğul olmalarına imkan yaratmaqla yanaşı, həm də onların istedadlarını nümayiş etdirmələri üçün geniş imkanlar açır. Heydər Əliyev Mərkəzinin xarici dil bölməsində gənclər ingilis, fransız, rus, alman dillərini öyrənə biləcəklər. Bunun üçün onlar bölmədə quraşdırılan müasir texniki vasitələrdən istifadə edəcəklər. Burada yaradılan avtomatlaşdırılmış kitabxanada informasiya sistemindən istifadə edilir. Kitabxanada xüsusi sistemin köməyi ilə elektron kataloq yaradılmışdır. Bu sistemdə hazırda on baza fəaliyyət göstərir. Kitabxananın bütün elektron resursları sistemin veb modulu vasitəsilə dünya informasiya məkanına çıxarılır.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev parkını gəzdi.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Prezident İlham Əliyevə məlumat verdi ki, parkda 2011-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanmışdır. Ümumi sahəsi 1,5 hektar olan parkda rayon sakinlərinin istirahətinin təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır. Burada uşaq əyləncə və istirahət mərkəzi, 320 yerlik yay teatrı və kafe inşa edilmişdir. Parkda müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında