Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə vermişdir

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının “Vesti v subbotu” verilişinin aparıcısı Sergey Brilyova müsahibə vermişdir. AzərTAc müsahibəni təqdim edir.

Sergey Brilyov: 25 il əvvəl SSRİ nüvə silahından imtina etməklə bağlı təbliğat aparırdı. Bu gün bu, ABŞ Prezidenti Barak Obamanın rəsmi şüarıdır. Yeni Rusiya ilə onun köhnə tanışı Böyük Britaniya bu məsələyə indi eyni cür baxır. Bəs görəsən, indi yeni dövr başlanıb, yoxsa yox? Yəqin ki, bu sualın cavabını Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarından daha yaxşı heç kim bilməz. Biz də belə məzunlardan birinə - Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdik. Onun ölkəsi haqqında bunu deyə bilərik ki, hazırda bu ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür.

- 1990-cı illərin sonunda belə bir təəssürat yaranırdı ki, guya tarixin sonudur. Amerika politoloqu Frensis Fukuyama bunu belə ifadə etmişdi: “Kommunizm çökdü, bəşəriyyətin bütün problemlərinə isə yalnız liberal demokratiya cavab ola bilər”. Əslində, son beş ilin hadisələri, təəssüf ki, bunun belə olmadığını sübut edir. Təkcə avrozonadakı böhran çox mətləbləri aşkar edir. Sizin fikrinizcə, prinsip etibarilə hansı yeni modellər yarana bilər?

- Zənnimcə, əlbəttə, hamımızda böyük xülyalar var idi. İnkişafın hazırkı mərhələsində düşünürəm ki, sizin dediyiniz kimi, yalnız liberal demokratiya adlı bir modelin olmaması ilə bağlı fikir güclənir. Bu, hətta onun müəllifliyi iddiasında olan ölkələrdə də mövcud deyildir. Avrozonada baş verən hadisələr və böhran göstərir ki, dövlət nizamlanmaya qarışmadığı təqdirdə dayanıqlı yüksəlişi təmin etmək çox çətin olacaqdır. Hesab edirəm ki, maliyyə və iqtisadi böhrana görə günah siyasətçilərin məsuliyyətsizliyindədir. Gələcək nəsillərin cibinə girənlər bəlkə də təsəvvür etmirdilər, bəlkə də təsəvvür edirdilər ki, bu, nəyə gətirib çıxara bilər.

- Bəlkə bu, hər halda idealizm idi? Məsələn, avronu götürək. 1999-cu ilin ruh yüksəkliyini xatırlayırsınızmı? Düşünmək olardı ki, bir qədər sonra bütün məsələlər həll olunacaqdır.

- Düşünürəm ki, idealizm olsa da belə bu, qəti qərar qəbul edənlərdə yox idi. Həmin idealizm bu yolu daha çox geosiyasi imkanları gücləndirməkdə görənlərdə var idi. Çünki əgər tarixi perspektiv nöqteyi-nəzərindən baxsaq, axı prinsipcə ötən yüz il ərzində dünya siyasətində milli və qlobal maraqları təmin etmək formalarından başqa heç nə dəyişməyib. Sadəcə, indi başqa formalar mövcuddur. Praktiki olaraq elə həmin üsullardan istifadə edilir: əmin etmək, əgər bu, alınmasa təzyiq, bu da baş tutmasa, onda daha sərt üsullar tətbiq olunur. Ona görə də prinsipcə dünyada heç nə dəyişməyib. Sadəcə örtük dəyişib və hansısa müddətdə 1990-cı illərdə müstəqilliklərini bərpa edən bəzi dövlətlər nə baş verdiyini anlamırdılar. Düşünürəm ki, indi xoş günlər xülyası quran və hansısa strukturlara daxil olanların bir çoxu dərin təəssüf hissi keçirirlər. Nüfuz dairəsinə dair müəyyən qarşıdurma indi də var, keçmişdə də olub.

Düşünürəm ki, bu, bəzi dairələr tərəfindən sadəlövhcəsinə qəbul olunur. Nüfuz dairəsi, guya sənə hesabat verilən yerdir. Əslində isə nüfuz dairəsi sənə rahat olan, hörmət edilən, dəstək göstərilən yerdir.

- Yəni, oraya ki, foruma gəlmək olar?

- Gəlmək və özünü evdəki kimi hiss etmək mümkündür.

- “Rossiya-24” telekanalında bu geniş buraxılış üçün biz xüsusi olaraq daha bir mövzunu saxladıq. Bəs necə olur ki, SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan İlham Əliyevin prezidentliyi dövründə Qəbələdəki Rusiya Radiolokasiya Stansiyasının işçi heyəti Azərbaycanı tərk edir?

