Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

 

Prezident İvo Yosipoviçin bəyanatı

 

Xüsusi müxbirimiz xəbər verir ki, martın 11-də Zaqreb Bəyannaməsinin imzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti İvo Yosipoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

- Cənab Prezident Əliyev!

Xanımlar və cənablar!

İlk öncə, bir daha qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini burada səmimi qəlbdən salamlayıram.

Bu gün biz prezidentlərin bəyannaməsinə imza atdıq ki, bu da dövlətlərimiz arasında gözəl münasibətlərin olmasından xəbər verir. Biz xüsusən iqtisadi münasibətlərimizin daha da gücləndirilməsinə dair istəyimizi ifadə etdik. Bunun üçün böyük potensial mövcuddur. Hər iki tərəf bu məsələdə maraqlıdır və iqtisadi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı perspektivlər vardır. Bu baxımdan enerji, infrastruktur layihələri, turizm və kənd təsərrüfatı sahəsində imkanlar mövcuddur. Bununla bərabər, elm, təhsil kimi digər sahələr də vardır. Bizim hökumətlərimiz arasında bu gün imzalanacaq razılaşmalar və memorandum bəyannamənin praktiki həyata keçirilməsinin göstəriciləridir. Bu münasibətlə də Sizi təbrik edirəm. Eyni zamanda, Xorvatiyanın öz daimi diplomatik nümayəndəliyini Bakıda açması olduqca vacibdir ki, bu da hər iki ölkənin şirkətlərinin uğurlu fəaliyyətinə bilavasitə təsir edəcəkdir.

Çox şadam ki, Prezident Əliyevin və mənim Azərbaycanda işləməkdə maraqlı olan xorvat iş adamları ilə görüşmək imkanımız olacaqdır. Prezident Əliyevi Azərbaycanın biznes icmasının nümayəndələri müşayiət edirlər və inanıram ki, bu görüş iqtisadi əməkdaşlığımızı möhkəmləndirmək üçün yaxşı imkandır. Bütün bu şirkətlərin üstünlük verdikləri sahələr, səlahiyyətləri, müvafiq beynəlxalq təcrübəsi və mühüm biznes uğurları vardır.

İmzalanan sazişlər çox vacibdir. Xüsusilə, iqtisadi əməkdaşlığa dair sazişi vurğulamaq istərdim. Eyni zamanda, bir sıra sazişlər imzalanıb ki, onlar da bizim vətəndaşlarımız arasında daha sıx və möhkəm əlaqələr yaradacaq və bir-birimizi daha da yaxından tanımağa kömək edəcəkdir.

Təbii ki, biz yerləşdiyimiz regiondakı vəziyyəti də müzakirə etdik. Həm Azərbaycan, həm Xorvatiya ciddi problemlərin mövcud olduğu regionda yerləşirlər. Hər iki dövlət həm Qafqazda, həm də Xorvatiyanın cənub-şərqində sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır. Xorvatiya Dağlıq Qarabağ və digər ərazilərin işğalı ilə bağlı münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Biz beynəlxalq hüquq normalarının tətbiqinin və sülh yolu ilə həllin tərəfdarıyıq. Buna görə biz konstruktiv olmağa səylər göstəririk, biz dialoq, kompromis və regional əməkdaşlıq tərəfdarıyıq. Bu cür yanaşma ilə biz vəziyyətin gələcəkdə daha da sabitləşməsinə töhfəmizi vermək istəyirik.

Həmçinin bildirmək istəyirəm ki, Avropa İttifaqının genişləndirilməsi prosesi Xorvatiya üçün çox vacibdir. Biz qonşularımızı hərtərəfli dəstəkləyirik. Biz, həmçinin Azərbaycanı mühüm dost, tərəfdaş və Xorvatiyanın daha yaxından əməkdaşlıq etmək istədiyi ölkə kimi görürük.

Cənab Prezident, Xorvatiyaya səfərinizə görə təşəkkür edirəm.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli mətbuat nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Mən yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Çox şadam ki, son illər ərzində Xorvatiya uğurla inkişaf edir. Mən burada birinci dəfə 2005-ci ildə olmuşam. O dövrdən bu günə qədər Sizin ölkəniz böyük və uğurlu yol keçmişdir, yaxın aylarda Avropa İttifaqına üzv olacaqdır.

Biz bu gün əməkdaşlığımızın bütün istiqamətlərini geniş müzakirə etdik. Bir daha görürük ki, Xorvatiya ilə Azərbaycan arasındakı əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Sizin Azərbaycana keçən il etdiyiniz səfər və səfərin nəticələri, bu gün keçirdiyimiz danışıqlar və indicə imzalanmış bu mühüm sənəd bir daha bu əlaqələrin strateji xarakterini vurğulayır. Bizim aramızda çox intensiv siyasi dialoq aparılır. Bizim siyasi əlaqələrimiz mükəmməldir. Bu səfər və bu gün apardığımız danışıqlar bunu bir daha təsdiqləyir. Biz belə gözəl zəmin üzərində mütləq güclü iqtisadi tərəfdaşlıq da qurmalıyıq. Bu istiqamətdə artıq mühüm addımlar atılır. Əminəm ki, gələcək illərdə daha da geniş iqtisadi əməkdaşlıq mümkün olacaqdır.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olan enerji məsələləri də uğurla öz həllini tapır. Azərbaycan Xorvatiyanı xam neftlə təmin edən ölkələrdən biridir. Bizim sizin bazarınızdakı payımız getdikcə artır. Gələcəkdə Azərbaycanın zəngin qaz resurslarının Avropa qitəsinə çatdırılması nəticəsində Xorvatiya bu sahədə də mütləq bizim tərəfdaşımız olacaqdır.

Bildiyiniz kimi, bizim zəngin resurslarımız vardır. Azərbaycan tərəfindən irəli sürülmüş layihələr, xüsusilə TANAP layihəsi və onun uğurlu icrası Azərbaycan qazının Avropa məkanına gətirilməsinə şərait yaradacaqdır. Təbii, Xorvatiya bu  istiqamətdə də bizim yaxın tərəfdaşımız olacaqdır.

Azərbaycan investisiyalarının Xorvatiyaya yatırılması məsələləri də bu gün müzakirə olundu. Əminəm ki, gələcək aylarda konkret nəticələr olacaqdır. Bu gün imzalanacaq sənədlərin arasında birgə hökumətlərarası komissiyanın yaradılması da nəzərdə tutulur. Gələcək illərdə bu komissiya çərçivəsində bütün iqtisadi məsələlər öz həllini tapacaqdır.

Bu gün, eyni zamanda, turizm, nəqliyyat, yüksək texnologiyalar sektorundakı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Hər bir istiqamət üzrə çox gözəl imkanlar vardır. Təbii ki, humanitar sahədəki əməkdaşlıq da mühüm yer tutur. Mədəniyyət sahəsində əməkdaşlığa hər iki tərəfdən çox böyük maraq vardır. Əminəm ki, bu sahədəki əməkdaşlıq ümumi əməkdaşlıq mənzərəsini tamamlayacaqdır.

Bu gün, eyni zamanda, regional məsələlər, regional təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları da müzakirə edildi. Fürsətdən istifadə edib, cənab Prezident, Xorvatiya dövlətinə bu məsələ ilə bağlı göstərdiyi mövqeyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan sənəddə də öz əksini tapıb. Bütün beynəlxalq hüquq normaları tətbiq edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir və Azərbaycan torpaqları işğalçılardan azad olunmalıdır. Ölkələrin suverenliyi və ərazi bütövlüyü bu məsələnin həllində üstünlük təşkil edir. Münaqişənin həlli ancaq bu prinsiplər üzərində mümkündür.

Biz bir daha görürük ki, bütün məsələlərdə mövqeyimiz üst-üstə düşür. Xorvatiya-Azərbaycan əlaqələri, eyni zamanda, Azərbaycan-NATO əməkdaşlığının bir tərkib hissəsidir. Bu əlaqələr də uğurla icra edilir. NATO-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün gözəl perspektivlər vardır və Xorvatiya bu məsələlərdə Azərbaycanı daim dəstəkləyir.

Bir sözlə, səfər zamanı apardığım danışıqlar və imzalanmış ciddi siyasi sənəd və bu gün imzalanacaq digər sənədlər əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Xorvatiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi vardır. Biz bu möhkəm zəmin üzərində gələcəyə çox nikbinliklə baxırıq və uğurla gedəcəyik.

Bir daha, cənab Prezident, göstərdiyiniz qonaqpərvərliyə və diqqətə görə Sizə minnətdaram.

 * **

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

Azərbaycan Televiziyasının müxbiri Yunis ORUCOV: Sualım hər iki prezidentədir. Cənab prezidentlər, siz qarşılıqlı investisiyaların qoyulması ilə bağlı məsələni qeyd etdiniz. Bilmək olarmı ki, ölkələrimiz arasında yaxın gələcəkdə investisiyaların qoyulması ilə bağlı hansı konkret layihələrin həyata keçirilməsi planlaşdırılır?

Prezident İlham ƏLİYEV: Bu gün biz əlbəttə ki, bu barədə danışdıq və gələcəkdə daha da konkret danışıqlar aparılacaqdır. İlk növbədə, turizm infrastrukturuna Azərbaycan investisiyalarının qoyulması nəzərdə tutulur. Bu sahədə artıq ilkin araşdırmalar aparılmışdır. Xorvatiyanın çox zəngin turizm imkanları, çox gözəl təbiəti vardır və əlbəttə ki, bu sahə çox cəlbedicidir.

Ancaq bu gün danışıqlar əsnasında biz belə fikrə gəldik ki, gərək fəaliyyətimizi təkcə bu sahə ilə məhdudlaşdırmayaq. Digər sahələrə Azərbaycan investisiyalarının qoyuluşu, hesab edirəm ki, çox vacib ola bilər. Xüsusilə, yüksək texnologiyalara investisiyaların qoyuluşu nəzərdə tutula bilər. Çünki Azərbaycanda da bu sahə indi çox sürətlə inkişaf edir. Sənaye istehsalının inkişafına, daşınmaz əmlaka investisiyalar qoyula bilər. Əlbəttə, enerji sektoruna, xüsusilə bayaq qeyd etdiyim kimi, Azərbaycan qazını Avropaya nəql etmək üçün icra olunan layihələrin nəticəsi buna imkan yaradacaqdır. Yəni, bir çox sahələrə Azərbaycan investisiyaları qoyula bilər və bütün bu məsələlər, yenə də demək istəyirəm ki, yaranmaqda olan birgə hökumətlərarası komissiyanın işi olacaqdır və bu investisiyalar qarşılıqlı razılıq əsasında qoyulacaqdır.

Prezident İvo YOSİPOVİÇ: Prezident Əliyevin dedikləri ilə tam razıyam. Əlavə etmək istərdim ki, Xorvatiya enerji və infrastruktur sahələrində əməkdaşlıqda olduqca maraqlıdır. Eyni zamanda, Xorvatiyanın Azərbaycana çoxlu təklifləri vardır. Buraya, ilk növbədə bizim gəmiqayırma və gəmi təmiri zavodlarımız daxildir ki, bu sahədə imzalanan sazişlərin tezliklə icrasına başlanacaqdır. Digər tərəfdən, dəmir yolu əlaqəsinə dair infrastruktur layihələri vardır. Xorvatiya çox gözəl vaqonlar istehsal edir. Bu da bizim danışıqlarda mövzulardan biri olub. İstərdim qeyd edim ki, bu görüş və xorvat parlamentində təşkil olunan görüş, həmçinin işgüzar dairələrin görüşü üçün hazırlıqlar zamanı böyük həcmdə iş aparılıb. Zəngin proqram hazırladıqlarına görə hökumətlərə və nazirliklərə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu proqram əməkdaşlığın konkret istiqamətləri üzrə səmərə verəcəkdir.

Azad Avropa Radiosunun müxbiri Eni SEBİÇ: Sualım hər iki prezidentədir, ilk növbədə, Azərbaycan Prezidentinə. Azərbaycan Xorvatiyada böyük həcmdə sərmayələrlə təmsil olunur. Avropanın bu regionuna sərmayə qoyuluşu nöqteyi-nəzərindən Azərbaycanın əsas marağı nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Mən hesab edirəm ki, birinci suala cavab verərkən bu suala da qismən cavab verdim. Yenə də demək istəyirəm ki, Azərbaycan investisiyaları bu gün həm ölkə daxilinə, həm də ölkə xaricinə qoyulur. Əgər Azərbaycana qoyulan investisiyaların həcminə nəzər salsaq görərik ki, son bir neçə il ərzində bu investisiyalar təqribən 15-20 milyard dollar ətrafındadır. Keçən il Azərbaycan iqtisadiyyatına 22 milyard dollar sərmayə qoyulmuşdur, onlardan 15 milyardı daxili investisiyalardır.

Azərbaycanın indi öz investisiyalarını başqa ölkələrə qoymaq üçün çox işlək və mükəmməl vasitə vardır. Bu da Azərbaycan Dövlət Neft Fondudur. Deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Fondu suveren fondlar arasında ən yüksək diqqətə və qiymətə layiqdir, ən şəffaf fonddur və bütün beynəlxalq təşkilatlar bunu qeyd edir. Bu fond vasitəsilə artıq Azərbaycan müxtəlif ölkələrə öz investisiyalarını qoymağa başlamışdır. Bu investisiyalar da çoxşaxəlidir. Onların arasında daşınmaz əmlaka, şirkətlərin səhmlərinə və sənaye müəssisələrinin yaradılmasına qoyulan investisiyalar vardır.

O ki qaldı Xorvatiyaya qoyulan və qoyulacaq investisiyalarla bağlı məsələlərə, bu məsələlər indi araşdırılır. Qeyd etdiyim kimi, turizm, infrastruktur, yüksək texnologiyalar, sənaye istehsalı sahələri diqqəti cəlb edir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan investisiyaları dost ölkələrə göndərilir. Bu, bizim siyasətimizdir. Hər bir ölkə yəqin ki, eyni mövqe sərgiləyir və Xorvatiya bizim üçün dost ölkədir, dostluğumuz möhkəmdir. Hər iki tərəfin razılığı ilə investisiyalar qoyulacaqdır. Əminəm ki, gələcək illərdə bu investisiyalar böyük həcmlərlə ölçüləcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında