Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Suraxanı rayonu ərazisindəki “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilmişdir.
Qeyd olundu ki, qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılmışdır. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulmuşdur.
Bildirildi ki, 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Atəşgah məbədində görülən işlərlə tanış oldular.
Diqqətə çatdırıldı ki, Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilmişdir. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır.
Vurğulandı ki, beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
Dövlətimizin başçısı Atəşgah məbədinin XIX əsrdə çəkilən şəkillərini, bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendlərə, qoruq ərazisində yaxın gələcəkdə görüləcək işlərin eskiz layihələrinə baxdı.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.