- Azərbaycanın bu məsələyə nöqteyi-nəzərini təqdim etmək üçün yəqin ki, bu barədə bir qədər ətraflı danışmaq lazımdır. Məsələ ondadır ki, Bakıdan sonra Azərbaycanın ikinci turizm mərkəzi olan ən mənzərəli guşələrindən birində 300 hektar sahəni əhatə edən əraziyə görə Qəbələ Radiolokasiya Stansiyasının icarə haqqı cəmi 7 milyon dollar təşkil edirdi. Əgər dənizdən uzaqda yaşayanlar dəniz kənarında istirahət edirlərsə, biz, Xəzər sahilində yaşayanlar isə dağlarda dincəlirik. Buna görə də təbii ki, bu obyektə görə icarə ödənişinin reallığa uyğun olması bizim istəyimiz idi.

Əvvəla, bir növ ötən on ilə görə müəyyən dərəcədə kompensasiya olardı. Çünki ötən on il ərzində Azərbaycan heç vaxt qiymətlərə yenidən baxılması məsələsini qaldırmamışdı, hərçənd hamının fikrincə, elə Rusiyada da başa düşürdülər ki, qiymət, yumşaq deyilərsə, rəmzidir. Bununla yanaşı, icarə haqqının artırılması istəyi onunla əsaslandırılırdı ki, son 5-6 il ərzində Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıqda böyük irəliləyiş nəzərə çarpırdı. Bu haqq-hesab milyard dollarlarla hesablanırdı. Nə bir, nə iki, nə üç, nə dörd milyard dollar. Mən artıq gerçəkləşmiş və imzalanmış müqavilələrin sayını sadəcə davam etdirmək istəmirəm. Biz Rusiyanın hərbi texnikasını dünya qiymətlərinə uyğun alırıq.

- Əlbəttə, axı Siz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilsiniz.

- Əlbəttə. Təbii, hesab edirik ki, əgər biz dünya qiymətlərinə uyğun alırıqsa, bütün başqa haqq-hesabları da dünya qiymətlərinə uyğun aparırıqsa, onda icarə qiyməti də buna uyğun, yaxud buna yaxın olmalıdır. Üstəlik öz-özlüyündə Qəbələ Radiolokasiya Stansiyasının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Onun aldığı informasiya sadəcə bizə gərək deyildir. Qəbələnin aldığı informasiyaya qarşı hər hansı iş görmək üçün bizim vasitəmiz yoxdur. Buna görə də bu məsələ sırf dostluq və kommersiya münasibətləri əsasında nizamlanmalıdır. Biz də Rusiya tərəfinə əməkdaşlığı daha beş, yaxud on il uzatmağı təklif etdik. Amma artıq yeni qiymətlərlə. Lakin bu təklif qəbul olunmadı. Başa düşdüyümüzə görə, çox güman ki, buna heç ehtiyac da yox idi. Həm rəsmi şəxslərin, həm Müdafiə Nazirliyinin və digərlərinin şərhləri onu göstərir ki, Rusiyanın artıq həm fiziki, həm də mənəvi cəhətdən sadəcə köhnəlmiş Qəbələ Radiolokasiya Stansiyasına nisbətən daha müasir aşkarlama stansiyası mövcuddur. Əslində, məsələnin məğzi də elə budur. Bu məsələ, - əgər medianı nəzərə almasaq, - ikitərəfli münasibətlərdə qətiyyən narahatlıq doğurmurdu və doğurmur.

- Kütləvi informasiya vasitələrində deyilirdi ki, bu qərara Sizi amerikalılar vadar edib?

- Bu, qətiyyən belə deyildir. Əvvəla, mən demək istəyirəm ki, bizi heç kəs heç vaxt vadar edə bilməz. Regional məsələlərin sonuncu inkişaf tarixi, məhz sizin haqqında danışdıqlarınızın regionda həyata keçirməyə çalışdığı təşəbbüslər və bizim bu təşəbbüslərə qarşı hərəkətlərimiz onu göstərir ki, bizi heç kəs heç nəyə məcbur edə bilməz. Xüsusilə də bizi strateji tərəfdaşımıza qarşı hər hansı addım atmağa vadar etmək, ümumiyyətlə, mümkün deyildir. Buna görə də bu, mənim dediklərimə əsaslanırdı.

- Bu şərhə görə çox sağ olun. Buna çoxdan ehtiyac var idi.

- Sağ olun.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında