Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında iştirak etmişdir
Aprelin 8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılışında və “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar” mövzusunda birinci sessiyasında iştirak etmişlər.
Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdir. Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını qəbul etmişdir. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçmişlər.
Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus ŞVAB Forumu açaraq dedi:
- Hörmətli cənab Prezident, hörmətli qonaqlar, əziz dostlar, Dünya İqtisadi Forumunun üzvləri.
Mən sizin hamınızı Cənubi Qafqaz və Orta Asiyanın gələcəyinə dair strateji dialoqa həsr edilmiş birinci Dünya İqtisadi Forumunda salamlamaqdan son dərəcə məmnunam.
İcazənizlə, cənab Prezident, Sizə təşəkkür etmək istərdim. Azərbaycan Hökuməti tərəfindən lütfkarlıqla bu forumun Bakı kimi gözəl şəhərdə təşkilinə görə təşəkkür etmək istərdim. İcazənizlə onu da qeyd etmək istərdim ki, sonuncu dəfə mən 20 il bundan əvvəl burada olmuşam. Həqiqətən deməliyəm ki, o vaxtdan bəri çox böyük dəyişikliklərin baş verdiyini müşahidə etdim. Bakı şəhəri həqiqətən çox gözəl bir məkana çevrilmişdir. Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir.
Qeyd etməliyik ki, region ölkələrinin heç biri potensialı təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Yəni, bu uğur yalnız təbii resurslardan asılı deyildir.
Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq, görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə etmək üçün mütləq etibar və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər göstərilməlidir. Məhz buna görə də Dünya İqtisadi Forumu çox nadir bir format yaradır.
Forumdan məqsəd, sadəcə olaraq, müəyyən görüşlərin keçirilməsi deyildir. Məqsəd uzunmüddətli təşəbbüslərə start verməkdir. Cənubi Qafqaz və Orta Asiya regionları üçün müəyyən ssenarilər təqdim olunur. Qarşıdan gələn 18 ay ərzində bu proseslər davam edəcəkdir. Regiondan və region xaricindən olan aparıcı şəxslər bu prosesə cəlb ediləcəklər. Məqsəd regional iqtisadi inteqrasiyaya nail olmaqdır. Regionun uzunmüddətli gələcəyi üçün müxtəlif ssenarilər yaradılır. Məqsəd regionun nadir evolyusiya potensiallarını araşdırmaq və müxtəlif alternativ ssenariləri nəzərdən keçirməkdir. Bu gün biz bu prosesi başlayırıq. Məqsəd regionun nadir imkanlarını aşkar etməkdir.
Ümid edirəm ki, siz dəyərli fikirlərinizi bölüşəcəksiniz, bizim paneldə təmsil olunmuş natiqlərlə bir yerdə fikir mübadiləsi aparacaqsınız.
Cənab Prezident, eyni zamanda, mən bu imkandan istifadə edib çox dostcasına münasibətinizə və Dünya İqtisadi Forumu ilə əməkdaşlıq etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Neçə illər boyu Siz davamlı olaraq bizim illik görüşlərimizdə iştirak etmisiniz. Bu mənada Azərbaycanı və bu regionu beynəlxalq xəritədə çox gözəl təqdim etmisiniz. Regionun iqtisadi imkanları və bu bölgənin dünyanın iqtisadi baxımdan çiçəklənməsinə necə töhfə verəcəyi barədə bizdə dolğun təsəvvür yaratmısınız.
Sonra Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarx nümayiş olundu. Videoçarxda Azərbaycan iqtisadiyyatının uğurlarına və potensialına xüsusi yer ayrılmışdı.
Daha sonra müzakirələrin hansı istiqamətdə aparılması ilə bağlı səsvermə keçirildi. Regionun gələcəyinə dair sorğuda pərakəndəlik, inteqrasiya və qütbləşmə ilə bağlı 3 bənd yer aldı. Səsvermə zamanı tədbir iştirakçıları müzakirələrin inteqrasiya mövzusunda keçirilməsi fikrində yekdil oldular.
ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri Frederik STAR səsvermənin nəticələrinin müsbət olduğunu dedi. Bildirdi ki, son 15 ildə energetika sahəsinə baxsaq görərik ki, şaxələndirilmə daha da aktuallaşıb və gələcəkdə bunun rabitə və nəqliyyat sahələrini də əhatə etməsi labüddür.
Frederik Star regionun əhəmiyyətinə toxunaraq onun qitənin mühüm mərkəzinə çevrildiyini vurğuladı. “Cənub” dəhlizinin yaradılması və digər yolların çəkilməsinin vacibliyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev forumda çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Belə bir möhtəşəm tədbirdə iştirak etmək fürsətini yaratdığınıza görə minnətdarlığımı bildirirəm.
Bakıda Dünya İqtisadi Forumunun keçirilməsi ilə əlaqədar dəvətimizi qəbul etdiyinə görə professor Şvaba və bu forumda iştirak edən, eləcə də ölkəmizi dəstəkləyən bütün digər ölkələrə xüsusi təşəkkürümü bildirirəm.
Professor Şvabın qeyd etdiyi kimi, mən artıq 7 dəfə bu forumda iştirak etmişəm. Deyə bilərəm ki, bu iştirak, müzakirələrə qatılmaq, dünyanın biznes elitası ilə ünsiyyət iqtisadiyyatımızı şaxələndirməkdə bizə çox yardım etdi. Çünki bizim iqtisadi inkişafımız enerji sektoru ilə başlayır və bu sektor hələ də xarici sərmayələr üçün cəlbedici sahə kimi qalır.
Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik. Deyə bilərəm ki, Dünya İqtisadi Forumu, eləcə də Davosda keçirilən görüşlər sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə, ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir. Ölkəmiz kifayət qədər gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Əminəm ki, sizin Azərbaycanı daha yaxşı tanımaq şansınız olacaqdır. Bununla belə, müstəqil ölkə kimi biz yalnız 21 ildir ki, yaşayırıq.
Professor Şvab qeyd etdi ki, Azərbaycana ilk səfərini hələ 1993-cü ilin mart ayında edib. Ola bilsin ki, həmin vaxtlar gənc, müstəqil ölkəmiz üçün ən ağır vaxtlar olub. Həmin vaxt müstəqilliyimizin yaşı 2 ildən də az idi və o vaxt fikrimcə, Azərbaycanda olan vəziyyət bütün postsovet məkanında ən ağır vəziyyət idi. Daxili çaxnaşmalar, vətəndaş qarşıdurması var idi, Ermənistan ilə Azərbaycan arasında müharibə gedirdi və bu hadisələr beynəlxalq səviyyədə tanınan ərazimizin 20 faizinin işğalı ilə nəticələndi.
Lakin 1993-cü il inkişaf baxımından dönüş nöqtəsi oldu. Çünki 1993-cü ilin ortalarından etibarən vəziyyət sabitləşməyə başladı. Biz olduqca ciddi, köklü siyasi və iqtisadi islahatları həyata keçirməyə başladıq və Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə bilərəm ki, tarixi baxımdan 21 il əlbəttə ki, böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər dövrü idi. İslahatların başlanğıc mərhələsində Azərbaycan öz enerji sektoruna böyük sərmayələri cəlb edə bildi. Biz Azərbaycana sərmayə yatırdıqlarına görə, xarici investorlara, böyük enerji şirkətlərinə minnətdarıq. Sonrakı mərhələdə biz iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəldə bildik və neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb etdik. Eyni zamanda, siyasi və iqtisadi islahatları davam etdirdik, hazırda bu proses gedir. Bu, gələcək illərdə Azərbaycanda sabit inkişaf üçün imkanlar yaradacaqdır.
Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Lakin infrastruktur olmadan bu mövqenin böyük əhəmiyyəti yoxdur. Təbii sərvətlərimiz vardır, karbohidrogenlərimizin nəql edilməsi üçün şaxələndirilmiş şəbəkə yaratmışıq. Çünki Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Buna görə də neft və qazımızı nəql etmək üçün boru kəmərlərini çəkməli idik. Bu, 1990-cı illərin sonunda və bu əsrin əvvəlində qarşımızda duran ən böyük vəzifələrdən biri idi. Bu vəzifə uğurla icra edildi. Hazırda bizim şaxələndirilmiş boru kəmərləri şəbəkəmiz vardır. Azərbaycanın neft və qazını beynəlxalq bazarlara və Avropa bazarlarına çıxaran 7 neft-qaz boru kəməri mövcuddur. Eyni zamanda, Azərbaycan karbohidrogenlərin nəqlində Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız üçün tranzit rolunu oynamağa başlamışdır.
Lakin son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri, demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır.
Biz də əslində, nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Çünki Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırmışdır və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir. Hətta iqtisadi və maliyyə böhranı zamanı iqtisadiyyatımız artmaqda davam etmişdir. Neftin qiymətləri kəskin surətdə aşağı düşdüyü zaman iqtisadiyyatımız yenə də inkişafını davam etdirmişdir. Çünki qeyri-enerji sektorumuz yaxşı nəticələr verməyə başladı. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” kimi əsas kredit reytinqi təşkilatları Azərbaycanın kredit reytinqini bu yaxınlarda yaxşılaşdırmışdır. Bu da islahatların yaxşı göstəricisidir.
Hazırda biz neft gəlirlərini insan kapitalına çeviririk və əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda, biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq. İndi informasiya-kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritetlərdən birinə çevrilir. Azərbaycan artıq kosmos sənayesinə malik olan məhdud sayda ölkələr klubunun üzvünə çevrilmişdir. Bu ilin fevral ayında ilk peykimiz - “Azərspace-1” uğurla buraxıldı və bu, kosmik sənayenin inkişafının yalnız başlanğıcıdır.
Bir sözlə, müstəqillik illəri nəinki siyasi və iqtisadi sistemin dəyişilməsi illəri oldu, bu dövrdə gələcək illərdə gəlir gətirəcək sərmayələr yatırıldı.
İslahatlarımızın əvvəlində müsbət sərmayə mühitinin yaradılması prioritetlərimizdən biri olmuşdur. Son 10 il ərzində Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayələrin müəyyən hissəsi xarici investisiyadır. Yaxşı sərmayə mühiti, proqnozlaşdırılan siyasi vəziyyət, ölkədə sabit durum və əlbəttə ki, regional əlaqələr hər bir ölkənin uğuru üçün ilkin şərtlərdən biridir.
Bu gün müzakirə olunan mövzulardan biri, əlbəttə ki, regional əməkdaşlıq və inteqrasiya olacaqdır. Səsvermənin nəticələrini görməkdən çox şad oldum. Yeri gəlmişkən, elə bunu belə də gözləyirdim. Çünki Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır. 1990-cı illərin ortalarında başladığımız layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik və bu, dostumuz cənab Starın qeyd etdiyi kimi, sırf regional layihə olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır. Böyük fərəh hissi ilə qeyd edirəm ki, biz bu layihənin həyata keçirilməsində nəinki maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz və siyasi iradəmizlə əsas rollardan birini oynayırıq. Əlbəttə ki, hökumətimizə gəldikdə, enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynayır və oynayacaqdır.
