Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu keçirilmişdir

 

Aprelin 12-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının

I Ümumdünya Forumu keçirilmişdir. MDBMİ Məzunlarının Azərbaycan Assosiasiyasının bu forumun Bakıda keçirilməsi təşəbbüsü dünyanın hər yerində bu institutun məzunları arasında böyük maraq doğurmuşdur. “Birlikdə gələcəyə doğru” devizi altında təşkil olunmuş forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnam və s. ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznes nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, forum 500-dən çox nümayəndəni, həmçinin Azərbaycanda, eləcə də xaricdə yaşayıb çalışan azərbaycanlı məzunları bir araya toplamışdır. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Dövlətimizin başçısı forumun açılış mərasimində nitq söyləmişdir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

– Əziz dostlar!

Əziz qonaqlar!

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əziz məzunları!

Sizi Azərbaycanda səmimi qəlbdən salamlamaq, sizə “Xoş gəlmisiniz!” demək və əmin olduğumu bildirmək istəyirəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu layiqli səviyyədə, bizim ənənələrimiz ruhunda, qarşılıqlı anlaşma, dostluq ruhunda keçəcəkdir. Əminəm ki, bu gün bizim görüşümüzdən yaranan təəssüratlar uzun müddət yadımızda qalacaqdır.

Fikrimcə, bu gün bizim hər birimiz - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları təxminən eyni hissləri keçirir. Yəqin ki, biz fikrən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğumuz illərə qayıdır, müəllimlərimizi minnətdarlıq hissi ilə xatırlayır, kurs yoldaşlarımızı, dostlarımızı, həyatımızın müəyyən anlarını xatırlayırıq. Bütün bunlar təbiidir və yəqin ki, bu hisslər Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu haqqında xoş xatirələrlə yaşayan məzunların hamısını birləşdirirdi. Lakin bu gün, biz birlikdə bu foruma toplaşdığımız vaxtda güman edirəm ki, burada mövcud olan ab-hava bizim xatırladığımız, heç vaxt unutmayacağımız və qiymətləndirdiyimiz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı ab-havanı tam əks etdirir.

Doğrudan da, MDBMİ çox dərin və möhkəm ənənələrə əsaslanan institutdur, indi universitetdir. Mənə dərs deyənlərin hamısına, mənim müəllimlərimə, professorlara, fakültə rəhbərlərimə təşəkkürümü bildirmək istərdim. Bizim rektorumuz, böyük insan Nikolay İvanoviç Lebedevə xüsusi təşəkkürümü bildirmək istərdim. Dünən Nikolay İvanoviçlə xeyli, təxminən iki saat söhbət etdik və əlbəttə, mənim təhsil aldığım və Nikolay İvanoviçin rəhbərliyi altında işlədiyim illəri xatırladıq, biz xarici siyasət məsələləri, regional problemlər barədə daha çox danışdıq. Mən bir daha yəqin etdim ki, Nikolay İvanoviç nəinki müasir beynəlxalq həyat məsələlərini necə dərindən və hərtərəfli bilir, həm də baş verən bütün hadisələri çox dəqiq təhlil edir. Əlbəttə, bir daha demək istəyirəm ki, bizim dünənki görüşümüz mənə çox güclü təsir bağışladı. Onu da qeyd etmək istəyirəm ki, mənim fikrimcə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda bizim bu gün qayğı ilə qoruyub saxladığımız əsas ənənələrin təməli  məhz Nikolay İvanoviç Lebedevin rəhbərliyi altında qoyulmuşdur. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ölkənin aparıcı ali məktəblərindən birinə çevrilmiş, bu markanı uca saxlamışdır.

Lakin hər şey müqayisədə bilinir. Mən onu da xatırlayıram ki, Nikolay İvanoviç Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan gedəndən sonra təkcə bizim institutda deyil, bütövlükdə ölkədə heç də yaxşı olmayan dövr başlandı. Kadrlarla bağlı hərc-mərclik yaranmışdı, praktiki olaraq hər il rektorlar dəyişdirilirdi və belə deyək, bizim institutun sabitləşmə və yenidən çiçəklənmə dövrü artıq Anatoli Vasilyeviç Torkunovun rəhbərliyi altında başlandı.

Zənnimcə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bütün məzunları ona səmimi qəlbdən minnətdardırlar ki, o, bizim ənənələri qoruyub saxlayır, möhkəmləndirir, artırır. Bu gün onun rəhbərliyi altında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya səviyyəli, dünya miqyaslı ali məktəbdir və Azərbaycanda da çoxları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almağa çalışır. Onu da qeyd etməliyəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı ənənələr bizə də sirayət etmişdir. Bizim ailə ənənələri davam edir. Mən çox şadam ki, Leyla da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaxşı təhsil almışdır.

Düşünürəm ki, dünən və bu gün sadəcə ünsiyyətdə olmaq, olub-keçənləri xatırlamaq, həmçinin müasir siyasətin, beynəlxalq həyatın, iqtisadi münasibətlərin mühüm məsələlərini müzakirə etmək üçün yaxşı imkan olmuşdur və olacaqdır. Ona görə ki, bu gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları bir sıra ölkələrdə məsul vəzifələr tutur, çox mühüm məsələləri həll edir və əlbəttə, bu gün Bakıda onların bir araya gəlməsi, düşünürəm ki, bizim təmsil etdiyimiz ölkələr arasında daha artıq yaxınlaşmaya təkan verəcəkdir.

Mənim həyatımın 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Orada oxumuşam, sonra aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir. Yəqin ki, hər kəs üçün ən yaxşı illər gənclik, formalaşma illəridir. Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik və təcrübə bu gün mənə işimdə kömək edir.

Bu gün biz hamımız Azərbaycanda toplaşmışıq. Buna görə ölkəmizin son illərdə keçdiyi yol barədə bir neçə söz demək istərdim. Müstəqillik illəri çox mürəkkəb şəraitdə başlanmışdı, çox ziddiyyətli proseslər gedirdi, müstəqilliyin ilk illəri hərc-mərclik, anarxiya, özbaşınalıq, vətəndaş müharibəsinə və sadəcə iqtisadi kollapsa gətirib çıxarmış iğtişaş illəri idi. Sənaye staqnasiya vəziyyətində idi, inflyasiya göstəricisi min faizlərlə ölçülürdü, ümumiyyətlə, Azərbaycanın müstəqil dövlət kimi inkişaf perspektivləri çox böyük sual altında idi. Lakin ən həlledici anda Azərbaycan xalqının müdrikliyi özünü onda göstərdi ki, xalq Heydər Əliyevə müraciət etdi və onu ölkəni ağır böhrandan çıxarmağa çağırdı. Hətta statistikaya nəzər salsaq, iqtisadi və siyasi prosesləri müşahidə etsək, 1993-cü ildən sabitləşmə dövrü başlandı. Azərbaycan informasiya blokadasından çıxdı, qonşu ölkələrlə, region ölkələri ilə müstəqilliyin ilk illərində tamamilə korlanmış əlaqələri yenidən qurub möhkəmlətdi və sabitləşmə, inkişaf, dünya birliyinə inteqrasiya dövrü başlandı. Sonradan bu proseslər genişlənmiş, sürətlənmiş və artıq 2000-ci illərdən başlayaraq Azərbaycanın inkişaf dinamikası gündəlik həyatda da, ölkəmizin artan beynəlxalq nüfuzunda da təzahür etməyə başladı.

Son on ildə iqtisadi sahədə xeyli uğurlar qazanılmışdır, Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf etməkdə olan ölkələrdən biridir. Son on ildə iqtisadiyyat 3 dəfə artmış, sənaye potensialı da təxminən 3 dəfə yüksəlmişdir. İri infrastruktur layihələri həyata keçirilmiş, yoxsulluq səviyyəsi təxminən 50 faizdən  6 faizə düşmüşdür, işsizlik göstəricisi 5 faiz həddindədir, xarici borcun həcmi təxminən  ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi civarındadır. Ölkəmiz iqtisadi baxımdan özünü təmin edir. Çoxlu sosial məsələlər həll edilir. Əlbəttə, energetika indiyə qədər iqtisadiyyatın əsası olaraq qalır və bu təbiidir, çünki sənaye üsulu ilə dünyada ilk dəfə neft hasilatı Bakıda olmuşdur, dəniz yataqlarından ilk neft də dünyada ilk dəfə Bakıda çıxarılmışdır. Neft-qaz sahəsində ənənələr qorunub saxlanır və möhkəmlənir. Təbii ki, müstəqil Azərbaycanın inkişafının ilk mərhələsində enerji amili bizə kömək etmişdir. Zənnimcə, biz bu sərvətdən düzgün istifadə edə bilmişik və təbii sərvətləri cəmiyyətin üzvləri arasında bərabər bölüşdürməyə nail olmuşuq.

Lakin indiki mərhələdə, enerji məsələləri ümumiyyətlə desək, bütövlükdə uğurla həll edildiyi bir vaxtda bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirməkdir. Burada da çox iş görülür, hələ daha çox işlər görülməlidir. Lakin cari ilin ilk üç ayının statistikası göstərir ki, qeyri-neft sektorunun iqtisadiyyatı 11 faizdən çox artmışdır və bu, artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinin göstəricisidir. Müasir texnologiyalara, informasiya-kommunikasiya texnologiyalarına çoxlu sərmayə qoyulur. Bu ilin fevral ayında Azərbaycanın “Azərspace-1" adlı ilk süni telekommunikasiya peyki buraxılmışdır. Beləliklə, Azərbaycan kosmik ölkələr klubuna daxil olmuşdur. Mənim fikrimcə, bugünkü Azərbaycan reallıqlarını məhz bu əks etdirir və bizim gələcək məqsədlərimizi göstərir. Çünki texnoloji tərəqqi, innovasiyalı iqtisadiyyat olmadan uğurla inkişaf etmək mümkün deyildir.

Düşünürəm ki, qabaqcıl ölkələrin təcrübəsindən, əlbəttə, istifadə etmək olar və lazımdır. Lakin, eyni zamanda, müasir ixtisaslı kadrların hazırlanması istiqamətində çox iş görmək lazımdır və bu istiqamətdə böyük iş aparılır. Bizim tələbələrin dünyanın aparıcı ali məktəblərində, o cümlədən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alması üzrə Dövlət Proqramı vardır. Beləliklə, zəruri kadr potensialı yaradılır. Bunsuz ölkə iqtisadiyyatını istədiyimiz sürətlə inkişaf etdirmək, sadəcə mümkün olmayacaqdır. Ona görə ki, artıq qeyd etdiyim kimi, indi şaxələndirilmiş inkişaf gedir. Artıq dediyim kimi, Azərbaycanda iqtisadiyyatın əvvəllər, ümumiyyətlə, mövcud olmayan sektorları, məsələn İKT, turizm sahəsi fəal inkişaf edir və bu istiqamətdə hələ çox iş görülməlidir.

Onu da deməliyəm ki, Azərbaycanın iqtisadi uğurları aparıcı beynəlxalq strukturlar tərəfindən də qeyd edilmişdir. Üç aparıcı reytinq agentliyi - “Fitch”, “Moody’s” və “Standard & Poors” agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar, halbuki Avropa ölkələrinin çoxu əks mənzərə ilə qarşılaşır.

Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti üzrə dünyada 46-cı yerdə və MDB-də birinci yerdədir. Zənnimcə, bu da onun göstəricisidir ki, biz iqtisadiyyatın və sənayenin birtərəfli inkişafından imtina edə bilmişik və hazırlanmış təməl gələcəkdə, əlbəttə, yalnız ölkəmizin xeyrinə işləyəcəkdir.

Enerji diplomatiyası ilə bağlı məsələlər uğurla həyata keçirilir. Mənim fikrimcə, müasir şəraitdə bu termin tamamilə əsaslıdır, çünki enerji təhlükəsizliyi məsələləri çox vaxt bütövlükdə təhlükəsizlik məsələlərinə çevrilir. İndiki halda Azərbaycan öz təbii ehtiyatları, coğrafi mövqeyi və neft-qaz resurslarının nəqli üçün inkişaf etmiş infrastruktur sayəsində getdikcə daha əhəmiyyətli rol oynayır. Qonşularımızla çox səmərəli əlaqələr yaradılmışdır. Azərbaycan bütün qonşu ölkələrə neft, qaz, elektrik enerjisi ixrac edir və təbii ki, bu sahədə, xüsusən istehsalçı ölkələr arasında əməkdaşlıq indiki mərhələdə xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, istehsalçılar, əlbəttə, bazarlara maraq göstərirlər, onların maraqları ümumidir.

Deməliyəm ki, enerji diplomatiyası məsələsi xarici siyasət məsələsi ilə birbaşa bağlıdır. Bu auditoriyada Azərbaycanın xarici siyasət təşəbbüsləri ilə əlaqədar bəzi məsələlərə toxunmamaq, yəqin ki, düzgün olmazdı. Biz çox fəal xarici siyasət yeridirik, bu siyasət artıq çoxdan bizim regionun çərçivələrindən kənara çıxmışdır. Tərəfdaşlarımız bizim regional miqyasda irəli sürdüyümüz təşəbbüsləri, əsasən, dəstəkləyirlər. Bu təşəbbüslər ilk növbədə, iqtisadi inkişaf məsələləri, inteqrasiya prosesləri, energetika ilə bağlıdır. Biz həm də qlobal beynəlxalq problemlərlə əlaqədar çox fəal müstəqil xarici siyasət kursu həyata keçiririk.

Azərbaycanın Qoşulmama Hərəkatına daxil olması, zənnimcə, son dövrün mühüm hadisələrindən biridir. Hesab edirəm ki, bu əlamətdar hadisə Azərbaycanın xarici siyasət səylərinin müasir vektorunu əks etdirir və zənnimcə, qlobal miqyasda çox aktiv xarici siyasi fəaliyyətin daha bir elementidir. Qoşulmama Hərəkatının bizim iştirak etdiyimiz birinci sammitində bu hərəkatın üzvləri tərəfindən bizə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi ilə bağlı göstərilən dəstək seçimimizin düzgün olmasını bir daha sübut edir.

Dağlıq Qarabağ münaqişəsi bölgənin və Azərbaycanın təhlükəsizliyinə əsas təhdiddir. Bu münaqişənin nizamlanmaması regiondakı bütün ölkələrə mənfi təsir göstərir. Beynəlxalq miqyasda qəbul edilmiş hüquq normaları var, həmin normalar bu münaqişənin nizamlanması yollarını diktə edir: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal altında olan bütün ərazilər - Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər beynəlxalq hüquqa görə həmin ərazilərin sahibinə qaytarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanınmışdır və qeyd-şərtsiz bərpa edilməlidir.

Biz danışıqlar prosesinə əlavə impuls verməyə çalışırıq. Təəssüf ki, qarşı tərəf süründürməçilik taktikası yeridir, bu, perspektivsizdir. Bu gün Azərbaycanla rəqabət aparmaq və ya düşmənçilik etmək artıq əvvəllər olduğundan daha çətindir, gələcəkdə isə bu, sadəcə mümkün olmayacaqdır. Buna görə də münaqişənin beynəlxalq hüquq prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tezliklə tənzimlənməsi bütün əlaqədar tərəflərin mənafeyinə uyğundur. Belə sənədlər arasında, əlbəttə, ilk növbədə, erməni işğalçı qüvvələrinin bizim ərazidən dərhal və danışıqsız çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini qeyd etmək istərdim. 20 il bundan əvvəl qəbul edilmiş bu qətnamələr, təəssüf ki, yerinə yetirilmir və burada biz ikili standartların daha bir təzahürü, daha bir elementi ilə üzləşirik. Biz hamımız, necə deyərlər, keçmiş və indiki beynəlxalq hüquq mütəxəssisləri kimi dünyada nələr baş verdiyini çox gözəl bilirik. Onu da gözəl bilirik ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat ərzində icra olunur. Bizimlə bağlı halda isə artıq 20 ildir ki, bu qətnamələr kağız üzərində qalır. Bu, Təhlükəsizlik Şurasının və bütövlükdə BMT-nin nüfuzunu artırmır. Hesab edirəm ki, münaqişənin tezliklə tənzimlənməsi bu gərəksiz ikimənalılığı və təəssüf ki, müasir beynəlxalq fəaliyyətdə hələ yetərincə çox olan ikili standartlar elementlərini də aradan qaldırar.

Azərbaycanın elə həmin, Qarabağa dair qətnamələr qəbul etmiş Təhlükəsizlik Şurasına üzv seçilməsi də onun üçün mühüm beynəlxalq hadisədir. Bu, bizim xarici siyasi fəaliyyətimizin zirvəsi olmuşdur. Bizi 155 ölkə dəstəkləmişdir və bizi fəal dəstəkləmiş bütün ölkələrə, ilk növbədə qonşularımıza ürəkdən minnətdarıq. Çünki Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində bizi ən fəal dəstəkləyən qonşularmız, - buna görə onlara bir daha səmimi təşəkkürümü bildirirəm, - habelə bir sıra başqa ölkələr, yəni, əslində dünya birliyi olmuşdur. Bəzən müəyyən tribunalardan dünya birliyi terminini eşidəndə nədənsə bu ifadədən istifadə edənlər üzvlərinin sayı çox olmayan hansısa regional təşkilatlar nəzərdə tuturlar. Dünya birliyi - BMT-dir, dünya birliyi - biz hamımızıq, bütün ölkələrdir. Bu, ən çox inkişaf etmiş və ya seçilmiş ölkələrin hansısa klubu deyil, biz hamımızıq. Biz hamımız bərabərik, bütün qanunlara görə - həm təbiətin qanunlarına, həm də beynəlxalq hüququn qanunlarına görə bərabər hüquqlara malikik. Buna görə də dünya birliyinin fəal dəstəyi, - bir daha deyirəm, bizim namizədliyimizə 155 ölkə səs vermişdir, - bizim uğurlu xarici siyasətimizin təsdiqidir.

Sonda sizi bir daha salamlamaq, buraya gəldiyinizə görə hamınıza bir daha təşəkkürümü bildirmək istərdim. Mən bilirəm ki, siz hamınız çox məşğul adamlarsınız, öz ölkələrinizdə çox mühüm vəzifələr tutursunuz və bununla belə buraya gəlməyə, bir daha birlikdə olmağa imkan tapmısınız. Bu, bizim bir-birimizə, ilk növbədə, bizim doğma Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna bəslədiyimiz hisslərin göstəricisidir. Sizin diqqətinizi həm də ona cəlb etmək istərdim ki, bizim forum məzunların I Ümumdünya forumu adlanır. Bu, o deməkdir ki, bu forum sonuncu olmayacaqdır. Bəlkə də nəyisə artıq indi müzakirə etmək hələ tezdir, bəlkə də bunun əsl vaxtıdır. Lakin indicə söyləyəcəyim bir neçə amil nəzərə alınmaqla, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikinci forumunu da Azərbaycanda keçirməyi təklif edərdim.

Bir qədər qeyri-təvazökarlıq da olsa, deməliyəm ki, həmin amillərdən biri ondan ibarətdir ki, hələlik mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan yeganə prezidentəm. Bilirsinizmi, bəlkə də müəyyən şəraitdə yeganə olmaq xoşdur, lakin səmimi deyirəm, indiki halda mən istərdim ki, bizim məzunlar arasından həmkarlarımın kampaniyası daha geniş olsun. Güman edirəm ki, gələcəkdə biz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət və hökumət başçılarının forumunu keçirəcəyik. Əgər bu məsələyə əlifba nöqteyi-nəzərindən yanaşsaq, burada da Azərbaycan irəlidədir. Hələ onu demirəm ki, soyad üzrə yanaşsaq, yenə belədir. Buna görə bir daha tam ciddi şəkildə demək istəyirəm ki, biz bir ildən, iki ildən sonra, nə vaxt qərara alsaq, yenidən burada toplaşaraq ünsiyyətimizi davam etdirməyə çox şad olardıq.

