Prezident Filip Vuyanoviçin çıxışı
Martın 12-də Monteneqro Prezidenti Filip Vuyanoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir.Dövlət başçıları ziyafətdə çıxış etdilər.
- Zati-aliləri Prezident Əliyev!
Hörmətli nazirlər!
Zati-aliləri səfirlər!
Xanımlar və cənablar!
Prezident Əliyev, bu axşam Sizi və hörmətli nümayəndə heyətinizi qədim Çetinyedəki hökumət evində qonaq etmək mənim üçün şərəfdir və bundan məmnunluq hissi keçirirəm. Divarları Monteneqronun Petroviç sülaləsindən olan hökmdarların portretləri ilə bəzədilmiş bu tarixi bina bir sıra ölkə başçılarının səfərlərinin şahidi olub. Cənab Prezident, əlbəttə, Sizin səfəriniz ən vacib səfərlərdən biri - Monteneqronun böyük dostunun səfəri kimi yadda qalacaqdır.
Əvvəlcə Prezident Əliyev, Monteneqro vətəndaşları adından Sizin rəsmi səfərinizdən məmnunluğumu bildirirəm. Bu səfər dövlətlərimiz və xalqlarımız arasında səmimi dostluq və yaxınlıq əlaqələrinin göstəricisidir, dövlətlərimizin gələcək ikitərəfli və çoxtərəfli əməkdaşlığının təsdiqidir. Həmçinin səfəriniz geniş mənada Xəzər dənizi və Aralıq dənizi arasında - bu mühüm geosiyasi əhəmiyyətə malik bölgədə yerləşən xalqlarımızın dostluq və əməkdaşlığı naminə sabitlik missiyasıdır.
Monteneqro-Azərbaycan əlaqələrinin tarixi dövlətlərimizin aid olduğu geosiyasi məkanların dostluq münasibətlərinin seqmentinə əsaslanır. Fəxrlə deyə bilərəm ki, coğrafi baxımdan uzaq məsafədə yerləşməyimizə baxmayaraq, əlaqələrimiz daim dostluq və qarşılıqlı hörmətlə müşayiət olunur. Dövlətlərimizin suverenliyi tam bərpa ediləndən bəri bizim dostluq və əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, bu gün yetişməkdə olan nəsillərin ehtiyaclarını və bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavabları başa düşən dövlətlərimiz arasında yaxın münasibətlər qlobal müstəvidə əməkdaşlığın bariz nümunəsidir.
Bizim müştərək siyasətimiz sülh və sabit tərəqqidir. Biz dialoqu dünyada mövcud olan aktual problemlərin həlli vasitəsi kimi görürük. Monteneqro Avropa İttifaqının beynəlxalq əlaqələr sahəsində yanaşmasını əsas götürərək, BMT-nin və ATƏT-in qətnamələrinin birmənalı tətbiqində təkid edərək dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılması istiqamətində səy göstərir. Bu yanaşma dünyada sabitlik və tərəqqinin əsasıdır.
Prezident Əliyev, Monteneqro vətəndaşları və öz adımdan şəxsən Sizə və Azərbaycan hökumətinə qarşılıqlı əməkdaşlığımıza verdiyiniz böyük töhfələrə görə səmimi minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycan Monteneqro iqtisadiyyatının strateji investoru və sosial inkişaf layihələrinin sərmayədarı kimi çıxış edir. Bununla ölkəniz qarşılıqlı inam, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahının təmin olunması naminə müştərək yanaşmamızın uzunmüddətli perspektivlərinə hazır olduğunu nümayiş etdirir. Əminəm ki, qarşılıqlı maraqlarımıza cavab verən səmərəli iqtisadi əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Monteneqro Avropa İttifaqının gələcək üzvü və Adriatik regionunun nadir geosiyasi bölgəsində, Balkan yarımadasının və Mərkəzi Avropanın qonşuluğunda yerləşən ölkə olaraq qlobal müstəvidə investisiya və ticarət üçün təbii məkan kimi tanınmaqdadır. Turizm imkanlarımız ölkəmizin təbii gözəllikləri və xalqımızın qonaqpərvərliyi sayəsində daim inkişaf etməkdədir. Fəxr edirik ki, Azərbaycan artıq bu imkanları anlayaraq bizim resurslarımızdan qarşılıqlı istifadə etməyə hazır olduğunu təsdiq edib.
Səylərimizi artırmalı olduğumuz əməkdaşlıq sahələrindən biri isə mədəniyyətdir. Əminəm ki, bu sahənin inkişafı xalqlarımızın daha da yaxınlaşması və əbədi dostluğumuzun dərinləşməsinə töhfə verəcəkdir. Sağ olun.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
Cənab Prezident, ilk növbədə səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm.
Son zamanlar iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşməsi məmnunluq doğurur. Siz son iki ildə Azərbaycana iki dəfə səfər etmisiniz. Bu il isə mən ölkənizə ilk səfərimi həyata keçirirəm. Səfərlər çərçivəsində aparılan danışıqlar və fikir mübadiləsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında energetika, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, səhiyyə, ekologiya, mədəniyyət, idman, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar vardır. Əldə olunmuş razılaşmaların imzalanan mühüm sənədlərin qısa müddətdə öz nəticələrini verəcəyinə inanıram.
Ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr inkişaf etməkdədir. Artıq Monteneqroda mədəni və iqtisadi əlaqələr üzrə Azərbaycan-Monteneqro Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investorlarının dəstəyi ilə Monteneqronun Bielo-Pole şəhərində uşaq bağçasının inşa edilməsi və Azərbaycan investorlarının Monteneqroda turizm kompleksinin inşası üzrə tenderdə qalib gəlməsi əməkdaşlığımızın digər konkret nümunələridir.
Yeri gəlmişkən, Podqoritsa şəhərində Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin büstünün qoyulması və mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi ilə bağlı qərarlara görə təşəkkürümü bildirir və bu addımları mədəni əlaqələrimizin inkişafına töhfə hesab edirəm.
Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar bu sahədə olduqca əlverişli platforma təşkil edir.
Monteneqronun gənc müstəqil dövlət kimi əldə etdiyi uğurlar bizi sevindirir. Doqquz ay bundan əvvəl Monteneqronun Avropa İttifaqına üzvlüyü ilə əlaqədar danışıqlara start verilməsi əhəmiyyətli hadisədir.
Azərbaycanın xarici siyasətində Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş ölkə olduğunu nümayiş etdirmişdir. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik. Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, Monteneqroya səfər etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.