İki il öncə biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu, hazırda həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP- Trans-Anadolu boru kəməri layihəsi oldu. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızın güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür və ən azı 100 il xidmət edəcək boru kəmərinin çəkilişinə başlamışdır. Çünki Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn on illiklər ərzində mühüm rol oynaya bilər. Əlbəttə ki, regional əməkdaşlıq yalnız siyasi baxımdan sabit və inkişaf edən ölkələrlə baş tuta bilər.
Biz nəqliyyat marşrutları, əməkdaşlıq və inteqrasiya haqqında danışacağıq. Bu isə yalnız prosesə cəlb olunan bütün ölkələrin eyni münasibəti olduqda mümkündür. Şadam ki, Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan, biz gələcəyimizi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görürük.
Hörmətli dostlar!
Bir daha sizi ölkəmizdə salamlamaq istəyirəm. Professor Şvaba və onun heyətinə bu forumu Bakıda keçirdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu tədbirin nəticələrinin gündəlik həyatımıza çox ciddi təsiri olacaqdır. Region isə daha sabit, proqnozlaşdırılan və çiçəklənən olacaqdır. Çox sağ olun.
* * *
Qazaxıstan Baş nazirinin birinci müavini Bakitjan SAQİNTAYEV çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli sədr!
Hörmətli xanımlar və cənablar!
İlk növbədə, belə mötəbər görüşə dəvətə görə Dünya İqtisadi Forumuna minnətdarlığımı bildirmək istəyirəm. Mərkəzi Asiya və Qafqaz Avrasiyanın mühüm geostrateji regionudur. O, qitənin mərkəzində yerləşərək, bu geniş məkanda çox əhəmiyyətli iqtisadi rol oynayır. Odur ki, dünyada onun perspektivlərinə marağın artması tamamilə qanunauyğundur. Ümidvarıq ki, bugünkü diskussiya yeni imkanların axtarışında və ölkələrimiz arasında əməkdaşlığın fəallaşmasında praktiki addım olacaqdır.
İlk növbədə, Qazaxıstanda müasir iqtisadi vəziyyəti xarakterizə etmək istəyirəm. Qazaxıstan ötən on il ərzində iqtisadi potensialını ikiqat artıra bilmişdir. Mütləq şəkildə desək, ölkədə ümumi daxili məhsul (ÜDM) artaraq 2000-ci ildəki 18 milyard dollardan 2012-ci ilin yekunlarına görə, 200 milyard dollara çatmışdır. Sözügedən dövrdə adambaşına ÜDM artaraq 1200 dollardan 2012-ci ildə 12 min dollara çatmışdır. Proqnozlara görə, 2020-ci ilədək həmin göstərici artaraq 20 min dolları ötüb keçəcəkdir. Biz dünyada iqtisad böhran və bir sıra aparıcı dövlətlərin üzləşdiyi mürəkkəb iqtisadi vəziyyət şəraitində makroiqtisadi sabitliyi qoruyub saxlaya bilmişik. 2012-ci ildə iqtisadiyyatın artımı 5 faiz təşkil etmişdir. İşsizliyin səviyyəsi son illər sabit səviyyədə olub, 5.5 faizdən çox deyildir. Mütəxəssislərin hesablamalarına görə, Qazaxıstan MDB ölkələrinin investisiyaları üçün ən cəlbedici yerlərdən biridir. 1993-cü ildən indiyədək 160 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunmuşdur. Hesablamalara görə, Mərkəzi Asiya regionunun birbaşa xarici investisiyalarının təxminən 80 faizi Qazaxıstanın payına düşür.
Qazaxıstanın maliyyə potensialı möhkəmlənir. Beynəlxalq ehtiyatlar, o cümlədən milli fondun vəsaiti artaraq 87 milyard dolları ötmüşdür. Dünya İqtisadi Forumunun reytinqi də ölkənin qazandığı uğurları təsdiq edir. Reytinqə görə, Qazaxıstan bir il ərzində 21-ci mövqeyə - daha yüksək inkişaf səviyyəsi olan ölkələr qrupuna keçərək Qlobal Rəqabət Qabiliyyəti İndeksində 51-ci yeri tutmuşdur.
Dünyanın inkişafının innovasiyalar, ən müasir biliklər və texnologiyalarla bağlı yeni mərhələsi ölkənin iqtisadi təməlinin modernləşdirilməsini tələb edir. Bununla əlaqədar olaraq, 2010-cu ildən yerli iqtisadiyyatın irimiqyaslı şəkildə şaxələndirilməsinə yönəldilmiş sürətləndirilmiş sənaye innovasiya inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Hazırda 200 mindən çox iş yerinin yaradılmasını ehtiva edən 775-dən çox layihənin həyata keçirilməsi planlaşdırılmışdır. Ötən üç il ərzində ölkədə tamamilə yeni istehsalatların işə salınmasını tənzimləməyə, infrastrukturu modernləşdirməyə imkan verən 530-dan çox müəssisə işə salınmışdır. Proqramı dəstəkləmək üçün 9 azad iqtisadi zona, texnoparklar, sənaye parkları fəaliyyət göstərir, biznesi dəstəkləyən müxtəlif maliyyə və qeyri-maliyyə tədbirləri nəzərdə tutulmuşdur. Bu məqsədlə region dövlətlərini şirkətlərimiz və müəssisələrimizlə əməkdaşlığa və kooperasiyaya dəvət edirik.
Qazaxıstanın 2050-ci ilədək dünyanın inkişaf etmiş 30 ölkəsi sırasına daxil olması üzrə Prezident N.Nazarbayevin qarşıya qoyduğu strateji vəzifələri nəzərə almaqla, Qazaxıstan iqtisadiyyatının həmin qrupdan olan ölkələr üçün səciyyəvi olan parametrlərə, ən yaxşı beynəlxalq təcrübə standartlarına görə modernləşdirilməsi və transformasiyası üzrə iş başlayır. Birinci praktiki addım “yaşıl iqtisadiyyat” prinsiplərinə keçid olacaqdır. Sabit inkişaf ətraf mühitə və təbii ehtiyatlara qayğıkeş münasibət olmadan qeyri-mümkündür. Odur ki, əsas mövzusu gələcəyin enerjisi müəyyən edilmiş “Expo-2017" beynəlxalq sərgisinin keçirilməsinin əsas yeri kimi Qazaxıstanın seçilməsi təsadüfi deyildir. Bu, dünyanın qabaqcıl texnologiyalarının və ”yaşıl" qərarların ölkəmizin iqtisadiyyatına cəlb olunmasına imkan verəcəkdir.
Çıxışımın ikinci hissəsinə keçərək, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlığın bəzi perspektiv istiqamətləri üzərində dayanmaq istəyirəm. Bir sıra istiqamətlər üzrə artıq müəyyən işlər nəzərdə tutulmuşdur. Lakin bütövlükdə qarşılıqlı fəaliyyəti genişləndirmək və işgüzar münasibətləri həyata keçirmək üçün hələ xeyli potensial qalır.
Əvvələn, Avropa ilə Asiyanın qovuşuğunda coğrafi mövqeyi nəzərə alsaq, xeyli nəqliyyat-logistik potensial vardır. Lap qədim zamanlardan regionumuz Şərqdən Qərbə doğru tarixi İpək Yolunun üstündə yerləşir. Çindən və Hindistandan Avropaya aparılan strateji baxımdan əhəmiyyətli yüklər yüzilliklər ərzində məhz bu ərazidən keçmişdir. Buna görə də Qazaxıstan Şərqlə Qərb arasında körpünün əvvəlki tranzit funksiyalarını bərpa etmək işini ciddi şəkildə sürətləndirmişdir. Bu məqsədlə Qərb-Şərq, Şimal-Cənub istiqamətləri üzrə bir sıra mühüm layihələr həyata keçirilir. Bunlar Qazaxıstanın, habelə Mərkəzi Asiya və Qafqazın dənizə çıxışı olmayan, beynəlxalq bazarlardan uzaqda yerləşən digər dövlətlərinin ticarəti və qarşılıqlı iqtisadi mübadiləni inkişaf etdirmələri üçün onların qarşısında yeni imkanlar açan transkontinental layihələrdir. Məsələn, biz Qərbi Avropa-Qərbi Çin beynəlxalq avtomobil yolunun tikintisini həyata keçiririk. Ölkənin şərqində Cənubi-Şərqi Asiyanın, habelə Çinin sürətlə inkişaf edən regionu ilə ticari əlaqələrin genişləndirilməsinə yönəldilmiş “Xorqos-Şərq qapısı” layihəsi həyata keçirilir. Xəzərdə Aktau limanı bazasında “Qazaxıstanın Qərb qapısı” layihəsi həyata keçirilir. Belə layihələrin icrası ilə bir çox coğrafi əngəllər aradan qaldırıla bilər. Bu region ölkələrinin birgə fəaliyyəti üçün geniş məkandır.
İkincisi, kənd təsərrüfatı sektorunda böyük potensial vardır. Hazırda Qazaxıstan dünyanın ən mühüm taxıl mərkəzlərindən biridir və un ixracı üzrə dünyada ikinci yerdədir. Müşahidə olunan demoqrafik proseslərin və əhalinin strukturunu nəzərə alaraq, Qazaxıstanda artıq ərzaq bazasını genişləndirmək üzrə geniş addımlar atılmışdır. Aqrar-sənaye kompleksinin inkişaf proqramı çərçivəsində 2020-ci ilədək ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulunun hazırlanması üzrə tədbirlər planlaşdırmışdır. Bu məqsədlər üçün 2020-ci ilədək 20 milyard dollardan çox vəsait nəzərdə tutulmuşdur. Qazaxıstan bu istiqamətdə ən sıx kooperasiyaya da hazırdır.
Üçüncüsü, ticarət sahəsində kifayət qədər istifadə edilməmiş potensialdır. Belə ki, 2012-ci ildə Mərkəzi Asiya ölkələri ilə əmtəə dövriyyəsi, hesablamalara görə, 2011-ci illə müqayisədə 27 faiz artaraq 4,7 milyard dollar təşkil etmişdir. Lakin bu, bütövlükdə Qazaxıstanın xarici ticarət dövriyyəsinin cəmi 4,2 faizini təşkil edir. Özü də ölkənin ümumi xarici ticarət dövriyyəsinin yalnız 0,4 faizi Qafqaz ölkələrinin payına düşür. Gördüyümüz kimi, potensial böyükdür. Ticarət missiyaları ilə mübadiləni, regional biznes-forumların keçirilməsini, hökumətlərarası qərarların işlənib hazırlanmasını fəallaşdırmaq mümkündür.
Deyilənləri nəzərə alsaq, bütövlükdə xeyli potensial və ümumi maraqlar vardır. Sizə məlumat verib bildirmək istəyirəm ki, mayın 22-də növbəti Astana İqtisadi Forumu keçiriləcəkdir. Düşünüləsi məqamlar çoxdur. Forumun keçirilməsindən məqsəd dünyanın bir çox dövlətlərinin üzləşdikləri aktual və regional problemlərin həlli yollarının axtarışıdır. Astana Forumunun ən mühüm hadisəsi BMT-nin himayəsi altında Dünya Antiböhran Konfransının keçirilməsi olacaqdır. Fürsətdən istifadə edərək, bugünkü iştirakçıları Astana İqtisadi Forumuna dəvət etməyi özümüzə şərəf bilirik.
Sonda əla təşkil edilmiş Bakı Forumuna səmərəli iş arzulamaq istəyirəm. Diqqətinizə görə minnətdarıq.
Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey KOSTİN çıxış edərək dedi:
- Xanımlar və cənablar, hesab edirəm ki, ən aparıcı inteqrasiya qrupları kimi, Avropa İttifaqında iqtisadi və maliyyə böhranı içərisində biz daha çox imkanlar və iqtisadi artım üçün yeni sahələr axtarırıq. Əlbəttə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları belə sahələrdən birini təmsil edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son 10 ildə Azərbaycan çox böyük artıma nail olmuşdur və ölkənin iqtisadi inkişafının nəticələri heyranedicidir. Prezident İlham Əliyev bu iqtisadi artımın mənzərəsini təqdim etmişdir. Mən bu nailiyyətlərə görə onu təbrik etmək istəyirəm.
Neft-qaz və digər mineral ehtiyatlara malik region ölkələrinin ola bilsin ki, digər ölkələrlə müqayisədə iqtisadiyyatı daha sürətlə inkişaf edir. Amma biz başa düşürük ki, neft və qaz dövrü daimi deyildir. Dünya daha rəqabətli bazar vəziyyətinə hazır olmalıdır və gələcəkdə enerjinin alternativ mənbələri təklif oluna bilər. Dediyim kimi, bu region iqtisadi artım üçün çox gözəl imkanlar açır. Eyni zamanda, region üçün ən böyük məsələlərdən biri təhlükəsizlik problemləridir. Bu region hərbi və siyasi baxımdan çox mürəkkəbdir. Regionun firavan gələcəyini təmin etmək üçün biz bu məsələlərlə, əlbəttə ki, çox ciddi məşğul olmalıyıq və onları həll etməliyik. Amma burada, eyni zamanda, qarşılıqlı əməkdaşlıq imkanları da mövcuddur. Enerji ehtiyatlarını ixrac edən ölkələrin strategiyalarının inteqrasiyası çox önəmlidir. Azərbaycan praktiki baxımdan yanaşaraq, bu sahədə çox böyük nailiyyətlərə imza atmışdır.
Eyni zamanda, hesab edirik ki, daha sıx əməkdaşlıq bizim hamımızın xeyrinədir. Sovet İttifaqı dövründə bizim iqtisadiyyatımız vahid idi. Əlbəttə ki, bir çox məsələlər dəyişmişdir. Amma sənaye, iqtisadi və bir çox digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ona görə də biz digər imkanlar təklif edirik. Bizim yanaşmamız ondan ibarətdir ki, region ölkələri ilə inteqrasiyada bir çox sürətli yanaşmadan istifadə edə bilərik. Qazaxıstan kimi ölkələrlə biz artıq gömrük ittifaqına qoşulmuşuq. Eyni zamanda, biz vahid iqtisadi məkan istiqamətində irəliləyirik. Digər ölkələrlə biz daha yumşaq, daha aşağı səviyyəli əməkdaşlıq həyata keçirə bilərik. Gələcəkdə ola bilsin ki, onlarla digər istiqamətdə əməkdaşlıq davam edəcəkdir. Biz hesab edirik ki, Rusiya region ölkələrinin iqtisadi və siyasi müstəqilliyinə heç bir təsir etmir. Başa düşürük ki, region ölkələri müxtəlif inkişaf səviyyələrindədir. Ona görə də əməkdaşlıq da müxtəlif səviyyədə ola bilər. Amma yenə də hesab edirik ki, region həm iqtisadi, həm də siyasi baxımdan xeyli fayda görəcəkdir.
* * *
Qırğızıstan Baş nazirinin birinci müavini Comard OTORBAYEV çıxış edərək dedi:
- Cənab Prezident, professor Şvab, tədbiri çox yüksək səviyyədə təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Ümumiyyətlə, qardaş ölkə olan Azərbaycanın inkişafı məndə çox böyük təəssürat yaratdı. Çox təəssüf edirəm ki, mən ilk dəfədir Azərbaycana gəlirəm. Həqiqətən də burada gedən proseslər məndə çox böyük təəssürat yaratdı.
Cənab Prezident, sözsüz ki, bu inkişaf prosesində Sizin şəxsi rolunuz qeyd edilməlidir. Dünən bizim küçədə sadə insanlarla, gənclərlə, tələbələrlə söhbət etmək imkanımız oldu. Biz onlarda yüksək əhval-ruhiyyə, optimizm müşahidə etdik. Sözsüz ki, bütün bunlara görə biz qardaş Azərbaycanın nailiyyətləri ilə fəxr edə bilərik.
Təbii ki, nadir bir forumda iştirak edirik, Qırğız Respublikası da həm bu forum ilə yanaşı, həm də bu qəbildən olan gələcək forumlarda iştirak edəcəkdir. Region, ümumiyyətlə, daha dinamik, daha iddialı olmalıdır. Dünya çox sürətlə dəyişir, inkişaf edir. Ən azı biz də eyni sürətlə hərəkət etməliyik. Biz regionun bütün dinamikasından istifadə etməliyik. Biz buradakı çıxışlarda rəqəmləri dinlədik. Mərkəzi Asiyanın beş ölkəsinin birlikdə ümumi daxili məhsulu balaca bir ölkə olan Sinqapurun ümumi daxili məhsulundan daha azdır. Bu, o deməkdir ki, inkişaf üçün böyük potensial, çox geniş təbii resurslar vardır. Çox böyük insan kapitalı mövcuddur ki, hələ də bu kapitaldan kifayət qədər istifadə edilmir.
Qırğız Respublikası açıq bir ölkədir. Bizim məqsədimiz həm siyasəti, həm də iqtisadiyyatı və cəmiyyəti inkişaf etdirərkən rəqabətədavamlı bir mühit yaratmaqdır. Bu mənada bizim üçün yeganə prioritet regional əməkdaşlığı gücləndirməkdir. Qırğız Respublikası təbii resurslarla çox zəngindir. Təsdiq edilmiş qızıl ehtiyatları 1000 tondan artıqdır. Eyni zamanda, hidroenergetika ehtiyatları ilə çox zəngin ölkədir. Məqsədimiz müsbət əlverişli investisiya mühiti yaratmaq üçün müvafiq infrastruktur qurmaqdır.
Cənab Prezident Əliyevin vurğuladığı kimi, regional əməkdaşlıq regionun inkişafında əsas rol oynamalıdır. Marko Polo bu regionda səyahətə çıxsaydı, indiki vaxtda onun bu səyahəti daha gec çəkərdi. Çünki bizdə sərhədlərdə müəyyən problemlər vardır. Sənədləşmə, bürokratiya ilə bağlı müəyyən problemlər mövcuddur. Biz hazırkı inkişafla qane ola bilmərik. Gəlin, daha böyük inkişafa nail olaq. Sağ olun.
* * *
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner YILDIZ çıxış edərək dedi:
- Hörmətli cənab Prezident İlham Əliyev!
Hörmətli tədbir iştirakçıları.
Xanımlar və cənablar!
Hamınızı Türkiyə Respublikasının hökuməti adından salamlayaraq çıxışımı başlamaq istəyirəm.
Əvvəlcə hörmətli Prezident İlham Əliyevə və Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvaba bu tədbirin təşkilinə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.
Bakıya, Azərbaycana layiq olan bir tədbir keçirilir. Təbii ki, tədbirdə mühüm əməkdaşlıq imkanları müzakirə edilir.
Beynəlxalq əlaqələrdə mühüm rol oynayan irimiqyaslı layihələrin ümumi təhlilini aparmağa ehtiyac vardır. İqtisadiyyatlar qloballaşır, siyasətlər isə beynəlmiləlləşir. Ölkələr beynəlxalq siyasətlərini birləşdirdikləri zaman əməkdaşlıq əlaqələrini qura bilirlər.
Qlobal böhranın enerji sektoru ilə əlaqədar təbii nəticələri vardır. Bunlardan biri o ölkələrdəki enerji sektorunun subsidiyaları ilə əlaqədar rəqəmlərin getdikcə azalmasıdır. Bu, eyni zamanda, Türkiyə Respublikası kimi dəyişərək inkişaf etməyə çalışan ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə son 10 il ərzində ümumi daxili məhsulunu üç dəfə artırmışdır. Ölkənin enerji sektorunun yenidən qurulmasına qoyulan sərmayəni iki dəfə çoxaltmışdır. Düzgün addım atdığı üçün Türkiyə gücləndi.
Türkiyə dünyanın bir çox ölkələri ilə müxtəlif layihələr həyata keçirməyə nail olmuşdur. Ona görə siyasi sabitliyini davam etdirən ölkələrlə birlikdə region güclənə bilər. Enerji resurslarından sülhün, sabitliyin təminatçısı kimi istifadə edərək inkişafa nail ola bilərik.
Bu gün Türkiyə Qara dənizdə Rusiya Federasiyası ilə “Cənub axını” layihəsini reallaşdırmaqla yanaşı, dost və qardaş ölkə Azərbaycan ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini uğurla həyata keçirir.
Digər tərəfdən, siyasi problemlərə baxmayaraq, Türkiyə İranla təbii qaz sahəsində müqavilə imzalayır, İraqla neft və təbii qaz sektorunda əməkdaşlığı davam etdirir.
Türkiyə hazırda Suriyadakı rejimi təqdir etmir, ancaq ehtiyacı olduqda bu ölkəni elektrik enerjisi ilə təmin edir. Cənubi Kipr rəhbərləri ilə əlaqədar oradakı siyasəti təqdir etmirik, amma ehtiyacları olanda onları elektrik enerjisi ilə təmin edirik.
Türkiyənin hazırda regiona olan töhfəsinin davam edən siyasi sabitliklə birlikdə daha da artdığını görürük. Türkiyə xüsusilə coğrafi vəziyyətinin üstünlüklərindən istifadə edərək, ciddi layihələr həyata keçirmək üçün müsbət mövqeyini davam etdirəcəkdir. Türkiyə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi ilə birlikdə Xəzərdəki enerji ehtiyatlarının dünya bazarına çıxmasına töhfə verir. Dəmir yolu layihələri ilə birlikdə nəqliyyat təhlükəsizliyinin təminatçısı olur.
Türkiyə Asiyanın istehsal güclərini Avropanın istehlak bazarları ilə birləşdirməklə regionda vacib nəqliyyat körpüsü rolunu oynayır. Coğrafi mövqeyindən qaynaqlanan bu üstünlüklərindən sui-istifadə etmədən Türkiyə bütün müsbət yanaşması ilə regionun inkişafına öz töhfəsini verməyə davam edəcəkdir.
Türkiyə bu dəyişikliyi yaşayarkən 2023-cü və 2030-cu il hədəflərini real görür. Türkiyə bir tərəfdən yenilənən enerji ehtiyatları ilə öz ehtiyacını ödəməyə çalışarkən, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, hələ də üç əsas yanacaq olan neft, təbii qaz və kömürlə əlaqədar tədarüklərini davam etdirir. Enerji istehsal edilən ölkələrdə həmin sektordan digər sektorlara sərmayə qoyularkən, neft və qaz ehtiyatlarına malik olmayan Türkiyədə digər sektorlardan enerji sektoruna maliyyə vəsaiti qoyulur.
Regionumuzda ölkələrin inkişaf hədəfləri, o ölkələrin gəlirlərindən daha çoxdur. Yəni, daxili sərmayədən daha çox xarici sərmayənin qoyulması bu baxımdan əhəmiyyətlidir. Xarici sərmayə hər zaman olduğu kimi sabitliyi, hüquqi cəhətdən və təməli möhkəm olan ölkələrə qoyulur. Buna görə də Türkiyə bütün bunları nəzərə alaraq inkişafını davam etdirir.
Biz bu tədbirdə iştirak edən bütün qonaqları İstanbulda keçiriləcək Dünya İqtisadi Forumuna dəvət edirik.
Ev sahibliyinə görə, hörmətli Prezident İlham Əliyev başda olmaqla, bütün tədbir iştirakçılarına minnətdarlığımı bildirirəm.
* * *
Sonra diskussiya şəraitində müzakirələr başladı. İlk sual Avropa və Asiya arasında körpü olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin risk profilinin hansı səviyyədə olması ilə bağlı idi. Digər tərəfdən, neftdən asılılığın azaldılması ilə bağlı proqramlar hansı planları əhatə edir, bundan əlavə, regionda əməkdaşlıq baxımından daha çox hansı model haqqında danışılmalıdır?
Digər sual inteqrasiya prosesində suverenliyin qorunub saxlanması ilə bağlı idi.
Prezident İlham ƏLİYEV suallara cavab verərək dedi:
- Mən bir daha qeyd etmək istəyirəm ki, hökumətimiz üçün son 10 ildə şaxələndirilmə bir nömrəli prioritet olmuşdur. Çünki biz müstəqilliyin əvvəlki mərhələsində sərmayələri cəlb etmək üçün enerji potensialımızı təqdim etməli idik. Biz investorlar üçün çox güzəştli şəraitlər yaratmalı idik ki, onlar özlərini Azərbaycanda rahat hiss etsinlər. Lakin aydın şəkildə anlayırıq ki, yalnız enerji sektorunun inkişafı bizə dəyişikliklərə nail olmaq, iş yerlərini açmaq imkanını yaratmayacaqdır. Çünki enerji sektoru çox sayda iş yerləri açmır. Bilirdik ki, bu, bizə zəngin və yoxsul arasındakı boşluğu aradan qaldırmağa imkan verməyəcəkdir. Buna görə də biz 2004-cü və 2009-cu illərdə iki regional inkişaf proqramını qəbul etdik. Bu proqramların əsas məqsədi şaxələndirmə və infrastruktura, sərmayə, özəl sektorun stimullaşdırılması idi.
Əlbəttə ki, tənzimləmə, liberal islahatlar və sərmayə mühiti bu məqsədə nail olmaqda bizə yardımçı oldu. Deyə bilərəm ki, Azərbaycan haqqında ən yaxşı statistik məlumatlar yoxsulluğun, işsizliyin azaldılması və qeyri-enerji sektorunun yüksəlməsi idi. Ötən il qeyri-enerji sektorunda artım təxminən 10 faiz olmuşdur. Gələn illər ərzində əminəm ki, şaxələndirmə prosesi uğurla gedəcəkdir. Çünki ölkəmizdə 2020-ci ilə baxış proqramı vardır. Bu, 2020-ci ilə qədər hansı işlərin görülməsini təsvir edən əhatəli və olduqca dəqiq proqramdır. Məqsədimiz gələn 8-9 il ərzində qeyri-enerji sektorunda ümumi daxili məhsulun payının 2 dəfə artırılmasıdır. Artıq dediyim kimi, diqqət yetirdiyimiz sektorlar - informasiya-kommunikasiya texnologiyaları, həmçinin kənd təsərrüfatı, xidmətlərdir. Enerji amilindən asılılığın azaldılması, həmçinin prioritetlərimizdən biridir. Eyni zamanda, aydın şəkildə anlayırıq ki, enerji amili nəinki Azərbaycanın iqtisadi inkişafında, o cümlədən buradakı regional əməkdaşlıqda mühüm yer tutacaqdır. Çünki bu, aparıcı qüvvədir.
İnteqrasiyanın suverenliklə necə uzlaşması ilə bağlı sualınızın ikinci hissəsinə gəldikdə bildirmək istəyirəm ki, bu paneldə öz inkişaf seçimlərini etmiş ölkələrin nümayəndələri əyləşiblər. Əlbəttə ki, Avropa İttifaqı inteqrasiyanın bir nümunəsidir. Hazırda müəyyən ölkələrin üzv olduqları Gömrük İttifaqı yaradılmışdır və elə ölkələr də vardır ki, gələcək inteqrasiya planlarını hazırda qiymətləndirirlər.
İnteqrasiya ilə suverenlik arasında tarazlığa gəldikdə, Azərbaycanın mövqeyi baxımından bizim üçün suverenlik müzakirə olunmayan məfhumdur. Yüz faizlik suverenlik, bu, mütləqdir. Ola bilsin bu, bizim keçmişimizlə bağlıdır. O vaxtlar Azərbaycan digər imperiyaların, ölkələrin hissəsi olmuşdur. Müstəqilliyimizin yalnız 21 yaşı vardır. Bu səbəbdən bizim üçün siyasi və iqtisadi müstəqillik gələcək inkişaf baxımından ilkin şərtdir. Gəlin bugünkü Azərbaycana və 30-40 və 50 il öncəki Azərbaycana baxın. Bu, gecə ilə gündüzün fərqi kimidir. Ona görə də müstəqillik nəinki milli qürur hissini gətirdi, həmçinin ölkədə gündəlik həyat tərzini yaxşılaşdırmağa imkan yaratdı. Lakin bu, o demək deyil ki, biz ətrafımızda baş verənləri yalnız müşahidə etmək fikrindəyik. Biz regional əməkdaşlıq layihələrində fəal iştirak edirik. Biz regional əməkdaşlıq layihələrinin əksəriyyətini başlatmışıq və bunun faydasını görürük. Zənnimcə, əməkdaşlığın hüdudları suverenliyin azaldılmasına və ya iqtisadi suverenliyimizin bir hissəsinin, dövlət səviyyəsindən yuxarıda duran müəyyən ittifaqlara və ya strukturlara verilməsinə gətirib çıxarmır. Hesab edirəm ki, biz bir tərəfdən regional əməkdaşlıq və inteqrasiya, digər tərəfdən isə suverenliyimiz və seçimimiz arasında lazımi tarazlığı tapmışıq.
* * *
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner YILDIZ bildirdi ki, istehlakçılar və hasilatçılar bir-biriləri ilə sıx bağlıdır və Türkiyə bu məsələyə hər zaman müsbət baxmışdır. Avropa İttifaqı ölkələrində bu cür münasibətlərə çox az rast gəlinsə də, Azərbaycan və Türkiyə Trans-Anadolu qaz kəməri layihəsini reallaşdırmaqla bu nümunəni göstərdilər.
Rusiyanın VTB Bankının sədri Andrey KOSTİN neft gəlirlərinin şaxələndirilməsi ilə bağlı Azərbaycanın yanaşmasını nümunə adlandıraraq dedi:
- Hesab edirəm ki, Azərbaycanın çox məqbul yanaşması vardır. Azərbaycan müvafiq əməliyyatları həyata keçirir və gələcəyin iqtisadi şaxələndirilməsini təmin etməyə çalışır. Hesab edirəm ki, indiki dünyada neft ixracatçısı məhz bu yanaşmadan istifadə etməlidir.
Qazaxıstan Baş nazirinin birinci müavini Bakitjan
SAQİNTAYEV ölkəsində iqtisadi şaxələndirmə, o cümlədən iqtisadiyyatın sənayeləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı görülən işlərdən danışdı.
Qırğızıstan Baş nazirinin birinci müavini Comard OTORBAYEV belə görüşlərin regionun inkişafı baxımından önəmli olduğunu dedi. C.Otorbayev inteqrasiya proseslərində görülən işlərin əhəmiyyətinə də toxundu.
Digər sual həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarında yerləşən ölkələr arasında ünsiyyətin qurulmasının vacibliyi, o cümlədən bu ünsiyyətdə dövlət və biznes dairələrinin iştirakı ilə bağlı oldu. Bundan əlavə, iştirakçılar gələcəkdə sözügedən regionlara daha hansı ölkələrin daxil edilməsinin mümkünlüyü ilə maraqlandılar.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus ŞVAB dedi: Cənab Prezident Əliyev, biz nəticələrin çıxarılması mərhələsinə çatdıq. Əgər bir dəqiqəlik şərhlə çıxış etsəydiniz, bu sessiyanın ən mühüm mesajını necə təsvir edərdiniz?
Prezident İlham ƏLİYEV: Hesab edirəm, ən mühüm mesajlardan biri odur ki, bizim hamımıza regionda əməkdaşlıq və proqnozlaşdırılan vəziyyət lazımdır. Bizə sabitlik lazımdır. Biz iqtisadi və siyasi münasibətlərimizi genişləndirməliyik. Çünki biz bir-birimizlə bağlıyıq. Bu, yalnız onunla bağlı deyildir ki, onilliklər ərzində eyni ölkədə yaşamışıq. Bu, həmçinin regionumuzun Mərkəzi Asiyanın və Qafqazın uğurlu inkişafının yalnız sırf əməkdaşlıqla bağlı olması ilə izah edilər. Bunlar sadə sözlər deyildir. Biz artıq regional əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün bir çox işlər görmüşük. Məsələn, Azərbaycana gəldikdə enerji, daşıma məsələləri, o cümlədən ticarət sahəsindəki əlaqələr bizə inkişaf etməkdə yardımçı olur. Regional əməkdaşlıq olmadan biz karbohidrogenlərimizi ixrac edə bilməzdik. Sıx regional əməkdaşıq olmadan biz Xəzər dənizinin digər sahilində yerləşən tərəfdaşlarımız və qonşularımız üçün tranzit ölkə ola bilməzdik. Bir sözlə, regional əməkdaşlıq gücləndirilməlidir və hər bir ölkə əməkdaşlıq və inteqrasiyanın səviyyəsini müəyyənləşdirməlidir. Fikrimcə, inteqrasiya ilə əməkdaşlıq arasında ziddiyyət olmamalıdır. Əgər hər bir ölkə nə dərəcədə inteqrasiya olunmaq, müxtəlif strukturlarda iştirak etmək niyyətini özü müəyyən edərsə və digərləri onun bu hüququnu tanıyarsa, o zaman hesab edirəm ki, yaxşı irəliləyişimiz ola bilər.
Klaus ŞVAB: Sağ olun. Bütün iştirakçılar adından mən, cənab Prezident, göstərmiş olduğunuz qonaqpərvərliyə və bu mühüm prosesi mümkün etdiyinizə görə təşəkkürümü bildirirəm. Digər panel iştirakçılarına da bizimlə olduqlarına görə minnətdaram. Sizə uğurlu gün arzulayıram. Bir daha çox sağ olun.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.