Bir daha xoş gəlmisiniz, bizim foruma uğurlar diləyirəm!

MDBMİ-nin rektoru, Rusiya Elmlər Akademiyasının  akademiki, bu ali təhsil ocağının 1972-ci il məzunu Anatoli Torkunov çıxış edərək dedi:

– Möhtərəm Prezident İlham Əliyev!

Hörmətli Mehriban xanım!

Hörmətli dostlar, həmkarlar, MDBMİ təmsilçiləri!

Bəzilərimiz artıq birinci dəfə deyil ki, buradayıq. Deməliyəm ki, biz hamımız Bakının qonaqpərvərliyinin, Azərbaycan səmimiyyətinin, dostlarımızın və həmkarlarımızın, MDBMİ təmsilçilərinin bizə göstərdikləri diqqətin ağuşundayıq. Açığını deyək ki, uzun illər ərzində görmədiyimiz dostlarımızla ünsiyyətin hər bir anı bizə sevinc və fərəh bəxş edir.

Hörmətli İlham Heydər oğlu! Mən Sizə, MDBMİ Məzunlarının  Azərbaycan Assosiasiyasına bu gün bizim üçün yaratdığınız müstəsna şəraitə görə dərindən minnətdaram.

Mənə olduqca xoş bir tapşırıq verilib. Mən böyük məmnuniyyətlə, özümə böyük şərəf bilərək onu yerinə yetirmək istəyirəm. Bizim forumun ünvanına Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin təbrik məktubu göndərib. İcazə verin, həmin məktubu oxuyum.

“Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunun iştirakçılarına və qonaqlarına

Əziz dostlar! Bu gün Azərbaycan Respublikasının qonaqpərvər paytaxtı dünyanın bir sıra ölkələrindən gəlmiş qonaqları – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu – Universitetinin məzunlarını qarşılayır.

Ötən onilliklər ərzində MDBMİ peşəkar, hərtərəfli savadlı, yaradıcı insanların, diplomat və siyasətçilərin, dövlət xadimləri və jurnalistlərin, alim və biznesmenlərin parlaq bir nəslini yetişdirmişdir.

Sizin hamınızı öz müəllimlərinizə, kurs yoldaşlarınıza, öz ənənələri və tələbə qardaşlığı ab-havası ilə haqlı olaraq məşhurlaşmış “alma-mater”inizə ən səmimi hisslər birləşdirir. Əlbəttə, bu universitetin diplomu həmişə ciddi hazırlığa və necə deyərlər, “beynəlxalq səviyyəli” ən müasir biliklərin təsdiqidir.

Qeyd etmək istəyirəm ki, rus dilini əla bilməyiniz sizin işgüzar və həyati məsələlərdə qazandığınız uğurlarda böyük rol oynayır. Bu dil nüfuzlu beynəlxalq təşkilatların rəsmi dili, milyonlarla insanın nadir ünsiyyət vasitəsidir. Ümid edirəm ki, siz bundan sonra da rus dilinin dünyada yayılmasına kömək edəcəksiniz. Sizin bir-birinizlə, gələn il 70 yaşı tamam olacaq doğma ali məktəblə, bizim ölkəmizlə əlaqə saxlamağınız çox vacibdir. Bilin ki, burada sizi xatırlayırlar və sizinlə yeni görüşlərə şad olurlar.

Əminəm ki, MDBMİ məzunlarının forumu qəbilindən olan təşəbbüslər ölkələrimiz arasında münasibətlər palitrasını insan hərarəti və şəxsi ünsiyyət sevinci ilə zənginləşdirəcəkdir. Sizə ən xoş arzularımı bildirir, uğurlar diləyirəm.

Vladimir PUTİN

Rusiya Federasiyasının Prezidenti”

Məktubda deyilir ki, biz gələn il universitetimizin 70 illiyini qeyd edəcəyik. Həqiqətən xatırladıram ki, 1944-cü ilin oktyabrında SSRİ Xalq Komissarları Şurası bir il əvvəl yaradılan MDU-nun beynəlxalq münasibətlər fakültəsinin müstəqil Beynəlxalq Münasibətlər İnstitutuna çevrilməsi barədə qərar qəbul etmişdir. Əlbəttə ki, həmin vaxtdan ötən 70 il ərzində institut dəfələrlə dəyişmiş, himnimizdə səsləndiyi kimi, təkcə adını və mahiyyətini dəyişməmişdir. Məlum olduğu kimi, hətta ünvanlarını da dəyişmişdir. Amma bununla belə banilər, görkəmli professorlar, müəllimlər, akademiklər və əlbəttə ki, əksəriyyəti Böyük Vətən Müharibəsi cəbhələrindən gələn ilk tələbələri tərəfindən əsası qoyulan gözəl ənənələr qorunub saxlanmışdır. Bu tələbələr, - əlbəttə indi bizimlə olanlar, - indiyədək hər il görüşürlər, bir-birinə kömək edirlər və bu görüşlər həmişə müstəsna olaraq təsirli və öyrədici səciyyə daşıyır. Ötən 70 il ərzində MDBMİ-ni 40 minə yaxın məzun bitirmişdir. Bunların arasında bir hissəsi Moskvaya xarici ölkələrdən gələnlərdir. Son 20 il ərzində əcnəbi tələblərin sayı artır. Hazırda MDBMİ-də demək olar ki, tələbələrin 17 faizini dünyanın 50 ölkəsindən gələn məzunlar təşkil edir.

Bugünkü forum universitetimizin beynəlmiləl mahiyyətinə çevrilib. Bu zalda dünyanın 32 ölkəsinin - Ukraynadan Çinə, Fransadan Vyetnama, Kubadan Monqolustana qədər ölkələrin məzunları vardır. Həm də forumun 500 iştirakçısından yarıdan çoxu uzaq xaricdən gələnlərdir. Forumda,  əlbəttə ki, şəxsi təşəbbüslə BMT ailəsinin üzvü olan 10 təşkilatın, Avropa Komissiyası, Avropa Şurası, çoxtərəfli sahə təsisatlarının əməkdaşları iştirak edirlər.  Burada bütün fakültələr, bütün buraxılış illəri təmsil olunur.

Bu gün biz böyük məmnuniyyətlə ilk məzunlar adlananları - zalda əyləşmiş Sovet İttifaqının xarici işlər naziri olmuş məzunumuz Aleksandr Aleksandroviç Bessmertnini və sonradan institutumuzun rektoru olmuş ilk məzunumuz Nikolay İvanoviç Lebedevi salamlayırıq. İndi məmnuniyyətlə demək olar ki, Prezidentin haqqında danışdığı çətin illəri institut şərəflə dəf etdi. Biz bəzi həmkarlarımızın yolu ilə getmədik. Doğma institutumuzun bir qarış torpağını da kommersiya müəssisələrinə vermədik, biz nəsillərin topladığı nadir yanaşma və metodikası olan professuranı itirmədik. Biz əvvəlki kimi, universitetdə tədris edilən xarici dillərin sayına görə Ginnesin Rekordlar Kitabında qalırıq. Tələbələrimiz arasında böyük faiz fərqi ilə irəlidə gedən olimpiada qalibləri təhsil alır. Onlara isə ümumittifaq Olimpiadalarının qalibi olan müəllimlər dərs deyirlər. Ən başlıcası isə biz bir-birimizi itirməmişik. MDBMİ, onun tələbələri və məzunları bir ailə olaraq qalırlar.

Qeyd etmək istəyirəm ki, “Facebook”, “Odnoklassniki” ixtira olunmazdan xeyli əvvəl vahid ailə idik. MDBMİ həmişə öz məzunlarını xatırlayıb, toplayıb və birləşdirib. Onlar da buna cavab olaraq MDBMİ-ni və bir-birilərini həmişə xatırlayıblar.

Bu gün universitet möhkəm təməl üzərində dayanır. Bizdə həmişəkindən daha çox tələbə vardır. Bu il sayımız demək olar ki, 6,5 min nəfərdir. Biz planetin ən yaxşı universitetlərinin beynəlxalq reytinqinə daxil olmuşuq və yerli reytinqlərdə yüksək mövqeləri qoruyub saxlayırıq.

MDBMİ BMT-nin sifarişi ilə Pensilvaniya Universitetinin keçirdiyi ən yaxşı qlobal elmi-tədqiqat mərkəzlərinin reytinqində təmsil olunan Rusiyanın yeganə universitetidir. Tələbələrimizin demək olar ki, hamısı işə düzəlir, həm də çox vaxt hətta təcrübə keçməyin də asan olmadığı təşkilatlarda işləyirlər. Əlbəttə, əgər bu gün əldə edilən faktlara əsaslansaq, bütün uğurlarımız göstərir ki, biz nəyə isə nail olmuşuq. Bu gün bizim ali məktəbdə bakalavrların və magistrlərin hazırlığı 18, elmi mütəxəssislərin hazırlığı isə 28 ixtisas üzrə gedir. Yeddi şura fəaliyyət göstərir, səkkiz jurnal nəşr edilir, 48 magistratura vardır. Magistraturalardan 16-sı xarici ali məktəblərlə birlikdə fəaliyyət göstərir və bu il biz ukraynalı həmkarlarımızla, Kiyev Beynəlxalq Münasibətlər İnstitutu ilə birgə magistratura açmışıq. Dünən isə biz həm memarlıq həlli, həm zənginliyi, o cümlədən proqramların zənginliyi və yönümü baxımından məndə müstəsna dərin təəssürat oyadan Azərbaycan Diplomatik  Akademiyasında olarkən belə bir razılığa gəldik ki, artıq gələn il bu akademiya ilə birgə magistr proqramı açaq. Biz bu akademiya ilə artıq səmərəli əməkdaşlıq edirik. Bütün bunlar ilk baxışda az deyil, amma biz belə bir xalq deyimini yaxşı xatırlayırıq: “Əgər siz üç gün fasiləsiz xoşbəxtsizsə, deməli, sizdən nəyisə gizlədirlər”.

Biz çox gözəl başa düşürük ki, dünyadakı bütün ali təhsil sistemi ləng, bəlkə də digər sahələrdən bir qədər sonra müasir gerçəkliklərə qoşulur. Ali məktəblər tez dəyişir, internet də, informasiya texnologiyaları da. Yeri gəlmişkən, deyək ki, bir neçə həftə bundan əvvəl Moskva hökuməti bütün kağız dərslikləri ləğv edən elektron dərsliklərin tətbiq olunması üzrə 60 məktəbdə pilot proqramın tətbiqinə başlayıb. Əgər bu eksperiment alınsa, onun uğur qazanmaq şansı vardır. Yəni, 3-4 ildən sonra bizə əllərində kağız-kitab tutmağı unudan abituriyentlər nəsli gələ bilər. Əlbəttə, bu, məni sevindirmir. Amma buna baxmayaraq, nəzərə almaq lazımdır ki, indi fəxr etdiyimiz çap olunmuş kurs işlərinə ola bilər, onlar vaxtı ilə bizim işə gələrkən hesab çötkəsi və yazı makinasına baxdığımız kimi baxacaqlar. Sözün qısası, istəsək də, istəməsək də, ali məktəbdə hazırlıq sistemləri artıq heç vaxt bizim xatırladığımız kimi olmayacaqdır. Əgər yaxın tarixin dərsləri bizə nəyi isə öyrədibsə, onda təhsilin təkamülü davam edəcək və texnoloji inqilab dayanmayacaqdır.

Bu gün universitet ötən dövr haqqında zərfdə poçt indeksini sonuncu dəfə doldurur. Bu kontekstdə universitetin qlobal strateji vəzifəsi - universitetin dünya səviyyəli ən yaxşı ali məktəblər sırasına daxil ola bilmək statusunun nailiyyətidir. Qısa desək, dünyanın beynəlxalq reytinqə görə, 100 ən yaxşı universitet sırasına düşməyə çalışacağıq.

Belə statusun əsasında əlbəttə ki, bütün beynəlxalq universitet ekspert birliyi, professorlar heyəti, tələbələr arasında tanınması, sevilməsi, ən yüksək keyfiyyətli beynəlxalq təhsil proqramları, qabaqcıl elmi-tədqiqat layihələri durur. Amma sırf təhsil və elmi nailiyyətlərlə yanaşı, dünya səviyyəli universitet korporativ dəyərlərini özü ilə daşıyır, kənara nəql edir. Bu mənada MDBMİ artıq çoxdan qlobal səviyyədə tanınan sosial fəal universitetdir. Beləliklə, artıq 70 il ərzində MDBMİ təhsilin, əməkdaşlığın, özünü universitetin adı ilə birləşdirən və onun dəyərlərini bütün həyatı boyu dünyanın hər yerinə yayan insanları ətrafında cəmləyir. Məzunlar Assosiasiyası Şəbəkəsinin inkişafının və Bakıda keçirdiyimiz I Ümumdünya Forumunun böyük mənası da elə budur.

Həmkarlarım, mən universitet haqqında, xüsusilə də planlarımız haqqında çox danışa bilərəm. Bu planlar deməzdim ki, nəhəngdir. Biz başa düşürük ki, dərhal hər şeyə nail olmaq mümkün deyildir. Buna baxmayaraq, bu planlar ali məktəbin  inqilabsız daimi təkamülünü nəzərdə tutur. Bizim 2020-ci ilə qədər strateji proqramımız vardır. Ümid edirəm ki, malik olduğumuz, fəxr etdiyimiz belə qüdrətli məzunlar birliyinin köməyi ilə həmin məqsədlərə çatacağıq.

Bir daha azərbaycanlı dostlarımıza “çox sağ ol” deyirəm. Hamınıza uğurlar, xoş ünsiyyət və vaxtınızı səmərəli keçirməyi arzulayıram. Sağ olun!

* * *

“Rossotrudniçestvo”nun rəhbəri, Rusiya Federasiyası Prezidentinin MDB işləri üzrə xüsusi nümayəndəsi, MDBMİ-nin Qəyyumluq Şurasının üzvü, 1984-cü ildə beynəlxalq münasibətlər fakültəsinin məzunu Konstantin Kosaçev çıxış edərək dedi:

– Hörmətli İlham Heydər oğlu!

Hörmətli Anatoli Vasilyeviç!

Həmkarlar, dostlar!

İcazə verin, ilk növbədə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Kollegiyasının üzvü kimi Rusiyanın xarici işlər naziri, MDBMİ-nin daxil olduğu sistemlər idarəsinin rəhbəri, MDBMİ-nin  1972-ci il məzunu və düşünürəm ki, indi hamının sevimlisinə çevrilmiş və bu gün dəfələrlə birlikdə ifa edəcəyimiz MDBMİ himninin müəllifi Sergey Viktoroviç Lavrovun tapşırığını yerinə yetirərək onun məktubunu oxuyum.

“MDBMİ məzunlarının

I Ümumdünya Forumunun iştirakçılarına

Dünyanın hər yerindən ilk forumlarını keçirmək üçün Bakıya toplaşmış MDBMİ-nin məzunlarını ürəkdən salamlayırıq.

Səmimi qəlbdən təəssüf edirəm ki, iş qrafikim bu dəfə sizinlə olmağıma imkan vermir. Bizim hamımız üçün MDBMİ-də təhsil almaq peşəkarlığın, daim intellektual təkmilləşmə vərdişləri qaydalarının, dəyişən şəraitdə səmərəli və tez işləmək qabiliyyətinin əsasını qoyub.

Diplomatlarda vətənpərvərlik, digər ölkələrə və mədəniyyətlərə münasibətdə tolerantlıq kimi keyfiyyətlər xüsusilə vacibdir. Milli maraqların inadla yeridilməsi və kompromislərin mühümlüyünün başa düşülməsi, öz mövqeyini açıq bildirmək bacarığı və xarici həmkarlarla yaxın yoldaşlıq münasibətini saxlamaq böyük əhəmiyyət kəsb edir. MDBMİ bizə məhz bunları öyrədib.

MDBMİ-nin təkcə 1970-ci il məzunları deyil, həm də 1990-cı illərin məzunları öz institutlarını çətinliklə tanıyırlar. Bu ali məktəb daha da böyüyüb, maraqlı olub, yeni simalar peyda olub. Lakin toxunulmaz ənənələr qalıb. Ali məktəb həmişə məşhur olduğu keyfiyyətli, hərtərəfli təhsil, tələbənin və müəllimin şəxsiyyətinə hörmət, yeni ideyalara rəğbət və yeni zirvələr fəth etmək səylərini nəinki saxlayıb, həm də artırıb. Bu cür yanaşma sayəsində MDBMİ aparıcı universitetlər və dünyanın analitik mərkəzlərinin reytinqlərində möhkəmlənib, Avropa və Avrasiyanın təhsil məkanının dayaq elementlərindən birinə çevrilib.

Doğma ali məktəbə səmimi münasibətin, MDBMİ-nin əldə etdiyi uğurlara görə iftixar hissinin təsdiqi olan forumun keçirilməsi ideyası 1982-ci ilin məzunu, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə azərbaycanlı dostlarımıza məxsusdur. Əminəm ki, ənənəvi Azərbaycan qonaqpərvərliyi parlaq yaddaqalan bayram keçirməyə kömək edəcəkdir. İnanırıq ki, bu təşəbbüsü digər məzunların milli birlikləri və klubları da dəstəkləyəcəklər və bu formatda görüşlər müntəzəm xarakter alacaqdır.

Biz 2014-cü ildə bizim universiteti qiymətləndirən və sevən hər kəsə Moskvada toplaşmaq üçün gözəl imkan yaradan MDBMİ-nin  70 illik yubileyini qeyd edəcəyik.

Hamınıza maraqlı, məhsuldar ünsiyyət və ən xoş arzularımı bildirirəm.

Sergey LAVROV”.

Əziz dostlar! İndi ki, məni tribunaya buraxmısınız, daha bir neçə söz demək istərdim.

Düşünürəm ki, bu gün bizim bütün çıxışlarımızda eyni fikirlər və emosiyalar, institutumuza, universitetimizə sevgilər, tələbə dostluğumuza sədaqət və bu gözəl Bakı forumunu təşkil edən bugünkü tədbir sahiblərinə təşəkkür səslənəcəkdir.

Biz həqiqətən MDBMİ-ni sevirik. Biz həqiqətən tələbəlik dostluğumuzun ənənələrinə sadiqik. Biz həqiqətən bu gün məhz burada, Bakıda, tərcümeyi-halında MDBMİ-nin təhsili olan, xalqın öz taleyini etibar etdiyi Prezidentin, lider seçdiyi şəxsiyyətin rəhbərlik etdiyi dövlətin paytaxtında toplaşa bilməyimizə sevinirik və bundan zövq alırıq.

Mən Anatoli Vasilyeviçin sözlərini xatırladaraq demək istərdim ki, MDBMİ-ni bitirdikdən 30 il sonra da özümü xoşbəxt hesab edirəm. MDBMİ-yə təşəkkür edirəm.

* * *

Sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun himni ifa olunmuşdur.

Daha sonra forum işini sessiyalarda davam etdirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında